Bakıda kirayəşin qaldığı mənzilin 33 minlik əşyasını satdı HÖKM
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Rəfizadənin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Uğur Rəfizadə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən bir otaqlı, tam təmirli mənzili kirayə götürmək adı ilə 03 iyul 2023-cü il tarixdə zərərçəkmiş Təhminə Sədərovanın (ad, soyadı şərtidir) əri ilə müqavilə bağlayıb. Sonra o, bir müddət mənzildə yaşayıb və 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının 17-dək olan müddət ərzində mənzildən ümumilikdə 33 320 manat dəyərində əşyaları ələ keçirib, istintaqla müəyyən edilməyən şəxslərə satıb.
Hadisədən sonra Uğur Rəfizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


