Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov danışıb.
Onun sözlərinə görə, plastik, rekonstruktiv və estetik cərrah müayinə zamanı sinə nahiyəsinin görünüşünü və toxuma xüsusiyyətlərini qiymətləndirir:
"Böyümənin birtərəfli və ya ikitərəfli olması, vəzili və piy toxumasının nisbəti, dərinin elastikliyi və artıq dəri miqdarı nəzərə alınır. Klinik ehtiyac olduqda endokrinoloq və digər mütəxəssislərin iştirakı ilə əlavə qiymətləndirmə aparılır.
Laborator müayinələr hər pasiyent üçün eyni siyahı üzrə təyin edilmir. Anamnez və fiziki müayinənin nəticələrinə əsasən testosteron, estradiol, LH, FSH, prolaktin, TSH və digər göstəricilər, həmçinin qaraciyər və böyrək funksiyası qiymətləndirilə bilər.
Fiziki müayinə nəticələri qeyri-müəyyən olduqda və ya şübhəli əlamətlər müşahidə edildikdə süd vəzi ultrasəs müayinəsi və ya mammoqrafiya təyin oluna bilər. Şübhəli törəmə aşkarlandıqda həkim qərarı ilə biopsiya kimi əlavə müayinələr də tələb oluna bilər. Xaya müayinəsi və ultrasəs müayinəsi də klinik vəziyyətə uyğun olaraq diaqnostik plana daxil edilə bilər.
Əsas məqsəd yalnız süd vəzi toxumasının böyüməsini müəyyənləşdirmək deyil, həm də bu vəziyyətə səbəb ola biləcək hormonal və sistemik problemləri aşkar etməkdir".
Cərrah qeyd edib ki, ginekomastiyanın müalicəsi onun yaranma səbəbindən, davametmə müddətindən, toxumanın tərkibindən, simptomların ağırlığından və pasiyentin gözləntilərindən asılıdır:
"Hər pasiyent üçün eyni müalicə üsulunun tətbiqi düzgün yanaşma deyil. İlk növbədə fizioloji səbəblər və mümkün əsas xəstəliklər qiymətləndirilməli, aşkar edilən səbəb aradan qaldırılmalı və ya müalicə olunmalıdır.
Yenidoğulmuş və yeniyetməlik dövründə yaranan fizioloji ginekomastiya bir çox hallarda zamanla geriləyir. Belə vəziyyətlərdə klinik göstərişlərə uyğun müşahidə kifayət edə bilər.
Ginekomastiyanın dərman və ya digər maddələrlə əlaqəli olduğu ehtimal edilirsə, həmin faktorun dəyişdirilməsi yalnız müalicə edən həkimin qərarı ilə aparılmalıdır. Hipoqonadizm və ya digər təsdiqlənmiş xəstəlik aşkarlandıqda isə müalicə əsas səbəbə yönəldilir.
Hormonal preparatların özbaşına qəbulu tövsiyə edilmir. Testosteron müalicəsi yalnız testosteron çatışmazlığı təsdiqlənmiş pasiyentlərdə həkim göstərişi ilə nəzərdən keçirilir. Digər hormonal dərmanların istifadəsi də yalnız seçilmiş klinik hallarda, fərdi risk və fayda qiymətləndirildikdən sonra mümkündür.
Uzun müddət davam edən, öz-özünə geriləməyən və ya səbəbə yönəlmiş müalicədən sonra qalan ginekomastiyada cərrahi müdaxilə nəzərdən keçirilə bilər. Davamlı fiziki narahatlıq və nəzərəçarpan psixoloji-estetik təsir də qərarın verilməsində əhəmiyyət daşıyır. Əməliyyatın uyğunluğu müayinə, diaqnostik nəticələr və pasiyentin gözləntiləri əsasında müəyyən edilir".
Bundan əlavə T.Qasımov bildirib ki, ginekomastiyanın cərrahi müalicəsində əsasən üç yanaşmadan istifadə edilir:
"Birinci üsul liposaksiyadır. Bu zaman xüsusi kanüllər vasitəsilə sinə nahiyəsindəki artıq piy toxuması xaric edilir. Liposaksiya əsasən psevdoqinekomastiyada və ya qarışıq formalarda piy komponentinin azaldılması üçün tətbiq olunur. Məqsəd sinə nahiyəsindəki artıq həcmi azaltmaq və daha uyğun kontur yaratmaqdır. Lakin vəzili toxumanın üstünlük təşkil etdiyi hallarda liposaksiya təkbaşına kifayət etməyə bilər.
İkinci üsul vəzili toxumanın cərrahi yolla xaric edilməsidir. Həqiqi ginekomastiyada böyümüş vəzili toxumanın çıxarılması tələb oluna bilər. Bu zaman toxuma uyğun cərrahi kəsik vasitəsilə xaric edilir. Kəsiyin yeri və həcmi toxumanın ölçüsünə, yerləşməsinə və pasiyentin anatomik xüsusiyyətlərinə əsasən seçilir.
Üçüncü üsul kombinə edilmiş yanaşmadır. Həm piy, həm də vəzili toxuma artıqlığı olduqda liposaksiya və vəzili toxumanın cərrahi yolla xaric edilməsi birlikdə tətbiq oluna bilər. Bu yanaşma hər iki komponentin korreksiyasına imkan verir. Dəri artıqlığı və sinə konturunun xüsusiyyətləri də nəzərə alınır. Bəzi pasiyentlərdə əlavə dəri korreksiyası və ya süd vəzi nahiyəsinin kiçildilməsi tələb oluna bilər.
Cərrahi plan hazırlanarkən vəzili və piy toxumasının miqdarı, dəri elastikliyi, dəri artıqlığı, gilə-areola kompleksinin mövqeyi və döş qəfəsinin ümumi quruluşu nəzərə alınır.
Məqsəd yalnız toxuma həcmini azaltmaq deyil, sinə nahiyəsinin bədən quruluşu ilə uyğun, mümkün qədər təbii konturunu formalaşdırmaqdır.
Əməliyyatdan əvvəl pasiyentlə müdaxilənin məqsədi, seçilən texnika, gözlənilən dəyişikliklər, mümkün məhdudiyyətlər və fərdi risklər ətraflı müzakirə edilməlidir. Pasiyent bilməlidir ki, hər iki tərəfin tam eyni görünməsi və mütləq simmetriyanın əldə olunması hər zaman mümkün olmaya bilər.
Dərinin elastikliyi, toxumaların sağalma xüsusiyyətləri və ilkin anatomik fərqlər əməliyyatın nəticəsinə təsir göstərən amillərdəndir. Buna görə də real gözləntilərin formalaşdırılması və məlumatlandırılmış razılıq əsasında qərar verilməsi mühüm əhəmiyyət daşıyır.
Əməliyyatdan sonrakı izləmə cərrahın fərdi göstərişlərinə uyğun aparılır. İlk dövrdə şişkinlik, göyərmə, həssaslıq və müvəqqəti kontur qeyri-bərabərliyi müşahidə oluna bilər. Sağalma prosesi pasiyentin toxuma xüsusiyyətlərindən, əməliyyatın həcmindən və tətbiq edilən texnikadan asılı olaraq dəyişir.
Sarğı, kompressiya geyimindən istifadə, yara baxımı, fiziki aktivliyə qayıdış və kontrol müayinələrin vaxtı əməliyyatı icra edən cərrah tərəfindən müəyyən edilir. Pasiyentin verilən göstərişlərə əməl etməsi və təyin olunmuş kontrol müayinələrdə iştirak etməsi vacibdir.
Artan ağrı, yüksək hərarət, qəfil və nəzərəçarpan şişkinlik, yara nahiyəsində ifrazat və ya digər narahatedici əlamətlər yarandıqda tibbi heyətlə əlaqə saxlanılmalıdır.
Hər bir cərrahi müdaxilədə olduğu kimi, ginekomastiya əməliyyatının da müəyyən riskləri mövcuddur. Bunlara qanaxma, hematoma, infeksiya, maye toplanması, çapıq toxuması, hissiyyat dəyişikliyi, kontur qeyri-bərabərliyi, asimmetriya, dəri və ya gilə-areola kompleksində qan təchizatı ilə bağlı problemlər və təkrar müdaxilə ehtiyacı daxildir.
Risklərin növü və ehtimalı pasiyentin fərdi vəziyyətindən və əməliyyatın həcmindən asılıdır. Heç bir cərrahi müdaxilə tam simmetriyaya və ya əvvəlcədən müəyyən edilmiş konkret nəticəyə zəmanət vermir. Buna görə də əməliyyat qərarı ətraflı konsultasiya və məlumatlandırılmış razılıq əsasında verilməlidir".
Həkim sonda ginekomastiya ilə bağlı narahatlığı olan kişilərə tövsiyələr də verib:
"İlk növbədə, sinə nahiyəsində böyümə, qabarıqlıq, ağrı, həssaslıq və ya toxuma dəyişikliyi müşahidə edən şəxslərə mütəxəssis müayinəsinə müraciət etməyi tövsiyə edirəm.
Bu vəziyyəti yalnız estetik problem kimi qiymətləndirmək düzgün deyil. Çünki ginekomastiya bəzən hormonal dəyişikliklərin, dərmanların təsirinin və ya müəyyən xəstəliklərin əlaməti ola bilər.
Plastik, rekonstruktiv və estetik cərrahın qiymətləndirməsi, zərurət olduqda endokrinoloqla birgə aparılan müayinə problemin səbəbinin müəyyənləşdirilməsinə və uyğun müalicə üsulunun seçilməsinə kömək edir.
Əsas tövsiyəm odur ki, pasiyentlər özbaşına hormonal preparatlar qəbul etməsin, istifadə etdikləri dərmanları həkimlə məsləhətləşmədən dayandırmasın və problemin həllini gecikdirməsinlər. Vaxtında aparılan müayinə düzgün diaqnozun qoyulması və fərdi müalicə planının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır".
Həmidə İbrahimova
Baxış sayı:332
Bu xəbər 13 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















