Bakıda çiyin vurduğu şəxsi döyən dostlara cəza verildi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim İbrahimov və Səlim Məmmədlinin (hər ikinin ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İbrahim İbrahimova 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzası təyin edilib. Səlim Məmmədli isə 1 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İttihama görə, hadisə 28 may 2024-cü il tarixdə, saat 23:20-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, heç bir səbəb olmadan İbrahim İbrahimov çiyni ilə zərərçəkmiş Qalib Bəbirovu (ad, soyadı şərtidir) çiynindən vurub. Buna görə zərərçəkmiş şəxs ona iradlar bildirib. Bundan sonra İbrahim İbrahimov dostu Səlim Məmmədli ilə birgə Qaliblə mübahisə edib. Nəticədə, onlar yumruq və təpiklə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrindən vurub, daş parçası ilə onun ənsə nahiyəsindən zərbə endirərək xəsarət yetiriblər.
Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov

