“Azərbaycan təhsilinin tarixi öyrənilməli və özümüzə uyğun modern bir təhsil sistemi qurulmalıdır...”
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Repetitorluğu adiministrativ qaydada qadağan etmək mümkün deyil, bunun köklü, əsas səbəblərini araşdırmaq lazımdır. Niyə 50 il əvvəl insanlar yalnız məktəb dərsləri ilə kifayətlənərək yüksək səviyyəli mütəxəssislər olurdu?..”
“Azərbaycanda təhsil sistemi ilə bağlı, təbii ki, narahatçılıqlar doğuran məsələlər çoxdur. Mən özüm universitetdə dərs deyən bir müəllim kimi bu sistemin müxtəlif sahələrindəki problemlərini müşahidə edirəm. Təbii ki, bəzi məsələlərdə yaxşı irəliləyişlər var, amma daha çox iş görmək lazımdır. Təhsil Nazirliyi bu problemləri həll etmək üçün müəyyən addımlar atır və müxtəlif yeniliklər tətbiq etməyə çalışırlar. Məsələn, mənim nəzərimdə, son illər təhsildə ən ciddi irəliləyişlərdən biri rüşvət məsələsinin azaldılmasıdır. Mən işlədiyim universitetdə bunun şahidiyəm. Bildiyimə görə, digər universitetlərdə də rüşvət məsələsi, demək olar ki, aradan qaldırılıb. Bu, çox müsbət bir haldır, çünki tələbələrlə müəllim arasında normal münasibəti pozan, onların təhsilini çətinləşdirən və ümumiyyətlə təhsilin gələcəyini sual altında qoyan bu cür praktikalar aradan qaldırılıb”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Texniki Universitetdə müəllim kimi də çalışan
Azad Vətən Partiyasının sədri Akif Nağı “Siyasətçi olmaqla yanaşı, bir ali məktəb müəllimi də olaraq təhsil sahəsinə xeyli bələdsiniz. Əksər təhsil ekspertləri, həmçinin adi vətəndaşlar Azərbaycan təhsilinin ağır, xaotik bir durumda olduğunu düşünür. Siz hansı qənaətdəsiniz?” sualını cavablandırarkən belə deyib.
“Amma hələ də təhsil sistemində həll olunmalı bir neçə vacib məsələ mövcuddur. Orta məktəblərdə dərsliklərin hazırlanmasında, xüsusilə Azərbaycan tarixi dərsliklərində ciddi problemlər var. Təhsil naziri də bu məsələ ilə bağlı çıxış edərək qeyd etmişdi ki, orta məktəblərin Azərbaycan tarixi dərslikləri çox qarışıq, qaranlıq və başa düşülməsi çətin şəkildə yazılıb. Bu, çox mühüm bir problemdir və həlli üçün ciddi işlər görülməlidir.
Bilirsiz ki, mənim Azərbaycan tarixi ilə bağlı yazdığım 50-dən çox məqaləm öncə Moderator.az saytında, sonra isə dərslik şəklində çap olunub. Mənim konsepsiyama əsasən, Azərbaycan tarixi dərsliklərinin daha aydın və başa düşülən şəkildə yazılması zəruridir. Bu məsələləri aradan qaldırmaq üçün yeni bir yanaşma ortaya qoyulmalıdır. Mənim və həmkarlarımın (Fürdovsiyə Əhmədova, Rizvan Hüseynov, Ramin Əlizadə, Şamil Mehdi) birgə apardığımız araşdırmalar da bu istiqamətdədir. Bu mövzu ilə bağlı böyük bir konfrans keçirdik və onun materiallarından ibarət kitab hazırladıq. Azərbaycan tarixinin konsepsiyasının yenidən yazılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması vacibdir” , - deyə davamında həmsöhbətimiz bildirib.
Tarixçi alim hesab edir ki, Azərbaycan tarixinin konsepsiyası dəyişməli və tariximiz qalibiyyət tarixi kimi təqdim edilməlidir:
“Keçmişdə Azərbaycan tarixi, xüsusən Sovet dövründə çox zaman işğallar və məğlubiyyətlər üzərində qurulmuşdu. Bu yanaşma artıq aradan qaldırılmalıdır. Azərbaycan 5 minillik qalibiyyət tarixinə sahibdir və bu tarixi işıqlı, parlaq bir şəkildə gələcək nəsillərə çatdırmalıyıq. Tariximizin bu aspektini düzgün şəkildə öyrətməliyik ki, gənc nəsil öz tarixini doğru şəkildə dərk etsin və ona sahib çıxsın.
Dərsliklərin hazırlanmasında yeni yanaşmalar tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyi müasir təhsil modellərini nəzərdən keçirir, bu isə təhsil sisteminin inkişafı üçün çox vacibdir. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə daha çox irəliləyişlər olacaq və təhsil sistemimiz daha da mükəmməlləşəcək”.
Eyni zamanda pedaqoq Azərbaycan təhsilinin özünün tarixinə də diqqət yetirilməsini çox vacib sayır:
“Fikrimcə, Azərbaycan təhsilinin özünün tarixinə daha çox diqqət yetirilməlidir. Azərbaycanın zəngin və dərin təhsil tarixi vardır və bu tarixi diqqətlə öyrənmək lazımdır. Təəssüf ki, bəzən bu tarixi ya görməzlikdən gəlirlər, ya da yanlış təqdim edirlər. Məsələn, Azərbaycanda şərqin ilk universitetlərindən biri Bağdaddan sonra Təbrizdə yaradılıb. Yəni XII-XIV əsrlərdə Azərbaycanın çox güclü bir təhsil sistemi mövcud idi. O dövrlərdə universitetlər, mədrəsələr, məktəblər fəaliyyət göstərirdi və onların mahiyyətini heç zaman heçə endirmək olmaz. Sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə, Azərbaycanın təhsil səviyyəsi daha da inkişaf etmişdi. Yeni növ təhsil ocaqları yaranmağa başlamışdı. Sovet dövrü və işğal dövrü də daxil olmaqla, müxtəlif tarixi mərhələlərdə Azərbaycanın öz oturuşmuş təhsil sistemi formalaşmışdı. Bu sistemin müsbət tərəfləri təhlil edilməli, onun yaxşı təcrübələri öyrənilməli və bu günün tələblərinə uyğun tətbiq edilməlidir.
Azərbaycanın təhsil tarixi müxtəlif dövrlərdə müxtəlif inkişaf mərhələləri keçib və bu tarixi öyrənmək vacibdir. İndiki vaxtda, Azərbaycanın özünə, xalqına öz təhsil sisteminə uyğun modern bir təhsil modeli hazırlanmalı və tətbiq edilməlidir. Mənim istəyim odur ki, xarici təhsil modelləri sadəcə olaraq Azərbaycana kopyalanmasın. Bu, göründüyü kimi, sonda mənfi nəticələrə gətirib çıxarır”.
“Məktəblərdə, orta təhsil sistemində də ciddi problemlər mövcuddur. Hər kəs bilir ki, orta məktəblərdə dərslərin keyfiyyəti yetərsizdir. Bunu təhsil naziri özü də etiraf edir. Müəllimlər öz vəzifələrini yerinə yetirə bilmədikdə şagirdlər repetitorlarla əlavə dərs keçirlər. Bu, təhsil sistemindəki boşluqlardan irəli gəlir. Repetitorluğu adiministrativ qaydada qadağan etmək mümkün deyil, bunun köklü, əsas səbəblərini araşdırmaq lazımdır. Niyə 50 il əvvəl insanlar yalnız məktəb dərsləri ilə kifayətlənərək yüksək səviyyəli mütəxəssislər olurdu? Nə üçün indi eyni nəticəni əldə etmək çətinləşib?..
Orta məktəblərin tədris proqramı, dərs metodları və müəllimlərin təhsil səviyyəsi bərpa edilməlidir. Orta məktəblərin təhsil sistemi yalnız özündə deyil, cəmiyyətin tələbləri ilə də uyğunlaşdırılmalıdır. Məktəblərin və təhsil ocaqlarının funksional rolu təkmilləşdirilməlidir ki, şagirdlər əlavə repetitorluq kimi həllərə müraciət etməsinlər. Təhsil sistemindəki bu cür struktural dəyişikliklər uzunmüddətli və davamlı bir nəticə verə bilər. Əgər bu sahədə uğurlu bir təhsil islahatları aparılarsa, bu, yalnız müsbət nəticələrə gətirib çıxaracaq, həm də ölkəmizin gələcəyini formalaşdıran gənclərin daha yaxşı təhsil almasına şərait yaradacaqdır”, - deyə Akif Nağı vurğulayıb.
Sultan Laçın

