Icma.az
close
up
RU
Bakı zəfəri Azərbaycan dövlətçiliyinin bərpasını gerçəkləşdirdi

Bakı zəfəri Azərbaycan dövlətçiliyinin bərpasını gerçəkləşdirdi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakının azad edilməsindən 107 il keçir

Bir əsrlik Rusiya işğalından sonra 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın itirilmiş dövlətçiliyini bərpa etdi. O zaman ölkənin mədəni-siyasi mərkəzi sayılan Bakı erməni-bolşevik qüvvələrin əsarətində qaldığından yeni yaradılmış milli hökumət müvəqqəti olaraq Gəncədə məskunlaşmağa məcbur qaldı. Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də düşmən qüvvələrini məğlub edərək Bakını işğaldan azad etməsi dövlətçiliyin bərpa edilməsində ikinci tarixi hadisə idi.

Bu şanlı tarixin 107-ci ildönümündə Qafqaz İslam ordusunun yaranması və Bakıya şanlı yürüşünün araşdırıcısı, Milli Müdafiə Universiteti Hərbi Elmi–Tədqiqat İnstitutunun professoru, tarix üzrə elmlər doktoru Mehman Süleymanovla müsahib olduq. Tanınmış hərbi tarixçi Türkiyə–Azərbaycan dostluq və qardaşlığının bu öyünclü səhifəsindən söz açaraq bildirdi:

– 1918-ci ilin may ayında dövlət müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin, az qala, yarıdan çoxu Azərbaycan xalqının varlığına qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Bolşevik və daşnak ünsürlərindən təşkil edilmiş bədnam Bakı Soveti martın sonu – aprelin əvvəlində şəhərdə və ətraf bölgələrdə kütləvi qırğınlar törətməklə sovet Rusiyasına bağlı diktaturasını qurdu.

Erməni-daşnak və rus bolşeviklərdən ibarət bu qanlı hakimiyyət Azərbaycanın şimal sərhədlərindən Kür çayı hövzəsinə qədər olan Xəzərboyu, habelə qərbə doğru Hacıqabul və Şamaxıya qədər olan əraziləri öz nəzarətinə ala bilmişdi. Qarabağda millətçi-daşnak təcavüzkar qüvvələri, respublikanın cənubunda isə çar Rusiyası dövründə İranla sərhəddə yerləşdirilmiş sərhəd briqadasının komandanlığı at oynatmaqda idi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin hərbi-siyasi qüvvələri Gəncəyə doğru sürətlə irəliləməyə başlamışdı. Onlar tezliklə Gəncəyə yetişmək və Azərbaycanın müstəqilliyini elə beşikdə ikən boğmaq, yerli əhalini qılıncdan keçirmək niyyətində idilər. Buna görə də əsasını erməni daşnakları təşkil edən Bakı Soveti qoşunları iyunun əvvəllərində sürətlə irəliləyib dəmir yolu xətti boyunca Ucar yaxınlığına, Şamaxı–Göyçay şose yolu boyunca isə Qaraməryəmə yetişmişdi. Bu sürətli hücumun qarşısını isə yalnız Azərbaycana qardaş köməyinə yetişmiş Osmanlı Türkiyəsinin hərbi qüvvələri ilə birlikdə almaq mümkün olmuşdu.

– Belə bir mürəkkəb şəraitdə Qafqaz İslam Ordusu kimi milli ruhlu, döyüşkən hərbi qüvvə necə formalaşdırıldı?

– Obyektiv tarixi səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir yetərli milli hərbi qüvvələr yox idi. Ona görə də Azərbaycanda mövcud olan milli hərbi qüvvələrlə Osmanlı Türkiyəsindən qardaş köməyinə gəlmiş qoşun bölməsi bazasında Qafqaz İslam Ordusu yaradılmışdı. Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər paşanın kiçik qardaşı Nuru paşa bu ordunun komandanı təyin edilmişdi.

Qarşıya qoyulan vəzifələrin həlli – Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi və AXC hakimiyyətinin ölkənin əsas mərkəzi sayılan Bakıya köçürülərək möhkəmləndirilməsi üçün Nuru paşaya həm Osmanlı dövləti, həm də Azərbaycan dövləti tərəfindən kifayət qədər böyük səlahiyyətlər verilmişdi. Belə ki, Azərbaycanda böyük hərbi qüvvələrə rəhbərlik etməli olan 29 yaşlı Nuru bəy yarbay rütbəsində olmasına baxmayaraq, birdən-birə general-leytenant rütbəsi daşımaq hüququ qazanmışdı. O, eyni zamanda Osmanlı sultanının Cənubi Qafqazdakı səlahiyyətli nümayəndəsi elan edilmişdi. Azərbaycan hökuməti isə ona ölkənin milli hərbi qüvvələrini təşkilatlandırmaq və rəhbərlik etmək səlahiyyəti vermişdi.

Azərbaycanın müstəqilliyini məhv etmək sevdası ilə alışıb-yanan Bakı Soveti qoşunları ilə Qafqaz İslam Ordusu və əlavə olaraq azərbaycanlılardan ibarət könüllü dəstələrin ilk ciddi qarşılaşması 1918-ci il iyun ayının ortalarında Qaraməryəm ətrafında baş verdi. Burada ağır sınaqla qarşılaşmasına baxmayaraq, Qafqaz İslam Ordusu tarixi bir qələbə əldə etdi. Dövlət müstəqilliyimizin zəfər yürüşünə çıxmış bu ordunun bölmələri Qaraməryəmdən başlayaraq Bakıya qədər uzanan uğurlu bir yürüşün başlanğıcını qoydu. Bu yürüşün son nəticəsi isə Bakı şəhərinin azad edilməsi, bu şəhərin yad qüvvələrdən təmizlənməsi oldu.

– Biz Qarabağın 30 illik Ermənistan işğalından 44 günə azad edilməsini Milli Ordumuzun Zəfər yürüşü adlandırırıq. Qafqaz İslam Ordusunun yad qüvvələrin ciddi müqavimətinə, imperialist dairələrin çeşidli maneələrinə baxmayaraq, sürətlə Bakıya doğru irəliləməsi və sonda düşmənləri əzib Bakıya daxil olması da tarixə belə bir Zəfər yürüşü kimi yazılıb.

– Qaraməryəmdən başlayaraq Bakıya qədər olan əraziləri də Qafqaz İslam Ordusu, təxminən, ayyarıma azad edə bilmişdi. Bakı şəhərinin azad edilməsi üçün də təxminən, Qarabağdakı qədər vaxt sərf etmək lazım gəlmişdi. Çünki Bakıya hakim olmaq istəyən yad qüvvələr, onların köməyinə gəlmiş ingilis hərbi qüvvələri, habelə Bakıətrafının coğrafi şəraiti Qafqaz İslam Ordusunun sürətli hücumunu müəyyən bir müddətə ləngidə bildi. Bununla belə, Azərbaycan xalqının və Türkiyə hökumətinin iradəsini əks etdirən Qafqaz İslam Ordusu ona tapşırılan vəzifəni uğurla yerinə yetirdi və sonda Bakını bu şəhərə təbii paytaxt haqqı olan xalqımızın sərəncamına qaytardı.

1918-ci il iyul ayının son günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı həndəvərinə yetişməsi ilə Stepan Şaumyanın rəhbərliyi altında olan Bakı Soveti istefa vermək və şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə vermək məcburiyyətində qaldı. Bakı Soveti kimi bu tör-töküntü hökumətin və ona tabe olan hərbi qüvvələrin rəhbərliyinin də əsasını erməni daşnakları təşkil edirdilər. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən dərhal sonra daşnak nümayəndələri İrana göndərildi və onların vasitəsilə burada olan ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi qoşunla Bakıya dəvət olundu.

Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti dərhal yaranmış fürsətdən yararlandı. General Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə, Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqust ayının 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. 1918-ci il avqust ayının 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi.

– Düşmənlər güclü idilər, yoxsa Qafqaz İslam Ordusuna əlavə kömək lazım idi?

– Demək olar ki, hər iki səbəb var idi, üstəlik imperialist qüvvələr də Türkiyəyə ciddi təzyiq göstərirdilər. Qafqaz İslam Ordusu qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücum zamanı bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, təchizat çətinlikləri üzündən əvvəlki mövqelərinə çəkilmək məcburiyyətində qaldı. Ordu döyüşdə, sadəcə geri çəkilmədi, çox ciddi itkilərə də məruz qaldı. Bu döyüşün gedişində 9 zabit, 139 əsgər şəhid oldu, 463 nəfər isə yaralandı. Çoxlu sayda silah və sursat itkisi də var idi.

Bu döyüşün nəticələri məlum olan kimi Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy bir neçə qərargah zabiti ilə birlikdə Bakı ətrafına gəldi və onlar baş verənləri ciddi şəkildə araşdırdılar. Ordu qısa müddət ərzində Qaraməryəmdən Bakıya qədər ağır döyüşlər keçirmiş, şəxsi heyət müəyyən yorğunluqla qarşılaşmış, silah və sursat təchizatında çatışmazlıqlar yaranmışdı.

Bununla belə, şəxsi heyətdə Bakı şəhərinin tezliklə azad edilməsi ilə bağlı sonsuz bir istək də var idi. Ənvər paşa isə tezliklə Bakının azad edilməsi ilə bağlı Nuru paşa qarşısında ciddi tapşırıq qoymuşdu. Beləliklə, 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Bakı üzərinə növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı.

Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyası da göndərilməsi haqqında məsələ qaldırıldı. Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi. Eyni zamanda Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi işlər görüldü.

Həlledici hücumun başlandığı günə qədər Nuru paşanın göstərişi ilə Bakı ətrafında qüvvələrin yenidən qruplaşdırılması aparıldı, müxtəlif manevrlər həyata keçirildi və mövqe döyüşləri davam etdirilirdi. Hücuma hazırlıq üçün lazım olan 40 gün ərzində keçirilən mövqe döyüşləri ilə Nuru paşa düşmən qüvvələrinə ciddi zərbə vurdu və onları daim bir gərginlik altında saxlamağa müvəffəq oldu. Bu mövqe döyüşləri ilə cəbhə xətti uzadıldı, qarşıdakı düşmənin qüvvələrinin parçalanmasına nail olundu və Bakı şəhərinin mühasirəsi daraldıldı.

Sentyabr ayının 1-də Qafqaz İslam Ordusunun qüvvələri mövqe döyüşlərini davam etdirdilər. Elə günün birinci yarısında Digah və Məhəmmədli kəndləri, habelə Digahın cənubundakı 345 rəqəmli təpə azad edildi. “Sentrokaspi” və ingilis qoşunları böyük bir vahimə içərisində Balaxanı və Ramanı kəndləri istiqamətində geri çəkildilər. Bu istiqamətdə gedən döyüşlərdə Salyan qışlası yaxınlığında milli qüvvələr bir düşmən təyyarəsi də vurdular.

Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyasının gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələsinə qədəm qoydu. Həmin hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər. Mövcud vəziyyət qiymətləndiriləndən sonra sentyabr ayının 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı.

– 5-ci türk diviziyasının qərargah rəisi Rüşdü bəy xatirələrində yazırdı ki, o gecə heç kim yatmamışdı. Döyüşçülər 5 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər.

– Bəli, görülmüş əlavə hazırlıq orduda ruh yüksəkliyi yaratdı. Hazırlanmış hücum planına əsasən, 5-ci türk diviziyası və ona verilmiş milli hərbi dəstələr Qurd qapısının Bayıldan başlayaraq Biləcərinin qərb ətəklərinə qədər olan ərazidən hərəkət etdi. Biləcəri-Sabunçu-Əhmədli çevrəsi boyunca isə 15-ci türk diviziyası və ona verilmiş milli hərbi qüvvələr hücuma keçdi. Azərbaycanın milli hərbi qüvvələrinin və könüllü dəstələrinin böyük bir hissəsi bu istiqamətdən hücuma qoşuldu. Əsas zərbə Qurd qapısı istiqamətindən vuruldu, Bakının şimal-şərq çevrəsi boyunca mövcud olan düşmən qüvvələr də tədricən şəhərə sıxışdırıldı.

Qurd qapısı yüksəkliyinə hücum elə bir sürətlə həyata keçirildi ki, hətta komandanlıq üçün də onun nəticələri gözlənilməz oldu. Eynilə ingilis qoşunları komandanı, general Denstervil də gözlərinə inana bilmirdi ki, gecə vaxtı, əlverişli mövqelərdə qurulmuş müdafiə səngərləri belə bir sürətlə ələ keçirilib. Öz xatirələrində o, Qafqaz İslam Ordusu qüvvələrinin sürətli hücumunu belə təsvir edirdi: “İnanılası mümkün deyildi ki, cəbhəmizin ən güclü sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirildi”.

Əldə edilən uğur 15-ci diviziyanın mövqelərində də təkrarlandı. Sonradan uğurla inkişaf etdirilən hücum nəticəsində bütün istiqamətlərdə, bütün döyüş sahələrində düşmənin müqaviməti qırıldı. İngilis qüvvələrinin komandanlığı gün ərzində baş verən döyüşlərdən sonra Qafqaz İslam Ordusunun hücumlarının qarşısının alınmasının qeyri-mümkünlüyü haqqında qəti əminlik əldə edildi. Ona görə də axşam saat 8-də ingilis qüvvələrinə geri çəkilmək əmri verildi. Bununla da “Sentrokaspi” rəhbərləri ümid bağladığı əsas qüvvələrdən məhrum oldular.

Ayın 14-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən ələ keçirildi.

Gedən döyüşlərin nəticələri ümumən Qafqaz İslam Ordusu komandanı Nuru paşanı razı saldı. Ordu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlaşdılar. Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar.

“Sentrokaspi” rəhbərliyi sentyabr ayının 14-də axşam saat 8-də İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməsi xahiş olundu. Aparılan danışıqlardan sonra “Sentrokaspi” rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi.

– O gün düşmən qüvvələrin zülm və təhqirlərindən xilas olmuş Bakı əhalisi üçün misilsiz bir xoşbəxtlik müjdəsi oldu.

– Bakı şəhərinin azad edilməsi təkcə Bakı deyil, həm də Azərbaycan ictimaiyyətinin, eləcə də Türkiyə dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Nuru paşaya göndərdiyi teleqramında belə yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitmişdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərmiş olduğu xidmətləri Nuru paşaya xitab edərkən belə dəyərləndirdi: “Millət sizə minnətdardır”. N. Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu 3 kəlmə millətin dilində və qəlbində yaşayacaqdır.

Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər.

Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladı. Bununla, Bakı şəhəri öz azadlığına qovuşdu və onun tarixində müstəqil bir xalqın baş şəhəri olmaq kimi şərəfli bir səhifənin başlanğıcı qoyuldu.

– Maraqlı müsahibəyə görə sağ olun.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see187

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see155

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see147

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see139

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see134

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see122

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see122

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see117

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see117

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see116

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see116

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see115

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri