Bakının məşhur bazarları niyə UNUDULUR...
Modern.az saytına istinadən Icma.az xəbər verir.
İndi əlinə həsir zənbil alıb bazara gedən adam tapmaq demək olar ki, çətindir. Əvvəllər bazar həm alış-veriş, həm də sosiallaşma məkanı idi. İndi isə insanlar daha çox supermarketlərə, onlayn alış-verişə yönəliblər. Hətta insanlar var ki, illərdir bazarın üzünü belə görmür...
Bəlkə də bir az da şəhər həyatı, rahatlıq axtarışı da bu dəyişikliyə səbəb olub. Amma razılaşaq ki, bazarın ayrı bir "duzu" var — satıcıların çağırışı, meyvənin-tərəvəzin qoxusu, adamların alver üstündə etdiyi zarafatlar... Hamısı indi keçmişdə qalıb.
İndi yalnız regionlarda bazarlar əvvəlki statusunu saxlayır. Bakının meyvə-tərəvəz bazarlarının bir hissəsi ləğv edilib, qalanlar isə müştəri azlığından əziyyət çəkir.
Hazırda Bakıda “3-cü mikrorayon”, “Vosmoy” bazarlarıaktiv fəaliyyətdədir. Vaxtilə Şərifzadə küçəsində mövcud olmuş “Yasamal” bazarı ləğv edilib və yerində bina tikilib.

XIX əsrin sonlarında inşa edilmiş və 1901-ci ildən fəaliyyətə başlamış Pasaj bazarı Sovet dövründə xüsusilə məşhur olub. 2013-cü ildə binada bərpa-yenidənqurma işləri aparılıb və profili dəyişdirilib. İndi bura sərgi və müxtəlif mədəni tədbirlərin keçirildiyi yerə çevilib. Bakı şəhərinin tarixi və mədəniyyəti ilə maraqlananlar üçün Pasaj Bazarı ziyarətə dəyər bir məkan olaraq qalır.
“Şüşəli bazar” Sovet dönəmində Bakı şəhərinin ən məşhur bazarlarından biri olub. Bazar 1950-1960-cı illərdə inşa edilib və 1500 m² sahəni əhatə edib. 2005-ci ildə bazar fəaliyyətini dayandırıb və satıcılar, işçilər buranı tərk edib. 2010-cu ildə obyekt hasara alınıb və 2012-ci ilin aprel ayında isə tamamilə dağıdılıb.
Bakı şəhərinin mərkəzində Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Təzə bazar əvvəllər kənd təsərrüfatı məhsullarının satışı ilə məşhur olub. Təzə Bazar 2000-ci ilə qədər dövlətə məxsus olub, sonra özəlləşdirilərək səhmdar cəmiyyətə çevrilib. Sonradan səhmdar cəmiyyəti ləğv edilib və paylar iri səhmdarlara satılıb. Yenidənqurma layihəsi çərçivəsində bazar ərazisininin bir hissəsində ticarət mərkəzləri tikilib.
1959-cu ildə fəaliyyətə başlayan Nəsimi bazarı uzun müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşhur olub. Bazar 2000-ci ilə qədər dövlətə məxsus olub, sonra özəlləşdirilərək səhmdar cəmiyyətə çevrilib. Sonradan səhmdar cəmiyyəti ləğv edilib və paylar iri səhmdarlara satılıb. Sonradan bazarın ərazisində çoxmərtəbəli yaşayış binaları və ticarət obyektləri inşa edilib.
Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən və xüsusilə axşam saatlarında fəaliyyət göstərən Keşlə bazarı uzun illər yu şəhər sakinləri və ətraf ərazilərdən gələn alıcılar üçün təzə kənd təsərrüfatı məhsulları, dəniz məhsulları və digər ərzaq məhsullarının sərfəli qiymətlərlə satıldığı bir məkan olaraq tanınıb. Bazarın xüsusiyyətlərindən biri də onun axşam saatlarında da fəaliyyət göstərməsi idi.
Bakı şəhərinin inkişafı və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə qədər yeni avtomobil yolunun tikintisi planlaşdırılıb. Bu layihə çərçivəsində Keşlə Bazarı da söküləcək obyektlər arasında yer alıb.
Bakı şəhəri Nərimanov rayonda yerləşən Yaşıl bazar da vaxtilə paytaxtın ən ucuz bazarlarından biri olub. Sonradan bazarda kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşmış ticarət mərkəzi yaradılıb.
3-cü Mikrorayon bazarı uzun illərdir ki, şəhər sakinləri və ətraf ərazilərdən gələn alıcılar üçün təzə kənd təsərrüfatı məhsullarının sərfəli qiymətlərlə satıldığı bir məkan olaraq tanınıb. Bazarın yerləşdiyi ərazidəki sıxlıq və tıxaclar səbəbindən buraya gələnlərin marağını azaldıb. Zaman-zaman bu bazarın köçürüləcəyi ilə bağlı məlumatlar yayılsa da, təsdiqini tapmayıb.
8-ci kilometr bazarı nəinki Bakıda, hətta bölgələrdə də tanınan ticarət mərkəzlərindən biridir. Bazar Bakı şəhərinin müxtəlif bölgələrindən və xaricdən gələn məhsulların alqı-satqısı ilə məşhurdur. 8-ci kilometr bazarının adı onun yerləşdiyi coğrafi əraziyə, yəni Bakı şəhərinin 8-ci kilometrliyinə uyğun olaraq seçilib. Bu bazar əsasən aşağı qiymətləri və geniş məhsul çeşidi ilə müştərilərin diqqətini çəkir. İnsanlar burada müxtəlif növ geyimlər, elektronika, ev əşyaları, meyvə və tərəvəzlər, kosmetika və digər məhsullar ala bilərlər. Bu bazarın söküləcəyi ilə bağlı müxtəlif vaxtlarda xəbərlər dolaşsa da, hələ ki bazar yerindədir və fəaliyyətini davam etdirir.
Bakıda bazara getməyə marağın azalması nə ilə əlaqdardır?
Son illərdə Azərbaycanda ticarət vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. Ənənəvi bazarlara gedənlərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Əhalinin böyük hissəsi artıq gündəlik ehtiyaclarını qarşılamaq üçün supermarketlərə, iri ticarət mərkəzlərinə və onlayn alış-veriş platformalarına üstünlük verir.
Dövlət Statistika Komitəsinin və digər rəsmi qurumların məlumatlarına əsasən, bazarlardakı ticarət yerlərinin sayı nisbətən sabit qalsa da, bu məkanlara olan real alıcı axını əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalıb. Əhali arasında keçirilən sorğular və media müşahidələri göstərir ki, insanlar artıq bazarı “əsas alış-veriş məkanı” kimi deyil, daha çox mövsümi və ya spesifik məhsullar üçün alternativ seçim kimi görür.

Əvvəllər həftə sonları bazarlarda müşahidə olunan sıxlıq, artıq bir çox şəhərdə azalıb. Xüsusilə böyük şəhərlərdə supermarketlər bu boşluğu dolduraraq əsas ticarət nöqtəsinə çevrilib.
Supermarketlərin populyarlığının artmasının bir neçə səbəbi var:
Supermarketlər müştərilərə nizamlı, təmiz və hava şəraitindən asılı olmayan alış-veriş şəraiti təqdim edir.
Müasir ticarət mərkəzlərində bir məkanda həm ərzaq, həm qeyri-ərzaq, həmçinin gündəlik tələbat məhsullarını tapmaq mümkündür.
Etiketlənmiş qiymətlər, endirim kampaniyaları və bonus kartları istehlakçı üçün cəlbedici faktorlardandır.
Nağdsız ödəniş, kartla alış, mobil tətbiqlərlə sifariş və çatdırılma xidmətləri istehlakçıların vaxtına qənaət edir.
Artıq insanlar məhsul seçimi üçün uzun-uzadı gəzintilərə yox, tez və effektiv alış-veriş təcrübəsinə üstünlük verir. Bu da supermarketlərin bazarları "udması"nın əsas psixoloji və sosial səbəblərindən biridir.
İlk növbədə supermarketlərin inkişafı təkcə yerli istehsalçıların daha geniş bazara çıxışını təmin etməkdən ibarət deyil. Bu həm də geniş məhsul çeşidi, yüksək keyfiyyət və rəqabətli qiymətlər təklif edən müasir ticarət obyektlərinin meydana çıxmasına səbəb olmuşdur. Supermarketlər, adətən, müştərilərə tək bir yerdə çox sayda məhsul təklif edir, həmçinin əsas ehtiyac maddələrindən tutmuş bahalı məhsullara qədər geniş spektri əhatə edir.
Bazarlarda isə məhsul çeşidi məhdud olur, qiymətlər bəzən qeyri-şəffaf olur və yerin fiziki şəraiti alış-verişi daha az cəlbedici edir.
Supermarketlər, həmçinin müştərilərə yüksək səviyyəli xidmətlər təklif edir. Geniş, rahat, təmiz ticarət sahələri, hər məhsulun etiketlənməsi, valyuta mübadiləsi və onlayn alış-veriş imkanı kimi xüsusiyyətlər, müştəriləri bazarlara nisbətən supermarketlərə daha çox cəlb edir.
Supermarketlərdə, həmçinin mütəxəssis və müştəri xidmətləri təklif edilir. Bu cür şərait bazarlarda, xüsusilə kiçik ticarət yerlərində çox vaxt tapılmayan bir şeydir. Müştərilər üçün rahatlıq, əlverişlilik və yüksək xidmət keyfiyyəti supermarketlərin bazarlara üstünlük təşkil etməsini təmin edir.
İnnovasiyalar supermarketlərdə çox sürətlə tətbiq edilir. Məsələn, müasir ödəmə sistemləri, mobil tətbiqlər və onlayn sifariş imkanları supermarketlərə getdikcə daha çox müştəri cəlb edir. Bazarlar isə bu texnoloji inkişafları tətbiq etməkdə çətinlik çəkir, çünki kiçik bazar subyektləri üçün müasir texnologiyalara investisiya qoymaq çox vaxt mümkün olmur.

Supermarketlərdə həmçinin smart kartlar və yüksək sürətli ödəmə sistemləri kimi xüsusiyyətlər də önə çıxır. Bu, müştərilərə ticarət prosesini çox daha sürətli və rahat hala gətirir.
Supermarketlərin bazarlara qarşı udması iqtisadi dəyişikliklərdən də qaynaqlanır. Son illərdə alıcılıq gücünün artması ilə bağlı bazarda sosial rifah səviyyəsinin yüksəlməsi supermarketlərə olan tələbi artırıb. Artan iqtisadi sabitlik, orta sinifin genişlənməsi və istehlakçının keyfiyyətə olan tələbatının artması supermarketlərin üstünlüyünü vurğulayan amillərdən biridir.
Ənənəvi bazarlarda qiymətlərin dəyişməsi və keyfiyyət məsələləri supermarketlərə nisbətən daha az şəffaf və qeyri-sabitdir. Supermarketlər isə müştərilərə stabil qiymətlər, həmçinin təzə və keyfiyyətli məhsullar təqdim edirlər.
Bazarlardan supermarketlərə keçiddən yerli istehsalçılar da faydalana bilir. Supermarketlər adətən, daha yüksək keyfiyyət tələbləri ilə tanınır və məhsullarını daha geniş istehlak bazarına təqdim edirlər. Bu, yerli fermerlər və istehsalçılar üçün daha yüksək gəlir gətirən əməkdaşlıq imkanları yaradır.
Bazarlar isə bu cür əməkdaşlıq şəbəkələrini yaratmaqda çətinlik çəkirlər, çünki bazarlarda məhsul tədarükü və logistika məsələləri bəzən çətin olur. Supermarketlər daha səmərəli distribütor şəbəkələri və logistika həlləri ilə daha geniş bazara çıxış imkanı yaradırlar.
2010–2024-cü illərdə ticarət sektoru nəzərəçarpacaq struktur dəyişikliklərə məruz qalıb. Ölkənin iqtisadi inkişafı, şəhərsalma siyasəti, vergi və hüquqi tənzimləmələr, eləcə də rəqəmsal texnologiyaların sürətli yayılması ilə əlaqədar ticarət obyektlərinin sayında ciddi dəyişikliklər müşahidə olunub.
2000-ci illərin əvvəlləri ilə müqayisədə Azərbaycanda əşya, ərzaq və qarışıq məhsullar yarmarkalarının və bazarların sayı 205-dən 124-ə düşüb.
Əvəzində mağazaların sayı artıb. 2010-cu ildə ölkədə 56 min mağaza olub, indi bu rəqəm 2,3 dəfə çox -131 mindir. Bu müddətdə mağazaların ticarət sahəsi 3.5 dəfə artaraq 9,3 milyon kvadtratmetrə çatıb.
Hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların sayı 2010-cu ildə 127 mindən 255 minə yüksəlib. Bu 2 dəfədən çox artım deməkdir. Sadələşdirilmiş vergi rejimi, elektron qeydiyyat sistemləri və onlayn satış imkanları fərdi sahibkarlığın artımına səbəb olub.
Fərdi sahibkarlar arasında e-ticarətlə məşğul olanların, sosial şəbəkələr üzərindən məhsul satanların və bazar seqmentinə uyğun məhsullar təqdim edənlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Son 15 ildə ən böyük zərbə köşklərə dəyib. Köşklərin sayı 2010-cu ildəki 5603-dən 2023-cü ildə 3314-ə düşüb. Bu təxminən 41% azalma deməkdir. Köşklərin azalması şəhər planlaması, ticarət obyektlərinə dair yeni standartların tətbiqi və sanitar qaydaların sərtləşdirilməsi ilə əlaqələndirilir.
2010-cu ildə ölkədə pərakəndə ticarətin cəmi 13,6 faizi müəssisələrin payına düşürdü, qalan 86,4 faizi fərdi sahibkarlar və bazarlarda gerçəkləşirdi. Hətta 2015-ci ildə müəssisələrin payı 11 faizə düşüb. Amma sonrakı illərdə market və suopermarketlərin payıə artmağa başlayıb. Son açıqlanan rəqəmlərə görə pərakəndə tücərətin 26 faizi müəssisələr tərəfindən, 74 faizi isə fərdi sahibkarlar və bazarlarda həyata keçirilir. Fərdi sahibkarlar və bazarlarda ildə təxminən 40 milyard manatlıq mal satılıb.
Son illərdə supermarketlərin üstünlüyü artsa da bazarlar tamamilə yox olmayacaq. Mütəxəssislər hesab edir ki, onların ayaqda qalması üçün yenilənməsi şərtdir. Bəzi ölkələrdə bazarlar və supermarketlər birləşərək hibrid ticarət məkanları yaradır. Azərbaycanda da bazarlar müasir infrastruktur və rəqəmsal ödəniş sistemləri ilə yenilənə bilər.


