Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır ŞƏRH
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış etmişdir.
Çıxışının əvvəlində dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn dövlət başçılarına xoş gəlmisiniz deyərək dərin məmnunluq və razılıq hissini bildirmişdir.
Ölkə rəhbərinin çıxışında: “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb” bildirilmişdir.
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. Bu illər ərzində bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşdü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin çıxarılmasını tələb etsə də, onlar uzun illər icra edilmədi.
Lakin bu dövr ərzində nə Azərbaycan dövləti, nə də xalqı bu vəziyyətlə barışmamışdır. Diplomatik müstəvidə apardığı prinsipial siyasət, iqtisadi gücün artırılması və ordunun gücləndirilməsi Azərbaycanın işğalla heç vaxt barışmadığının göstəricisi idi. Ən əsası isə xalqın yaddaşında və ruhunda bu ədalətsizliyə qarşı dəyişməz bir mövqe – “Qarabağ Azərbaycandır!” şüarı daim yaşadı.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 22 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məşkunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana təhvil verilib. Şuşa şəhərinin Ermənistanın işğalçı qüvvələridən azad ediklməsi günü - hər il noyabrın 8-i Zəfər Günü kimi bayram edilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində müvəqqəti olaraq Qarabağ regionundakı Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan ərazləridə Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Beləliklə, Azərbaycan Respublikasının suverenliyi tam şəkildə Qarabağ bölgəsi üzərində bərpa edilmişdir. Yaranmış reallıq normallaşma prosesi üçün ən böyük əngəli ortadan qaldırmaqla, iki ölkə arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında münasibətlərin təsis edilməsi üçün tarixi imkan yaratmışdır.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir
Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m 2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 150 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanaraq ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur.
İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini


