Azərbaycanda kitaba maraq artır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Müəllim Nəsibə Cəfərova: Hər kəsi kitab oxumağa və düşüncələrində müsbət dönüşlər etməyə çağırıram
Bakı, 19 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisinə 7 gün ərzində ümumilikdə 80 mindən çox ziyarətçi qatılıb. Həftənin istirahət günləri ilə yanaşı, iş günlərində də sərgiyə olan insan axını məhz kitab bayramına olan böyük oxucu marağının göstəricisidir.
Bu barədə Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın XI Bakı Beynəlxalq Kitab Sərgisinin nəticələri ilə bağlı sorğusuna verilən cavabda bildirilib.
Həmçinin qeyd olunub ki, Bakı Expo Mərkəzində oktyabrın 1-dən 7-dək “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” devizi ilə keçirilən kitab sərgisində 18 ölkədən 41 beynəlxalq təşkilat, o cümlədən kitab nəşri ilə bağlı 100-dən çox yerli nəşriyyat-poliqrafiya şirkəti və qurumu iştirak edib. Həmin müddət ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir keçirilib.

Kitab olan yerdə mədəniyyət, inkişaf olur
XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmiş yazarlar və ziyarətçilər, həmçinin ekspertlər bu tədbirin nəticələrini yüksək qiymətləndiriblər.
Hər il kitab sərgisində iştirak edən yazıçı Cəmilə Məmmədli ölkəmizdə kitaba marağın getdikcə artdığını deyib. Onun sözlərinə görə, ilk illərdə sərgidə daha çox yerli yazarlar və platformalar yer alırdısa, indi artıq beynəlxalq yazarlar da burada iştirak edirlər. “Əminəm ki, gələcəkdə Azərbaycanda keçiriləcək kitab sərgiləri nəinki özümüz üçün maraqlı olacaq, dünyanın qabaqcıl, hətta məsafəcə bizdən xeyli uzaqda yerləşən ölkələrin də diqqətini çəkəcək. Ümumiyyətlə, kitab olan yerdə mədəniyyət, inkişaf olur. Belə bir inkişaf özünə inklüzivliyi də daxil edir. Həssas qrupları da cəmiyyətin bir parçası kimi prosesə daxil edir və hər kəsə uyğun mühit yaratmağı tələb edir. Təbii ki, kitabların olduğu mühitdə inklüzivliyin təmin olunması da labüd idi. Biz sərgidə fərqli fərdlərlə vahid bir cəmiyyətin iştirakını gördük”.

Kitabların gənclər üçün böyük əhəmiyyəti var
Sərgiyə “Günəşə açılan doqquz pəncərə” əsəri ilə qatılmış Fərhad Mehdi ziyarətçilərin, xüsusilə məktəblilərin çoxluğunun təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sərgi ziyarətçiləri daha çox Azərbaycan dilində olan ədəbiyyata maraq göstəriblər. “Ziyarətçilərin Bakı Ekspo Mərkəzinə gəlişi üçün də əlverişli şərait yaradılmışdı. Bir yandan da kitabların qiymətlərinin endirimdə olması buraya gələnlərin sayının artmasında rol oynadı. Sərgilərin gənclər üçün böyük əhəmiyyəti var. Gənclər həm müəlliflərdən informasiya alır, həm bir-birilərinə oxuduqları kitabları tövsiyə edirlər. Onlar hansısa kitabın mövzusunu müzakirə edib, fikir mübadiləsi aparırlar. Bu da kitaboxuma vərdişinin artması deməkdir. Gənc ailələr isə öz övladları ilə gəliblər ki, bu da uşaqların kiçik yaşlardan artıq bu cür müsbət istiqamətlərə yönəlməsi deməkdir. Mən tarixçiyəm və “Günəşə açılan doqquz pəncərə” əsəri Bakının qədim tarixindən, yəni 6-cı əsrə aid dövründən bəhs edir. Burada Bakıya dair apardığım araşdırmalar yer alır. Əldə etdiyim bilikləri, həyat təcrübəmi kitaba köçürdüm. Kitabın arxasında QR kod vasitəsilə booktrailer də mövcuddur”, - deyə F. Mehdi vurğulayıb.

Hər kəs mütaliə etməlidir
İlk dəfə sərgidə orkestrlə çıxış etmiş Azərbaycan Milli Konservatoriyasının dissertantı və 24 nömrəli 11 illik musiqi məktəbinin müəllimi Nəsibə Cəfərova deyib: “24 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərindən ibarət xalq çalğı alətləri orkestri ilə sərgidə çıxış etmək bizim üçün çox sevindirici oldu. Həssas təbəqədən olan uşaqların bizə qoşulması isə fərqli təcrübə idi. Bu, həmin uşaqların da cəmiyyətin bir parçası olduğunu nümayiş etdirmək, onların inteqrasiyasına töhfə vermək üçün bir fürsət oldu. Mədəniyyət naziri Adil Kərimli də çıxışımızı izlədi və bəyəndi. Bu da bizim üçün ayrıca bir motivasiyadır. Burada həm şagirdlərimlə sərgi ziyarətçiləri üçün xoş əhval-ruhiyyə yaratdım, həm də bir müəllim kimi yetişən nəsilə kitabların əhəmiyyətindən bəhs etdim. Kitab sərgilərinin keçirilməsi ümumiyyətlə dünya təcrübəsində var. Hər bir ölkə, hər bir cəmiyyət gələcək inkişafını məhz sağlam mühitdə böyüyən uşaqlarda, gənclərdə görür. Kitabların olduğu mühit isə təhlükəsizdir və özünüdərkə sövq edir. Düşünürəm ki, uşaqlar kiçik yaşlarından uyğun kitablara alışdırılmalı, oxumağa meyillənməlidirlər. Çünki bu, beynin inkişafı üçün çox vacibdir. Mütaliə yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin əldə edə biləcəyi ən maraqlı fəaliyyətlərdən biridir. Kitab oxumaqla biz özümüzü, yazı, nitq bacarıqlarımızı inkişaf etdirir, söz ehtiyatımızı artırırıq. Hər kəsi kitab oxumağa və öz düşüncələrində müsbət dönüşlər etməyə çağırıram”.

Mütaliənin təbliği ilə bağlı layihələr davam edir
Gənc şair Fərid Hüseyn kitab oxumağın gənclərin düşüncələrinin inkişafı və sağlam həyat tərzinin formalaşması üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib. O, Səməd Vurğunun şeirlərinin birində belə deyildiyini xatırladıb:
Kitab müqəddəsdir, ölməz bahardır,
Kitab hər insanın dövləti-varı,
Kitab elə bir sehrkardır,
Olmuşa çevirir olmayanları.
Fərid Hüseynin fikrincə, kitab, həqiqətən də, insanın qəlbində, düşüncəsində möcüzə yaradır. “Kitabların həyatımızda müstəsna rolu var. Çalışmalıyıq ki, bu rolun daim həyatımızdakı əhəmiyyətini dərk edək və ona müvafiq addımlar ataq. Ölkəmizdə mütaliənin təbliği, kitab oxumağın faydaları ilə bağlı layihələr davam edir. Bu cür tədbirlərdə həm universitetlər, həm orta məktəblər əsas hədəf kütləsidir, çünki tələbələr və məktəblilər kitab oxuyan əsas qüvvələrdən biridir. Beynəlxalq kitab sərgiləri isə kitab oxumağa təşviq üçün əlverişli platformadır. Eyni zamanda, kitabsevərlərə dünyanın ayrı-ayrı ölkələrində çıxan nəşrlərlə, müəlliflərlə tanışlıq üçün imkan yaradır. Ona görə də kitab sərgilərinin keçirilməsi, xüsusilə Bakı Beynəlxalq Kitab Sərgisi bu baxımdan xüsusi əhəmiyyətə malikdir”.

Texnolgiyaları yaradanlar kitablardan bəhrələniblər
Azərbaycan Texniki Universitetinin tələbəsi, “EMEDIA GROUP” Media Təşkilatının gənclər sektorunun rəhbəri Rəşvin Şirəlizadə 11-ci dəfədir təşkil olunan kitab sərgisinin dövlətimizin gənclərə göstərdiyi qayğı və diqqətin, sağlam düşüncəli nəsil yetişdirilməsi istiqamətində atılan addımların bariz nümunələrindən biri olduğunu qeyd edib: “Kitab gəncliyin, insanlığın ayrılmaz bir parçasıdır və gənclər üçün böyük imkanlar yaradır. Kitab oxumaq bir gəncin dünyagörüşünü və natiqliq qabiliyyətini artırır, onun cəmiyyətə faydalı bir fərd kimi formalaşması üçün mühüm vasitədir, həm də onu inkişaf etdirir. Hazırda gündəlik həyatımızda sosial şəbəkələrdən aldığımız məlumatlardan, suni intellektin xidmətlərindən yararlansaq da, unutmamalıyıq ki, texnolgiyaları yaradan insanlar belə vaxtilə kitablardan bəhrələniblər. Biz də kitablar vasitəsilə keçmişimizdən məlumatlıyıq, bugünümüzü kitablara həkk edirik, gələcək nəsilləri kitablar vasitəsilə olanlarla tanış edəcəyik. Odur ki, hər kəsi kitab oxuyaraq həm asudə vaxtını səmərəli keçirməyə, həm də yeni biliklər öyrənməyə səsləyirəm”.

Vətənpərvərlik mövzusunda kitablara üstünlük verilməlidir
Sərgini ziyarət etmiş Biləsurvardan olan İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Firuzə Əlizadə daha çox vətənpərvərlik mövzusunda kitablara üstünlük verdiyini bildirib: “Əslən Cəbrayıl rayonundanam. Ailə üzvlərim dədə-baba yurdlarından didərgin düşdükləri üçün onların çəkdikləri əziyyətləri görmüşəm. Torpaqlarımız azad edildikdən sonra tez-tez öz rayonumuza baş çəkir, oraya dönəcəyimiz günü səbirsizliklə gözləyirəm. Çox sevinirəm ki, Ordumuzun qazandığı Qələbəyə şahid oldum. İndi isə Vətən müharibəsinə aid kitablar vasitəsilə Ordumuzun qəhrəmanlığı haqqında qürurla oxuyur, cəsur döyüşçülərimiz haqqında məlumat əldə edirəm. Düşünürəm ki, qəhrəmanlarımızın həyat və döyüş yolu barədə məlumatlı olmaq hər birimizin borcudur”.
Xatırladaq ki, AZƏRTAC Bakı Beynəlxalq Kitab Sərgisində ənənəvi olaraq da öz stendi ilə təmsil olunur.


