Icma.az
close
up
RU
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? ARAŞDIRMA

Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? ARAŞDIRMA

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda elektrik avtomobillərinin sayının artması onların enerji ilə təmin olunması məsələsini də aktuallaşdırır. Son illərdə paytaxtda və regionlarda yeni elektrik doldurma məntəqələri quraşdırılsa da, infrastrukturun ölkə üzrə bərabər paylanması, sürətli şarj imkanları və magistral yollardakı təminat hələ də müzakirə mövzusudur.

Avtosfer.az-ın araşdırmasına görə, 2025-ci ilin mayında açıqlanan rəsmi məlumatla 2026-cı ilin noyabrında yenilənən açıq şarj xəritələrinin göstəriciləri arasında ciddi fərq var. Bu isə infrastrukturun genişləndiyini göstərməklə yanaşı, statistik uçotda fərqli hesablama metodlarının tətbiq olunduğunu da ortaya qoyur.

Onun sözlərinə görə, həmin vaxt ölkə üzrə 291 məntəqədə 608 elektrik doldurma cihazı quraşdırılıb. Bunlardan 426-sı Bakıda, 17-si Qarabağda, 161-i isə ölkənin digər ərazilərində yerləşib.

Məlumata əsasən, cihazların 130-u “Azərişıq” ASC-yə, 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsus olub.

2026-cı il noyabrın 2-də yenilənmiş açıq elektromobil şarj xəritəsində isə Azərbaycanda 514 ictimai şarj məntəqəsi qeydə alınıb. Onlardan 296-sı Bakı şəhərində yerləşir. Beləliklə, xəritədəki məlumatlara əsasən, ölkə üzrə ictimai şarj məntəqələrinin təxminən 58 faizi paytaxtın payına düşür.

Burada vacib məqam var: 2025-ci ilin rəsmi statistikasında 608 doldurma cihazı, 2026-cı ilin açıq xəritəsində isə 514 məntəqə göstərilir. Bunlar eyni ölçü vahidi deyil. Bir məntəqədə bir neçə şarj cihazı və ya bir neçə enerji doldurma çıxışı ola bilər. Buna görə rəqəmləri birbaşa müqayisə edərək artım və ya azalma nəticəsinə gəlmək düzgün olmaz.

Daxili İşlər nazirinin müavini Oqtay Kərimovun 2025-ci ilin mayında açıqladığı məlumatda isə ölkədə qeydiyyatda olan elektrik mühərrikli avtomobillərin sayı 6 974 göstərilib. Onlardan 5 812-si Bakı şəhərinin payına düşüb.

Bu rəqəmlər göstərir ki, elektrik avtomobilləri əsasən paytaxtda cəmləşib. Eyni zamanda, 2025-ci ilin mayındakı rəsmi göstəricilərə əsasən, hər 100 elektrik avtomobilinə təxminən 8,7 şarj cihazı düşür.

Lakin bu nisbət infrastrukturun yetərli olduğunu göstərmək üçün kifayət deyil. Çünki şarj cihazlarının gücü, eyni vaxtda neçə avtomobilə xidmət göstərməsi, texniki vəziyyəti və sürücülər üçün əlçatanlığı da nəzərə alınmalıdır.

Gəncə – 18 məntəqə; Qusar – 14 məntəqə; Qəbələ – 13 məntəqə; Şamaxı – 9 məntəqə; Xaçmaz – 9 məntəqə; İsmayıllı – 8 məntəqə.

Bu göstəricilər infrastrukturun regionlara da yayıldığını göstərir. Bununla belə, məntəqələrin sayının çoxluğu onların magistral yollar boyunca bərabər məsafələrlə yerləşdirilməsi demək deyil.

2025-ci ilin fevralında “Azərişıq” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə də bu istiqamətdə görülən işlərdən danışıb. Onun sözlərinə görə, 2024-cü ildə ölkə üzrə 44 elektrik avtomobili şarj stansiyası quraşdırılıb. Bunlardan 22-si Bakı və ətraf ərazilərdə, 7-si işğaldan azad edilmiş ərazilərdə, 15-i isə digər regionlarda yerləşib.

Məsələn, Bakıdan Quba istiqamətində hərəkət edən sürücülər üçün Xaçmaz və Quba ərazilərində, İsmayıllı istiqamətində səfər edənlər üçün isə həmin bölgədə şarj imkanları mövcuddur.

Bununla belə, ayrı-ayrı məntəqələrin mövcudluğu bütün magistral yolların fasiləsiz şarj infrastrukturu ilə təmin edildiyini göstərmir. Sürücülər səfərdən əvvəl stansiyanın yerini, avtomobillərinin qoşulma standartına uyğunluğunu və işlək vəziyyətdə olub-olmadığını yoxlamalıdırlar.

Digər mühüm məsələ məntəqələrin texniki əlçatanlığıdır. Azərbaycanın elektromobil şarj xəritələrindən birində bəzi stansiyaların aktiv, bəzilərinin isə oflayn olduğu göstərilir. Bu da ümumi məntəqə sayının real vaxtda istifadə edilə bilən stansiyaların sayı ilə eyni olmadığını göstərir.

Elektrik avtomobilləri üçün şarj cihazlarının gücü xüsusi əhəmiyyət daşıyır. Çünki aşağı güclü AC şarj cihazları ilə avtomobilin enerji ilə təmin olunması daha uzun vaxt tələb edir. DC sürətli şarj cihazları isə bu prosesi əhəmiyyətli dərəcədə qısaldır.

2026-cı ilin oktyabrında yenilənmiş Bakı şarj xəritəsində 296 məntəqədən 198-nin DC tipli sürətli şarj məntəqəsi olduğu göstərilir. Bu, Bakı üzrə xəritəyə daxil edilmiş məntəqələrin təxminən 66,9 faizidir.

Məntəqələr arasında 300-320 kVt gücündə şarj cihazları da mövcuddur. Lakin bu göstəriciləri bütün ölkə üzrə sürətli şarj infrastrukturunun vəziyyəti kimi qiymətləndirmək olmaz. Regionlar üzrə sürətli və standart şarj cihazlarının ümumi sayı barədə vahid, aktual rəsmi statistika əldə etmək mümkün olmayıb.

Azərbaycanda elektrik avtomobillərinin sayı sürətlə artsa da, şarj infrastrukturunun böyük hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Mövcud infrastruktur elektrik avtomobillərinin artan sayına və regionlararası səfərlərə nə dərəcədə cavab verir? Bu sahədə əsas çatışmazlıqlar hansılardır və problemin həlli üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov Avtosfer.az-a açıqlamasında bildirib ki, hər bir yeniliyin cəmiyyətdə yayılması və qəbul olunması müəyyən inkişaf mərhələlərindən keçir:

"Bu proses qrafik şəklində təsvir edilsə, artımın sıçrayışlı deyil, müəyyən mərhələlərlə və tədricən baş verdiyini görərik. 

Son dövrlərdə avtomobilləşmə səviyyəsi xeyli yüksəlib. Halbuki daxiliyanma mühərrikli avtomobillər ilk dəfə istehsal olunmağa başlayanda onların inkişafı da kifayət qədər zəif idi. Sonradan elə bir mərhələ gəldi ki, avtomobillər kütləvi şəkildə qəbul edildi, onlara uyğun təmir xidmətləri və infrastruktur formalaşdı, istehsalın artım tempinə uyğun olaraq bütün əlaqəli sahələr inkişaf etdi.

Elektromobillər də hazırda bu inkişaf mərhələsini yaşayır. Onların əsas funksiyası daxiliyanma mühərrikli avtomobillərlə eynidir. Lakin ekoloji baxımdan elektromobillər bir sıra üstünlüklərə malikdir. Daxiliyanma mühərrikli avtomobillər yanacağın yandırılması, eləcə də mühərriklərdə baş verən natamam yanma nəticəsində atmosferə zərərli qazlar buraxır. Buna görə də daha ekoloji təmiz və istifadəsi rahat nəqliyyat vasitələrinin istehsalına maraq artır. Bu tendensiya özünü xüsusilə elektromobillərin inkişafında göstərir. Belə avtomobillər istismar zamanı atmosferə birbaşa zərərli qazlar buraxmır.

Bununla belə, elektromobillərin də müəyyən mənfi tərəfləri var. Məsələn, onların yaratdığı elektromaqnit sahələrinin insan sağlamlığına mümkün təsirləri ilə bağlı hələ tam araşdırılmamış məsələlər mövcuddur. Bundan başqa, batareyaların utilizasiyası, texniki təhlükəsizlik və digər problemlər də nəzərə alınmalıdır. Bu məsələlərin bir çoxunun real təsirləri gələcək tədqiqatlar nəticəsində daha aydın olacaq".

Ekspert əlavə edib ki, elektromobillərin inkişafı üçün ilk növbədə istehlakçılar tərəfindən qəbul edilməsi vacibdir. İnsanlar bu avtomobillərin sürüş rahatlığına, təhlükəsizliyinə və iqtisadi baxımdan sərfəli olmasına əmin olduqca onlara tələbat da artacaq:

 "Tələbatın artması isə istehsalın genişlənməsinə və texnologiyanın daha da təkmilləşməsinə şərait yaradacaq. 

İkinci mühüm məsələ elektromobillərin geniş yayıldığı mühitə uyğun infrastrukturun yaradılmasıdır. Buraya enerji doldurma məntəqələri, elektrik enerjisi ilə təminat, texniki xidmət və təmir mərkəzləri daxildir. Bütün bunların qısa müddətdə formalaşması mümkün deyil.

Hazırda müəssisələrin əksəriyyəti bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Azərbaycan da bazar münasibətlərinə əsaslanan iqtisadi modelə malikdir. Buna görə də elektromobillər üçün zəruri infrastrukturun tamamilə mərkəzləşdirilmiş planlaşdırma yolu ilə qısa müddətdə yaradılması çətin məsələdir. Bu proses bazardakı tələbata, istehlakçıların ehtiyaclarına, seçimlərinə və həyat tərzinə uyğun şəkildə inkişaf etməlidir. Elektromobillərin sayı və onlara olan tələbat artdıqca müvafiq infrastruktur da tədricən genişlənəcək və təkmilləşəcək.

Ona görə də bu, müəyyən mənada təbii inkişaf prosesidir. Hazırkı mərhələdə bütün ərazilərdə elektromobillər üçün enerji doldurma məntəqələrinin yaradılmasını və bunun nəticəsində onların istifadəsinin dərhal kütləviləşməsini gözləmək real yanaşma deyil.

Tarixən avtomobil sənayesində müxtəlif mühərrik texnologiyaları arasında rəqabət mövcud olub. Dizel və karbürator mühərrikli avtomobillər də uzun müddət rəqabət şəraitində inkişaf ediblər. Bəzi istehsalçılar müəyyən dövrlərdə dizel mühərriklərinə keçidə tərəddüdlə yanaşıblar. Bu baxımdan elektromobillərlə müasir daxiliyanma mühərrikli avtomobillər arasında da rəqabətin yaranması təbii haldır.

Nəzərə almaq lazımdır ki, bu texnologiyaların istehsalı və inkişafı müxtəlif şirkətlərin və sahibkarlıq subyektlərinin maraqları ilə bağlıdır. Hansı texnologiyanın üstünlük qazanacağını isə zaman və bazar rəqabəti müəyyən edəcək. Əgər elektromobillər bu rəqabətdə üstünlük əldə edərsə, onların sayı və istifadə miqyası daha da artacaq. Lakin bu prosesə yalnız ekoloji amillər prizmasından yanaşmaq düzgün deyil. Burada hüquqi, texniki, təhlükəsizlik və iqtisadi məsələlər də mühüm rol oynayır.

Beləliklə, elektromobillər tədricən avtomobil bazarında öz mövqelərini möhkəmləndirəcəklər. Lakin bu dəyişikliklərin qısa müddətdə baş verməsini gözləmək doğru deyil. Elektromobillərin gələcək inkişaf tempini və avtomobil sənayesində hansı mövqeyə sahib olacağını zaman göstərəcək".

Türkan Ülvi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Noyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri