Icma.az
close
up
RU
Barama qurdu Hekayə

Barama qurdu Hekayə

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Şahin Səmədovun "Barama qurdu" hekayəsini təqdim edir.

– Bilirəm, rahat keçməlidir. Həm də tələsmədən başa gəlməlidir. Bir az əlləşdikdən sonra daha maraqlı olur.
– Burada maraqlı nə var ki?
– Heç nə. Mənə ümumilikdə proses özü maraqlıdır.

Onlar görünməsələr də, səsləri aydın eşidilirdi. Qapının kandarından içəri boylandım. Ümumi görüntü ürəkaçan olmadı: tavanı aydın olmayan, torpaq döşəməli qaranlıq yerdə məndən bir az uzaqda iki nəfər görə bildim. Onların ancaq yaxın ətrafı nisbətən işıqlanırdı. Biri alətlə bərkitmə işi görürdü, digəri isə əlində fənər ona köməklik edirdi. İstirahət günü olmasına baxmayaraq, onlar işləyirdilər. Oradan aralandıqdan sonra dəhlizin divarındakı lövhə diqqətimi çəkdi. Lövhədə yekə qulaqları olan eybəcər adam şəkli asılmışdı. "Bu kimdir?" – deyə düşündüm.

– Siz əməyə onun qədər bağlı olan ikinci birini tanıya bilməzsiniz, ən yüksək nəticəni o əldə edib, – özünü sahibkar kimi təqdim edən şəxs təzim edirmiş kimi başını sinəsinə doğru əyərək əl uzatdı və gülümsəyərək dedi.
– Doğrusu, onun ancaq adını eşitmişdim, başqa məlumatım yoxdur. Bəlkə, onun əmək fəaliyyəti haqda qısa da olsa məlumat verəsiniz, – dedim.
– Sizi məlumatlandırmağı özümə borc bilirəm, bu mənim üçün böyük şərəfdir. Ancaq onun əməyə münasibəti və həyat tərzi daha maraqlıdır.
– Elə isə fərqi yoxdur, maraqlı hesab etdiyiniz məlumatları verə bilərsiniz.
– Gəlin gedək, – əli ilə istiqamət göstərərək dedi və maraqla danışmağa başladı:
– Əvvəllər başqalarından fərqlənmirdi, hətta iş saatlarının artırılmasına hər zaman etiraz edərdi, işçi hüquqlarının müdafiəsindən danışardı. Yalnız zaman keçdikcə əməyə qarşı yaranan hədsiz asılılığı onu dəyişməyə başladı. Son aylar gün ərzində on səkkiz, bəzən on doqquz saat işləyirdi. Mən onu buna məcbur etmirdim, özü belə istəyirdi. Sanki illərlə yığılıb qalmış enerjisini xərcləməyə məcbur idi. Dediyinə görə, hətta yuxuda olarkən oyaq vaxtı elədiklərinin təkrarını görürdü. Gündə iki dəfə ayaqüstə qidalanırdı, gecə elə işlədiyi yerdəcə yıxılıb yatırdı. Yuxuya gedənə kimi olan çox qısa müddətdə gün ərzində gördüyü iş gözləri önündə canlanırdı. İş fəaliyyətini əməyinin qarşılığı kimi ona verilən qidalardan daha vacib saymağa başlamışdı.
– Ətrafındakılara münasibəti necə idi? – dedim.
– Demək olar ki, tək qalmışdı. Axır vaxtlar danışmaq və dinləmək kimi vərdişləri yox olmaqda idi. Gördüyü işdən başqa heç bir marağı, istəyi qalmamışdı. Artıq məndən başqa onunla maraqlanan kimsə mövcud deyildi. Həm də səthi düşünürdü, dərinə gedə bilmirdi. Bütün düşüncələrinin mərkəzində hər gün gördüyü iş dururdu. Qida qəbul edərkən itirdiyi vaxtı nəzərə almasaq, fasiləsiz işləyirdi. Qeyd etdiyim kimi, qiymətli zamanının yalnız beş saatını yuxuda keçirirdi. İtirmədiyi yeganə keyfiyyəti sayılan işgüzarlığı robotların qibtə edəcəyi səviyyəyə qalxmışdı. Artıq yorğunluq hiss etmirdi, hər gün gördüyü işlə nəfəs alırdı və özünü işlədiyi məkanın sərhədlərindən kənarda təsəvvür edə bilmirdi.
Baxın, o burada işləyirdi, bütün dünyası elə bu yerdən ibarət idi, – göstərərək dedi.
– Artıq burada başqası işləyir. Hazırda həmin işçi icazə alıb, indilərdə gələcək, – deyə əlavə etdi.
– Bütün bunların həqiqət olduğuna inanmaq bir az çətindir, – dedim.
– Əvvəl mən də sizin kimi düşünürdüm, ancaq illərlə davam edən zəhmətkeş əməyilə o, məni buna inandırdı.
– Görünür, siz onun psixi vəziyyətilə az da olsa tanışsınız. Sizcə, o nədən qorxub ehtiyatlana bilərdi?
– Onu işindən ayıra biləcək hər hansı adi bir əyləncə haqda düşüncəyə dalmaqdan qorxurdu. Əyləncələr haqda yalnız müşahidəyə əsaslanan ümumi məlumatı vardı. Bəziləri artıq xatırlanmayaraq yaddaşında ötəri qalmış və silinməkdə olan uşaqlıq təcrübələrinə əsaslanırdı. Buna baxmayaraq, belə düşüncələrin beynində yarana biləcəyi fikri onu həyəcanlandırır və narahat edirdi.

Həmsöhbətimi dinləsəm də, özümdən ixtiyarsız gözümü onun göstərdiyi balaca yerə zilləmişdim. Çox cansıxıcı mənzərə idi. "Necə yəni, dünyası bu yerdən ibarət idi? Adam burada darıxmaqdan ölə bilər", – deyə düşündüm.

– Xarici görkəmində necə, hansısa başqa dəyişikliklər baş vermişdi? – dedim.
– Bəli. Davranış tərzi, hərəkətləri və baxışları başqalarınkı kimi deyildi. Hətta əzələləri fərqli inkişaf edərək bədən quruluşunu dəyişdirmişdi. Özünün psixi və fiziki dəyişmələrindən xəbərsiz idi. İş saatlarının artırılmasına baxmayaraq, qidalandığı ərzaqların miqdarının tədricən azalması isə onu qətiyyən narahat etmirdi.
– Bilmirsiniz, indi o haradadır?
– Əlbəttə, bilirəm. Həmin iş gününün sonunda onu görmək üçün yanına getdim. İlk dəfə qapının bağlı olduğunun şahidi olurdum. Qapını möhkəm döyüb bir müddət gözlədim. Təkrar döymək istədikdə qapı açıldı və mən içəri daxil oldum. Pəncərələrin də bağlı olduğunu müşahidə etdim. Kənardan gələn səsləri eşitməmək üçün pəncərələri bağladığını düşündüm. Ola bilərdi ki, səs-küy ona pis təsir edib və ya başqa səbəblər də istisna deyildi. Nə isə soruşmaq mənasız idi, bilirdim ki, cavab verən deyil. Ona tərəf yaxınlaşdım, mənə fərqli tərzdə baxdı və sonra yenidən işinə davam etdi. Sabahdan etibarən əməyinin qarşılığı kimi ona yalnız içməli su veriləcəyini dedim. Biz, sadəcə, onun üzərində təcrübə aparmaq qərarını almışdıq. Nəhayət, o, gözlənilmədən işini yarımçıq qoyaraq dayandı və mənə tərəf çevrildi. Elə bil onu dərin qış yuxusundan oyatmışdılar. Təəccüblə ətrafa baxırdı. Əvvəllər fərqində olmadığı həqiqət indi onu narahat edirdi. Bir anlıq özünü itirdi, çaşqınlıq içərisindəydi. Sonra mənə elə gəldi ki, qaçmaq istəyir. Hara gedəcəyini, nə edəcəyini bilməsə də, ancaq qaçmaq, uzaqlaşmaq niyyətindəydi. Bütün maneələri dəf edərək özünə, öz əvvəlki vəziyyətinə qayıtmaq istəyirdi. Biz üzbəüz dayanmışdıq və bütün bunları onun ağarmış simasından oxuyurdum. Çox qərarlı görünürdü. Ancaq birdən qəfil, gözlənilməyən dəyişiklik baş verdi. Heç vaxt bu qədər kəskin keçid görməmişdim. İşıqla qaranlığın sərt keçidi və ya yerlə göyün, sevgiylə nifrətin qəfil yerdəyişməsi... Sanki qəfil, gözlənilməyən və arzulanmayan çevrilmə baş verdi. Həmin an birdən-birə hər şey dəyişdi: onun başı gicəlləndi, gözlənilmədən elə buradaca qarşımda yıxılaraq yerə sərələndi və öldü. Bəli, çox təəssüf ki, bu baş verdi.

Sahibkar sözünü qurtardıqdan sonra maraqla mənim nə deyəcəyimi gözlədi. Bədbəxt işçinin taleyi məni dərindən kədərləndirmişdi. Ancaq bunu büruzə verməməyə çalışdım. "Əlbəttə, o, ölümü ilə özü də bilmədən əsiri olduğu əməyin cansıxıcı köləliyindən qurtula bilib", – deyə düşündüm.

– Bəs sonra nə etdiniz, necə oldu? – deyə soruşdum, həqiqətən də, deməyə başqa sözüm qalmamışdı.
– Yaxşı oldu, hər şey öz qaydasına düşdü. Bir müddət sonra onun yarımçıq qoyduğu işi başqası müvəffəqiyyətlə tamamladı, – dedi.

"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan sitatlar "Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə ​"Nobel mükafatı iddiasında olmayan gənc yazıçı yoxdur" - "Gənclərin roman müsabiqəsi - 3" dən reportaj
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 İyul 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri