Icma.az
close
up
RU
Bakıda absurd qiymətə “novostroykalar“ Əslində neçəyədir?

Bakıda absurd qiymətə “novostroykalar“ Əslində neçəyədir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycanda, xüsusilə Bakıda tikinti bumu davam edir. Paytaxtda yeni yaşayış kompleksləri inşa olunur, satışa çıxarılan mənzillərin sayı artır. Ancaq tikintinin genişlənməsi mənzil qiymətlərinin ucuzlaşmasına səbəb olmur. Əksinə, yeni tikililərdə qiymətlər artmaqda davam edir. Bu isə mənzil bazarında qiymətlərin formalaşması, tikinti şirkətlərinin real xərcləri və sektorun gəlirliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Azərbaycan Qiymətləndiricilər Palatasının açıqladığı məlumatlara əsasən, 2026-cı ilin sentyabrında Bakıda yeni tikililərin orta satış qiyməti bir kvadratmetr üçün 2628 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. Beləliklə, yeni tikililərdə qiymət artımının ölkə üzrə ümumi inflyasiyanı üstələməsi mənzilə ehtiyacı olan vətəndaşların narahatlığını artırır.

Müzakirələrin əsas mövzularından biri isə tikintinin maya dəyəridir. Palatanın hesablamasına görə, 16 mərtəbəli, ümumi sahəsi 10 min kvadratmetr olan yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan hesablanan tikinti maya dəyəri bir kvadratmetr üçün 409,3 manatdır. Layihə, podratçı və ekspertiza xərclərinin də daxil edildiyi bildirilən bu göstərici ilə mənzillərin bazarda 2500 manatdan baha satılması arasında böyük fərq görünür.

Bəs tikinti maya dəyəri ilə satış qiyməti arasındakı fərq nə ilə izah olunur? Mənzillərin bahalaşması nə dərəcədə əsaslıdır və qiymətlərin aşağı salınması üçün hansı addımlar atılmalıdır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a bildirib ki, yeni tikililərdə qiymət artımı ərazidən asılı olaraq dəyişir və əsasən daşınmaz əmlaka investisiya marağı, eləcə də tikinti xərclərinin yüksəlməsi ilə bağlıdır.

“Yeni tikililərin qiymətləri 10 faizdən çox artmayıb. Bu, yerləşdiyi ərazidən asılı olaraq təqribən 10-15 faiz arasında dəyişir. Artımın səbəblərindən biri daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyidir. Digər mühüm amil isə tikintinin maya dəyərində baş verən dəyişikliklərdir”, – deyə ekspert bildirib. Onun fikrincə, bir kvadratmetr üçün 409 manatlıq göstəricini tikintinin bütün real xərclərini əks etdirən yekun maya dəyəri kimi qəbul etmək düzgün deyil.

“İstənilən tikinti şirkəti ilə bu rəqəmi müqayisə etmək mümkündür. Bir kvadratmetrin maya dəyərinə daxil olan kifayət qədər xərc var. Torpaq, infrastruktur, layihələndirmə, kommunikasiya, ərazinin hazırlanması və digər məsrəflər nəzərə alınmalıdır”, – deyə V.Oruc vurğulayıb.

Ekspertin sözlərinə görə, tikinti xərclərinin artmasına təsir edən əsas amillərdən biri torpaq sahələrinin bahalaşmasıdır. Xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə tikinti üçün yararlı torpaq sahələri məhduddur. Bu da onların bazar qiymətini yüksəldir.

V.Orucun bildirdiyinə görə, son illərdə torpaq sahələrinin qiyməti ərazidən asılı olaraq iki dəfədən çox, bəzi yerlərdə isə üç dəfədən artıq artıb. Tikinti materiallarının bahalaşması da maya dəyərinə ciddi təsir göstərir. Ekspert Ukrayna və Rusiyada müharibənin başlamasından sonra bəzi materialların qiymətində kəskin dəyişikliklərin baş verdiyini qeyd edib. “Taxta, polad çubuqlar və digər əsas tikinti materiallarının qiymətlərində ciddi artımlar olub. Həm yerli, həm də idxal olunan materialların bahalaşması tikintinin ümumi maya dəyərini yüksəldib”, – deyə o bildirib. Bununla yanaşı, işçi qüvvəsinin qiyməti də artıb. V.Orucun sözlərinə görə, əvvəlki illərlə müqayisədə əməkhaqları xeyli yüksəlib. İşçilərin rəsmi müqavilələrlə işə götürülməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi də şirkətlərin xərclərinə təsir edir.

Vüqar Oruc hesab edir ki, mənzilin maya dəyərini müəyyənləşdirərkən yalnız tikinti materiallarına və işçi qüvvəsinə çəkilən xərcləri hesablamaq kifayət etmir. “Tikinti təkcə materiallardan, qurğulara çəkilən xərclərdən və işçi qüvvəsinə ödənilən vəsaitdən ibarət deyil. İcazələrin alınması, kommunikasiya xərcləri, ərazinin tikintiyə hazırlanması və geoloji tədqiqatların aparılması da nəzərə alınmalıdır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, binanın ümumi istifadə sahələri də əlavə xərc yaradır. Liftlər, şaxtalar və digər ümumi sahələr tikilməli, lakin mənzillər kimi ayrıca satışa çıxarıla bilməməlidir.

“Vətəndaşa mənzilin daxilindəki sahə satılır. Ancaq binanın ümumi sahələrinin tikintisi üçün də vəsait xərclənir. Bu xərclər sahibkarın üzərinə düşür”, – deyə V.Oruc qeyd edib. Ekspertin fikrincə, tikinti normalarının sərtləşdirilməsi, layihələrə qoyulan tələblər və infrastrukturun yaxşılaşdırılması zərurəti də qiymətlərin formalaşmasına təsir edən amillər sırasındadır.

Vüqar Oruc tikintinin real maya dəyərinin hesablanması zamanı torpaq və digər xərclərin tam şəkildə nəzərə alınmasının vacibliyini vurğulayıb. “Dövlət Statistika Komitəsinin məlumatlarında bir kvadratmetr üzrə tikinti xərcləri 1000 manatdan yuxarı göstərilir. Bu halda 409 manatlıq rəqəmin hansı metodologiya əsasında hesablandığı sual doğurur”, – deyə o bildirib.

Ekspertin qənaətinə görə, torpağın qiyməti, layihənin maliyyələşdirilməsi və tikinti prosesinin bütün xərcləri nəzərə alındıqda, bəzi layihələrdə bir kvadratmetr mənzilin maya dəyəri 1700-2000 manat və ya daha yüksək ola bilər.

“Əgər sahibkar bir kvadratmetr mənzili bazara 2500 manata təqdim edirsə, bu, həmin məbləğin hamısının onun gəliri olması demək deyil. Binanın layihələndirilməsi, təsdiqlənməsi, tikintisi, torpaq və infrastruktur xərcləri var. Bütün məsrəflər hesablandıqdan sonra sahibkarın bir kvadratmetrdən əldə etdiyi gəlir düşündüyümüz qədər böyük olmaya bilər”, – deyə V.Oruc vurğulayıb.

Onun fikrincə, tikinti sektorunu zəiflətmək əvəzinə, yeni layihələrin həyata keçirilməsini təşviq etmək lazımdır. Bunun üçün sahibkarların qarşılaşdığı iqtisadi və inzibati maneələrin azaldılması, tikinti üçün əlverişli şəraitin yaradılması vacibdir. Vüqar Oruc mənzil qiymətlərinin aşağı salınması üçün inzibati qiymət məhdudiyyətlərindən daha çox, tikintinin iqtisadi baxımdan təşviq edilməsini məqsədəuyğun hesab edir.

Onun fikrincə, torpaq sahələrinin güzəştli şərtlərlə təqdim edilməsi, maliyyələşmə imkanlarının yaxşılaşdırılması, kredit faizləri və vergi yükü ilə bağlı uyğun mexanizmlərin tətbiqi tikinti sektorunun inkişafına kömək edə bilər.

O, qiymətlərin birbaşa inzibati yolla aşağı salınmasının əvəzinə, bazarın özünü tənzimləməsinə imkan verən iqtisadi şəraitin yaradılmasını təklif edir.
V.Orucun sözlərinə görə, mənzil qiymətlərinin artması təkcə Azərbaycana xas hadisə deyil. Müxtəlif ölkələrdə də daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Bununla belə, qiymət artımının əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün bazardakı tələb və təkliflə yanaşı, real tikinti xərcləri də araşdırılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri