Bakıdan dünyaya mesaj
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tolerantlıq, dialoq və ədalət naminə yeni impuls
Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusundakı beynəlxalq konfrans qlobal miqyasda artmaqda olan dini və etnik ayrı-seçkiliyə qarşı mühüm bir çağırış kimi dəyərləndirilə bilər. Tədbirin əsl mahiyyəti – emosiyalara qapılmadan, sağlam və rasional düşüncə ilə cəmiyyətlərarası anlaşılmazlıqları aradan qaldırmağa yönəlmişdir. Konfransda əsas diqqət İslam dininə qarşı formalaşan qərəzli yanaşmaların təhlilinə və onların doğurduğu çoxşaxəli təhlükələrin müzakirəsinə yönəldilib. Xüsusilə, gündəliyin mərkəzində yer alan islamofobiya problemi həm sosial sabitlik, həm də beynəlxalq münasibətlər üçün strateji əhəmiyyət daşıyan çağırışlardan biri kimi təqdim olunur. Azərbaycanın bu konfransa ev sahibliyi etməsi ölkənin tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyinin və qlobal dialoqa töhfə vermək əzminin göstəricisidir.
Tarix boyu cəmiyyətlərin formalaşmasında və inkişafında dini və etnik müxtəliflik mühüm rol oynayıb. Bu müxtəliflik əslində, mədəni zənginliyin və ictimai dinamizmin təməl sütunlarından biri olsa da, zaman-zaman fərqliliklər qorxu, təhdid və yadlıq hissləri ilə assosiasiya olunaraq ayrı-seçkiliyin əsasına çevrilib. Xüsusilə də, müasir dövrdə bu münasibət daha mürəkkəb və çoxşaxəli forma alır. Etnik və dini mənsubiyyətlərə əsaslanan ayrı-seçkilik təkcə fərdlərin gündəlik həyatına təsir etmir, həm də sosial sabitlik, demokratik institutların legitimliyi və beynəlxalq münasibətlərin mahiyyəti üzərində dərin izlər buraxır.
Prosesin ən təhlükəli cəhətlərindən biri ayrı-seçkiliyin açıq zorakılıqdan daha çox dolayı və sistemli formaya keçməsidir. Bəzən rəsmi qaydalarla deyil, mediada formalaşan ritorikalar, seçkilər zamanı istifadə olunan populist şüarlar və ya təhlükəsizlik narahatlıqları fonunda irəli sürülən arqumentlərlə legitimləşdirilən bu yanaşmalar cəmiyyətdə “digərləri”nə qarşı önyarğıları gücləndirir. Belə hallarda dini və ya etnik mənsubiyyətə görə fərqli münasibət göstərilməsi, bərabər imkanlardan məhrumetmə və ya siyasi qərarların məhz bu mənsubiyyətə görə yönləndirilməsi yalnız sosial ədalətsizliyə deyil, həm də dövlət – vətəndaş münasibətlərində dərin uçurumlara səbəb olur.
İslamofobiyanın bu kontekstdə xüsusi yeri var. Qloballaşan dünyada müsəlman azlıqlara qarşı olan neqativ münasibət fərdi və institusional səviyyədə də təzahür edir. Fransada hicab qadağası, Danimarkada Quranın yandırılması aksiyaları, Almaniyada məscidlərə edilən hücumlar – bütün bu nümunələr dini ayrı-seçkiliyin siyasi və hüquqi nəticələr doğuran struktur problemə çevrildiyini göstərir. Müsəlmanlar bir çox hallarda həm dini mənsubiyyətlərinə, həm də etnik kimliklərinə görə ikili diskriminasiya ilə üz-üzə qalırlar ki, bu da onların cəmiyyətdəki rolunu, təmsilçiliyini və siyasi iştirak imkanlarını məhdudlaşdırır.
Belə vəziyyətlərdə dövlətin neytral mövqedə dayanması kifayət deyil; əksinə, onun aktiv şəkildə inklüziv siyasət yürütməsi və ayrı-seçkiliyə qarşı institusional səviyyədə tədbirlər görməsi vacibdir. Əks halda, diskriminasiya normaya çevrilir, ictimai konsensus zəifləyir və radikallaşma üçün münbit zəmin yaranır. Bütün bunlar isə təkcə daxili təhlükəsizliyi deyil, beynəlxalq münasibətlər sistemində sabitliyi də sarsıda bilər.
İslamofobiya təkcə bir dini qrupun təhqir olunması və ya cəmiyyətdə sosial damğalanması ilə məhdudlaşmır – bu, eyni zamanda, qlobal təhlükəsizlik və beynəlxalq münasibətlər sistemində balansın pozulmasına gətirib çıxaran ciddi siyasi problemdir. Xüsusilə, 11 Sentyabr hadisələrindən sonra Qərb dünyasında İslam dini getdikcə daha çox təhlükə və ekstremizmlə eyniləşdirilməyə başlanıldı.
Avropada və Şimali Amerikada müsəlman azlıqlara təzyiqlər, onlara qarşı çıxarılan qanunlar və sosial izolyasiya siyasətləri İslam dünyası ilə Qərb arasında olan qarşılıqlı etimada ciddi zərbə vurur. Belə bir mühitdə ekstremist qruplar islamofobiyanı öz radikal çağırışlarını əsaslandırmaq üçün istifadə edir, nəticədə qütbləşmə daha da dərinləşir.
Fransada hicabla məktəbə getmək qadağası yalnız fərdi azadlığın məhdudlaşdırılması deyil, eyni zamanda, dövlətin neytrallıq adı altında müəyyən dini kimliyə qarşı mövqe sərgiləməsi kimi dəyərləndirilə bilər. Digər tərəfdən, İsveç və Danimarka kimi ölkələrdə Quranın yandırılması aksiyalarının “ifadə azadlığı” adı ilə müdafiə olunması islamofobiyanı siyasi alətə çevirir və beynəlxalq platformalarda qarşıdurmaların dərinləşməsinə və diplomatik gərginliyin artmasına yol açır.
Müsəlman dünyasında isə bu hadisələr Qərbə qarşı narazılığı artırmaqla yanaşı, beynəlxalq təşkilatların səmərəliliyi və obyektivliyi ilə bağlı suallar yaradır. BMT, Aİ, AŞPA və digər qurumların bəzən bu məsələlərə susqun qalması və ya selektiv reaksiya verməsi İslam dünyasında ikili standartlarla bağlı tənqidləri gücləndirir. Belə vəziyyətdə Azərbaycan kimi tolerantlıq və dini müxtəliflik modelini qoruyan ölkələrin təşəbbüsü ilə təşkil olunan beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir.
Bakıda keçirilən beynəlxalq konfrans da məhz bu kontekstdə mühüm mesaj daşıyır: təmkinli və rasional yanaşma ilə islamofobiyanın köklərinə toxunmaq, ayrı-seçkiliyin qlobal təhlükəsini üzə çıxarmaq və qərəzli yanaşmaları ifşa etmək. Azərbaycanın multikulturalizm və dinlərarası dialoqa verdiyi önəm bu çağırışları praktik nümunələrlə nümayiş etdirmək baxımından mühüm rol oynayır.
BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Ümumi Bəyannaməsi və Vətəndaş və Siyasi Hüquqlar Haqqında Pakt kimi fundamental sənədlər din azadlığını və ayrı-seçkiliyə qarşı bərabərliyi qlobal hüquq prinsipləri səviyyəsində təsbit etsə də, bu prinsiplərin tətbiqi universal xarakter daşımır. Dini etiqada və ibadət azadlığına qarşı yönəlmiş zorakılıq və nifrət çağırışları bir çox ölkələrdə söz azadlığı adı altında müdafiə edilir və bu yanaşma hüquqi və mənəvi baxımdan ciddi mübahisələrə yol açır. Müxtəlif beynəlxalq konvensiyalar dini nifrəti xüsusi kateqoriya kimi tanısa da, bu öhdəliklərin icrası çox zaman hüquqi normadan çox siyasi münasibətin nəticəsi kimi təzahür edir.
2022-ci ildə BMT Baş Assambleyasının Pakistanın təşəbbüsü ilə 15 martı “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” elan etməsi beynəlxalq ictimaiyyətin bu məsələni daha ciddi qəbul etdiyini göstərsə də, bu tip simvolik addımların real nəticəyə çevrilməsi yalnız dövlətlərin daxili siyasətində praktiki tədbirlərlə mümkündür. Avropa İttifaqı və Avropa Şurası kimi qurumlar isə antisemitizmə qarşı sərgilədikləri sərt və prinsipial mövqeyi islamofobiya məsələsində eyni ardıcıllıqla ortaya qoya bilmirlər. Xüsusilə, bəzi Avropa ölkələrində Qurana qarşı təhqiramiz aktlara, yaxud İslam peyğəmbərinə (s.) yönəlmiş açıq-aşkar təhqirlərə hüquqi reaksiya verilməməsi, əksinə bunların ifadə azadlığı çərçivəsində qorunması bu qurumların obyektivlik və ədalət meyarlarına dair ciddi suallar doğurur.
İslam Əməkdaşlıq Təşkilatı isə bu reallıqları nəzərə alaraq islamofobiyanı beynəlxalq hüquqa zidd və təhlükəli tendensiya kimi qiymətləndirir və üzv ölkələr arasında koordinasiyalı mövqe formalaşdırmağa çalışır. Lakin təşkilatın çağırışları və təşəbbüsləri də çox vaxt beynəlxalq sistemin dominant gücləri tərəfindən yetərincə nəzərə alınmır və bu da qlobal hüquqi mexanizmlərin selektiv tətbiqi problemini bir daha gündəmə gətirir.
Məsələnin kökündə duran əsas problem ondan ibarətdir ki, islamofobiya ilə mübarizə hüquqi səviyyədə qəbul edilmiş prinsiplərin arxasında gizlənən siyasi selektivliklə üz-üzədir. Bəyanatlar və çağırışlar kifayət etmədiyi halda, effektiv hüquqi tədbirlər görülmür və bu, hüquqla siyasət arasında yaranan boşluğu daha da dərinləşdirir. Mövcud vəziyyət göstərir ki, dinə və inanclara qarşı nifrət yalnız cəmiyyətin daxilində deyil, beynəlxalq sistemin özündə də qoruyucu mexanizmlərin dayanıqlığını sınağa çəkir. Əgər islamofobiya ilə mübarizə beynəlxalq hüququn əsl mahiyyəti – bərabərlik, azadlıq və ədalət prinsipləri çərçivəsində aparılmırsa, bu, insan hüquqları sahəsindəki universal normativlərin gələcəyini də təhlükə altına atır.
Nəticə etibarilə, islamofobiya ilə mübarizə həm hüquqi, həm də siyasi səviyyədə ardıcıl və prinsipial yanaşma tələb edir. Qlobal miqyasda bu problemə qarşı effektiv reaksiya yalnız o halda mümkün olacaq ki, beynəlxalq təşkilatlar və dövlətlər hüquqi öhdəliklərini siyasi maraqlardan üstün tutsunlar, ikili standartlardan imtina etsinlər və insan hüquqlarının müdafiəsini universal və tərəfsiz dəyər kimi qəbul etsinlər. Əks halda, islamofobiya ilə bağlı atılan hər bir addım sadəcə rəmzi xarakter daşıyacaq və reallıqda heç nəyi dəyişməyəcək.
Tədbirin Bakıda keçirilməsi ölkənin mədəniyyətlərarası körpü rolunu bir daha möhkəmləndirdi və İslam dünyasının ümumi narahatlığının səsləndiyi bir platformaya çevrildi. Eyni zamanda, Azərbaycan dünyəvi, tolerant və birgəyaşayışa əsaslanan cəmiyyət modeli ilə beynəlxalq ictimaiyyətə alternativ yanaşma təklif etdi. Qərb cəmiyyətlərində tez-tez ifadə azadlığı adı altında baş verən dini təhqir halları fonunda Bakı konfransı ciddi diplomatik siqnal verdi: azadlıq nifrət üçün bəraət ola bilməz.
Azərbaycanın təqdim etdiyi model müxtəlif dinlərin dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı bir cəmiyyətin real nümunəsidir. Ölkəmizdə dini mərasimlər sərbəst keçirilir, müxtəlif konfessiyaların nümayəndələri eyni hüquqlara malikdir və dövlət bu harmoniyanın qorunmasında aktiv rol oynayır. Azərbaycan bir daha göstərdi ki, dini müxtəliflik təhlükə deyil, zənginlikdir. Dünya isə bu çağırışı eşitmək və cavablandırmaq üçün daha məsuliyyətli olmalıdır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru


