Icma.az
close
up
RU
Dəyər haqq edənə veriləndə Bədirxan Əhmədov 70

Dəyər haqq edənə veriləndə Bədirxan Əhmədov 70

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru

Aprel ayının 20-də ədəbiyyatşünas alim, tədqiqatçı, publisist, müasir hərbi jurnalistikamızın cığırdaşlarından biri Bədirxan Əhmədlinin (Başkeçidli) 70 yaşı tamam olur. Müxtəlif fəaliyyət sahələrini ifadə edən bu məfhumların hər birinin qarşısına istənilən təşbehi artırmaq mümkündür. Təxminimcə, ardıcıllıq da belə olardı: tanınmış, yorulmaz, istedadlı, məhsudlar və sair. Ancaq bunların heç birinə ehtiyac görmədim. Çünki professor Bədirxan Əhmədli Azərbaycan daxil, türkdilli xalqların ədəbi irsinin yüz əlli ilə yaxın dövrünü səylə araşdırıb elmi, nəzəri baxımdam mükəmməl təhlil etmiş filoloq alim, bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı ciddi tədqiqatları ilə ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacarmış elm adamıdır. Qürurvericidir ki, tanınmış alimin son vaxtlar, xüsusi ilə son 10 ildə qeyd olunan istiqamətlərdəki səmərəli fəaliyyəti bu coğrafiyanın sərhədlərini bir qədər də genişləndirərmiş, ona ümumşərq ədəbiyyatşünaslığında kifayət qədər elmi nüfuz qazandırmışdır. Bədirxan Əhmədli artıq irəli sürdüyü tezislər, çıxardığı elmi nəticələr, maraqlı, cəsarətli mühakimə və fikirləri ilə elmi ictimaiyyətin hesablaşdığı dəyərli ədəbiyyatşünas alim kimi qəbul edilir.

Filologiya elmlər doktoru, professor Bədirxan Əhmədli yalnız son 20 ildə Türkiyə, Polşa, Almaniya, Cənubi Koreya, Çin, Pakistan, Özbəkistan, Hindistan və digər ölkələrdə beynəlxalq elmi konfrans, simpozium, konqres, seminarlardakı məruzələrinin, sadəcə adlarını çəkmək kifayətdir ki, onun ədəbiyyatşünaslıq sahəsində elmi fəaliyyətinin miqyasını, çoxtərəfli və sistemli araşdırmalarının həqiqi dəyərini və siqlətini təsəvvür edə biləsən. Necə deyərlər, görünən dağa bələdçilik gərəkməz. Elə bu məntiqlə xaricdə təqdim olunmuş həmin məruzələrdən bəzilərinin həsr edildiyi mövzulara diqqət yetirək. "Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili", "Postmodernist baxış açısından "Kitabi Dədə Qorqud", "Türk dünyasında milli mücadilə və ədəbiyyat", "Çağdaş Koreya bədii nəsri dünya ədəbiyyatı kontekstində", "Ədəbi düşüncədə birlik-bərabərlik mesajları; Türkiyə və Azərbaycan şeirində Qarabağ", "Azərbaycan-Pakistan ədəbi əlaqələri: tarix və bu gün", "Əlişir Nəvai yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında" və s.

Bir daha vurğulayaq ki, bu məruzələrin hər birində mövzuya tamamilə yeni baxış, problemin qoyuluşu, həm tarixi, həm də çağdaş kontekstdə düzgün dəyərləndirmələr, irəli sürülən elmi, nəzəri mülahizələr və çıxarılan elmi nəticələr görülən işin miqyası və əhəmiyyəti ilə bağlı aydın təsəvvür doğurur. Professor Bədirxan Əhmədlinin dünyanın müxtəlif ölkələrinin məşhur universitetlərinin dəvəti ilə elm və təhsil ocaqlarında oxuduğu mühazirələrdə də eyni yanaşma hakimdir. Belə mühazirələrin sayının son vaxtlarda xüsusilə artması bu qənaətimizi bir daha təsdiqləyir. Bütün bunlar günlərlə, bəzən həftələrlə aparılan israrlı araşdırmaların, elmi-nəzəri təhlillərin, ən başlıcası da illər ərzində formalaşmış müntəzəm və həvəslə mütaliə etməyin nəticəsidir.

Professor Bədirxan Əhmədlinin ölkə daxilində keçirilən elmi toplantılardakı məruzələrlə ötəri tanışlıq da alimin qaldırdığı problemlərin dərinliyi, aktuallığı, tədqiq edilən mövzuların genişliyi ilə diqqəti cəlb edir. Onların da adı məzmunu barədə çox şey deyir. "Ədəbi-bədii düşüncədə 1920-ci il Gəncə üsyanı", "Çağdaş Azərbaycan və Koreya romanlarında Doğu-Batı diskursu; gələnəkdən avanqardçılığa", "Əhməd bəy Ağaoğlunun yaradıcılığında demokratiya axtarışları", "20-30-cu illər Azərbaycan ədəbiyyatını metodoloji dəyərləndirmənin bəzi aspektləri" və sair. Zənnimcə, məhz bu məqamda professor Bədirxan Əhmədlinin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi dəyərli töhfələr barədə konkret danışmağın vaxtıdır. Çünki alimin zəngin elmi yaradıcılığına nəzər yetirmədən, filologiya sahəsində beynəlxalq, yaxud yerli elmi toplantılarda etdiyi yüksək səviyyəli çıxışların haradan qaynaqlandığı barədə təsəvvürlər tam ola bilməz. Oxucunu yormamaq üçün, müəllifin çoxumuza məlum, sayı otuza çatan elmi əsər, monoqrafiya və dərsliklərinin, sadəcə, dördünün adını çəkməklə kifayətlənək. "XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər", "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri", "Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri" və üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi". Bu dəyərli əsərlər barəsində filoloq alimlərimiz bir peşəkar kimi, artıq öz sözlərini deyiblər. Bizə düşənsə, Bədirxan müəllimin həmin əsərlərdə də öz üslubuna sadiq qalaraq müraciət etdiyi mövzunu mükəmməl və sistemli şəkildə işləməsini, ortaya yüksək elmi dəyərə malik əsərlər qoyduğunu qeyd etməkdir.  

Professor Bədirxan Əhmədlinin zəngin elmi yaradıcılığına xas olan və onu yaxşı mənada fərqləndirən xüsusiyyətlər var. O, müraciət etdiyi mövzunu çağdaş yanaşma prizmasından dəyərləndirib, təhlil süzgəcindən keçirməklə dəqiq elmi nəticələr çıxarır. Müəllifin milli təfəkkürün qaynaqlarına işıq salan, Azərbaycan əvəzsiz ədəbi-bədii irsinin nümayəndələrini dünya ədəbiyyatşünaslıq elminə yenidən tanıdan əsərlərinin həm elmi ictimaiyyət, həm də geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılamasının digər səbəbi onlardakı sistemlilik, sadə, oxunaqlı dillə yazılması və bütün mülahizələrin məntiqi əsaslandırılması ilə bağlıdır. On il öncəki yazıma istinadla daha bir fikri təkrar edirəm, "məhsuldar alimin ədəbiyyatşünaslıq elmimizin böyük yükünü çiyninə götürməsi yalnız milli intibahın əsasında dayanan milli təfəkkür qaynaqlarına bələdliyindən irəli gəlmir. Bu, həm də onun bütün varlığı ilə tarixi kök üzərində yüksələcək çağdaşlığa bağlı olmasının, ümumxalq və fərdi təfəkkürün inkişafına təkan verməyin əhəmiyyətini düzgün qiymətləndirməsinin nəticəsidir". Əsl ziyalını digərlərindən fərqləndirən başlıca cəhət də məhz bu keyfiyyətlərdən qaynaqlanır. Mənsub olduğun xalqı sevmək yaxşı başlanğıc, təməl, onun qayğıları ilə yaşamaq, özününkü bilmək güclü stimul ola bilər, mühüm olanı isə onların üzərində nələrin və necə qurulmasıdır.

