Azərbaycanda mövsümi qrip
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Payız-qış fəslinin gəlməsi ilə mövsümi qrip yenidən bütün dünyada yoluxucu xəstəliklərin əsas səbəblərindən birinə çevrilir. Qrip hələ də ciddi tibbi-sosial problem olaraq qalır. Bu virus hər il milyonlarla xəstələnmə halına, yüz minlərlə hospitalizasiyaya və xüsusilə risk qrupuna daxil olan şəxslər arasında əhəmiyyətli sayda ölüm hallarına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 1 milyarda qədər qripə yoluxma halları qeydə alınır, bunlardan 3–5 milyonu ağır formada keçir, 290–650 mini isə ölümlə nəticələnir. Bu göstəricilər qripin yalnız mövsümi infeksiya deyil, həm də ictimai səhiyyənin mühüm problemi olduğunu vurğulayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Azərbaycanda mövsümi qrip” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Mövsümi A qripinin müasir epidemiologiyası
2025–2026-cı illər mövsümündə ÜST Şimal yarımkürəsində qripin epidemik artımının erkən başladığını və virusların yüksək intensivliklə sirkulyasiya etdiyini qeydə alıb. Epidemik mövsümün erkən başlaması prinsipial əhəmiyyət kəsb edir, bu isə virusun fəal sirkulyasiya müddətini uzadır.
Aşkar edilmiş törədicilərin strukturunda A tipli qrip virusları, əsasən də A(H3N2) yarımtipi üstünlük təşkil edir, bu isə kəskin klinik yükü olan mövsümlər üçün xarakterikdir.
Avropanın bir sıra ölkələrində kəskin respirator virus infeksiyası (KRVİ) əlamətləri olan xəstələrin 50 faizindən çoxunda A qripi virusunun ştammı təsdiqlənib və bu, cari epidemioloji prosesdə həmin virusun aparıcı rolunu göstərir.
Azərbaycanda epidemioloji vəziyyət
Azərbaycan ÜST-nin Avropa regionuna daxildir və buna görə də qrip viruslarının sirkulyasiyasının eyni mövsümi qanunauyğunluqlarına məruz qalır. Payız-qış dövründə ölkədə ənənəvi olaraq kəskin respirator virus infeksiyaları ilə əlaqədar tibbi yardıma müraciətlərin artımı müşahidə olunur və xəstəliklər arasında əsas yeri qrip tutur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB əhalini mütəmadi olaraq mövsümi xəstələnmənin artması və profilaktik tədbirlər barədə məlumatlandırır. Xüsusilə vurğulanır ki, ağır gediş və fəsadların inkişafı üçün əsas risk amili məhz A tipli qripdir, bu isə xüsusilə yüksək risk qruplarına aid şəxslər üçün aktualdır.
Qrip virusu necə yayılır
Qrip virusu əsasən hava-damcı yolu ilə yayılır. Yoluxmuş şəxs öskürək, asqırma və ya hətta adi danışıq zamanı ətraf mühitə virus tərkibli çox kiçik damcılar ifraz edir və bunlar asanlıqla yayılır. Yoluxmada təmas da əlavə rol oynayır. Virus səthlər üzərində qalır və daha sonra əllərlə burun, ağız və ya gözlərə toxunduqda orqanizmə daxil olur.
Qripin inkubasiya dövrü adətən 1 gündən 4 günə qədər davam edir. İnsan artıq ilk simptomlar meydana çıxmazdan bir gün əvvəl yoluxucu olur, bu isə infeksiyanın yayılmasına əhəmiyyətli dərəcədə şərait yaradır. Orta hesabla yoluxuculuq dövrü 5–7 gün çəkir, lakin uşaqlarda və immun sistemi zəifləmiş şəxslərdə bu müddət daha uzun ola bilər.
Qrip özünü necə büruzə verir və ona niyə biganə yanaşmaq olmaz
Əksər kəskin respirator infeksiyalardan fərqli olaraq, qrip qəfil və kəskin şəkildə başlayır. Ən xarakterik simptom bədən hərarətinin çox vaxt 38–40 °C-yə qədər sürətlə yüksəlməsidir. Qızdırma güclü ümumi zəiflik, ciddi yorğunluq və halsızlıq hissi ilə müşayiət olunur. Məhz bu simptomlar xəstələr tərəfindən ən çox əzici və yorucu kimi təsvir edilir. Bununla yanaşı, bəzi xəstələrdə digər əlamətlər olsa da, hərarət yüksəlməyə bilər.
Qripin tipik təzahürlərinə əzələ və oynaq ağrıları daxildir. Ağrılar sadə hərəkətləri çətinləşdirəcək dərəcədə intensiv ola bilər. Qripdə başağrısı adətən kəskin olur, alın nahiyəsində və gözlərin arxasında lokalizasiya olunur və davamlı xarakter daşıyır.
Tənəffüs yolları tərəfindən boğazda quruluq və ağrı, quru yorucu öskürək, burun tutulması və ya burun axması müşahidə olunur. Tez-tez üşütmə, titrətmə və soyuqluq hissi qeyd edilir. Bəzi xəstələrdə, xüsusən uşaqlarda xəstəlik tənəffüs yolları ilə məhdudlaşmır, iştahanın azalması, ürəkbulanma, qusma, qarın ağrısı və ishal mümkündür. Bəzən gözlərin qızarması, sulanması, işıqdan qorxma, səsin batması (disfoniya), hətta tam səs itkisi (afoniya) müşahidə olunur.
Xəstəlik zamanı diqqətin azalması, yuxululuq, yaddaşın zəifləməsi və ümumi psixoemosional tükənmə qeyd olunur. Bu əlamətlər virusun və iltihab mediatorlarının orqanizmə sistem təsirini əks etdirir. Qripi digər respirator virus infeksiyalarından fərqləndirən əsas cəhət simptomların qəfil başlaması və daha ağır keçməsidir.
Qrip yalnız tənəffüs yollarının zədələnməsi deyil. Virus sinir, ürək-damar, əzələ və digər orqanları əhatə edən sistem iltihab reaksiyasıdır. Bu səbəbdən, hərarət düşdükdən sonra xəstələrin çoxunda uzun müddət gücsüzlük, diqqətin azalması və ümumi yorğunluq qalır.
Qripin ən böyük təhlükəsi onun fəsadlarıdır. Pnevmoniya, otit, laringit, faringit, traxeit, sinusit, xroniki xəstəliklərin kəskinləşməsi ən çox qrip fonunda inkişaf edir, xüsusən də risk qrupuna daxil olan şəxslərdə.
Kimlər qripə daha tez-tez yoluxur və daha ağır keçirir?
Qrip yaş məhdudiyyəti olmayan bir infeksiyadır, hər yaş qrupuna aid olan insan yoluxa bilər. Lakin epidemioloji müşahidələr göstərir ki, yoluxma tezliyi və xəstəliyin ağırlığı yaş qrupları arasında əhəmiyyətli dərəcədə fərqlənir.
Ən yüksək xəstələnmə göstəriciləri ənənəvi olaraq uşaqlar arasında, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlarda qeydə alınır. Bu, kollektivlərdə olma, sıx təmas və gigiyenik vərdişlərin kifayət qədər formalaşmaması ilə bağlıdır. Uşaqlar virusun cəmiyyət daxilində yayılmasında əsas rol oynayır və infeksiyanın ötürülməsinin başlıca “rezervuarı” hesab olunurlar. Uşaqların qrip virusuna qarşı daha çox həssaslığının mühüm səbəbi immun sisteminin funksional yetkin olmamasıdır. Bu isə anadangəlmə və adaptiv antiviral immunitetin effektivliyinin azalması ilə müşayiət edilir və patogenetik olaraq daha yüksək yoluxma tezliyi ilə nəticələnir.
Yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı olanlar yoluxma tezliyinə görə deyil, xəstəliyin ağır keçməsi və ağır fəsadların inkişafı baxımından yüksək risk qrupundadırlar. İmmunitetin yaşla əlaqədar zəifləməsi və xroniki xəstəliklərin (ürək damar, bronx ağciyər sistemi xəstəlikləri, şəkərli diabet və s.) olması bu yaş qrupunda qripi xüsusilə təhlükəli edir.
Hamilə qadınlar da ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründə immun sistemində baş verən fizioloji dəyişikliklər virus infeksiyalarına, o cümlədən qripə yoluxma həssaslığını artırır və bu infeksiya həm ana, həm də döl üçün risk yaradır.
Məhz bu qruplarda hospitalizasiya və xəstəliyin ağır nəticələri daha çox qeydə alınır.
Mövsümi A qripinin müalicə və profilaktikası
Müasir təbabət qripin gedişini yüngülləşdirmək və fəsadların riskini azaltmaq üçün müvafiq vasitələrə malikdir. Lakin müalicənin vaxtında və əsaslandırılmış olması hələ də həlledici məqamdır. Virus infeksiyası zamanı terapiyanın əsasını simptomatik müalicə və göstəriş olduqda həkim tərəfindən təyin edilən antiviral preparatlar təşkil edir.
Ən geniş yayılmış səhvlərdən biri antibiotiklərin özbaşına qəbuludur. Antibiotiklər viruslara təsir etmir və qrip zamanı sağalmanı sürətləndirmir. Üstəlik, onların nəzarətsiz istifadəsi bakteriyaların dözümlülüyünün inkişafına şərait yaradır, mikrobiotanı pozur, toksik və allergik reaksiyalara səbəb ola bilər. Uzunmüddətli perspektivdə bu, artıq nəinki bir xəstə üçün, bütövlükdə səhiyyə sistemi üçün problem yaradır.
Qripin profilaktikası artıq çoxdan fərdi özünəqulluq çərçivəsindən çıxıb. Bu, kollektiv təhlükəsizlik məsələsidir. Qripə qarşı illik vaksinasiya ÜST-nin və milli səhiyyə qurumlarının tövsiyələri ilə təsdiqlənmiş əsas və ən səmərəli profilaktika tədbiri olaraq qalır. Qrip əleyhinə müasir vaksinlər hər il dövr edən ştamlar nəzərə alınmaqla hazırlanır və xəstəliyin ağır gedişi, hospitalizasiya və ölüm riskini azaltmağa yönəlib.
Azərbaycanda qripə qarşı vaksinasiya kampaniyası mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Rəsmi məlumata əsasən, vaksinasiya 2025-ci il oktyabrın 8-dən başlayıb və TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz əsaslarla aparılır. Beynəlxalq keyfiyyət standartlarına cavab verən müasir və təhlükəsiz vaksinlərdən istifadə olunur.
Vaksinasiya hər zaman yoluxmanın qarşısını tam almır, lakin xəstəliyin ağır keçməsini, hospitalizasiyaların sayını, fəsadlar və ölüm ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Bu isə xüsusilə epidemiya zamanı stasionar yardıma daha çox ehtiyacı olan risk qrupları üçün vacibdir.
Qripin bakterial fəsadlarının profilaktikası da xüsusi əhəmiyyət kəsb edir. Virus infeksiyalarının yüksək yayıldığı şəraitdə, xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar və siqaret çəkənlər üçün pnevmokok infeksiyasına qarşı vaksinasiya tövsiyə olunur. Belə strategiya ağır pnevmoniyaların və əlverişsiz nəticələrin inkişaf riskini azaltmağa imkan verir.
Vaksinasiyanı əl gigiyenasına riayət etmək, xəstəlik simptomları olduqda maskadan istifadə, özünü pis hiss etdikdə ictimai yerlərə getməmək və otaqların havasını dəyişmək kimi sadə, lakin təsirli tədbirlər tamamlayır.
Profilaktika ictimai sağlamlıq strategiyası kimi
Müasir qrip fərdi qərarların cəmiyyətin sağlamlığı ilə nə dərəcədə sıx bağlı olduğunun göstəricisidir. Özünümüalicədən imtina, vaxtında həkimə müraciət, vaksinasiya və profilaktik tövsiyələrə riayət nəinki özünü qorumağa, həm də bütövlükdə infeksiyanın yayılmasını azaltmağa imkan verir.
Dəyişən virus mənzərəsi və zəifləmiş kollektiv immunitet şəraitində qrip “adi mövsümi xəstəlik” olmaqdan çıxır. O, yenidən həm tibb işçiləri, həm də hər bir insan tərəfindən diqqət, məsuliyyət və şüurlu yanaşma tələb edən bir infeksiyaya çevrilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















