Azərbaycan sevdalısı Professor İbrahim Yıldırımın xatirəsinə
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnsan yalnız həyatdakı xeyirxah əməlləri, gördüyü savab işləri ilə əbədiyaşar olur, surəti yaddaşlara yazılır, əməlləri hafizələrdə iz buraxır. Vətəni, xalqı üçün təmənnasız çalışan, qurub-yaratmağı, xeyirxahlığı həyat amalına çevirən insanların ömür yolu daim gələcək nəsillər üçün nümunəyə çevrilir.
İnsan həyatını yaxşı işlərə, xeyirxah əməllərə, paklığa həsr edəndə, neçə-neçə adamın həyatında iz qoyur, qəlblərdə özü boyda bir abidə ucaldır. Belə şəxsiyyətlərdən biri Türk dünyasına, millətinə böyük sevgisi ilə qəlblərdə taxt qurararaq haqq dünyasına qovuşmuş Azərbaycanın böyük dostu professor İbrahim Yıldırım idi.
Soykökü Qazax rayonuna - Sarılar nəslinə bağlı olan professor İbrahim Yıldırım ləyaqətli, mərhəmət və xeyirxah əməlləri ilə tanınmış bir nəslin nümayəndəsi olub. Əsilləri Yelizavetpol quberniyasının Qazax qəzasının Əmirxeyir kəndindən olan Sarılar nəsli Dağ Kəsəməndə yaşayıblar. Bir müddət Qarabağda, sonra isə Zəngəzurda - Göycə gölünün ətrafında yerləşən Çaykənd, Çölkənd, Bəriabad, Qaraqaya, Yanıqpəyə, Göyərçinli, Salah, Çəmbərək kimi kəndlərdə məskunlaşıblar.
İbrahim Yıldırımın cərrah olan ulu babası Sarı Qulu XIX əsrin sonlarında çarizm əleyhinə mübarizə aparan və çar məmurları tərəfindən güllə yarası alan Qaçaq Kərəmi öz evində gizlədib və müalicə edib. Bu təəssübkeşlik isə çar məmurlarının gözündən yayınmayıb. Bütün varlığı ilə millətinə bağlı olan Sarı Qulu həbs edilərək Sibirə sürgün edilib.
Həbsdən sonra doğma yurdda yaşamaq İbrahim Yıldırımın ulularına nəsib olmayıb. Belə ki, çar imperiyasının Qafqazda milli azlıqlara verdiyi zülmdən can qurtarmaq üçün yüzlərlə, minlərlə soydaşımız kimi İbrahim Yıldırımın ulu babası Sarı Qulu da 1898-ci ildə ailəsi ilə ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıb, bir neçə dəfə yaşayış yerlərini dəyişdikdən sonra Türkiyənin Amasya bölgəsində məskunlaşıblar.
Sarı Qulu Türkiyəyə köç etdikdən sonra burada onun oğlu İbrahim, nəvəsi İsmayıl və nəticəsi İbrahim Yıldırım dünyaya gəlib. Babasının adını daşıyan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Amasya vilayətinin 7 rayonundan biri olan Merzifonda dünyaya göz açıb.
Gələcəkdə elm fədaisi kimi tanınancaq İbrahim bəy ibtidai və orta təhsilini Qırıqqala və Merzifon məktəblərində alıb. Trabzon liseyində oxuyub. Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində çox düşünməyib - ulu babasının yolu ilə gedərək həkim olmağı qərara alıb və İstanbul Universitetinin tibb fakültəsinə daxil olub. Çətin təhsil illərini geridə qoyan İbrahim 1963-cü ildə universiteti bitirib.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1965-ci il dekabrın 23-də tanınmış nəslin nümayəndəsi - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra Füqen Orkunla ailə həyatı qurub.
Ali təhsil aldıqdan sonra İbrahim Yıldırım ümumi cərrahlıq, plastik, rekonstruktiv və estetik cərrahlıq ixtisaslarına yiyələnib. Bu ixtisaslar üzrə Türkiyə və İngiltərədə akademik imtahanları verib. 1979-1980-ci illərdə plastik cərrahiyyə dosenti, 1988-ci ildə plastik cərrahiyyə professoru olub.
İbrahim bəyin həkimlik fəaliyyəti təhsil aldığı doğma İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsindən başlayıb. O, burada assistent və uzman kimi işlədikdən sonra 1972-1974-cü illərdə Elazığ hərbi xəstəxanası və Sosial Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib. Bütün bu uğurlarla yanaşı, o, hər an öz sahəsinin ən yetkin bir uzmanı olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin təcrübəsini öyrənməyə can atıb. Bu məqsədlə İngiltərədə, Şotlandiyada, Avstriyada, Almaniyada cərrah kimi çalışıb.
Doktor İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında mühüm vəzifələr daşıyıb, bir cərrah olaraq öz gücünü beynəlxalq miqyasda da sınayıb. O, bir-birinin ardınca dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa dəvət olunub.
XX əsrin son onilliyində Ulu Tanrı İbrahim Yıldırımın Azərbaycan nisgilinə son qoyub. 1990-cı ildə Moskvada ezamiyyətdə olan İbrahim Yıldırım görkəmli Azərbaycan cərrahı, professor Nurəddin Rzayevin dəvəti ilə ilk dəfə Bakıya gəlib. Bakıda keçirilən Birinci Türkiyə-Azərbaycan Cərrahiyyə Simpoziumunda yaxından iştirak edib.
Doktor İbrahim Yıldırımın Azərbaycana ilk səfərində ən önəmli hadisə isə onun ulularının yurdunu ziyarət etməsi olub. Bakıya səfəri zamanı o, bütün varlığı ilə Qazaxa can atıb. Ulularını soraqlamaq, Hacı Mahmud Əfəndinin türbəsini, Molla Vəli Vidadinin, neçə-neçə digər soydaşlarının qəbrini ziyarət etmək, Qazaxda böyük Azərbaycan şairi Səməd Vurğunu yad etmək professor İbrahim Yıldırıma uzun illərdən sonra nəsib olub.
1991-ci ilin 24 may-5 iyun tarixlərində Bakıya səfəri zamanı doktor İbrahim Yıldırım o zamankı Semaşko adına xəstəxanada 227 xəstə üzərində cərrahiyyə əməliyyatı aparıb. İbrahim bəy şəfalı əlləri ilə 1-ci Qarabağ savaşında yaralanmış əsgərlərimizin üzərində yüzlərcə estetik cərrahiyyə əməliyyatı apararaq, ilkin sağlam bədənlərini onlara yenidən qaytarıb. Həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisi Bəhruz Səfərəliyevin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hospitalında daxili işlər orqanları əməkdaşlarının da üzərində əməliyyat aparan professor İbrahim Yıldırım sonradan DİN-in Mərkəzi Hospitalında qazilərimizə şəfa bəxş edib.
Sonralar İbrahim Yıldırım dünya şöhrətli həkim Cavad Heyətlə birgə daxili işlər orqanlarının Qarabağ bölgəsində yaralanmış əməkdaşlarının müalicə olunmsı işinə böyük töhfələr verib.
Professor İbrahim Yıldırımın Azərbaycana gəlişi, onun Bakıya sonrakı səfərləri respublikamızın səhiyyə sisteminin peşəkar kadrlarla təmin olunması işinə güclü təkan verib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq quran doktor İbrahim Yıldırımın Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək, onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirmələrini, təqaüd almalarını, yataqxanada yerləşmələrini təmin edib. Həmin tələbələr hazırda xalqımıza xidmət etməkdədirlər. Bütün bunlarla İbrahim bəy Azərbaycanla bağlı atasının ona etdiyi "Edə biləcəyin bir şey var, Azərbaycana yaxşılıq elə" vəsiyyətinə ləyaqətlə əməl edib və daim soydaşlarını Azərbaycana kömək etməyə çağırıb.
Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev şəfalı əllərini Azərbaycandan əsirgəməyin türk həkimlərinin tərkibində professor İbrahim Yıldırımı da qəbul edərək, onlara minnətdarlığını bildirib.
Doktor İbrahim Yıldırımı Azərbaycana bağlayan təkcə tibb sahəsi, qohumluq əlaqələri deyil. Azərbaycan ədəbiyyatına bağlı olan, onu sonsuz bir ehtirasla və yorulmadan mütaliə edən, Səməd Vurğunun şeir dünyasından bir gün belə ayrı dura bilməyən, İslam dəyərlərinə yaxından vaqif olan profesor İbrahim Yıldırım görkəmli simalarla bağlı həyata keçirilən bir sıra elmi tədbirlərdə, yubiley mərasimlərində, görüşlərdə də yaxından iştirak edib.
Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarından sonra doktor İbrahim Yıldırım "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar", "Baş üstündə bir kitabın olması", "Türkiyədə Azərbaycan kültürü", "İstanbul Universitetini bitirmiş azərbaycanlılar", "Amasya araşdırmaları" və s. əsərləri yazaraq orta yüzillərdən üzü bəri Türkiyəyə köç etmiş yurddaşlarımızla bağlı sanballı kitabları türk dünyasına təqdim edib.
İbrahim Yıldırım heyrət ediləcək yaddaşa malik olub. Ömrünün bütün dönəmlərində ulularının yurd saldıqları məskənləri, köç yollarını, elat yerlərini sevə-sevə xatırlayıb.
Professor İbrahim Yıldırım böyük vətənpərvər və böyük Atatürkçü kimi tanınıb və sevilib. O, Məhəmməd Əmin Rəsulzadə irsini sevə-sevə öyrənib.
İbrahim Yıldırım "Sarıkamış Dayanışma Grubu"na rəhbərlik edən dostu doktor Bingür Sönmezlə Sarıqamış hərəkatında şəhid olanlara ehtiram əlaməti olaraq keçirilən tədbirlərində yaxından iştirak edib.
Türkiyədəki soydaşlarımıza qayğı göstərməkdən qürur hissi keçirən İbrahim Yıldırım Əli bəy Hüseynzadənin son yadigarı Feyzavərə xanıma da daim həyan olub. Onun müalicəsinə mütəmadi olaraq qayğı göstərib.
İbrahim Yıldırım bütün varlığı ilə Azərbaycan-Türkiyə dostluğundan qürur hissi keçirib və bu dostluğu sarsılmaz sayıb.
İşi, əməli, elmi fəaliyyəti ilə adını yaddaşlara yazmağı bacaran, keçdiyi ömür yolunu sonradan xoş xatirələrə çevirə bilən İbrahim Yıldırım insanların öz ölkələrini tanıtması üçün öncə milli kimliklərini tanımalarını, ana dilini bilməklərini vacib sayıb. Alimlərin, tədqiqatçıların bəzən araşdırmalarında mənbələrə əsaslanmadan yanlış məlumatlara yer verdikləridən narahat olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilən İbrahim Yıldırımı ölkəmizin inkişafı, tərəqqisi qəlbən sevindirib. "Azərbaycan İsveç qədər zəngin, şəhanə bir dövlət olacaq" deyərək bütün dünyanı Azərbaycanı, onun mədəniyyətini tanımağa, sevməyə çağırıb.
2016-cı ildə Bakıda böyük təntənə ilə Azərbaycan Tibb Universitetinin fəxri professoru İbrahim Yıldırımın 80 illik yubileyi keçirilib. Yubiley ərəfəsində Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin "Doktor İbrahim Yıldırım" kitabı yubilyara - Azərbaycan sevdalı soydaşımıza təqdim olunub.
Türkiyə ictimaiyyətində böyük nüfuz sahibi olmuş İbrahim Yıldırımın Azərbaycandakı müasirləri də onun zəngin mənəviyyatlı parlaq şəxsiyyətini yüksək dəyərləndiriblər. Elə İbrahim Yıldırımın ömrünün qürub çağında da azərbaycanlı dostları Fügen xanımı tək qoymayaraq yanında olublar. Sədaqətli dostu doktor Bəhruz Səfərəliyev bir daha insanlığa sədaqət nümunəsi nümayiş etdirərək son ana, son nəfəsə, haqq dünyasına qovuşunadək - 2025-ci il sentyabrın 9-dək mənəvi ata saydığı İbrahim Yıldırımın başı üzərindən çəkilməyib. Bakıdan gəlmiş tələbələri professor Kamran Musayev, professor Vaqif Qələndər və digərləri boyunlarında böyük haqqı olan İbrahim Yıldırımı böyük ehtiram və sevgi ilə son mənzilə yola salanlar sırasında olublar.
Azərbaycan sevdalı İbrahim Yıldırımın əziz xatirəsi onu tanıyan insanların qəlbində əbədi yaşayacaqdır. İnsan üçün özündən sonra qoya biləcəyi ən qiymətli varidat da elə budur.
Hikmət XUDİYEV
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















