Bakı konfransı dünyanı “mina savaşı”na çağırdı
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan mina məsələsində yeni beynəlxalq koordinasiya yaradır
Üç il əvvəlki konfransın gündəlikdəki əsas mövzunun mina probleminin humanitar fəlakət və beynəlxalq təhlükə kimi tanınmasına yönəldilirdisə, 2026-cı il reallıqları artıq minatəmizləməni şəhər bərpasına, Böyük Qayıdış konsepsiyasına və təhlükəsiz yaşayış məkanlarının yaradılması prosesinə tam inteqrasiya edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin ölkəmizdəki nümayəndəliyinin müştərək təşkilatçılığı əsasında keçirilən konfrans 60 ölkədən 400-dən artıq nümayəndəni ətrafında toplayıb. İştirakçılar sırasında müxtəlif dövlətlərin yüksək vəzifəli rəsmiləri, BMT agentliklərinin təmsilçiləri, xarici diplomatik korpus nümayəndələri və qlobal ekspertlər yer alır. Genişmiqyaslı tərkib mövcud problemin beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıdığını göstərir.
Konfrans çərçivəsində açıqlanan statistik məlumatların təhlili dövlətin icra etdiyi strategiyanın effektivliyini anlamağa imkan yaradır. Yalnız 2025-ci il ərzində ölkə ərazisində 69 min 206 hektar sahə mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Göstərilən nəticə indiyə qədər qeydə alınan ən yüksək illik göstərici sayılır. Ümumilikdə isə günümüzə qədər 298 min hektardan çox ərazi təhlükəli tullantılardan azad edilib, eyni zamanda 260 min 147 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı rəsmi müraciət prosesin konseptual əsaslarını formalaşdırır. Dövlət başçısının irəli sürdüyü tezislər problemin sadəcə texniki təmizləmə proseduru olmaqla məhdudlaşmadığını, əksinə, böyük fəlsəfi mahiyyət daşıdığını aydın göstərir. Müraciətdə vurğulanır ki, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının mütləq təməlidir. Münaqişədən sonrakı dövrdə şəhərlərin bərpası binaların, yolların və sosial infrastrukturun yenidən qurulması ilə yanaşı, cəmiyyətdə təhlükəsizlik inamının yenidən bərqərar olunmasını tələb edir.
Respublikamız məlum çağırışın ən ağır təzahürü ilə üzləşib. 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından bu günə qədər mülki şəxslər, hərbçilər, minaaxtaranlar, media nümayəndələri və bərpa işlərində çalışan mütəxəssislər daxil olmaqla 437 vətəndaş mina terrorunun qurbanına çevrilib, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır bədən xəsarətləri alıb. Ermənistanın kütləvi minalama siyasəti başlayandan etibarən zərər çəkən insanların ümumi sayı 3500 nəfərdən çoxdur. Həlak olanlar arasında qadınların və uşaqların olması problemin humanitar miqyasını daha da kəskinləşdirir. İşğal dövründə Ermənistanın həyata keçirdiyi terror taktikası xüsusi qəddarlıqla müşayiət olunub.
İlkin hesablamalar təsdiq edir ki, respublika ərazisinin 13 faizindən çox hissəsi minaların, eləcə də müharibənin digər partlayıcı qalıqlarının təsirinə məruz qalıb. Ermənistanın təqdim etdiyi xəritələrin qeyri-dəqiq və natamam olması bərpa və xilasetmə missiyasının icrasını daha da çətinləşdirir. Aşkarlanan minalar yalnız keçmiş hərbi mövqelərlə məhdudlaşmır, həm də yolların kənarında, yaşayış massivlərinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı sahələrində, meşə zolaqlarında və çay sahillərində quraşdırılıb.
* * *
Minatəmizləmə əməliyyatları milli inkişaf prioritetləri ilə sinxronlaşdırılmış şəkildə həyata keçirilir. Hökumətin planlarına əsasən, azad edilmiş torpaqlarda aparılan təmizləmə prosesi vahid master-plan əsasında tənzimlənir. Yolların salınması, çoxkilometrlik tunellərin qazılması, beynəlxalq hava limanlarının inşası, elektrik xətlərinin çəkilməsi layihələrinin hamısı mütləq şəkildə ilkin ekoloji və geoloji yoxlamalardan keçir. Mütəşəkkil yanaşma nəticəsində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təsbit edilmiş hədəflərə çatmaq asanlaşır. Ekoloji bərpa, sosial reinteqrasiya və iqtisadi artım tam olaraq partlayıcılardan azad edilmiş coğrafiyada baş tutur.
Rəsmi statistika əldə olunan nailiyyətlərin miqyasını açıq nümayiş etdirir. İnsanların təhlükəsizlik təminatı isə bilavasitə minatəmizləmə qurumlarının fəaliyyətindən asılıdır. Tikilən hər yeni məktəb binası, istifadəyə verilən hər sənaye parkı qarış-qarış yoxlanılmış torpaqlar üzərində inşa edilir. İqtisadi fəaliyyətin, xüsusən kənd təsərrüfatı sektorunun, aqroparkların və alternativ enerji şəbəkələrinin dirçəldilməsi regionun ümumi inkişaf mexanizminə çevrilməsinə zəmin yaradır.
Maliyyələşmə məsələsi isə xüsusi və məqsədyönlü yanaşma tələb edir. Postmünaqişə dövründə xeyli dövlətlər beynəlxalq donor təşkilatlarından asılı vəziyyətə düşür. Azərbaycan isə fərqli iqtisadi model tətbiq edərək bərpa və təmizləmə prosesinin mütləq əksəriyyətini milli dövlət büdcəsi hesabına icra edir. Lakin çirklənmənin böyük miqyası, yenidənqurma prosesinin təcili xarakter daşıması və təhlükəsiz qayıdışın yüksək humanitar dəyəri beynəlxalq ictimaiyyətdən daha qətiyyətli, eyni zamanda praktiki dəstək tələb edir.
Göstərilən ehtiyacların qarşılanmasında uzunmüddətli qlobal tərəfdaşlıq əvəzolunmaz rol oynayır. Şübhəsiz, beynəlxalq tərəfdaşların qeyd edilən istiqamətdə fəallaşması son dərəcə əhəmiyyətlidir. Məsələn, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən minatəmizləmə əməliyyatları üçün ayrılan 3 milyon ABŞ dolları məbləğində dəstək qlobal həmrəyliyin real təzahürü kimi dəyərləndirilməlidir. Məlum maliyyə vəsaiti prosesin sürətlənməsinə, yeni texnoloji avadanlıqların alınmasına və xilasedici kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir. Xarici donorların müvafiq formatda iştirakı digər dövlətlər və beynəlxalq təşkilatlar üçün müsbət presedent formalaşdırır. Dünyada mövcud olan qlobal resurslar sülhün və dayanıqlı inkişafın təminatı olan minalarla mübarizə prosesinə cəlb olunmalıdır.
Bakı şəhərinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində irəli sürdüyü təşəbbüslər artıq qlobal rezonans doğurur. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın əhəmiyyəti paytaxtımızın uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində yer almışdı. Prosesin tədqiqi göstərir ki, rəsmi idarəetmə aparatı mövcud problemi hüquqi cəhətdən əsaslandırılmış qlobal inkişaf prioritetinə çevirməyi bacarıb. Ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan etməklə, bu məsələnin beynəlxalq səviyyədə prioritet kimi tanınması istiqamətində ardıcıl və əzmkar fəaliyyətini davam etdirir. Tətbiq edilən mərkəzləşdirilmiş idarəetmə nəticəsində təhlükəsiz qayıdış həm sürətlənir, həm də büdcə vəsaitlərinin iqtisadi səmərəliliyi maksimum həddə çatır.
Bakı dialoqu göstərir ki, dünyada sülhün, eləcə də davamlı və dayanıqlı icmaların qurulması qəti şəkildə torpaqların partlayıcı maddələrdən tam təmizlənməsindən asılıdır. Qlobal ictimaiyyət mina terrorunun davamlı təhdidlərini zərərsizləşdirmək məqsədilə çevik struktur formalaşdırmağa borcludur. Təşkil edilən konfrans məhz sadalanan yüksək hədəflərə çatmaq naminə atılan strateji və ardıcıl addımdır.
Hökumətin uzaqgörən siyasəti, müasir texnologiyaların səmərəli tətbiqi və beynəlxalq dialoqun genişləndirilməsi nəticəsində vaxtilə həyat üçün təhlükə yaradan ərazilər tədricən yenidən insanların təhlükəsiz və firavan yaşayış məkanlarına çevrilir. Azərbaycanın keçdiyi ağır, lakin şərəfli bərpa yolu qlobal miqyasda davamlı sülhün, təhlükəsiz yaşayış mühitinin və dayanıqlı şəhərsalmanın formalaşmasına xidmət edən yeni yanaşmanın əsasını təşkil edir.
Umud MİRZƏYEV,
ANAMA yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı humanitar minatəmizləmə sahəsində mühüm beynəlxalq dialoqun davamıdır. Konfransın “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusu göstərir ki, əsas diqqət artıq yalnız minaların aşkarlanmasına deyil, təhlükəsiz torpaqların insanlara qaytarılmasına və bərpa prosesinə yönəlir.
Dünyanın 60 ölkəsindən 400-dən çox nümayəndənin iştirak etdiyi konfrans Azərbaycanın üzləşdiyi problemin miqyasını da diqqətə gətirir. Azərbaycan ərazisinin 13 faizdən çoxunun mina və partlamamış hərbi sursatlarla çirklənməsi bunun təkcə təhlükəsizlik deyil, həm də humanitar və sosial-iqtisadi çağırış olduğunu göstərir.
Görülən işlərin miqyası isə böyükdür. İndiyədək 300 min hektara yaxın ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın sürəti də torpaqların təhlükəsizliyindən asılıdır. Yeni şəhər və kəndlərin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər infrastrukturun qurulması yalnız təhlükəsiz ərazilərdə mümkündür. Buna görə minatəmizləmə bərpa prosesinin, sadəcə, bir istiqaməti deyil, onun başlanğıc nöqtəsidir.
Qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu 2000-ci ildən Azərbaycanın mina çirklənmiş ərazilərində fəaliyyət göstərir. 2002-ci ildən BAMF-ın İcma Mina Aksiyası Komandası humanitar minatəmizləmə prosesinə qoşulub. Bu illər ərzində 17 min hektardan artıq ərazi təmizlənib, bir milyondan çox insan mina təhlükəsi ilə bağlı maarifləndirilib. Təcrübə göstərir ki, mina yalnız torpaqda basdırılmış partlayıcı qurğu deyil. O, insanla onun həyat mənbəyi olan torpaq arasında maneədir. Buna görə minatəmizləmənin nəticəsi yalnız aşkar edilən minaların və təmizlənən hektarların sayı ilə ölçülməməlidir. Əsas nəticə həmin torpağın yenidən həyata qaytarılmasıdır.
Konfransda təhlükəsiz yaşayış məskənləri üçün standartların müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik minatəmizləmədən başlayaraq şəhərsalma, infrastruktur quruculuğu və insanların köçürülməsinə qədər bərpa zəncirinin əsas prinsipi olmalıdır.
Digər mühüm məsələ innovasiya və yeni texnologiyalardır. Dronlar, süni intellekt, coğrafi informasiya sistemləri, sensorlar və mexaniki minatəmizləmə vasitələri əməliyyatların imkanını genişləndirir. Azərbaycan üçün texnologiyanın əsas dəyəri təhlükəsizlik və sürətdir: mina təmizləyən insanların riskini azaltmaq, dəqiqliyi artırmaq və təhlükəsiz torpaqları insanlara daha tez qaytarmaq.
Konfransdan əsas gözləntilərdən biri də beynəlxalq dəstəyin konkret nəticələrə çevrilməsidir. Donor dövlətlər, BMT qurumları, beynəlxalq maliyyə institutları, qeyri-hökumət təşkilatları və özəl sektor daha effektiv əməkdaşlıq etməlidir. Beynəlxalq həmrəylik bəyanatlardan real maliyyə, texnologiya və institusional tərəfdaşlığa keçməlidir. Bütün bunların fövqündə insanın öz torpağında təhlükəsiz yaşamaq hüququ dayanmalıdır. Hər təmizlənən hektarın arxasında evinə qayıdan ailə, istifadəyə verilən yol, tikilən məktəb və yenidən həyata qayıdan kənd dayanır.
Yusif ŞƏRİFZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















