Icma.az
close
up
RU
Ətirgül Hekayə

Ətirgül Hekayə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Holiyor Safarov 1983-cü ilin 21 fevralında Qashqadaryo vilayətinin Çiroqchi rayonu, Ayrıtom kəndində anadan olmuşdur. 2005-ci ildə Səmərqənd Dövlət Universitetinin özbək filologiyası fakültəsini bitirmişdir. 2003-2008-ci illərdə "Erudit" qəzetində redaktor, 2008-2019-cu illərdə "Bekajon" qəzetində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Əsərləri Özbəkistanın nüfuzlu ədəbi nəşrlərində, həmçinin Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna və Qırğızıstanda dərc edilmişdir. "Ay batmayan gecələr" (2010), "Qanadsız quşlar" (2015), "Namus və həyat" (2019), "Anamın yalanları" (2024) adlı kitabları çap olunmuşdur. Hal-hazırda "Özbəkistan Tarixi" televiziya kanalının "Sənədli filmlər" redaksiyasının baş redaktorudur. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

Holiyor Safarov

Malik kişi qorxub oyandı. Başını qaldırıb, yanında hələ də yuxuda olan oğluna baxdı. Oğul dünyanı unutmuş, həyatın dadını çıxarırdı. O, oğlunun ayağı ilə üstündən atdığı yorğanı çiyninə çəkdi, dərindən nəfəs dərdi. Gözlərini ovuşdurub, pəncərəyə baxdı. Hələ qaranlıq idi. Maşınların gurultusu eşidilirdi, amma küçə sakitdi, deməli, hələ səhərə qalırdı. Bu dəfə gözlərini qapıya dikdi, ustubca yan otağı dinşədi. Hər şey sükut içindəydi. Orada həyat yoldaşı, başındakı şiş  səbəbindən xəstəxanaya düşəndən sonra, onun iki qızı ilə birgə yatırdı.

Bacısı Sərvigül bir həftə olardı məktəbə getmirdi; qardaşına əl yetirib yemək və təmizlik işləri ilə məşğul olurdu. Şükürlər olsun ki, belə vaxtlarda onu tək buraxmırdılar.

Sübh açılsaydı - üçüncü gün olacaqdı: arvadı Fəridə reanimasiyadadır. Hələ də özünə gəlməyib.

"Ay Allah, - Malik kişi gözlərini tavana zillədi. - nə işdi bu, iki gündür ayılmır!.."

O, qüssəli düşüncələrin min bir küçəsini dolanıb döndü. Gözləri önündə qanad-qanad sağlam böyüyən övladları canlandı - və birdən tir-tir əsdi. Alt dodağını dişlədi, bir an donub qaldı. Başının altında çarpazlanmış əllərinin uyuşduğunu hiss edincə yavaşca yanı üstə çevrildi. Sanki dediklərini eşidəcəkmiş kimi mışıl-mışıl yatan oğluna pıçıltıyla səsləndi:

- Oğlum, anan mütləq gələcək...

Sonra durub pəncərəni açdı. Həmişə belə edir: səhər duranda ilk işi pəncərəni açmaq olur. Bu vərdişi ona dəfələrlə baha başa gəlib - uşaqları soyuq alıb. Amma o, adətindən dönmür. Evə təmiz hava və həyat nəfəsi girir, deyə düşünür. Bundan həzz alır, ruhən qidalanır. Ancaq bu gün bunu hissiz-hərəkətsiz etdi. Elə-belə, xalaxətrin qalmasın açdı və oğlunun sərin mehə bürünüb üşüyərək yan çevrildiyini, yorğanı başına çəkdiyini görüb tez pəncərəni örtdü.

"Soyuyub xəstələnməsin. Elə bu çatmırmış..."

Hamamda əl-üzünü yuyarkən aynaya baxdı: parlaq gözləri solub, çöhrəsi avazıyıb. Güclü bədəninə yaraşan çiyinləri çöküb. Baxışlarında nəsə itib, gözləri dərin hüznlə doludur. Saqqalı da uzanıb. Üzünü qırxmağa hövsələsi çatmadı, görünür. Tələsik əl-üzunə su vurdu, dəsmalla qurulanıb çıxdı və uşaqları oyatdı. Tələm-tələsik yüngülvari  səhər yeməyi yedizdirdi uşaqlara. Sonra üst-başlarını dəyişdirib, qızlarını məktəbə, oğlunu bağçaya hazırladı və Sərvigilə tapşırdı ki, günorta uşaqlara yemək bişirsin.

- Kartof qızartsam, olarmı? - çiynini sıxıb utanaraq soruşdu bacısı. - Başqa yemək bişirməyi bilmirəm.

- Olar. Təki uşaqlar ac qalmasınlar. Axşama yumurta gətirəcəm.

Malik kişi qızlarını məktəb yoluna qədər ötürdü və dərsdən sonra birbaşa evə dönmələrini tapşırdı. Qızlar "Oldu!" deyirmiş kimi başlarını yellədilər, amma atasının artıq geri dönmək istədiyi anda böyük qız soruşdu:

- Ata, anam nə vaxt gələcək?

- Gələcək. Siz dərslərinizə fikir verin, ananız tezliklə sağalıb evimizə dönəcək.

- Tez gəlsin... Anamı üçün çox darıxmışam... - deyən balaca qız atasına baxa-baxa qəfil ağladı.

Qızının muncuq kimi gözlərindən süzülən yaş damcıları atanın bağrını dağladı.

- Ağlama, qızım... Anan gələcək. Anan sappasağ olub gələcək,  deyə qızının göz yaşlarını yaylıqla sildi. Sonra onun yanağından öpdü.

- Sən məktəbinə get, mən də ananı götürüb gələcəm.

Malik kişi əl-ələ tutaraq məktəb həyətinə doğru gedən qızlarının arxasınca baxdı. Sonra küçədəki dükandan oğluna "çipsi" alıb, onu uşaq bağçasının müəlliməsinə çatdırdı. Bağçayacan anası yadına düşməyən uşaq tərbiyəçinin ixtiyarına keçən dəqiqə ağlamağa başladı.

- Ata, mən də anamın yanına getmək istəyirəm!

- Əgər ağlamasan, anan özü gələcək. Mən ananı gətirməyə gedirəm axı, - deyə oğlunun saçlarını sığalladı. Sonra: - Bir də belə etsən, sənə "çipsi" almaram, - dedi.

- Yox-yox, Odilcan ağıllı uşaqdır. Ağlamayacaq, - deyə tərbiyəçi onu ovundurdu və içəri apardı.

Malik kişi tələsik avtobus dayanacağına sarı addımladı. Dayanacaqda bir gəncin gül buketi ilə kimisə gözlədiyini gördüyü an, yoldaşının ətirgülü necə sevdiyi xatirladı.

"Yaxşı olar mən də ona bir dəstə gül aparım. Görən kimi sevinəcək. Bəlkə də özünə gəlib daha. Əgər ayılıbsa, lap yaxşı, gülləri ona öz əlimlə verərəm".

Malik kişi belə də elədi. Əlində bir topa gül reanimasiya şöbəsinə gələndə, həkim bir cümlə ilə onun bütün sevincini və ümidini alt-üst etdi.

- Hələ də ayılmayıb!

Ağ xalatlı, qarınlı həkimin bu xəbəri elə adi, soyuq səslə deməsi Malik kişinin nitqini qurudub, bədənini titrətdi. Elə bil başına kərpic çıpdılar. Taqətsiz halda qapıya söykəndi və ümidlərini yerlə bir edən həkimin yastı sifətinə baxdı. Belə soyuq xəbəri bir azacıq insafla deməyən həkimin dilini çəkib qoparmaq istədi, təbii ki, hirsini boğdu. Axı indi Fəridənin taleyi onların əlindədir! Onlar qadını ölümün pəncəsindən çıxarmışdılar.

- H-hələ də?.. Niyə özünə gəlmir?.. - Malik kişi sualı-suala caladı.

- Əməliyyat ağır keçdi. Narahat olmayın, kişi, ayılacaq.

- Axı bu gün üçüncü gündür?!

- Biz əlimizdən gələni etdik. İndi hər şey Allahdan asılıdır . Gözləməkdən başqa çarə yoxdur. Hələ ki, dözür. Baş beyin əməliyyatıdır, təsəvvür edirsinizmi bu nə deməkdir?

Həkimin sözləri ona "şükür edin ki, əməliyyatdan sağ çıxıb" kimi gəldi və daha da pərişan oldu.

- Nə, bu... - danışa bilmədi Malik kişi. - Ayılacaqmı?

- Ayılacaq! - həkim inamla dedi.

- Elə deyin də, kişi, - deyə Malik açıq-aşkar uşaq kimi sevindi, dərindən nəfəs aldı. - İçəri girmək olar?

- Olmaz.

- İcazə verin, tez çıxaram, - nəfəsi içində qaldı. - Bir üzünə baxım...

Həkim başı ilə "Yaxşı, girin" dedi. - Amma tez çıxın.

Malik kişi palataya girən kimi hər günkündən daha çox həyəcanlandı. Arvadının üzünə ümid dolu nəzərlə baxdıqca, ürəyi qəfəsdəki quş kimi çırpındı.

- Fəridə? - dedi və çarpayının böyründəki stula çökdü. Arvadını başdan-ayağa süzdü. Onun solğun bənizi Malik kişini heydən-haldan saldı. O, sanki səhər yuxusu alırmış kimi sakit və məsum uzanmışdı. Yumulmuş gözlərinə, çökən yanaqlarına baxdı. Sonra əli ilə arvadının sümüyə çevrilmiş biləyini astaca tutdu, qadının üzünə baxdı. Baxdı və anladı ki, yarpaq kimi saralmış, təravəti qeyb olmuş sima, quru torpaq kimi çatlayıb qabıq bağlamış dodaqlar, gözlərinin ətrafındakı bənövşəyi kölgələr həyat çırağının sönməkdə olduğuna işarədir.

- Belə eləmə! - kişi titrədi. - Axı, uşaqlarımız... var... Heç vaxt belə eləmə, ana...

İçini dağlayan dərdi məşəqqətlə boğub, astaca qalxdı, arvadının solğun üzündən yüngülcə öpdü. Sonra yenə stula çökdü və pıçıltı ilə dedi:

- Fəridə, bircə gözlərini açsana...

Qadın elə bil ərindən bərk incimiş, fanidən üz döndərmiş kimi lal və bihuş uzanmışdı; nə göz açmasını həsrətlə gözləyən ərinin sözlərini eşidir, nə də mehriban və isti əllərin biləyindən yapışdığını hiss edirdi.

- Fəridə? - deyə ər arvadının hüznlü sifətinə baxaraq danışmağa başladı.

- Deyəsən, qəsdən gözlərini açmırsan, hə? Bunu sənə necə yaraşdırım? Axı sənin gözlərin gülmək üçün yaranıb, sənə gülüş yaraşır. Tap görüm sənə nə gətirmişəm? - o, bayaqdan əlində tutduğu gül dəstəsini arvadına sarı uzatdı.

- Sənin üçün almışam. Eşidirsənmi, ana?..

Cavabsız qalan suallar Malik kişinin boğazında ilişib düyün çaldı.

- Evdə uşaqlar səni gözləyirlər... - dedi və ağlamağa başladı. Sonra burnunu çəkdi. - Beləcə yatma, bir fikirləş! - guya incik halda əlini arvadının biləyindən çəkdi, gül dəstəsini çarpayının yanındakı tumbanın üstünə qoyub əsəbi halda otaq boyu gəzişdi.

Gözləri önündə səhər-axşam analarını soruşan, səs-küy salan, baxışları sinəsinə ox kimi sancılıb qəlbini parçalayan uşaqları canlandı. Onların baxışları, atasından bir təsəlli, bir şəfa gözləyib ala bilməmələri, küsüb evin künc-bucaqlarında dodaqlarını büzüb oturmaları, bəzən onun əsəbləri pozulanda qulaqlarını dartmasından sonra, "Sən pis adamsan! Anamız yaxşıdır!" deyə üzünə durmalarını düşündü.

Yenidən çarpayının yanına gəlib stulda oturdu və yenə arvadının hissiz əlini titrəyən, qaynar ovucuna aldı. Biləyinin damarlarına toxunub nəbz axtardı, lakin heç nə anlamadı. Gözlərini bir nöqtəyə - qadının üzünə zillədi və içini dərd çığnadı. Elə o anda qəlblər dilə gəldi, nicat gözləyən və heyrətini itirmiş baxışlar danışmağa başladı...

"Anası..."

"Gəldinizmi?.."

"Hə. Hər gün burdayam. Nə işdə, nə evdə rahatlıq var".

"Uşaqlar yaxşıdılar?"

"Yaxşıdılar, amma səni soruşurlar. Mən hər səhər evdən, bu gün ananızı gətirəcəyəm, deyərək onları da, özümü də ümidlə yola salıram".

"Balacamız yaxşıdır?"

"Anası, bir az da özünü düşün! Mənim yox, uşaqların xatirinə gözlərini aç! Bircə baxışını görmək istəyirəm..."

"Gözlərimdən ötrü darıxmısan?.."

"Ehhh!.. Mən səni ilk dəfə görməyə gələn cavan oğlanam? Zarafat edirsən? Toxun aclıqdan nə xəbəri ola..."

"O saat əsəbiləşirsən... Yaxşı, danışmıram".

"Məndən incimisan? Hə?"

"Sən yaxşı adam olsaydın, mən belə uzanmazdım".

"Hə? Soyuq su içib xəstələnmisən, indi günahkar mən oldum?"

"Güldürmə məni, bədənim uçunur".

"Qoy uçunsun, amma gözlərini aç, ayağa qalx. Axı sən güclüsən!"

"Halım yoxdur..."

"Alınar, çalış. Yadındadırmı, böyüyümüzə hamilə olanda "ay Allah, necə doğacağam?"-  deyirdin. Amma doğdun ki! Həm də elə bəyəndin, iki payı da "sifariş" verdin".

"Ayıb olsun, utanmırsan..."

"Qalx ayağa onda!"

Bu vaxt qapı açıldı, həkim içəri girdi.

- Bəsdir, çıxın.

- Qardaş, bir az da qalım, - deyə yalvaran səslə xahiş etdi ər. - Baxın, hələ də özünə gəlməyib axı...

- Çıxın, çıxın.

- Qardaş...

- Özünə gəlsin, sonra gəlib istədiyin qədər danışarsan.

- Özünə gələcək, deyilmi?..

- Gələcək...

Malik kişi dərindən ah çəkərək qapıya sarı yönəldi, amma qəlbinin bir parçası otaqda qaldı. Çölə çıxıb, dayaqsız skamyaya əyləşdi və elə bil ki, az sonra o kök, yumru sifətli həkim pəncərədən boylanıb "A kişi, adınız nə idi? Gəlin ayılıb!" deyəcəkmiş kimi, ağ pərdələr arxasından görünən pəncərədən gözlərini çəkmədi. Təxminən yarım saat bu sayaq oturdu, sonra saatına baxdı - günorta yaxınlaşırdı. İşə də getməli idi, amma üç gündür bihuş yatan uşaqlarının anasını necə qoyub getsin? Məcbur, sanki boynuna boyunduruq salınmış kimi, işə tərəf yollandı.

Müdir sanki gözləyirmiş kimi, onu dərhal otağına çağırdı, kobud şəkildə danlamağa başladı.

- Əgər ayrı işiniz çoxdursa, gedin onun dalınca bura karvansara deyil, istədiyiniz vaxt gəlib, istədiyiniz vaxt gedirsiniz? Saat neçədir?

O, cavab vermək əvəzinə udqundu.

- Əgər işləmək xoşunuza gəlmirsə, buyurun, bir parça kağız, bir qotur qələm hər yerdə tapılar.

- Bağışlayın, - başını aşağı saldı. - Gəlin xəstəxanadadır.

- Mən sizə bir də deyirəm, evdəki zir-zibili işə qatmayın!

- Əslində çıxmaq istəyirdim, imkan olmadı. Bir-iki gün icazə verin, o, reanimasiyadadır. Evə aparmaq istəyirəm...

- Nə?! - müdirin rəngi dəyişdi, sanki indiyə qədər nə dediyini eşitməmişdi.

- Bunu vaxtında gəlib deyə bilməzdin? Nə olub axı?

- Beyin əməliyyatı keçirdi, -Malik kişi ağrıyla danışdı.

- Uf... - müdir dərindən nəfəs aldı. - Heç yaxşı iş olmayıb. İndi vəziyyəti necədir?

- Yaxşıdır... - dedi Malik kişi titrəyərək, - amma artıq üç gündür ki, komadan ayılmır.

- Çox üzmə özünü, inşallah, yaxşı olar.

- Allah ağzınızdan eşitsin... - deyə Malik kişi elə cavab verdi ki, sanki müdirin belə deməsiylə arvadı  sağalacaq.

- Yaxşı, gedin. Gəlini evə aparın, uşaqların yanına qoyun. Sonra işə gələrsiniz.

- Təşəkkür edirəm.

- Kişi, - müdir arxasınca səsləndi, - mühasibatlığa gedin, indi zəng vuraram, maaşınızı əvvəlcədən verərlər.

- Təşəkkür edirəm, çox sağ olun... - deyə Malik kişi rahatladı. Müdirə minnətdarlıqla nəzər salıb çıxdı, maaşını alıb xəstəxanaya yollandı.

Qapıda yenə bayaqkı həkimlə qarşılaşdı. Onun "İçəri keçməyin, vəziyyəti yaxşıdır, amma hələ də ayılmayıb" deməsi Malik kişinin ümidini bir az da azaltdı. İçəridən, pəncərələrdən nicat gözləyənlərin arasına o da qarışdı. Bütün vücudu qulağa dönmüşdü, birinci mərtəbədəki pəncərəyə baxırdı. Həkimlərin dalınca qaçdığı, icazəsiz içəri keçə bilməyib, qapının ağzında növbətçi tibb bacısına yalvaran xəstə yaxınlarına, pəncərələrdən ümidlə həyata baxan dərdli insanlara göz gəzdirdi. Ürəyindən bir şey qopdu, içində nə isə qırıldı. Elə bu anda yan-yörəsində Yaradandan möcüzə gözləyənlərin arasından sıyrılıb, sədəqə istəyən çirkli paltarlı qaraçı uşaq ona yaxınlaşdı.

- Al, götür! - deyə Malik kişi onun əlinə pul basdı. Uşaq pulu alıb, bəribaşdan üz-gözünə dua çəkirmiş kimi etdi, sonra qarşıda oturmuş, beli bükülmüş bir nənənin qarşısına keçdi və ufaq əllərini ona tərəf uzatdı.

Bu vaxt pəncərədən bir həkim göründü. Malik kişi "Mənəmmi?" deyə ayağa qalxmaq istədi, amma başqa bir soyad səsləndi.

- Uf-f... - deyib oturdu. - Yəni bu gün də ayılmayacaq?

Malik kişi xeyli vaxt səbirsiz oturdu. Günorta oldu. Nahara görə xəstəxananın yaxınındakı yeməkxanaya getdi. İştahı yox idi, iki ədəd samsa yeyib və iki piyala çay içdi. Sonra geri qayıtdı.

İkindi vaxtı arvadına baş çəkdi. Yenə eyni vəziyyət: Fəridə hələ də bihuş yatırdı. Tibb bacıları vaxtaşırı içəri girir, vəziyyəti yoxlayır, bəlkə könül almaq üçün, bəlkə də doğrudan, xəstənin durumunun yaxşı olduğunu deyib çıxırdılar.

O, həyat yoldaşının yanında yarım saat oturdu, lakin bir anda yadına düşdü ki, balaca uşağı bağçadan götürməlidir - sanki kimsə onu qulağından yapışıb xəstəxananın həyətindən araladı.

Axşam uşaqların başını tovlayıb yatızdırdıqdan sonra gecə yarıyacan oyaq qaldı, yata bilmədi. Elə bil göz qapaqlarına kibrit çöpü sürtmüşdülər. Bununla belə, Fəridənin solğun sifəti gözlərinin önündən çəkilmirdi.

"Gəldinmi? - dedi, - çox yaxşı eləmisən. Onsuz da səni gözləyirdim. Bax, sənin yerində kim yatır. Odilcan. Yatmamışdan qabaq səni soruşub çox kükrədi. Söz verdim, sabah gətirəcəm. Qızlar da sənsiz çox darıxıblar. Onları gətirmək istədim, amma həkimlər icazə vermədi. Ən yaxşısı, sən özün gəl. Fəridə, sabah yenə gələcəm. Bir dəstə qırmızı qızılgül də alacam. Axı sən gül iyini çox sevirsən. Xatırlayırsan, böyük qızımıza hamilə olduğun vaxtda məni rahat buraxmamışdın, qızılgül gətirmişdim axı. O gülləri divanə kimi üzünə basıb qoxulamağın, gözlərini yumub dərin nəfəs almağın, "Ah, bu nə gözəl iy idi belə!" - dediyin gün necə də ürəkdən gülmüşdüm. "Sən demə, belə də olurmuş" - demişdim. Amma o qızılgül ətri o gün bizə və ailəmizə sevinci, xoşbəxtliyi gətirmişdi. Sabah da gətirəcəm. Ən gözəlindən, ən ətirlisindən..."

- Ayyaah! - Odilcanın ağlayaraq oyanması atanın düşüncələrini dağıtdı. Çevrilib oğlunu yanına aldı, yavaşca çiyninə vuraraq yatızdırdı. Sonra özü də yorğun gözlərini yumdu.

Səhəri Malik kişi hər zamankından daha erkən oyandı. Pəncərəni açıb çölə baxdı - hələ zülmət idi. Gedib əl-üzünü yudu, sonra dəsmal ilə qurulana-qurulana yenidən pəncərə kənarına oturdu və qaranlığın dərinliyinə göz dikərək günəşin çıxmasını gözlədi.

"- Fəridə, - dedi, o qaranlıqda həm də arvadının baxışları işarırdı, - Bu vaxta qədər sənə qarşı diqqətsiz olmuşam, deyəsən... Bağışla məni! Uşaqların xatirinə, məni bağışla... İnsan bu qədər biganə olarmı? Ay Allah! Əgər ayılmasan, nə olacaq, təsəvvür elə... Doğrusu, qorxuram..."

Malik kişinin gözləri doldu. Yanaqlarından süzülən yaşları çiynindəki dəsmalla sildi, sonra dərin nəfəs aldı. Uşaqlar oyandıqda göz yaşlarını görməsinlər deyə yenidən hamama getdi. Üzünü yuyub güzgüyə baxdı:

- Ey Uca Yaradan, Səndən qüdrətlisi yoxdur. Mərhəmətini bizdən əsirgəmə...

Nəhayət, dan yeri söküldü.

Malik kişi qızlarını məktəbə, oğlunu bağçaya yola saldıqdan sonra düz güllər dükanına getdi. Bir dəstə al qırmızı qızılgül aldı və xəstəxanaya yollandı. Bu dəfə reanimasiya şöbəsinin qapısında onu dünənki kök, yumru üzlü həkim yox, daha qısa boylu, öyrənmək və təcrübə toplamaqdan saç-saqalı seyrəlmiş, başında günəş parıltısı dolaşan bir həkim qarşıladı. O, dünənki təşvişi və narahatlığı bir az yumşaldaraq dedi:

- Hələ ayılmayıb. Gözləyirik.

- Axı bu gün dördüncü gündür? - dedi Malik kişi, həkimin yuxusuzluqdan qızarmış gözlərinə ümidsizcə baxaraq dilləndi:

- Narahat olmayın, qardaş. Vəziyyəti yaxşıdır. Bax, mən deyirəm, mütləq ayılacaq.

- Təki dediyiniz düz çıxsın, Allah sizdən razı olsun, - ümidləndi. Sonra xahiş etdi:

- Xahiş edirəm, bircə dəqiqəlik baxım ona.

- Yaxşı, amma tez çıxın.

Malik kişi palataya daxil olub, dünənki kimi hələ də huşsuz və hissiz uzanan Fəridənin üzündən öpdü, salam verdi. Sonra gül dəstəsini onun yanında tumbaya qoydu:

- Qızılgül ətri burnuna dəysin...

Kresloda əyləşdi və arvadının əlindən tutaraq möcüzə gözləyirmiş kimi susdu.

- Mən gəldim... - dedi nəhayət. Sonra onun yumulu gözlərinə, solğun üzünə baxdı. Baxışları bir nöqtəyə mıxlanmış kimi dondu. Gözləri sulandı, kirpikləri bir-birinə yapışdı.

Nə qədər belə dayandığını bilmədi. Bir anlıq əllərinin arasında bir titrəmə hiss etdi və dərhal arvadının gözlərinə zilləndi. Heç bir əlamət yox idi. Ümidsizcə başını aşağı saldı. Sonra yenidən əllərinin arasındakı əldən bir titrəmə keçdi. O, ümidlə həmin əllərə baxdı. Bir azdan barmaqlar tək-tək tərpənməyə başladı.

- Şükür Allaha! - deyə çiynindən dağ götürülmüş kimi dərindən nəfəs aldı Malik kişi. Sonra arvadının üzünə baxdı. Əvvəlcə kirpiklərə can gəldi. Sonra solğun göz qapaqları titrədi və o, gözlərini açdı!

- Fəridə! Canım! - Bu qəlbin ən dərin guşəsindən gələn səs idi.

Qurumuş dodaqlar tərpəndi. Bədən canlandı. Xəstə gözlərini açıb əvvəl tavana, sonra da "haradayam mən?" deyirmiş kimi ətrafa baxdı.

- Fəridə?!

Qadın qızılgülləri gördü, zəifcə gülümsədi. Lakin bədənində ağrı hiss edən kimi yenidən gözlərini yumdu.

- Canım?! - deyə Malik kişi yerindən dikəldi. - Nə oldu?

Bir az keçmiş, qadın yenidən gözlərini açdı və baxışları əriylə toqquşan anda sanki uşaqları anasız qoymağından utanaraq üzünü gizlətdi, yenidən gözlərini yumdu. İki damla yaş yanağından yuvarlanaraq boynuna süzüldü. Malik kişi dəsmalını çıxarıb arvadının üzünü sildi.

- Canım, yaxşısan?

Xəstə "hə, yaxşıyam" demək istəyirmiş kimi sarğılı başını bir az tərpətdi. Onun ilk sözü bu oldu:

- Uşaqlar haradadır?

- Onlar yaxşıdır. Sənin evə dönməyini gözləyirlər...

Görünür, Fəridənin bu qədər çoxlu sözü tam dərk eləməyə gücü çatmadı heç nə eşitmirmiş kimi ərinə baxdı. Sonra gücsüz əllərini qızılgüllərə tərəf uzatdı. Ətrini duyunca gülləri üzünə sıxıb qoxuladı, dərin-dərin nəfəs aldı.

- Qoxula, qoxula! - dedi Malik kişi, - Sənə güllər yaraşır. Allaha şükür, Fəridə, məni də, balalarımızı da xilas elədin!..

Özbək dilindən Azərbaycan dilinə Vaqif Bəhmənli uyğunlaşdırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see127

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see127

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see126

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see122

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see121

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see119

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see119

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see117

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see116

Sel körpünü dağıtdı

02 May 2025 03:01see115

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see114

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see113

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see111

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see110

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see110

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see110

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see110

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri