Icma.az
close
up
RU
Azərbaycan regionun “yaşıl” enerji mərkəzinə çevrilir

Azərbaycan regionun “yaşıl” enerji mərkəzinə çevrilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan bu gün elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biri kimi diqqət çəkir. Hazırda respublikamız bp, “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “SOCAR green” və digər tərəfdaşlarla birgə günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələrini gerçəkləşdirir.

Bu layihələrin reallaşdırılması ilə yaxın illərdə respublikanın enerji balansına minlərlə meqavat yeni istehsal gücünün əlavə olunacağı, nəticədə “mavi yanacağ”a daxili tələbatın azalaraq daha çox təbii qazın ixracına imkan yaranacağı gözlənilir. Eyni zamanda, həyata keçirilən tədbirlər hesabına 2035-ci ilədək ölkənin enerji balansında bərpaolunan enerji mənbələri payının, təxminən, 43 faizə çatdırılacağı nəzərdə tutulur.

Avrasiyada “yaşıl” enerji dəhlizi

Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində də strateji layihələr reallaşdırır. Əsas təşəbbüslərdən biri Mərkəzi Asiya – Azərbaycan – Avropa Yaşıl Enerji Dəhlizi layihəsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Trans-Xəzər enerji dəhlizinin yaradılması da bu ölkələrin strateji yanaşmasının tərkib hissəsidir. Bu layihə, eyni zamanda, Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında “yaşıl” enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır.

Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik şəbəkəsi operatorları tərəfindən yaradılan, Baş qərargahı Bakı şəhərində yerləşən “Green Corridor Alliance” birgə müəssisəsi bu gün uğurla fəaliyyət göstərərək Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi, Azərbaycan – Türkiyə – Avropa və Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam edir. Adları çəkilən dəhlizlər gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır və bu təşəbbüslər təkcə enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdırır.

Ölkəmiz Avropa və Mərkəzi Asiya arasında “yaşıl” enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır. Azərbaycanın enerji resurslarının ixracatçısı olması ilə bərabər, həm də regional enerji bağlantılarının və “yaşıl” enerji dəhlizlərinin təşəbbüskarlarından biri kimi tanınması da bunun bariz ifadəsidir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələrinin reallaşdırılması ilə respublikanın enerji təhlükəsizliyi güclənməklə bərabər, həm də elektrik enerjisinin ixrac imkanları əhəmiyyətli dərəcədə artır. Xəzər dənizinin böyük külək potensialına malik olması, yeni elektrik ötürücü xətlərin yaradılması və Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcəyi əminliyi yaradır.

Ümumi gücü 3 min 900 МVt olan Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə artıq bu layihə real icra müstəvisinə daxil olub. 2032-ci ildən etibarən isə həm bu dəhlizin birinci mərhələsinin, həm də Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizinin istismara verilməsi nəzərdə tutulub. Eyni zamanda, Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni “yaşıl” enerji dəhlizlərinin inkişafı üçün də konkret tədbirlərin görülməsinə başlanılıb.

Yeri gəlmişkən, Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Bu marşrut üzrə formalaşan “Qara Dəniz Enerjisi” layihəsi xüsusi strateji əhəmiyyət daşıyır, başqa sözlə, sualtı elektrik kabelinin tikintisini nəzərdə tutur. Qısa bir müddətdə sözügedən istiqamətdə bir sıra işlərin görülməsi də bunun bariz ifadəsidir.

Xatırladaq ki, bu təşəbbüsün gerçəkləşdirilməsi məqsədilə strateji tərəfdaşlıq sazişi, eləcə də Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları tərəfindən gələcəkdə həyata keçiriləcək layihələrin səmərəli icrası üçün birgə müəssisənin yaradılması haqqında memorandum imzalanıb. Bu layihə əsasında Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan “yaşıl” enerjinin əvvəlcə Gürcüstana, oradan isə Qara dənizin dibi ilə çəkiləcək yüksəkgərginlikli sualtı kabel vasitəsilə Avropa bazarlarına çatdırılması nəzərdə tutulub.

Eyni zamanda, sözügedən dəhliz ildə 4 QVt həcmində “yaşıl” enerjinin ixracını hədəfləyir. Bu, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və iqlim məqsədlərinə çatması baxımından mühüm töhfə deməkdir.

Ekspertlərin sözlərinə görə, layihənin tikintisinin 3-4 il müddətində başa çatdırılması planlaşdırılır. Avropa Komissiyasının bu strateji təşəbbüsə 2,3 milyard avro həcmində maliyyə dəstəyi göstərəcəyini nəzərdə tutması layihənin təkcə regional deyil, həm də ümum-Avropa əhəmiyyətli olduğunu təsdiqləyir. Bu maliyyə və siyasi dəstək Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmış mövqeyinin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addımdır.

“Yaşıl” hidrogen istehsalı

Azərbaycan hazırda bərpaolunan enerji sektorunu əhəmiyyətli dərəcədə genişləndirmək istiqamətində önəmli addımlar atır. Bununla bağlı adıçəkilən sektoru, xüsusən də günəş və külək enerjisi istehsalını əhəmiyyətli dərəcədə genişləndirir, həmçinin “yaşıl” hidrogen, onun törəmələri və geotermal enerji kimi yeni sahələri araşdırır.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən müzakirədə bildirib ki, qlobal enerji keçidi yeni bir mərhələyə qədəm qoyur. Bu gün qarşıda duran əsas çağırış isə respublikada bərpaolunan enerjinin iqtisadiyyata, sosial sahəyə və sənayeyə transformasiyasının səmərəli inteqrasiyası, bu sahəyə investisiyaların cəlb edilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirməsidir.

Bütün bunların gerçəkləşdirilməsi isə innovasiya, rəqəmsallaşma və sərhədlərarası əməkdaşlığın zəruriliyini tələb edir. Azərbaycan bərpaolunan enerji sektorunu, xüsusən də günəş və külək enerjisini əhəmiyyətli dərəcədə genişləndirir, eyni zamanda, “yaşıl hidrogen”, onun törəmələri və geotermal enerji kimi yeni sahələri araşdırmağa daha çox maraq göstərir. Məqsəd isə daxili enerji sistemində bərpaolunan enerjinin payını artırmaqla bərabər, həm də yeni “yaşıl” sənaye sahələrini inkişaf etdirmək və Azərbaycanı “yaşıl” enerji üzrə mühüm regional mərkəzə çevirməkdir.

Cavid Abdullayevin sözlərinə görə, innovasiya qarşıya qoyulan məqsədə çatmaq üçün mühüm təməl nöqtəsidir. Əsas sahələrdən biri isə hidrogendir. Eyni zamanda, geotermal enerjinin potensialını araşdırmaq da əsas vəzifələrdən biridir. Buna mərkəzləşdirilmiş istilik təchizatı, elektrik enerjisi istehsalı və istixanaların qızdırılması, o cümlədən mövcud infrastrukturdan innovativ istifadə imkanları daxildir. Lakin bu gün innovasiyanı rəqəmsal transformasiyadan ayrı təsəvvür etmək olmur. Buna görə də hazırda Azərbaycan rəqəmsal xəritəçəkmə, inteqrasiya olunan məlumat bazaları və analitik vasitələrlə bərpaolunan enerji informasiya sistemini inkişaf etdirir.

Bu gün təmiz hidrogen və digər aşağı karbonlu yanacaq bazarlarının inkişafını təşviq edən beynəlxalq “H2Global” mexanizmi təmiz hidrogen və onun törəmələri üzrə beynəlxalq bazarın formalaşdırılmasını dəstəkləyən innovativ sistemlərdən biridir. Bu mexanizm çərçivəsində “H2Global” Fondunun törəmə şirkəti olan “Hintco GmbH” tərəfindən istehsalçılardan uzunmüddətli müqavilələr əsasında təmiz hidrogen və onun törəmələri, o cümlədən “yaşıl” ammonyak və “e-metanol” kimi məhsullar alınaraq qısamüddətli müqavilələr əsasında Avropa bazarlarında son istehlakçılara satılır. Hazırda tərəflər arasında Azərbaycan layihələrinin gələcəkdə “H2Global” mexanizmi çərçivəsində keçiriləcək tenderlərdə iştirak imkanları, potensial layihələr üçün uyğunluq meyarları, eləcə də uzunmüddətli hidrogen alış müqavilələri layihələrinin maliyyələşdirilməsi və investisiya qərarlarının qəbul edilməsi kimi məsələlər müzakirə edilir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətovanın sözlərinə görə, ölkənin əsas strateji layihələrindən birini təşkil edən “yaşıl” hidrogenin gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Bununla bağlı “Kearney” konsaltinq şirkəti tərəfindən müvafiq analiz və qiymətləndirmələr aparılır. Hazırda Avropada yalnız “yaşıl hidrogen” istehsalına dair hədəflərin icrasına diqqət yetirilir. Məhz buna görə də Azərbaycan layihəsində “yaşıl” hidrogen ixracına sonrakı mərhələdə – 2036-cı ildən sonra başlanılacağı ehtimal olunur.

Buna baxmayaraq, bu gün ölkəmiz sözügedən sahədə istehsalla bağlı məsələlərə mühüm önəm verir. Bu, ilki növbədə, Azərbaycanda yerli potensialın öyrənilməsi ilə əlaqədardır. Yerli imkanların araşdırılması bir pilot layihənin hazırlanmasını və onun üzərində texniki-iqtisadi əsaslandırmanın aparılmasını əhatə edir. Hazırda bu işlər “DNV Consulting” şirkəti tərəfindən icra olunur.

Qlobal “yaşıl” enerji modeli

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən “yaşıl” enerji potensialının reallaşdırılması siyasəti prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29 may 2019-cu il tarixli sərəncamı ilə, eləcə də “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” 31 may 2021-ci il tarixli qanunla bu sahənin hüquqi, iqtisadi və təşkilati əsasları yaradılıb. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “yaşıl” enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri olaraq müəyyənləşdirilib.

Azərbaycanda “yaşıl” enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt həcmində hesablanıb. Bu alternativ enerjinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt səviyyəsində qiymətləndirilib. Respublikada bərpaolunan enerji mənbələri hesabına indiyədək 1444 MVt-lıq 65 su, 307 MVt-lıq 6 külək, 278 MVt-lıq 9 Günəş və 7,3 MVt-lıq 3 hibrid elektrik stansiyası istismara verilib.

Aparılan hesablamalara görə, bərpaolunan enerji mənbələrinin ümumi enerji gücündə payı, təxminən, 20,8 faiz olduğu bildirilir. 2027-ci ilədək isə ümumi gücü 2 QVt-dan çox olan “yaşıl” enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr sırasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən Günəş və külək elektrik stansiyaları xüsusi yer alır.

Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Bu sənədin qəbulu “yaşıl” enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.

Azərbaycanın dünyanın “yaşıl” enerji çağırışına bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələrlə cavab verməsi ölkəmizin bərpaolunan enerji istehsalı təşəbbüsünə nə dərəcədə önəm verməsini, məsələyə məsuliyyətlə yanaşmasını göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən ölkəmizin işğaldan azad edilən torpaqları “yaşıl” enerji zonası elan edilib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri