Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə əməkdaşlıq və ticarət əlaqələrinin perspektivlərinə qısa baxış

Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə əməkdaşlıq və ticarət əlaqələrinin perspektivlərinə qısa baxış

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan və Qazaxıstan arasında əlaqələr çoxşaxəlidir. Hər iki ölkə Türkdilli dövlətlər ailəsinə aiddir və ortaq tarix, dil, din və mədəni köklərə malikdir. Sovetlər birliyi dağılandan və hər iki respublika müstəqillik qazanandan sonra ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edib, yeni dövr üçün siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın əsası qoyulub.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı, dosent Eldar Quliyevin “Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə əməkdaşlıq və ticarət əlaqələrinin perspektivlərinə qısa baxış” adlı məqaləsini təqdim edir.

Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif platformalarda görüşləri, xüsusilə 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iki ölkənin ortaq tarixə, dilə və mədəniyyətə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirib. Həmçinin münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, tərəflər BMT, MDB, son dövrlər isə xüsusən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq edirlər.

Bu il oktyabrın 8-də Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev vurğulayıb ki, ortaq tarix, dil və milli-mənəvi dəyərlər ölkələri bir ailə kimi birləşdirir və təşkilat geosiyasi mərkəz kimi formalaşır. Bu kontekst, həmçinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin, o cümlədən aqrar sahədə əlaqələrin perspektivlərinə də birbaşa təsir göstərir, ortaq standartların, sertifikatlaşdırmanın, texnologiya transferinin və birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

Azərbaycan və Qazaxıstan arasında oktyabrın 21-də Astanada keçirilmiş son yüksəksəviyyəli görüş isə iki ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Belə ki, görüş zamanı dövlət başçıları ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı və nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsini xüsusi vurğuladılar. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Qazaxıstanın həyata keçirdiyi islahatları və sosial-iqtisadi inkişaf modelini yaxından izləyir və ölkənin modernləşmə kursunu tam dəstəkləyir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycanın regional sabitlik və iqtisadi inteqrasiya proseslərindəki mühüm rolunu qeyd edərək, iqtisadiyyatın bütün sahələrində yeni birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Ümumiyyətlə, müzakirə olunan məsələlərə nəzər saldıqda, bu görüşün iki ölkə arasında xüsusilə kənd təsərrüfatı və logistika sahələrində tərəfdaşlığın yeni mərhələyə keçməsinə mühüm töhfə verəcəyini söyləyə bilərik.

Aqrar ticarət əlaqələrinin hazırkı vəziyyəti

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-2024-cü illər ərzində Azərbaycan və Qazaxıstan arasında kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətdə müəyyən dalğalanmalar olub.

Bu illərdə Azərbaycanın Qazaxıstandan idxal etdiyi əsas məhsullar arasında buğda, düyü, iribuynuzlu heyvanlar, quş əti, süd məhsulları, bitki yağları və qənnadı məmulatları xüsusi yer tutur. Ümumi idxal dəyəri 2020-ci ildə 7.502,5 min ABŞ dolları səviyyəsində olub, 2022-ci ildə 109.622,5 min ABŞ dollarına qədər artıb, lakin sonrakı illərdə tədricən azalaraq 2024-cü ildə 42.370,8 min ABŞ dolları təşkil edib. Bu, ticarət əlaqələrinin sürətli artım mərhələsindən sonra normallaşma və bazar tarazlığının formalaşması ilə bağlıdır.

Azərbaycanın Qazaxıstana ixracı da 2020-2024-cü illər ərzində müəyyən dəyişikliklər göstərib. Ümumi ixrac dəyəri 2020-ci ildə 3001,8 min ABŞ dolları olub, 2022-ci ildə 19.823,6 min ABŞ dollarına yüksəlib. Lakin sonrakı dövrdə, xüsusilə 2024-cü ildə 6.100,2 min ABŞ dollarına qədər azalıb. Bu azalma həm bazar tələbatındakı dəyişikliklərlə, həm də istehsal və logistika amilləri ilə bağlıdır.

Beləliklə, ticarət həcmi ilk illərdə sürətli artım nümayiş etdirib, lakin sonrakı illərdə müəyyən azalma müşahidə olunub. Bu tendensiya ticarət əlaqələrinin stabilləşməsi və bazar dinamikasının tənzimlənməsi ilə izah edilə bilər. Eyni zamanda, bu göstəricilər sübut edir ki, Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələri həm həcmin, həm də məhsul çeşidlərinin artması baxımından diqqətəlayiqdir. Bu dinamika gələcəkdə birgə aqroparkların yaradılması, ixrac potensialının genişləndirilməsi və yeni logistika marşrutlarının inkişafı üçün əlverişli zəmin yaradır.

Qrafik. Azərbaycanın Qazaxıstanla kənd təsərrüfatı sahəsində ticarət

əlaqələri (2020-2024)

Mənbə: Dövlət Gömrük Komitəsi

Əməkdaşlığın prioritet istiqamətləri

Azərbaycan-Qazaxıstan əməkdaşlığı strateji və çoxşaxəlidir. Bu əməkdaşlığın prioritet sahələri aşağıdakılardır:

Taxıl və bitki məhsulları. Buğda və düyü idxalı Azərbaycan üçün ərzaq təhlükəsizliyi baxımından çox önəmlidir. 2022-ci ildə buğda idxalının dəyəri 96.150 min ABŞ dolları, 2023-cü ildə isə 51.077,9 min ABŞ dolları olub. Xüsusilə taxıl məhsullarına artan tələbat regionda istehsalın inkişafını stimullaşdırır.

Heyvandarlıq və süd məhsulları. İribuynuzlu heyvanlar, quş əti və süd məhsulları idxal-ixrac əməliyyatlarının əsas komponentləridir. 2024-cü ildə iribuynuzlu heyvan idxalının dəyəri 3.221,4 min, quş ətinin idxal dəyəri isə 178,7 min ABŞ dolları olub. Bu sahə yerli istehsalın inkişafına və əhalinin protein tələbatının ödənməsinə xidmət edir.

Meyvə və tərəvəz məhsulları: Təzə meyvə və tərəvəz, eləcə də meyvə-tərəvəz konservləri ixracın əsas hissəsini təşkil edir. 2023-cü ildə təzə meyvə ixracının dəyəri 5.763,6 min, konserv məhsullarının ixrac dəyəri isə 453,6 min ABŞ dolları təşkil edib. Bu əməkdaşlıq qida təhlükəsizliyi və davamlı aqrar istehsal üçün strateji əhəmiyyət daşıyır.

Aqrotexnologiyalar və innovativ kənd təsərrüfatı: Rəqəmsal kənd təsərrüfatı, toxumçuluq və aqrotexnologiyaların tətbiqi məhsuldarlığın artırılması və səmərəli istehsalın təşkili üçün mühüm rol oynayır.

Logistika və nəqliyyat: Bakı limanı və Aktau Logistika Mərkəzi vasitəsilə məhsulların çatdırılması əməkdaşlığı daha səmərəli edir, tranzit imkanlarını genişləndirir.

Regional strateji əhəmiyyət və TDT konteksti: Əsas ixrac bazarımız Rusiya olsa da, geopolitik vəziyyət ticarət əlaqələrinin etibarlılığını təhdid edir. Bu səbəbdən, Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Birgə ticarət tərəfdaşlığının möhkəmlənməsi, elmi tədqiqatların aparılması və yeni layihələrin işlənməsi iqtisadi və texnoloji potensialı artırır. TDT-nin 12-ci Zirvə Görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaradılmış yaşıl enerji dəhlizini Türk dünyasında uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Regional və beynəlxalq əməkdaşlıq

Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyədə qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq bütün sahələrdə əməkdaşlığın inkişafına stimul verir. Xüsusilə 2022-2025-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərə yeni dinamika gətirib. Bu görüşlər zamanı imzalanmış sənədlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinin yüksəldiyini təsdiqləyir.

Əməkdaşlıq yalnız siyasi sahələrlə məhdudlaşmır, iqtisadi, investisiya, enerji, tranzit-logistika və humanitar sahələrdə intensiv inkişaf müşahidə olunur. Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki ölkə arasında dostluq və qardaşlığın simvolu kimi çıxış edir.

1999-cu ildə yaradılmış Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticari-İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiya mühüm koordinasiya rolunu oynayır. Komissiyanın fəaliyyəti nəticəsində iki ölkə arasında ticarət və investisiya əlaqələri davamlı şəkildə genişlənib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ölkələr arasında 2023-cü ildə ticarət dövriyyəsi 314,1 milyon ABŞ dolları olub, 2024-cü ildə bu göstərici 50 faiz artaraq 470 milyon dollara yüksəlib. 2025-ci ilin birinci yarısında isə 501 milyon dollara çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

İki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında” Bəyannamə və 2022-2026-cı illər üçün “Əməkdaşlığın hərtərəfli inkişaf proqramı” bu münasibətlərin hüquqi əsasını təşkil edir. Proqram ticarət, investisiya, enerji, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və humanitar sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün bələdçi rolunu oynayır.

Hökumətlərarası Komissiyanın gündəliyinə enerji, nəqliyyat-logistika, sənaye, texnologiya parkları, bərpaolunan enerji, “Yaşıl enerji dəhlizi” və optik lifli rabitə sahələrində layihələrin həyata keçirilməsi daxildir. Qazaxıstanın innovativ iqtisadiyyat, elektron ticarət və startap ekosistemi sahəsində əldə etdiyi təcrübə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır.

Azərbaycan və Qazaxıstan prezidentlərinin oktyabrın 21-də Astanada keçirilən görüşü strateji tərəfdaşlığın yeni mərhələsini müəyyən edib. Görüşdə kənd təsərrüfatı, tranzit-logistika, enerji və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin “Orta Dəhliz” və “Yaşıl enerji dəhlizi” layihələrinin səmərəliliyinin artırılması istiqamətində konkret qərarlar qəbul olunub. Bu tədbirlər göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq təkcə iqtisadi deyil, həm də ekoloji və texnoloji inteqrasiyaya əsaslanan strateji əməkdaşlıq modelinə çevrilməkdədir.

Nəticə və perspektivlər

Azərbaycan-Qazaxıstan əməkdaşlığı siyasi, iqtisadi, aqrar və texnoloji istiqamətlərdə dinamik inkişaf mərhələsindədir. Bu tərəfdaşlıq regionda ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına və qarşılıqlı investisiya axınının artmasına mühüm töhfə verir.

Gələcək dövrdə əməkdaşlığın prioritetləri kimi ticarət dövriyyəsinin artırılması, birgə aqroparkların təşkili, innovativ aqrotexnologiyaların tətbiqi və multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi müəyyənləşdirilmişdir. Cənab İlham Əliyevin vurğuladığı kimi, Orta Dəhliz, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı limanları bu inteqrasiyanın infrastruktur dayaqlarını təşkil edir və qarşılıqlı ticarətin səmərəliliyini yüksəldir.

Azərbaycan-Qazaxıstan tərəfdaşlığı yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji, logistika və rəqəmsal iqtisadiyyat istiqamətlərində ortaq layihələr regionun iqtisadi birliyini möhkəmləndirir. Ortaq tarix, dil və mədəniyyət bu əməkdaşlığın sosial-siyasi dayanıqlığını təmin edir və Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə xidmət edir.

Son dövrlərdə keçirilən yüksəksəviyyəli görüşlər göstərdi ki, qarşıdakı illərdə Azərbaycan-Qazaxıstan əməkdaşlığı aqrar innovasiyalar, enerji keçidi və rəqəmsal logistika layihələri istiqamətində yeni mərhələyə daxil olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see194

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see159

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri