Bakı Ankara xəttində gərginlik: Böyük güclərin planı nədir?..
Icma.az bildirir, Moderator.az portalına istinadən.
“Azərbaycan-Türkiyə münasibətlərində soyuqluğun artması ABŞ-ın regiondakı maraqlarına xidmət edə bilər...”
“Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarından çıxış edərək xarici siyasətində balansı qorumalıdır. Türkiyə ilə münasibətlərin soyumasında isə təkcə ikitərəfli məsələləri deyil, regionda baş verən geo-siyasi prosesləri və böyük güclərin maraqlarını da nəzərə almaq lazımdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan soyuqluğun artmasında hansı güclərin və dövlətlərin maraqlı ola biləcəyi, onların bundan hansı siyasi və iqtisadi dividendlər əldə etməyi planlaşdırdıqları ilə bağlı sualımızı cavablandırarkən bildirib.
Analitik qeyd edib ki, məsələyə obyektiv qiymət vermək üçün ilk növbədə Yaxın Şərqdə baş verən hadisələri və mövcud geo-siyasi prosesləri nəzərə almaq, Azərbaycanın bu proseslərdə tutduğu mövqeyi düzgün dəyərləndirmək lazımdır.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Cənubi Qafqazın mürəkkəb geo-siyasi şəraitində balanslaşdırılmış siyasət yürütməyə çalışıb, ABŞ-Rusiya-İran, eləcə də Türkiyə-İsrail arasındakı qarşıdurmalarda tərəf tutmaqdan çəkinərək dövlət maraqlarını əsas götürüb.
T.Cəfərli vurğulayıb ki, Azərbaycanda Türkiyəyə münasibətdə qardaşlıq və etimad hissi son dərəcə güclüdür. Buna görə də Türkiyə mediasında Azərbaycan əleyhinə səsləndirilən ritorikanı qəbul etmək çətin olsa da, baş verənlərin arxasında dayanan bəzi məqamların da nəzərə alınması vacibdir.
O, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərini xatırladaraq, iki ölkə arasında siyasi yaxınlığın və Ərdoğan-İlham Əliyev dostluğunun da bu əməkdaşlıq fonunda daha da möhkəmləndiyini bildirib. Analitik bu dostluğun davam edəcəyinə inandığını qeyd edib.
Siyasi analitikin fikrincə, Azərbaycan-Türkiyə münasibətlərində yaranan soyuqluğun səbəblərindən biri Azərbaycanın İsraillə sıx əlaqələri və öz iqtisadi maraqlarından çıxış etməsidir.
O, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunan neftin tranzitindən Gürcüstan və Türkiyənin gəlir əldə etdiyini, İsrailin isə həmin kəmər vasitəsilə aldığı Azərbaycan neftinə görə ölkəmizə əhəmiyyətli vəsait ödədiyini nəzərə çatdırıb.
T.Cəfərli bildirib ki, Türkiyə mediasında Azərbaycanın İsraillə münasibətlərində mümkün ziddiyyətlər yaranacağı təqdirdə iqtisadi maraqlarından geri çəkilməli olduğu barədə fikirlər səsləndirilir. Lakin onun qənaətinə görə, Azərbaycan Prezidenti ölkənin iqtisadi və siyasi maraqlarını qoruyaraq iki ölkə arasında mövcud geosiyasi tarazlığı pozmamağa çalışır.
Analitik Azərbaycanın Türkiyəni qardaş, İsraili isə dost dövlət kimi qəbul etdiyini vurğulayaraq, müstəqil dövlətin öz xarici siyasət prioritetlərini müəyyənləşdirmək və milli maraqlarını qorumaq hüququna malik olduğunu qeyd edib.
“Azərbaycan-Türkiyə münasibətlərindəki soyuqluğu yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək düzgün olmaz. Bu prosesi ABŞ-ın regionda həyata keçirdiyi siyasət və Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmalar kontekstində də təhlil etmək lazımdır”, – deyə Tahir Cəfərli bildirib.
Onun iddiasına görə, ABŞ-ın Türkiyəyə və Azərbaycana qarşı müəyyən təzyiq mexanizmlərindən istifadə etməsi regiondakı münasibətlərə təsir göstərən amillərdəndir.
Siyasi analitik Donald Tramp administrasiyasının İranla müharibə kontekstində Türkiyənin də bu prosesə qoşulmasını, o cümlədən quru əməliyyatlarında iştirakını istədiyini iddia edib. Onun sözlərinə görə, NATO üzvlərinin əksəriyyətinin bu yanaşmanı dəstəkləməməsindən sonra Vaşinqton-Ankara münasibətlərində gərginlik artıb və ABŞ-ın Türkiyəyə qarşı təzyiq siyasəti güclənib.
T.Cəfərli hesab edir ki, Türkiyənin regionda ABŞ-dan nisbətən müstəqil hərbi-siyasi əməkdaşlıq platforması formalaşdırmaq cəhdləri də Vaşinqtonun narahatlığına səbəb ola bilər. O, İranın da bu təşəbbüsdə iştirak etməyə yönələn addımlarının Türkiyənin ABŞ-la münasibətlərinə təsir göstərə biləcəyini bildirib.
Analitikin fikrincə, belə bir şəraitdə ABŞ-ın Türkiyəyə yaxın olan dövlətləri Ankaradan uzaqlaşdırmağa çalışması ehtimalı da nəzərdən keçirilməlidir. O, Azərbaycan-Türkiyə münasibətlərinin zəifləməsinin də bu siyasətin mümkün nəticələrindən biri ola biləcəyini istisna etməyib.
Tahir Cəfərli, həmçinin Rusiyanın irəli sürdüyü Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivlərinə diqqət çəkib. O bildirib ki, Rusiya əsas tranzit marşrutlarının Azərbaycandan keçməsində maraqlıdır. Bu dəhlizin fəaliyyətə başlaması Rusiya və İranın iqtisadi və nəqliyyat imkanlarını genişləndirə, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yarada bilər.
Analitik hesab edir ki, ABŞ-ın bu layihəyə maneələr yaratmaq imkanları mövcuddur və belə bir vəziyyətdə Azərbaycanın bütün tərəflərlə münasibətlərdə tarazlığı qoruması xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan ABŞ-la münasibətlərini Türkiyə ilə münasibətlər səviyyəsində gərginləşdirməməli, eyni zamanda öz milli maraqlarından da geri çəkilməməlidir. Regionda yaranmış mürəkkəb vəziyyətdə balanslaşdırılmış siyasət yürütmək Azərbaycanın dövlət maraqlarına uyğundur. Hazırda ölkəmiz məhz belə bir siyasət həyata keçirir”, – deyə Tahir Cəfərli fikirlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 30 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















