Bank bağlanmamış problemlər aşkarlanacaq: Yeni sistem nəyi dəyişəcək?
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Mərkəzi Bank bank nəzarətində yeni mərhələyə başlayır. Rəqəmsal nəzarət sisteminin tətbiqi bankların fəaliyyətində yarana biləcək risklərin əvvəlcədən müəyyənləşdirilməsinə, mümkün problemlərə vaxtında müdaxilə edilməsinə və nəzarət mexanizmlərinin daha çevik qurulmasına imkan verəcək. Ənənəvi nəzarətdən fərqli olaraq, yeni yanaşma bankların yalnız əvvəlki fəaliyyət göstəricilərini deyil, gələcəkdə üzləşə biləcəkləri riskləri də qiymətləndirməyi nəzərdə tutur.
Bəs bu dəyişikliklər bankların fəaliyyətində nəyi dəyişəcək? Yeni sistem riskləri və şübhəli əməliyyatları vaxtında aşkarlaya, müştərilərin vəsaitlərinin təhlükəsizliyini daha etibarlı qoruya biləcəkmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsəov Qaynarinfo-ya açıqlamasında bildirib ki, rəqəmsal nəzarət sisteminin tətbiqi, əslində, bank nəzarəti fəlsəfəsinin dəyişməsi deməkdir.
Ekspertin sözlərinə görə, ənənəvi nəzarət bankların keçmiş fəaliyyət göstəricilərinə əsaslandığı halda, yeni sistem riskləri qabaqcadan müəyyənləşdirməyə imkan verəcək:
“Əgər indiki nəzarət keçmişə baxışdırsa, yeni nəzarət risk əsaslı gələcəyə baxışdır. Ənənəvi nəzarət bankın keçmiş göstəriciləri əsasında aparılır və gələcəkdə nə baş verəcəyini müəyyənləşdirmək mümkün olmur. Rəqəmsal nəzarət isə daimi və ani xarakter daşıyacaq. Bu sistem bankın hazırkı fəaliyyətinin gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyini müəyyən edəcək”.

Ə.Həsəov qeyd edib ki, yeni yanaşma bütün banklara eyni meyarlarla yanaşmaq əvəzinə, onların fərdi fəaliyyət xüsusiyyətlərinin və risklərinin nəzərə alınmasını nəzərdə tutur:
“Risk əsaslı nəzarət formal yanaşmadan uzaqlaşmaq, bütün banklara eyni gözlə baxmamaq deməkdir. Hər bir bankın konkret fəaliyyətindən fərqli risklər yaranır və Mərkəzi Bank həmin risklərə nəzarət edəcək.
Ənənəvi sistemdə Mərkəzi Bank müəyyən prudensial normalar tətbiq edir. Məsələn, kreditlərin həcmi, müəyyən göstəricilərin aşağı və ya yuxarı həddi ilə bağlı tələblər müəyyənləşdirilir və bunlar bütün banklara şamil olunur. Halbuki banklar arasında ciddi fərqlər var. Yeni yanaşmada həmin fərqlər də nəzərə alınacaq. Bu isə bütövlükdə bank sisteminə etimadın möhkəmlənməsinə xidmət edəcək”.
Ekspert bank sektorunda əsas risklərdən birinin verilən kreditlərin geri qaytarılmaması olduğunu vurğulayıb. Onun fikrincə, bu cür problemlərin vaxtında aşkarlanması həm bankların, həm də müştərilərin vəsaitlərinin qorunması baxımından əhəmiyyətlidir:
“Bankların əsas risklərindən biri verdikləri kreditlərin geri qayıtmamasıdır. Çünki kreditlər geri qaytarılmadıqda bankda olan əmanətlər də risk altına düşür. Xüsusilə sahibkarların vəsaitləri baxımından bu məsələ daha həssasdır. Çünki onların bankdakı pulları heç də həmişə sığorta təminatı altında olmur.
Yeni sistemdə daimi nəzarət həyata keçiriləcək, bankların fəaliyyətində hansı risklərin yarandığı müəyyənləşdiriləcək. Problem ortaya çıxarsa, vaxtında qərar qəbul etmək mümkün olacaq”.
Ə.Həsəovun sözlərinə görə, əvvəllər bəzi banklarda problemlər yalnız vəziyyət kritik həddə çatdıqdan sonra üzə çıxırdı. Nəticədə bankın fəaliyyətini dayandırmaqdan başqa çıxış yolu qalmırdı:
“Əvvəllər banklar necə bağlanırdı? Artıq iş-işdən keçmiş olurdu, bankda demək olar ki, heç nə qalmırdı və buna görə də onun fəaliyyətinə xitam verilirdi. Nəticədə insanların da pulları orada itə bilirdi. Yeni nəzarət mexanizmi ilə problemlər vaxtında üzə çıxarılacaq və onların qarşısının alınması üçün müvafiq qərarlar verilə biləcək”.
Ekspert əlavə edib ki, rəqəmsal nəzarət yalnız kredit risklərinin deyil, banklarda baş verə biləcək digər maliyyə pozuntularının da vaxtında aşkarlanmasına kömək edə bilər:
“Bu nəzarət, həmçinin banklarda pulun mənimsənilməsi, kartlarla bağlı fırıldaqçılıq halları və digər bu kimi problemlərin vaxtında aşkarlanmasına, onların qarşısının alınmasına kömək edəcək”.
Günay İlqarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















