Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi qətidir:Türkiyənin qərarı nə olacaq?

Azərbaycanın mövqeyi qətidir:Türkiyənin qərarı nə olacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qazaxıstan, Özbəkistan və Türkmənistan bir-birinin ardınca Kipr Respublikası ilə diplomatik əlaqələr qurması Türk Dövlətləri Təşkilatının (TDT) perspektivi ilə bağlı suallar doğurub. 

2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib. 2025-ci il fevralın 24-də Qazaxıstan səfiri Nikolay Jumakanov, aprelin 2-də isə Türkmənistan səfiri Toylı Komekov etimadnamələrini Prezident Nikos Xristodulidisə təqdim ediblər. Qazaxıstan, Özbəkistan və Türkmənistanın bu addımı Türk Dövlətləri Təşkilatı daxilində fikir ayrılığına yol açıb. Rəsmi Ankara bununla bağlı hələlik öz mövqeyini bəyan etməsə də, Nikosiyanın yunan hissəsində səfirliklərin açılması Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması və TDT-a üzvlük kimi məsələlərin gündəmdən çıxması deməkdir. 

Bu isə Türkiyə ilə münasibətlərə mənfi təsir göstərə bilər. Hətta səfir Jumakanovun Kipr Prezidenti ilə görüşündə “Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” deməsi Astananın adadakı münaqişənin həllində yunana tərəfinin mövqeyini dəstəkləməsi kimi başa düşülə bilər. Ona görə də Türkiyənin Mərkəzi Asiya ölkələrinin Kipr siyasətinə səsssiz qalmayacağı güman edilir. 

Qazaxıstan, Özbəkistan və Türkmənistandan fərqli olaraq, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinə münasibətdə Türkiyənin maraqlarına uyğun mövqe nümayiş etdirir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın ŞKTC-nin yanında olacağını bildirib:

“Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”. 

Göründüyü kimi, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında Kipr məsələsinə münasibətdə fikir müxtəlifliyi yaranıb. Bu isə son illərə sürətlə inteqrasiya edən Türk Dövlətləri Birliyinin gələcək fəaliyyətində problem yarada bilər. Qeyd edək ki, TDT dövlət başçılarının 2024-cü il iyulun 6-da Şuşa şəhərində keçirilən zirvə toplantısında ŞKTC-nin Prezidenti Ərsin Tatar da iştirak etmişdi. Həmin sammitdə ŞKTC-nin müstəqilliyinin tanınacağı barədə məlumatlar təsdiqini tapmasa da, Kipr adasının türk hissəsi TDT-da müşahidəçi statusu almışdı. 

Siyasi ekspertlərin fikrincə, yunan Kipri ilə diplomatik əlaqələrin yaranması Avropa İttifaqının Mərkəzi Asiyada geosiyasi təsirinin artması ilə bağlıdır. Yəni Rusiya və Çinin geosiyasi rəqabət zonasında yerləşən Mərkəzi Asiya dövlətləri Qərblə yaxınlaşmaq üçün real politikaya üstünlük verməyi qərara alıb. Xüsusilə də bu, aprelin 3-4-də Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin Səmərqənddə keçirilən birgə sammiti fonunda daha aydın görünür. 

Ukraynada qarşısı alına bilməyən müharibə Avropa İttifaqının alternativ enerji mənbələrinə və nəqliyyat tranzit yollarına tələbatını artırıb. Bu baxımdan, Mərkəzi Asiya Avropa İttifaqı üçün cəlbedici regiona çevrilib. Brüssel Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında “Transxəzər” nəqliyyat-ticarət dəhlizini ən əlverişli marşrut hesab edir. Avropa İttifaqının Mərkəzi Asiyanın beş ölkəsinə ümumilikdə 12 milyard avro investisiya yatırmaq qərarı həmin ölkələrin üzünü Qərbə çevirməsində mühüm rol oynayan amillərdən biri hesab edilir. 

Avropa bazarlarına çıxış imkanlarının artması və siyasi münasibətlərdə yaxınlaşma Mərkəzi Asiya ölkələrini Kipr məsələsində güzəştə vadar edib. Aİ Qazaxıstanın aparıcı ticarət tərəfdaşlarından biri sayılır. Tərəflər arasında, həmçinin Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur. Qazaxıstana ən çox birbaşa xarici investisiya Aİ-dən gəlir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Mərkəzi Asiya ölkələri ilə razılaşmaları “yeni tarixi dövrün başlanğıcı” adlandırıb. 

Təbii ki, Cənubi Kiprə səfirlərin təyin olunması Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Türkiyəyə qarşı olması anlamına gəlmir. Lakin Türkiyə də Kipr məsələsi kimi həssas mövzuda Türk Dövlətləri Təşkilatından gözlədiyi cavabı yetərincə ala bilməyib. Bu addımı atarkən Türkiyənin baş verənlərdən narahat olacağı şübhəsiz nəzərə alınıb. Eyni zamanda, belə bir qərarın qəbulu sözügedən dövlətlərin Türkiyəni itirmək riskinə girdiklərini deyil, öz milli maraqlarından çıxış etdiklərini göstərir. 

Mərkəzi Asiya Respublikalarının Cənubi Kiprə səfir təyin etməsi Türkiyə üçün gözlənilməz və vaxtsız sürpriz hesab edilir. Türkiyənin Türk Dövlətləri Təşkilatında gücü və nüfuzunun artmağa başladığı bir vaxtda bu addım gözlənilməz olub. Türkiyə Prezidenti Ərdoğanın son olaraq Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Azərbaycanda rəsmi bayram sayılan 21 Mart Novruz bayramının Türk Dünyasının Birgə Anma və Qeyd Etmə Günü kimi qeyd olunması təklifini səsləndirdiyi bir vaxtda bu hadisənin baş verməsi təbii ki, Ankaranı qane edə bilməz. 

Hələlik Türkiyədən bu məsələ ilə bağlı  açıqlama verilməyib. Türk Dövlətləri Təşkilatının məşvərətçi orqanı olan Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım susur. Türkiyə yəqin ki, bu məsələ ilə bağlı narahatlığını ən yüksək səslə dilə gətirəcək. Türkiyə təcili gündəmlə Türk Dövlətləri Təşkilatını toplayaraq bu mövzuda narahatlığını və atılan addımların Türkiyə ilə türk dünyası münasibətlərinə xələl gətirəcəyini bəyan edə bilər. 

Üstəlik, bu addımlar həm Kiprdə, həm də Şərqi Aralıq dənizində Türkiyənin suveren hüquqları ilə bağlı mühüm əhəmiyyət kəsb etdiyi üçün Ankaranın bu prosesdən narahatlığını açıq mətnlə bəyan etməsi mümkündür. Sözügedən hadisə türk dünyasında Türkiyə və Avropa İttifaqı arasında geosiyasi və geoiqtisadi rəqabətin artmasından xəbər verir. Ona görə də Türkiyə Mərkəzi Asiyada öz təsirini artırmaq üçün yeni addımlar ata bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycanın mövqeyi Türk Dövlətləri Təşkilatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri