Başımıza “baş”dan gələn bəla
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son zamanlar vaxtsız ölüm hallarında insult infarktı üstələyir
İnsult dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biridir. Elə bu məqsədlə hər il oktyabrın 29-u beynəlxalq səviyyədə Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün tarixçəsi 2004-cü ildən – Ümumdünya Səhiyyə Təşkilatının insultu qlobal epidemiya elan etdiyi dövrdən başlayır.
Bundan 2 il sonra isə İnsultla Mübarizə üzrə Ümumdünya Təşkilatı yaradılıb. Hazırda dünyanın 90 ölkəsindən 3,5 mindən çox üzvü birləşdirən qurumun əsas missiyası əhalini bu təhlükə barədə maarifləndirmək, vaxtında müdaxilənin vacibliyini və sağlam həyat tərzinin əhəmiyyətini cəmiyyətə çatdırmaqdır.
Dünya üzrə statistikaya nəzər salsaq, hər il, təxminən, 12 milyon insan insult keçirir. Tədqiqatlar göstərir ki, 25 yaşdan yuxarı hər 4 nəfərdən biri bu xəstəliklə üzləşir. Nəticədə, hər il milyonlarla insan insult səbəbindən həyatını itirir və ya əlilliklə üzləşir. Hazırda dünyada insult keçirmiş 100 milyondan çox insan yaşayır. Ən narahatedici məqam isə odur ki, bu bəla ilə artıq təkcə yaşlılar deyil, gənclər də qarşılaşırlar.
Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Rəsmi məlumat göstərir ki, son 5 ildə insult və infarkt səbəbindən 55 minə yaxın (54 973) insan həyatını itirib. Bu ölümlərin 33 min 510-u insultun payına düşür.
İllər üzrə rəqəmlərə nəzər saldıqda görərik ki, 2021-ci ildə insultdan 7 min 803 ölüm qeydə alındığı halda, növbəti illərdə bu göstərici, təxminən, 6,3 – 6,4 min nəfər aralığında dəyişib. Belə ki, 2022-ci ildə 6 min 362, 2023-cü ildə 6 min 447, 2024-cü ildə 6 min 429, 2025-ci ildə isə 6 min 469 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Beləliklə, 2025-ci ildə insultdan ölüm sayı 2021-ci illə müqayisədə 1 334 nəfər və ya 17,1 faiz az olub. Bununla belə, 2025-ci ildə göstərici əvvəlki illə müqayisədə 40 nəfər artıb.
Mütəxəssislər bildirirlər ki, insult beyin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması, yaxud tutulmasıdır. Ağır gedişli bu xəstəlikdən sonra baş-beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. Adətən, bu bəladan əziyyət çəkənlərin üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə, xəstəliyin qarşısını almaq mümkündür. Əsas şərt səhhəti pisləşən şəxsə ilk 3-4 saatda tibbi yardım olunmasıdır.
Xəstəliyin əlamətləri sırasına anlaşılmaz nitq, gülərkən ağız künclərinin aşağı əyilməsi, koordinasiyanın pozulması və ətraflardan birində qəfil zəifliyin yaranması daxildir. Bu əlamətlər dərhal təcili yardım çağırmaq üçün kifayətdir. Xəstəlik riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün, sadəcə, yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. Yüksək təzyiq, xolesterin göstəricisinin artması və artıq çəki insultun yaranmasında başlıca rol oynayan 3 əsas amildir.
Mütəxəssislərin qənaətinə görə, insulta qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir və bu risk 55 yaşdan yuxarı olanlarda 2 dəfə artır. Lakin sağlamlığına həssas yanaşan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda bu xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək fiziki dözümlülüyü artırmaqla yanaşı, insult riskini əhəmiyyətli dərəcədə azaldır.
Ölkəmizdə insultun fəsadları ilə mübarizədə, xəstəliyin vaxtında diaqnostikası, müalicəsi və reabilitasiyası mərhələsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təmin etdiyi xidmətlər vətəndaşların sağlamlığının qorunmasında həlledici rol oynayır. Tibbi yardımın operativliyi və göstərilən dəstək insultdan əziyyət çəkən insanların xilas olunmasına imkan verir. Vaxtında təqdim edilən keyfiyyətli sığorta imkanları bərpa prosesini sürətləndirərək əlillik riskini minimuma endirməyə xidmət edir.
Bu istiqamətdə təqdim edilən imkanlar və göstərilən xidmətlər barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov XQ-yə açıqlamasında qeyd etdi ki, insult şübhəsi olan şəxslərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır:
– Bu paketə ixtisaslı həkim müayinəsi, baş beynin KT və MRT-si, angioqrafiya, EKQ kimi ürək müayinələri, eləcə də zəruri laborator analizlər daxildir. Tibbi göstəriş olduğu halda, müalicə stasionar şəraitdə davam etdirilir. Sadalanan bütün xidmətlər müvafiq dövlət tibb müəssisələrində icbari tibbi sığorta hesabına və həkim təyinatı ilə pulsuz göstərilir.
Qeyd edək ki, stasionar müalicədən sonrakı bərpa və fizioterapiya mərhələsi də sığorta təminatına daxildir. Bu proses pasiyent xəstəxanadan evə buraxıldıqdan dərhal sonra başlamalıdır. Müdaxilə nə qədər erkən olunarsa, xəstənin sağlam həyatına qayıtmaq şansı bir o qədər yüksəlir. İnsult nəticəsində bədənin müəyyən hissələrində hərəkət zəifliyi yaranırsa, fizioterapiya vacibdir. Fizioterapiya hərəkətlərin bərpasına, balansın yaxşılaşmasına və zəif əzələlərin güclənməsinə kömək edir.
Eyni zamanda, xəstəlikdən sonra yaranan nitq qüsurlarını aradan qaldırmaq üçün defektoloq-terapevtlər, yaddaş və təfəkkür pozuntularının dəf edilməsi üçün isə peşəkar reabilitasiya mütəxəssisləri cəlb olunur.
Sonda xatırladaq ki, başımıza “başdan gələn” bəladan qorunmağın çarəsi sağlam həyat tərzi sürmək, vaxtaşırı həkim müayinəsindən keçməkdir.
E.HƏSƏNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















