Icma.az
close
up
RU
Azərbaycan Silahlı Qüvvələrin şərəfli yolu ŞƏRH

Azərbaycan Silahlı Qüvvələrin şərəfli yolu ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il iyun ayının 26-da Azərbaycan xalqı özünün dövlətçiliyinin əsas dayaqlarından biri olan Silahlı Qüvvələrinin yaranma gününü qeyd edir. Bu gün xalqın öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qoruma əzminin rəmzidir. Azərbaycan Silahlı Qüvvələri günü dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir, çünki məhz güclü, mütəşəkkil və müasir ordu olmadan heç bir dövlətin tam mənada müstəqil və təhlükəsiz mövcudluğundan danışmaq mümkün deyil. Bu bayram Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ölkəmizin tarixi yaddaşında hərbi gücün formalaşdırılması prosesi həm böyük çətinliklərlə, həm də qürurverici nailiyyətlərlə müşayiət olunmuşdur. 1918-ci ildə qurulan ilk Milli Ordudan tutmuş 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə və ondan sonrakı dövrə qədər keçilən yol Azərbaycan xalqının iradəsinin, dözümünün və vətənpərvərliyinin ifadəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin tarixi 1918-ci ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövrünə gedib çıxır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən özünün milli ordusunu yaratmaq zərurəti ilə üzləşmişdi. Mürəkkəb regional və beynəlxalq şəraitdə, ətrafda gedən hərbi münaqişələr fonunda gənc respublikanın öz təhlükəsizliyini təmin etmək üçün mütəşəkkil silahlı qüvvələrə ehtiyacı var idi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Milli Ordunun yaradılması haqqında qərar qəbul etmişdir. Bu addım həm hərbi zərurətdən həm də gənc dövlətin suverenliyini real şəkildə təmin etmək istəyindən irəli gəlirdi. Belə bir dövrdə, dünya müharibəsinin nəticələri hələ tam aydınlaşmadığı, bölgədə müxtəlif siyasi-hərbi qüvvələrin mübarizə apardığı bir şəraitdə milli ordunun yaradılması cəsarətli və uzaqgörən addım idi. Milli Ordunun qurulması prosesində o dövrün görkəmli hərbi və dövlət xadimləri mühüm rol oynamışlar. Bu sırada general Səməd bəy Mehmandarovun, general Əliağa Şıxlinskinin və digər peşəkar hərbçilərin adlarını xüsusi qeyd etmək lazımdır. Onların təcrübəsi və bilikləri sayəsində qısa müddətdə nisbətən mütəşəkkil hərbi struktur formalaşdırıla bildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud ola bilsədə bu qısa dövr ərzində yaradılmış hərbi ənənələr, formalaşmış zabit kadrları və qazanılmış təcrübə Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı və gələcəkdə milli ordu quruculuğu üçün mənəvi-tarixi əsas rolunu oynadı.

Sovet hakimiyyəti illərində Azərbaycanın müstəqil milli ordusu mövcud olmadı. Bu dövrdə azərbaycanlı gənclər ümumittifaq ordusunun tərkibində xidmət edirdilər, lakin bu, milli mənafelərə xidmət edən müstəqil hərbi struktur deyildi. Bununla belə, bu illərdə də çoxlu sayda azərbaycanlı hərbçi yüksək peşəkarlıq nümayiş etdirərək, gələcəkdə milli ordu quruculuğu üçün zəruri olan təcrübəni qazanmışdır.

1991-ci ildə Sovet İttifaqının dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ölkə tarixində yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin ilk illəri olduqca ağır və mürəkkəb şəraitdə keçdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin kəskinləşməsi, daxili siyasi sabitsizlik və iqtisadi çətinliklər fonunda yenidən milli ordunun yaradılması zərurəti ortaya çıxdı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun qəbul etsə də bu həmin dövrün proseslərinə müsbət təsir göstərə bilmədi. 1990-cı illərin əvvəllərində Azərbaycan ordusu bir sıra ağır məğlubiyyətlərlə üzləşdi. Bu, həm təcrübəsizlikdən, həm təşkilatlanma problemlərindən, həm də daxili siyasi qeyri-sabitlikdən qaynaqlanırdı. Qarabağın işğalı Azərbaycan xalqı üçün böyük faciə oldu və bir milyondan artıq insanın qaçqın-köçkün vəziyyətinə düşməsinə səbəb oldu. Bu acı təcrübə isə gələcəkdə güclü, peşəkar və müasir ordu yaratmağın nə qədər vacib olduğunu bir daha göstərdi.

1993-cü ilin iyunun 15-də xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin, o cümlədən Silahlı Qüvvələrin inkişafında dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi zaman ölkə son dərəcə ağır vəziyyətdə idi-ərazilərin böyük bir hissəsi işğal altında idi, ordu mütəşəkkil deyildi, dövlət idarəçiliyində xaos hökm sürürdü. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə daxili sabitliyin bərpası istiqamətində ardıcıl addımlar atıldı. Paralel olaraq, ordu quruculuğu məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanması döyüş əməliyyatlarını dayandırsa da, Azərbaycan rəhbərliyi heç vaxt işğal faktı ilə barışmadı və ordunun gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hərbi quruculuq sahəsində bir sıra mühüm islahatlar aparıldı: hərbi təhsil müəssisələri yenidən qurulub inkişaf etdirildi, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi, ordunun maddi-texniki bazası möhkəmləndirildi. Həmçinin, milli hərbi ənənələrin, o cümlədən 1918-ci il Milli Ordusunun irsinin yaşadılması məsələsinə xüsusi diqqət yetirildi. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il iyunun 22-də imzalanan fərmanla 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi rəsmən təsis edildi. Bu tarixin seçilməsi təsadüfi deyildi — 1918-ci ildə Milli Ordunun yaradılması günü ilə müasir Azərbaycan ordusu arasında tarixi varislik əlaqəsi qurulurdu. Bununla da müasir Azərbaycan Silahlı Qüvvələri özünün kökünü 1918-ci ilin Milli Ordusundan götürən, tarixi varislik prinsipi üzərində qurulan bir qurum kimi formalaşdırıldı.

2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi yeni, daha sürətli mərhələyə qədəm qoydu. Bu dövrdə Azərbaycanın iqtisadi imkanlarının artması, xüsusilə neft-qaz gəlirlərinin müdafiə sənayesinin inkişafına yönəldilməsi ordunun modernləşdirilməsi üçün əlverişli şərait yaratdı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə müdafiə xərcləri ardıcıl olaraq artırıldı, ordu ən müasir silah-sursat və hərbi texnika ilə təchiz edildi. Azərbaycan dünyanın aparıcı silah istehsalçısı ölkələri ilə sıx hərbi-texniki əməkdaşlıq qurdu, eyni zamanda öz daxili müdafiə sənayesinin inkişafına böyük diqqət yetirildi. Bakıda və ölkənin digər regionlarında müdafiə sənayesi müəssisələri yaradıldı, bu müəssisələrdə müxtəlif növ silah, hərbi texnika və hərbi ləvazimat istehsal olunmağa başlandı. Bununla yanaşı, hərbi kadrların hazırlanması sisteminə də ciddi diqqət ayrıldı. Hərbi təhsil müəssisələri müasirləşdirildi, zabit heyətinin NATO standartlarına uyğun hazırlığı təmin edildi, beynəlxalq hərbi təlimlərdə və əməliyyatlarda iştirak genişləndirildi. Azərbaycan ordusu Əfqanıstanda və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak edərək, öz peşəkarlığını və döyüş hazırlığını artırma imkanı qazandı.

Bu illər ərzində aparılan ardıcıl islahatlar, hərbi texnikanın yenilənməsi, döyüş hazırlığının yüksəldilməsi nəticəsində Azərbaycan ordusu region miqyasında ən güclü və müasir ordulardan birinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi, yəni Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Otuz ilə yaxın davam edən işğal faktına Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli və peşəkar əməliyyatları nəticəsində son qoyuldu. Bu müharibə zamanı Azərbaycan ordusu yüksək döyüş qabiliyyəti, müasir taktika və strategiya tətbiqi, qabaqcıl hərbi texnologiyalardan səmərəli istifadə nümayiş etdirdi. Pilotsuz uçuş aparatlarının (dronların) effektiv tətbiqi, müasir kəşfiyyat və əlaqələndirmə sistemlərinin işə salınması, eləcə də hərbi qulluqçuların yüksək mənəvi-psixoloji hazırlığı döyüş meydanında həlledici üstünlük təmin etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər mühüm strateji əhəmiyyətli ərazilər işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar başa çatdı və Azərbaycan otuz ilə yaxın davam edən ədalətsizliyə son qoydu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpa etdi. Bu Zəfər Azərbaycan xalqının milli birliyinin, vətənpərvərliyinin və iradəsinin təntənəsi idi. Vətən müharibəsində şəhid olan minlərlə qəhrəman övladımızın xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı və vətən sevgisi gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Azərbaycan ordusunda hərbi qulluqçuların hazırlığı bu gün də müasir tələblərə uyğun aparılır. Heydər Əliyev adına Hərbi Akademiya, Hərbi Dəniz Akademiyası və digər ixtisaslaşdırılmış hərbi təhsil müəssisələri yüksək ixtisaslı zabit kadrlarının hazırlanmasını təmin edir. Eyni zamanda, döyüş təlimləri mütəmadi olaraq keçirilir, ordu beynəlxalq hərbi təlimlərdə fəal iştirak edir. Son illər Azərbaycanda müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə müxtəlif növ hərbi texnika, silah-sursat, pilotsuz uçuş aparatları və digər hərbi məhsullar istehsal olunur. Bu, ölkənin xarici asılılığını azaltmaqla yanaşı, həm də müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan həmçinin beynəlxalq hərbi sərgilərdə fəal iştirak edərək öz hərbi sənaye potensialını nümayiş etdirir. Bakıda keçirilən ADEX (Azerbaijan International Defence Exhibition) beynəlxalq müdafiə sərgisi bu sahədə mühüm tribuna rolunu oynayır və ölkənin beynəlxalq hərbi-texniki əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Azərbaycanda gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Məktəblərdə və ali təhsil müəssisələrində hərbi hazırlıq dərsləri tədris olunur, gənclər arasında hərbi-idman oyunları, yarışlar keçirilir. Bu tədbirlər gənc nəslin vətən sevgisi ruhunda böyüməsinə, lazım gəldikdə vətənin müdafiəsinə hazır olmasına xidmət edir. Hər il 26 iyun tarixində ölkə miqyasında müxtəlif tədbirlər təşkil olunur. Paytaxt Bakıda və regionlarda hərbi parad, nümayiş tədbirləri keçirilir, şəhid ailələrinə və müharibə veteranlarına ehtiram nümayiş etdirilir. Dövlət başçısı tərəfindən hərbi qulluqçulara fəxri adlar, orden və medallar təqdim olunur. Bu tədbirlər həm xalqın ordu ilə həmrəyliyini nümayiş etdirir, həm də hərbi qulluqçuların xidmətlərinin layiqincə qiymətləndirilməsinə xidmət edir. 26 iyun bayramı qeyd edilərkən Azərbaycan xalqı, eyni zamanda, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini də yad edir. Qarabağ müharibələri zamanı həlak olmuş minlərlə hərbçi və mülki şəxsin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır. Şəhidlər xiyabanı, eləcə də ölkənin müxtəlif bölgələrindəki abidə-kompleksləri bu əziz xatirənin əbədiləşdirildiyi məkanlardır. Hər il bu tarixlərdə dövlət rəsmiləri, hərbi qulluqçular və vətəndaşlar bu məkanları ziyarət edərək, vətən uğrunda canlarını qurban vermiş qəhrəmanları minnətdarlıqla yad edirlər. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən göstərilən qayğı da bu münasibətin praktiki ifadəsidir.

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Azərbaycan xalqının dövlətçilik tarixinin, milli qürurunun və gələcəyə inamının rəmzidir. 1918-ci ildən başlayan, ağır sınaqlardan keçən, lakin heç vaxt sönməyən milli ordu ənənəsi bu gün müasir, güclü və beynəlxalq miqyasda nüfuz sahibi olan Azərbaycan Silahlı Qüvvələrində öz davamını tapır. Tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqı öz müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün böyük çətinliklərlə üzləşmiş, lakin hər zaman bu sınaqlardan üzüağ çıxmışdır. 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfər bunun ən bariz nümunəsidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkənin suverenliyinin, sülhünün və təhlükəsizliyinin etibarlı qarantı kimi fəaliyyət göstərir. Müasir silah-sursatla təchiz olunmuş, yüksək peşəkarlığa malik, beynəlxalq təcrübəyə əsaslanan ordumuz Azərbaycanın gələcək inkişafının və təhlükəsizliyinin əsas dayağıdır. 26 iyun günü hər bir Azərbaycan vətəndaşı üçün qürur, minnətdarlıq və vətənpərvərlik hissləri ilə dolu bir gündür — bu gün biz öz hərbçilərimizə, şəhidlərimizə və onların ailələrinə dərin ehtiramımızı bildiririk, eyni zamanda gələcəyə inamla baxırıq.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, veteranlarımıza və şəhid ailələrinə dərin minnətdarlığımızı ifadə edir, Vətənimizin əbədi sülh, təhlükəsizlik və firavanlıq içində yaşamasını arzu edirik.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri