Azərbaycanda vahid güzəşt kartı verilə bilər: KİMLƏRƏ?
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İnsanların gündəlik xərclərinin azaldılması və müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə yararlanması üçün xarici ölkələrdə bir sıra güzəşt mexanizmləri tətbiq olunur.
Bu çərçivədə müxtəlif peşə sahiblərinə xüsusi kartlar təqdim edilir. Həmin kartlar vasitəsilə ictimai nəqliyyatda, muzeylərdə, kinoteatrlarda, restoranlarda və digər xidmət sahələrində endirimlər, eləcə də kommunal ödənişlər üzrə güzəştlər əldə etmək mümkün olur.
Azərbaycanda isə peşə sahibləri üçün bu cür güzəşt imkanları məhdud çərçivədədir. Bu çərçivənin genişləndirilməsi müxtəlif peşə sahiblərinin gündəlik xərclərini azaltmağa və onların bir sıra xidmətlərdən daha sərfəli qiymətlərlə yararlanmasına kömək edə bilər.
Bəs Azərbaycanda daha çox peşə qrupunu əhatə edən vahid güzəşt kartı sisteminin yaradılması mümkündürmü?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda peşə sahibləri üçün vahid güzəşt kartı sisteminin yaradılması mümkündür:

“Bunun üçün dövlətin sosial siyasətində, vergi mexanizmlərində və özəl sektorla əməkdaşlıq modelində müəyyən dəyişikliklərə ehtiyac var.
Əsas məsələ belə bir sistemin maliyyə yükünü dövlət büdcəsinin üzərinə tam qoymadan, həm işçilərin gündəlik xərclərini azaltmaq, həm də sahibkarların bu prosesdə iştirakını stimullaşdırmaqdır. Azərbaycanda bu mexanizm mərhələli şəkildə tətbiq oluna bilər.
İlk növbədə müəllimlər, həkimlər, tibb işçiləri, mədəniyyət və sosial xidmət sahəsində çalışanlar kimi peşə qrupları üçün güzəştlər nəzərdə tutula bilər. Sonrakı mərhələdə sistem digər əmək sahələrini də əhatə edə bilər”.
Onun sözlərinə görə, iqtisadi baxımdan ilk növbədə vergi güzəştləri mexanizminin hazırlanması vacibdir:
“Məsələn, güzəşt kartı ilə xidmət göstərən restoranlara, mağazalara, nəqliyyat şirkətlərinə və digər sahibkarlıq subyektlərinə müəyyən vergi stimulları verilə bilər. Bu halda sahibkarlar endirim təqdim etməkdə maraqlı olar, dövlət isə birbaşa büdcə xərclərini artırmadan sosial dəstək imkanlarını genişləndirə bilər.
İkinci mühüm məsələ dövlət-özəl sektor tərəfdaşlığının qurulmasıdır. Dövlət müəssisələri və özəl şirkətlər vahid platformada birləşdirilərək kart sahiblərinə ictimai nəqliyyatda, mədəniyyət müəssisələrində, idman mərkəzlərində, apteklərdə və digər xidmətlərdə endirimlər təqdim edə bilərlər.
Bunun üçün bütün güzəştləri dövlətin maliyyələşdirməsi vacib deyil. Özəl müəssisələr müştəri bazasını genişləndirmək və satışlarını artırmaq məqsədilə könüllü endirimlər təklif edə bilərlər. Üçüncü istiqamət sosial və iqtisadi imkanların düzgün müəyyənləşdirilməsidir. Bütün peşə qruplarına eyni güzəştlərin verilməsi əvəzinə, əməkhaqqı səviyyəsi, iş şəraiti, peşənin sosial əhəmiyyəti və büdcə imkanları nəzərə alınmaqla fərqli modellər tətbiq edilə bilər. Bununla belə, sistemin həddindən artıq mürəkkəbləşdirilməsi və ayrı-ayrı peşələr arasında əsassız fərqlərin yaradılması yolverilməzdir”.
Ekspert qeyd edib ki, kommunal xidmətlər üzrə güzəştlər məsələsində isə daha ehtiyatlı yanaşma lazımdır:
“Elektrik enerjisi, qaz və su təchizatı üzrə endirimlər tətbiq edilərsə, onların maliyyə mənbəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda, bu güzəştlər xidmət göstərən müəssisələrin gəlirlərinə və dövlət büdcəsinə əlavə yük yarada bilər. Buna görə kommunal güzəştlərin ilk mərhələdə bütün peşə sahiblərinə deyil, sosial ehtiyacı daha yüksək olan kateqoriyalara yönəldilməsi iqtisadi baxımdan nəzərdən keçirilə bilər. Digər vacib şərt rəqəmsal infrastrukturun yaradılmasıdır.
Mövcud elektron hökumət imkanlarından istifadə etməklə hər bir vətəndaşın peşə statusunu təsdiqləyən, güzəştlərdən yararlanmasını təmin edən vahid elektron kart və ya mobil tətbiq hazırlamaq mümkündür. Bu, inzibati xərcləri azalda, güzəştlərin şəffaflığını artıra və sui-istifadə hallarının qarşısını ala bilər. Azərbaycanda peşə sahibləri üçün vahid güzəşt kartının tətbiqi təkcə sosial dəstək tədbiri deyil, həm də daxili istehlakın stimullaşdırılması və xidmət sektorunda iqtisadi fəallığın artırılması vasitəsi ola bilər.
Lakin sistemin davamlı olması üçün onun maliyyə mənbələri, sahibkarlar üçün stimullar və güzəşt hüququnun müəyyənləşdirilməsi əvvəlcədən dəqiq hesablanmalıdır.Ən məqsədəuyğun yanaşma pilot layihə ilə başlamaq, nəticələri qiymətləndirmək və bundan sonra əhatə dairəsini genişləndirməkdir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: güzəşt kartı Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















