Başkeçiddən başlanan yol Professor Bədirxan Əhmədlinin 70 illiyinə
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə elmlər doktoru, professor
Şəxsiyyəti, istedadı və elmi fəaliyyəti ilə ictimaiyyətdə böyük hörmət və nüfuz qazanmış hər bir alimlə təkcə öz ailəsi, şəcərəsi deyil, bütün xalq qürur duyur, fəxr edir. Zaman-zaman xalqımız dəyərli elm fədailəri və ziyalıları ilə həmişə fəxr etmiş, onları milli sərvəti saymışlar. Müdrik Zərdüşt deyib ki, insanın ucalığı üç meyarla ölçülür: xeyirxah söz, xeyirxah iş, xeyirxah əməl. Hansı insanda bu keyfiyyətlər varsa, həmin şəxs mənən uca insandır...
Ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli elmi yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında bir körpü salan alimlərimizdəndir. Professor Bədirxan Əhmədli çətin və zəngin yaradıcılıq yolu keçmişdir. Özünün yazdığı kimi: "Ədəbiyyata olan marağı Gürcüstanın Başkeçid rayonunun Az Gəyliyən kəndində başlayıb". 1973-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb. Bir vaxtlar mənim də müəllimlərim olmuş ustad pedaqoqlar - İsmayıl Şıxlı, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, İsrail Mustafayev kimi ünlü ədəbiyyatşünaslardan dərs alıb. Bir müddət Sabirabad rayonunun Abdulabad kəndində müəllim işləyib. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. Azərbaycan Qaçqınlar Cəmiyyətinin "Vətən səsi" qəzetində şöbə müdiri, Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" qəzetində şöbə müdiri və redaktor müavini kimi fəaliyyət göstərir. B.Əhmədli Milli ordunun zabiti olmuş, Qarabağ müharibəsi veteranı, ehtiyatda və istefada olan kapitandır.
Bədirxan Əhmədli 1986-cı ildə "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik, 2005-ci ildə "Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. B.Əhmədlinin yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının əsas istiqamətləri və problemləri geniş yer tutur. "Azərbaycan satirasının inkişaf problemləri" əsərində Azərbaycan ədəbiyyatının 1920-1980-ci illər dövründə satirik gülüşün təşəkkülü və problemləri, estetik mahiyyəti, tədqiq tarixi və nəzəri məsələləri araşdırılır. Professor bu məsələyə aydınlıq gətirərək elmi əsaslarla sübuta yetirir ki: "Tarixən poetik düşüncə tərzinə (və ifadəsinə) üstünlük verən bədii ədəbiyyatımızda realist, satirik, yumoristik təfəkkürün özünəməxsus yer tutması, özlüyündə bədii fikrin təşəkkülü prosesini intensivləşdirən hadisələrdəndir. Milli şüurun oyanmasında, xalqımızın milli özünüdərk prosesinin təsvir, təhlil və tədqiqində də satiranın imkanlarından maksimum istifadə bunu deməyə imkan verir". Tədqiqatçıya görə Q.Zakir, B.Şakir, S.Ə.Şirvani, M.Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ü.Hacıbəyli kimi satiriklərin gülüşü də məhz milli özünüdərkə hesablanmış satiranın təzahürüdür.
Alimin "Azərbaycan mühacirət ədəbiyyatı. Təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı fundamental tədqiqat əsərində bu mövzuda fikir söyləmiş müəlliflərdən fərqli olaraq Azərbaycan mühacirəti dörd mərhələ üzrə təsnif edilir. Müəllif zəngin faktlara və elmi mənbələrə istinad edərək ədəbi şəxsiyyətlərin yaradıcılığını və ədəbiyyatın problemlərini əhatəli tədqiq edir. Əsərdə əhatə olunan konseptual problemlər mövzu aktuallığına görə tədqiqata bir tamlıq gətirir. Tədqiqat əsərinin elmi sanbalını dəyərləndirən əsas amillərdən biri də mövzuya yeni rakursdan yanaşma tərzində, elmi-nəzəri mülahizələrin təzəliyində, mövzu ilə ilgili mənbələrə münasibətdə öz əksini tapmışdır.

Bədirxan Əhmədlinin "Bir istiqlal yolçusu" (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və yaradıcılığı araşdırılır. Respublika Prezidentinin sərəncamı ilə çıxan Əmin Abidin "Seçilmiş əsərləri" kitabının nəşri (əsərlərinin toplanması, tərtibi və ön sözün yazılması) professor B.Əhmədliyə tapşırılmışdır. Professor B.Əhmədlinin "Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri" monoqrafiyasında üçlü formulun inkişaf yolu və mərhələləri, Azərbaycan və türk dünyasının böyük düşünərlərinin bu sahədəki fəaliyyəti araşdırılır. Müəllif üçlü formulu bir sistem kimi Z.Göyalpın formalaşdırdığını, Azərbaycan Cümhuriyyətinin ideologiyasına isə M.Ə.Rəsulzadənin gətirdiyini faktlarla təsdiq edir. Bu formulların hər birinin şərhini onun ideoloqlarının irsi üzərində ümumiləşdirən müəllif belə nəticəyə gəlir ki, "Türkləşmək, müasirləşmək, islamlaşmaq" formulu müəyyən məqamlarda öz əhəmiyyətini və məzmununu qoruyub saxlayır. Müstəqilliyin bərpasından sonra formulun yeni həyatı başlanıb. Üçlü formul bir məfkurə kimi öz işini görmüşdür, formalaşdıqdan sonra türklər bir toplum olaraq özünü tanımış, kimliyini bəlirləmiş, ictimai məqsədini müəyyən etmiş, siyasi təfəkkürünü inkişaf etdirmişdir. Üçlü formul türk xalqlarına (ən azından Türkiyə türkləri, Azərbaycan, Kazan, Krım türkləri) keçmişini tanıtmış, gələcəyə səsləmişdir".
Bədirxan Əhmədli istedadlı alim-tədqiqatçı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçıdır. Ədəbiyyatşünas alim dünyanın bir sıra məşhur elm və təhsil mərkəzlərində, beynəlxalq elmi simpoziumlarda və konfranslarda respublikamızı ləyaqətlə təmsil edib. Onun Almaniya, Çin, Hindistan, Pakistan, Polşa, Türkiyə, Rusiya, Qazaxıstan, Tatarıstan, Özbəkistan və Gürcüstanda keçirilən konfranslarda dünya ədəbiyyatının aktual problemlərinə həsr edilmiş məruzələri xarici ölkə alimlərinin diqqətini cəlb edib, bir sıra məqalələri isə xarici ölkələrin nüfuzlu elmi dərgilərində dərc edilib. Rəhbərlik etdiyi Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsində Çin, Yaponiya, Hindistan, Koreya, Əfqanıstan, Pakistan, İndoneziya, Vyetnam, Monqolustan ədəbiyyatlarının aktual problemləri araşdırılır. Müxtəlif elmi dərgilərdə B.Əhmədlinin özünün və şöbə əməkdaşlarının müntəzəm olaraq Asiya ədəbiyyatı ilə bağlı məqalələri dərc olunur. 2021-ci ildə B.Əhmədli görkəmli Hindistan yazıçısı Rabindranat Taqora həsr etdiyi monoqrafiyasında onun ictimai-siyasi fəaliyyətini və bədii irsinin bütün özəlliklərini tədqiqata cəlb edib. Kitabda Hindistan ədəbiyyatına dünya şöhrəti qazandıran, Asiya xalqları arasında ilk Nobel mükafatı alan Rabindranat Taqorun Azərbaycan ədəbi mühiti ilə ilişgilərinə də geniş yer ayırır. Əsərin elmi əhəmiyyətini artıran və ona orijinallıq gətirən keyfiyyətlərdən biri budur ki, müəllif zəngin elmi mənbələrdən bəhrələnmiş, fikirlərini isbatlamaq üçün istifadə etmişdir. Professorun dünya şöhrətli bu sənətkarı "Mənim Taqorum" adlandırması da təbiidir, çünki özü demiş: "Artıq deyə bilərəm: dünya taqorşünaslığında mənim də imzam var". B.Əhmədli bir neçə il əvvəl Hindistanda olmuş və Quvahatı Universitetində təşkil olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
Yüksək elmi-nəzəri hazırlıq, öz ixtisasını dərindən bilmək, müstəqil və obyektiv düşüncə tərzinə malik olmaq, miqyaslı tədqiqatçılıq səriştəsi, beynəlxalq konfranslarda aktual elmi mövzularda öz fikirlərini məntiqli ifadə etmək qabiliyyəti ona böyük hörmət qazandırıb. Alimin fikrincə, əsl vətəndaş Vətən naminə vətənin adını hər yerdə, həm daxildə, həm də xaricdə uca tutmalı, bu vətənin layiqli övladı olmağa çalışmalıdır.
Professor Bədirxan Əhmədli elmi fəaliyyəti ilə yanaşı, həm də ali təhsil müəssisələrində böyük pedaqoji iş aparır. O, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Qars-Qafqaz Universitetində Asiya xalqlarının ədəbiyyatına aid mühazirələr oxuyur. Bu bir həqiqətdir ki, müəllimlik sənətini seçən adamda öncə müəllimlik istedadı olmalıdır. O, dərin biliklə, dünyəvi elmlərlə mükəmməl silahlanmalı, öz sənətinin vurğunu olmalıdır. Bir müddət Bədirxan Əhmədli ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişik. O, tədris müəssisəsində Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses və ədəbi tənqid fənlərini tədris edirdi. Dünya pedaqoqlarının yekdil bir qənaəti var: "Yaxşı müəllim izah edir, əla müəllim nümunə göstərir, həqiqi müəllim isə həvəsləndirir və arxasınca aparır". Bu baxımdan B.Əhmədli müəllimlik peşəsinə qəlbən bağlı olan təcrübəli müəllimdir. Onun dərsləri həmişə yüksək elmi səviyyəsi ilə seçilib.
Professor B.Əhmədli geniş məlumatlı, yüksək elmi səviyyəli bir alim kimi bir neçə namizədlik və doktorluq dissertasiyalarının ərsəyə gəlməsində də fəal iştirak edib. Yüksək mənəvi zənginlik, güclü yaddaş, dünya ədəbiyyatını dərindən bilmə məharəti və miqyaslı düşüncə onun elmi fəaliyyətində böyük rol oynayıb. Professorun şərəfli ömür yolu və zəngin elmi yaradıcılığı ədəbiyyatşünaslıq elmimizin tərəqqisinə həsr olunub. Ədəbiyyatşünaslığın müxtəlif problemlərinin tədqiqi üzrə apardığı fundamental işlər onun istedadının və zəhmətkeşliyinin bəhrəsi kimi yaranıb. Yunan filosofu Sokratın fikridir: "Əsl ziyalı öz elmi təfəkkürünü təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən insanlardır. Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı qüvvəsidir". Tədqiqatçılıq, müəllimlik, şöbəyə rəhbərlik, aspirant və dissertantlara elmi rəhbərlik, dissertasiya şuralarında iştirak, alim adı alanlara opponentlik, elmi konfranslarda məruzə və çıxışlar onun əsas fəaliyyət sahələridir. Ürək təmizliyi, sadəlik, daxili saflıq, xeyirxahlıq, təvazökarlıq kimi mənəvi dəyərlər onun şəxsiyyətini tamamlayan ən mühüm keyfiyyətlərdir. Bədirxan Əhmədlinin elm aləmində tutduğu mövqeyi, nüfuzu, onun sanballı kitablarını, çoxsaylı məqalələrini, pedaqoji fəaliyyətini, yetişdirdiyi ədəbiyyatşünas alimləri, bir sözlə, bu günə qədər gördüyü işləri gözümün önünə gətirəndə deyirəm: Bədirxan müəllim yorulmaq bilmədən ömrünü ancaq elmə həsr edib. Elmə və təhsilə xidmət onun həyat amalı olub. Çox gənc yaşlarından elm sahəsində böyük uğurlar qazanan Bədirxan müəllim zəhməti ilə görkəmli alim səviyyəsinə ucalıb. Çoxşaxəli elmi fəaliyyətinə görə mən ona akademik kimi baxıram. O, heç vaxt kimdənsə umacaqlı olmayıb. Qürurlu şəxsiyyətinə güvənib.
Bədirxan müəllim çox etibarlı, vəfalı insandır. Həm dostlarının, həm də tələbələrinin sevimlisidir. Həmişə alnıaçıq, üzüağ yaşayıb. Əsas həyat kredosu isə ədəbiyyatımıza xidmət etmək, haqqa tapınmaq, ailəsinə və insanlara tükənməz sevgidir. Ona da inamlıyam ki, istedadlı və zəhmətkeş elm xadiminin yaradıcılığı layiqli qiymətini alacaq.
Başkeçiddən başlanan uzun və işıqlı yolun yolçusu öz miqyaslı fəaliyyəti ilə çeşidli elmi əsərlərə yeni-yeni üfüqlər açır. Aprel ayının 20-də doğulduğu kəndin ilk alimi - professor Bədirxan Əhmədlinin 70 yaşı tamam olur. 70 illik yubileyini təbrik edirəm, əziz dostum. Sənə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm.


