Icma.az
close
up
RU
Azərbaycanın qlobal enerji dialoqunda artan rolu

Azərbaycanın qlobal enerji dialoqunda artan rolu

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Dünya miqyasında tədbirə maraq ildən-ilə artır. Artıq üç onillikdir ki, Bakı dünya enerji gündəliyinin geniş şəkildə müzakirə olunduğu və bu sahədə perspektivlərin müəyyənləşdirildiyi bir məkana çevrilib. “Bakı Enerji Həftəsi”nə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan məktub ünvanlayaraq ölkəmizlə enerji əməkdaşlığının önəminə diqqət çəkiblər.

“Əsrin müqaviləsi” ilə başlayan səmərəli enerji əməkdaşlığı

Hazırda dünya miqyasında müşahidə edilən reallıqlar fonunda beynəlxalq enerji əməkdaşlığının önəmi heç vaxt olmadığı qədər artıb. Ayrı-ayrı regionlarda geosiyasi və geoiqtisadi gərginliklərin artması, Yaxın Şərqdə, Şərqi Avropada sonu görünməyən müharibələr qarşıya yeni çağırışlar çıxarıb. Ənənəvi təchizat mexanizmlərinin pozulması, nəql marşrutlarının təhlükəsizliyinin təmin edilməməsi, siyasi motivlər əsas tutulmaqla bir sıra iri istehsalçılara genişmiqyaslı sanksiyaların tətbiqi yeni, daha etibarlı təchizat mənbələrinə ehtiyacı artırıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakçıların səsləndirdikləri faktlar mənzərə barədə konkret təsəvvür yaradır.  Bildirildiyi kimi, bu gün Avropa İttifaqı (Aİ) özünün enerji sistemi tarixində şaxələndirmə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır. Bu reallıq fonunda Azərbaycan yeni mənbə kimi diqqət mərkəzinə gəlib. Qeyd edək ki, Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uzun tarixə malikdir. Əvvəllər bu sahədə əməkdaşlıq neft və neft məhsullarının təchizatını əhatə edirdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında 1994-cü il 20 sentyabr tarixində Azərbaycanla transmilli şirkətlər arasında imzalanan “Əsrin müqaviləsi”ni xatırladıb. Bəhs olunan saziş regionda bütün geosiyasi və geoiqtisadi vəziyyətin dəyişməsinə güclü şəkildə təsir göstərdi. “Əsrin müqaviləsi” respublikamızın inkişafının, müstəqilliyini möhkəmlətməsinin əsas təkanverici qüvvəsi oldu. Həmin dövrün mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı aydın olmayan təsəvvürlər yaranmışdı. Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. “Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Əsrin müqaviləsi” ilə yalnız milli inkişafın əsası qoyulmadı, eyni zamanda, mükəmməl beynəlxalq əməkdaşlıq formalaşdı. Burada Azərbaycanın enerji siyasətinin özəllikləri xüsusi rol oynayır. Dünyada enerji resurslarına malik olan ölkələrin sayı çoxdur. Ancaq onların bir çoxu Avropa ilə enerji dialoqu qurmaq istəsələr də, buna nail ola bilməyiblər. Açıq deyək ki, satış bazarlarına çıxmaq və burada özünü təsdiqləmək elə də asan məsələ deyil. Bəs Azərbaycanın üstünlüyü nədədir? Hansı amillərə görə respublikamız qısa müddətdə Aropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən, bütövlükdə “qoca qitə”nin enerji xəritəsini yeniləyən ölkəyə çevrilib? Bəli, respublikamızın mövqeyini gücləndirən bir sıra fundamental amillər var. Resursların zənginliyi cəlbedici faktor olsa da, respublikamıza üstünlüklər qazandıran yeganə amil deyil.  Sualın cavabı ilk növbədə respublikamızın özünü etibarlı tərəfdaş kimi təsdiqləməsindədir. İndiyədək keçilən yolda Azərbaycan təchizatçı ölkə olaraq bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Eyni zamanda, biz bilirik ki, bəzi təchizatçı ölkələr malik olduqları resurslardan istehlakçılara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Respublikamız isə belə yanaşmalardan uzaqdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti ədalət prinsipinə əsaslanır və bu da hazırkı və potensial pa?tnyorlarda ölkəmizə inamı atırır.

Azərbaycanın dəniz sahillərindən İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi

Müasir nəql marşrutuna malik olması beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Azərbaycan bir sıra təchizatçı ölkələrdən fərli olaraq şaxələndirlmiş nəql infrastrukturuna malikdir. Prezident İlham Əliyevin strateji baxışları bu məsələdə də, necə deyərlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Dövlətimizin başçısı bəhs olunan marşrutu belə səciyyələndirib: “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir”.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi 3 boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi kifayət qədər mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verilib. Hazırda respublikamız Avropadakı istehlakçılara qaz ixracını bu kəmər vasitəsilə həyata keçirir.

İxrac coğrafiyası genişlənir

Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Bu, o anlama gəlir ki, “qoca qitə”də ölkəmizin etibarlı tərəfdaş olduğuna böyük inam var. Xüsusilə də Balkan ölkələri Azərbaycanla enerji dialoqunu genişləndirməyə çalışırlar. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın o zaman 8 ölkəyə təbii qaz ixrac ediyi barədə məlumat vermişdi. Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil. Qeyd edək ki, respublikamızdan qaz tədarük edən ölkələrin 10-u Avropada yerləşir. Hazırda ixrac coğrafiyasının genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı ayrı-ayrı ölkələrlə danışıqlar aparılır. Bütün bunlar müsbət dinamikadır. “Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xatırladaq ki, ötən il respublikamız 25 milyard kubmetr həcmində qaz ixrac edib. Hazırda hasilatın artırılması Azərbaycanın gündəliyində duran vacib məsələlərdən biridir. Qarşıya qoyulan hədəf  2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artırmaqdır və bu, tam realdır.

ABŞ ölkəmizlə enerji əməkdaşlığını davam etdirmək niyyətindədir

Co Bayden dönəmində məhz qarşı tərəfin məsuliyyətsizliyi üzündən müəyyən qədər səngiyən Azərbaycan-ABŞ münasibətləri yeni seçilən Prezident Donald Trampın Ağ Evə gəlişindən sonra yenidən ənənəvi müsbət məcrasına qayıdıb. Donald Tramp “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubunda Azərbaycanın regional liderliyinə xüsusi vurğu edib. Məktubda oxuyuruq: “Əziz cənab Prezident. Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir”.

Xatırladaq ki, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq ənənələri formalaşıb. 2001-ci ildən ABŞ-ın başçılığı ilə NATO-nun Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın sülhməramlı qüvvələri fəal iştirak ediblər. Ölkəmizin Əfqanıstandakı sülhməramlıları NATO tərəfdaşları arasında bu ölkəni sonuncu tərk edənlər sırasında olublar. Onlar Kabil beynəlxalq hava limanında təxliyə işlərində əhəmiyyətli rol oynayıblar.

Təqdirəlayiq haldır ki, Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox). Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.

İqtisadi sahədə ölkələrimiz arasında bir sıra mühüm sənədlər imzalanıb. Hələ 1993-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş və Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında 1997-ci il müqaviləsi imzalanıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır.

Enerji dialoqu ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biridir.  1994-cü ildə Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam etdirilib. 14 sentyabr 2017-ci ildə Azəri - Çıraq - Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində ABŞ-ın “Şevron” və “Ekson” şirkətləri yer alıb.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini davamlı olaraq dəstəkləyib. Ağ Ev Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib. Ağ Evin yeni rəhbərliyi ölkəmizlə enerji dialoqunu bundan sonra da davam etdirmək niyyətindədir. “ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik”, - deyə Donald Tramp məktubunda vurğulayıb.

Azərbaycan ilə Türkiyənin birgə uğurları

Bu gün zirvədə olan Azərbaycan-Türkiyə əməkdaşlığının mühüm bir istiqamətini məhz səmərəli enerji dialoqu təşkil edir. Bu əməkdaşlığın önəmi hazırda dünyada yaşanan reallıqlar fonunda daha aydın dərk olunur. “Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü şəkildə və qətiyyətlə davam etdirilir”, - deyə Rəcəb Tayyib Ərdoğan məktubunda bildirib.

İndiyədək Azərbaycan  və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın əyani göstəricisidir.  Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Əlamətdar haldır ki, hazırda Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar.

2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP kimi önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürdülər və layihəni tamamlamaq mümkün oldu. “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız bu əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda, bölgənin və Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir”, - deyə qardaş ölkənin dövlət başçısı vurğulayıb.

İki qardaş ölkə arasında hazırda enerji dialoqunun yeni səhifəsi açılmaqdadır. Mart ayında açılışı edilən İğdır-Naxçıvan boru kəməri illərə və uğurlara əsaslanan enerji əməkdaşlığımızın ən yeni örnəyidir. Xəttin fəaliyyətə başlaması Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini gücləndirib. Enerji dialoqunun perspektivləri barədə fikirlərini bölüşən Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “İki ölkə arasında təbii qaz sahəsində yeni layihələr üçün hələ də böyük potensialın olduğunu görürük. Uzun illərdir həm Türkiyəyə, həm də Avropaya ciddi miqdarda qaz tədarük edən Azərbaycanın dünya enerji bazarında bu strateji rolunun, xüsusilə yerləşdiyimiz mövqedə əhəmiyyəti çox böyükdür. Qarşıdakı dövrdə türkmən qazının hər birimizə fayda verəcək şəkildə Azərbaycan və Türkiyə vasitəsilə ixracı məsələsində əməkdaşlığımızı genişləndirmək üçün mühüm fürsət vardır. Bu layihə həm tədarük yollarının şaxələndirilməsinə, həm də regional rifaha töhfə verəcəkdir”.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see448

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see224

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see116

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri