Icma.az
close
up
RU
Azərbaycanın siyasi partiyaları Trampın fəaliyyətini necə qiymətləndirir...

Azərbaycanın siyasi partiyaları Trampın fəaliyyətini necə qiymətləndirir...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin 47-ci prezidenti Donald Tramp seçkilərdən sonrakı addımları və açıqlamaları ilə dünya siyasətçilərini və siyasi ekspertləri təəccübləndirməyə davam edir. Tramp adminsitrasiyası Rusiya ilə dialoqa girir, Ukrayna prezidenti Zelenskini ittiham edir və Avropa İttifaqına ciddi mesajlar verir.
Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar Donald Trampın fəaliyyətini necə dəyərləndirirlər?
Modern.az siyasi partiyalar arasında sorğu keçirib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Tramp yeni dünya düzəninin yaradılmasında təzə bir xətt müəyyənləşdirib və ona doğru getməkdə israrlıdır:
“Donald Trampdan dünya təbii ki, yeniliklər gözləyirdi. Lakin bütün beynəlxalq münasibətlər sistemini bu dərəcədə sirkələyən və hər kəsi ciddi şəkildə təəccübləndirən addımlarını açığı, proqnozlaşdırmırdılar.  Bunu proqnozlaşdırmaq da çətindir. Görünən odur ki, Tramp yeni dünya düzəninin yaradılmasında təzə bir xətt müəyyənləşdirib və ona doğru getməkdə israrlıdır. Ümumiyyətlə, Trampın məqsədi ABŞ-nin dünya üzrə itirilən nüfuzunu geri qaytarmaq, ABŞ-ni daha da güclü etməkdir. Yeni administrasiya baxışlar sistemində liberalizmdən fərqli olaraq konservatizmlə özünü birmənalı şəkildə ifadə edir. Bu da əslində ABŞ-nin və onun vətəndaşlarının maraqlarına uyğundur. ABŞ cəmiyyəti kifayət qədər konservativdir”.
Partiya sədri qeyd edib ki, ABŞ prezidentinin fəaliyyətinə nəzər salarkən və onu qiymətləndirərkən, atdığı addımların dünya miqyasında doğuracağı nəticələri nəzərə almalıyıq:
“Lakin xüsusi olaraq, həyata keçirilən siyasətin ilk növbədə Azərbaycanın milli və dövlət maraqlarına nə qədər uyğun olub-olmadığı barədə düşünməliyik. Tramp, eləcə də onun komandası Cənubi Qafqazla bağlı düşüncələrini dilə gətirməyib. Ancaq biz ümidliyik ki, Bayden administrasiyasından fərqli olaraq Cənubi Qafqaza ayrı cür yanaşılacaq. Tramp Baydendən fərqli olaraq, ermənin diasporunun göstərişlərini, tapşırıqlarını  yaxına qoymur, nəzərə almır. Bu baxımdan biz Trampın fəaliyyətinə qiymət verməkdə tələsməməliyik. Ancaq onun atdığı addımlar dünya miqyasında yeni, fərqli münasibətlər sistemi formalaşdırmağa yönəlib.  Avropa İttifaqını tamamilə özündən asılı hala salır, Rusiyanı öz siyasəti ilə neytrallaşdırır - başqa yolla özünə tabe etdirir. Ukraynanı eyni şəkildə müharibədən çıxarıb daha böyük faciədən xilas edərək, iqtisadi və siyasi cəhətdən özündən asılı vəziyyətə salır. Çinlə də münasibətlərində hələlik gərgin ritorikadan istifadə etmir. Olduqca fərqli xətt həyata keçirməyə çalışır. Açıq deyim ki, Donald Trampın fəaliyyətinə hələlik birmənalı qiymət vermək olduqca çətindir. Onun fikirlərinin konkret nəticələrini gördükcə, tədricən müəyyən fikirlər söyləmək mümkündür.
Ümid edək ki, Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyası Azərbaycana qarşı ədalətli mövqe tutacaq. Beləliklə də Azərbaycanla ABŞ arasında əvvəlki illərdə mövcud olan normal əlaqələr bərpa ediləcək. Və iki ölkənin maraqlarına uyğun olaraq münasibətlərimiz yeni inkişaf mərhələsinə çıxacaq”.
 

Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Trampın fəaliyyətini qiymətləndirmək üçün onun hədəfinin nə olduğunu bilmək lazımdı:
“ABŞ vətəndaşı kimi onun fəaliyyəti dəyərləndirilsə, bu başqa şeydir. Başqa ölkənin vətəndaşı kimi məsələyə yanaşmaq isə tamam fərqlidir. İsrailli, fələstinli, avropalı üçün Trampın fəaliyyəti  tamam fərqlidir. Ona görə də sualı birmənalı cavablandırmaq mümkün deyil. Ümumən götürdükdə, Tramp öz xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutduğunu göstərir. Hətta ABŞ-nin bu günə qədər vuruşduğu beynəlmiləl dəyərlərdən belə öz vətəndaşlarının maraqlarını, gəlirlərini, yaşam tərzini daha üstün tutduğunu açıq şəkildə göstərir. Komandası da Trampdan heç də geri qalmır.  O baxımdan bu məsələyə subyektiv yanaşma mümkündür”. 
T. Abbaslı deyib ki, əsas məsələ Azərbaycana yanaşmadır:
“Biz daha çox Azərbaycan vətəndaşı və siyasətçisi kimi məsələyə baxa bilərik. Trampın addımları Azərbaycana, yaxud Zəngəzur dəhlizinin açılması məsələlərinə necə təsir edəcək, bunu qiymətləndirməliyik. Hələ tezdir. Dünyada populist kimi dəyərləndirilən fikirlər səsləndirir, addımlar atır. Amma hər halda bunun nəticələrini yaxın gələcəkdə görəcəyik. İndidən konkret nəsə demək mümkün deyil. Görünən odur ki, Tramp fərqli addımlar atır, əzbərləri pozur. Mümkündür ki, indi Tramp yeni düzənin qurulduğunu, yaxud da dünyanın hansı istiqamətə getdiyini bizlərdən yaxşı bildiyi üçün həmin məqamlara uyğun addımlar atır. Hər halda Trampın addımlarının dünyaya və ABŞ-yə nəyə başa gələcəyini anlamaq üçün zamana ehtiyac var”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa söyləyib ki, Trampın fəaliyyəti hələ ki təzadlı, ziqzaqlıdır:
“Məsələlərin pərdəarxasında nələrin yatdığını söyləmək elə də asan deyil. Ola bilsin ki, Tramp açıq Rusiya simpatiyası göstərir, Ukraynanı zərbə altında qoyur, yaxud Qəzza ilə bağlı İsrailin tezislərinə dəstək verir. Ziddiyyətli məsələlər ortaya çıxır. Amma bunlarla bağlı tələsmək lazım deyil. Bir müddət sonra daha dəqiq izahı ortaya çıxacaq”. 
Deputat ABŞ-nin oturuşmuş dəyərlərinin olduğunu və bunları pozmağın asan olmadığını deyib:
“Bu dəyərləri asanlıqla dağıtmaq mümkün deyil. Avropa ilə əlaqələr o səviyyədədir ki, bir-iki çıxış və tezislə müəyyən dərəcədə bunu çözmək mümkün deyil. Bu baxımdan bir qədər gedişatı gözləməliyik. Trampın əsl məqsədi daha sonra üzə çıxacaq. Hələ ki indi atılan addımlar, deyilən fikirlər qərar verməyə, nəticə çıxarmağa imkan vermir”.
 

AMİP sədri, deputat Arzuxan Əlizadə Trampın mesajlarında fərqli nüanslardan bəhs edib:
“Donald Trampın seçkilərdən əvvəl verdiyi bir sıra vədlər birmənalı qarşılanmışdısa, yanvarın 20-də keçirilən inauqurqsiya mərasimindən sonra imza atdığı qərarlar, sərəncamlar birmənalı qarşılanmayıb. Məsələn, USIAD-in və bir sıra digər təşkilatların maliyyələşdirlməsinin dayandırılması ilə bağlı qərar təqdir olunur. ABŞ iqtisadiyyatının gücləndirilməsi istiqamətində atılan addımlar kimi dəyərləndirilir. Ayrılan xərclərin aidiyyəti üzrə xərclənib-xərclənmədiyinin araşdırılması normal qəbul edilir, amma bununla yanaşı, Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, Zelenski ilə bağlı açıqlamaları birmənalı qarşılanmır, qarşılana da bilməz. Çünki heç bir halda Rusiyanın işğalçı mövqedə dayandığı cilalana bilməz. Ukrayna isə öz ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb. Ona verilən dəstək də normal qarşılanmalıdır. Amma Trampın açıqlamalarında başqa mesajlar da var. Onun mesajları Avropa dövlətlərinə yönəlib ki, Ukraynaya dəstək lazımi səviyyədə deyil, ən azından ABŞ ilə müqayisə edilməyəcək qədər azdır. Bu mövzuda Trampın mövqeyi əslində başadüşüləndir. Avropa  ölkələrini hərəkətə gətirmək məqsədi daşıyır deyə bilərik. İstənilən halda hadisələri qabaqlamayaq. Hadisələrin gedişindən daha aydın olacaq ki, hansı məqsədlər güdülür”. 

Deputat əlavə edib ki, istənilən halda Tramp siyasətçi kimi birinci hakimiyyəti dövründə qeyri-ordinar fikir və addımları ilə yadda qalıb:
“Məsələyə bir qədər də başqa kontekstdən yanaşmanın tərəfdarıyam. Birinci prezidentliyi dönəmində Azərbaycana yönəlik normal münasibətlərin şahidi olmuşuq. Demokratlar dönəmində həmişə Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənib, nəinki respublikaçılar dönəmində. Donald Trampın birinci prezidentliyi dövründə Qarabağ müharibəsi başladı. O vaxtkı administrasiya məsələyə seyirçi mövqedən yanaşdı. Ən azından müdaxilə etmədi. Beləliklə də biz öz gücümüzlə prosesləri idarə edib kənar müdaxilələri ələyərək, nəticə əldə edə bildik. Bu da bir həqiqətdir ki, Tramp administrasiyasında erməniəsilli siyasətçilər var. Amma əsas qərarı verən istənilən halda prezident olaraq Donald Tramp verir. Trampın yaxın çevrəsində  həm Azərbaycana dost siyasətçilər, həm də ictimai-siyasi xadimlər, biznes adamları var. Bütövlüklə Trampın Azərbaycana yönəlik siyasətinin, demokratlarla müqayisədə daha pozitiv olacağını düşünürəm. Buna ümidlərimiz var. Çünki Cənubi Qafqazda çox ciddi proseslər getməkdədir. Dünyanın qaynar nöqtələri var. Amma daha çox Cənubi Qafqaza nəzarət üzrə savaşda hansı addımlar atılacağı, mövqelər tutulacağı diqqət mərkəzindədir. Bu dəfə də Azərbaycanın ədalətli mövqeyinin dəstəkləyəcəyini düşünürəm. Təbii ki, bir müddət keçəndən sonra konkret nəsə demək mümkündür. Ən azı müəyyən zaman kəsiyinə ehtiyac var”.
 

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib ki, Trampın ölkə Konstitusiyasına zidd fərmanlarının qarşısı ABŞ məhkəmələri tərəfindən alına bilər:
“Donald Trampın ölkə Konstitusiyasına zidd fərmanları var ki, ABŞ məhkəmələri bu fərmanların işləməsinin qarşısını ala bilər. Miqrantların qovulması, dövlət strukturlarınında olan mübahisəli dəyişikliklər, ölkənin idarə olunmasında təsadüfi adamların iştirakı, demokratik ənənlərdən kənarlaşması probləmlər yaradır”.

G.Aslanlı hələ də ümidin var olduğunu deyib:
“Xarici siyasətində isə hələlik Putinlə eyni prinsiplərə xidmət edir. Rusiyanın Moldova, Gürcüstana təcavüzkar münasibəti və hazırda Ukrayna ilə apardığı işğalçı müharibəsi SSRİ- nin bərpası istəyindən xəbər verdiyi kimi, Trampın da Kanadanı, Qrenlandiyanı ABŞ-a birləşdirmək arzusu var. İnsaf xatirinə qeyd edim ki, bu birləşmələrin hərbi yolla həll edilməsi variantına hələ ki rast gəlinməyib. Tramp Putin və Kim Çen In-la dost olduğunu ifadə etməkdən çəkinmir.
Ukrayna- Rusiya nünaqişəsini 24 saata həll edəcəyəm deyən Trampın bu münaqişəni 3 aya həll edə biləcəyinə inam günü-gündən azalmaqdadır. Tramp proqnozlaşdırıla bilən siyasətçi deyil.
Onun səhər və axşam eyni mövzularda dediyi fikirlər arasında kəskin fərqlər olduğunu dünya görür.
Tramp Ukrayna-Rusiya münaqişəsinin həlli istiqamətində həlledici qərarı ilə sualllara cavab verə bilər. Ümüd hələ ölməyib”.
 

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə vurğulayıb ki, ABŞ-nin yeni prezidenti Tramp yavaşlamasa, daha çox özünə böyük problemlər yaradacaq:

“Qərbin tanınmış siyasi ekspertəri, jurnalistləri elə-belə demirlər ki, ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül, qorxuludur. ABŞ açıq formada deyir ki, hazırda bizi beynəlxalq hüquq normaları düşündürmür, biz mövcud reallıqdan çıxış edirik və bizi düşündürən xərclədiyimiz pullardı. Təmənnasız beynəlxalq təhlükəsizlik sistemini müdafiə etmək bizim öhdəliyimiz deyil. Mənə elə gəlir ki, Tramp Rusiyanın tam qalib gəlməsinin çətinliklərini anladığı üçün sülhə nail olmaq istəyir. Zelenski deyir və hamı onsuz da bilir ki, ABŞ kömək etməsə, Ukrayna tezliklə işğal olunacaq. Ona görə də bu məsələdə son söz sahibi ABŞ-dir. ABŞ Ukraynanı ciddi güzəştlərə, daha doğrusu kapitulyasiyaya məcbur edəcək. 
Tramp ilk gündən fəaliyyətində beynəlxalq hüququ və normaları deyil, maddiyatı və şəxsi mənfəəti öndə tutur. Çünki Tramp biznezmendir. Siyasətə də biznesden gəlib. Putinlə çox yaxın əlaqələri var. İndiki vəziyyətdə Putinin maraqlarından çıxış edir. Ola bilsin ki, elə Tramp böyük siyasətə Putinin xeyir-duası ilə gəlib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri