“Azərbaycanın qaz ixracında İtaliya əsas tərəfdaşdır” Xəyal Bəşirov
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Azərbaycan 12 dövlətə qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv ölkələrdir. Avropaya ixrac olunan qazın böyük bir hissəsi İtaliyaya çatır. Cənub Qaz Dəhlizi əvvəlcə skeptik yanaşmalarla qarşılaşsa da, Azərbaycan öz resurslarını və səylərini səfərbər edərək bu layihədə İtaliyanı əsas tərəfdaş kimi iştirak etdirmişdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:
“İtaliyanın Azərbaycana münasibətinin önəmi, ölkənin əvvəlcədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi və bunu açıq şəkildə nümayiş etdirməsindədir. Bu baxımdan, İtaliya Avropa İttifaqında üçüncü ən böyük iqtisadiyyat kimi strateji tərəfdaş rolunu oynayır.
Azərbaycan tranzit ölkə olaraq Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu xüsusiyyət İtaliya tərəfindən düzgün qiymətləndirilir və Azərbaycanla ticarət dövriyyəsi günü-gündən artır. Ötən ilin göstəriciləri göstərir ki, ticarət dövriyyəsi 1 milyard dollardan artıq artmışdır”.
Politoloq qeyd edib ki, Azərbaycan bütün dövlətlərlə, xüsusilə Avropa və qonşu regionlarla münasibətlərində bərabərhüquqlu əməkdaşlıq prinsipini əsas götürür.
“Bu prinsip həm iqtisadi, həm siyasi, həm də müxtəlif sahələrdə qurulan münasibətlərin hər iki tərəfin bərabər maraqlarına xidmət etməsini təmin edir və əməkdaşlıq davamlı olaraq inkişaf edir”-deyə X.Bəşirov əlavə edib.
Şəbnəm Rəhimova


