Azərbaycan qanunlara çox böyük hörmətlə yanaşan bir dövlətdir
“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edilib. Bu da təsadüfi deyil. Çünki Konstitusiyamızın qəbul olunmasının artıq 30 ili olacaq. 1995-ci ildə ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu konstitusiyamız artıq 30 ildir ki, qəbul olunub. O da məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan vətəndaşlarının hüquq və vəzifələrini müəyyənləşdirən ən mütərəqqi qanunlardan biridir. Eyni zamanda, artıq biz ölkəmizin bütün ərazisində suverenliyimizi bərpa etmişik. Bu isə bizim müstəqillik illərindən əldə etdiyimiz ən böyük nailiyyətimizdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəlili qeyd edib ki, Azərbaycan qanunlara çox böyük hörmətlə yanaşan bir dövlətdir.
“Qanun həmişə Azərbaycan vətəndaşlarının istəklərini ifadə edibdir və Azərbaycan eyni zamanda dünyada, ümumən beynəlxalq hüquqa hörmətlə yanaşan bir dövlət kimi tanınır. Azərbaycanın atdığı bütün addımlar hüquqa, beynəlxalq hüquqi normativ aktlara söykənir. Eləcə də biz torpaqlarımızı işğaldan azad etdikdə belə, biz beynəlxalq hüquqa söykəndik. Vətən müharibəsi və sonrakı bütün proseslərdə Azərbaycan daim beynəlxalq hüquq normalarına riayət etmiş, qorumuş və ona hörmətlə yanaşmışdır. Bu həm ölkə daxilində, həm də ölkədən kənarda Azərbaycanın yanaşması, apardığı siyasət qanun çərçivəsindədir. Gənc nəslin və hər bir vətəndaşın öz Konstitusiyasına hörmətlə yanaşması onun dövlətinə olan sədaqətinin bir ifadəsi deməkdir. Suverenliyimiz bizim üçün çox müqəddəsdir. Suverenliyimizin qorunması və onun daimi, əbədi olması hər birimizin arzu və istəyidir”.
Rəfiqə NAMAZƏLİYEVA