Professor Bədirxan Əhmədli özünü Azərbaycan ədəbiyyatşünaslıq elminin təməl daşını qoyan, ədəbiyyat tariximizi ilk dəfə geniş tədqiq edən görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin xələfi hesab edir. Çəkinmədən deyirik ki, böyük alimin "bu sahədə bir institutun işini gördüyü" barədə məşhur deyimi bu gün ədəbiyyatşünaslıq elmimizin tanınmış nümayəndəsi kimi, professor Bədirxan Əhmədliyə aid edilə bilər. Zənnimcə, onun öz böyük sələfinin yolunu davam etdirərək bütöv, həm də çox mürəkkəb bir dövrü tədqiqat obyektinə cəlb etməklə, yüksək elmi zəka, dərin təhlil qabiliyyəti, ağır zəhmətlə təkbaşına ərsəyə gətirdiyi üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyası bu qənaətimizdə yanılmadığımızın təsdiqidir. Bu dəyərli dərslik bir sıra məziyyətlərinə, ən başlıcası elmi-nəzəri tərəflərinə və sistemli yanaşmaya görə, eləcə də dövrün siyasi proseslərindən qaynaqlanan məsələlərin ədəbiyyata, bədii düşüncəyə təzyiq və təsirinin təhlili və qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dərsliyin ölkənin ali və orta təhsil məktəblərinin yuxarı siniflərində məmuniyyətlə istifadə edildiyini və yüksək tələbat olduğunu nəzərə alaraq, müəllif bi ilin yanvar ayında öz vəsaiti hesabına üçcildliyi yenidən çap etdirmişdir. Ancaq təəssüf ki, monoqrafiyanın bu dəfəki tirajı da yüksək tələbatı qarşılamaq üçün yetərli olmayacaqdır. Ümid edirik ki, bu məsələ Elm və Təhsil Nazirliyinin sahə ilə əlaqəli mütəxəssislərinin və AMEA-nın müvafiq institutunun rəhbərliyinin diqqətini cəlb edər.

Dəyərli professorun elmi-pedaqoji fəaliyyəti də örnək nümunələrlə zəngindir. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunun Şərq xalqları ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyən tanınmış alim Ədəbiyyat İnstitutunun Müdafiə Şurasının üzvü, müxtəlif dissertasiya şuralarının eksperti və opponentidir. Təcrübəli elm adamı olaraq, rəhbərlik etdiyi doktorantların bir alim kimi formalaşması üçün nəzəri və metodoloji tövsiyələrini əsirgəmir. Bunun nəticəsidir ki, onun yetişdirdiyi gənc alimlər davamlı uğurları ilə daim öz elmi rəhbərlərinin etimadını doğruldurlar. B.Əhmədli həm də Xəzər Universiteti və Bakı Slavyan Universitetində dərs dediyi yüzlərlə tələbəyə ədəbiyyatımızı, zəngin söz sənətimizi sevdirib.

Alim, tədqiqatçı Bədirxan Əhmədlinin həyat və yaradıcılığında başqa bir mərhələ və onu digər cəhətdən xarakterizə edən bir xətt də var, hərbi jurnalistlik fəaliyyəti. Doğrudur, hərbi jurnalistikaya gəlməzdən əvvəl o, tamam fərqli bir sahədə "Vətən səsi" qəzetində çalışmış, istedadlı publisist, jurnalist kimi maraqlı və oxunaqlı yazıları ilə tanınmışdı. Azərbaycana məxsus ərazilərdə yaradılan Ermənistandan zorla, ölüm təhdidi altında qovulan azərbaycanlıların qaçqınlıq həyatının acı həqiqətləri barədə Vətənin və millətin haqq səsinin dünyaya duyurmağa çalışanların cərgəsində olmuşdu. Azərbaycan torpaqlarının işğalı məqsədi ilə təcavüzkar hərəkətlərini getdikcə genişləndirən ermənilərin iyirminci əsrin əvvəllərində də eyni cinayətləri törətdiklərinə dair neçə arxiv sənədini, rəsmi bəlgələri hazırlayıb qəzet səhifələrinə çıxarmışdı. Son 200 illik tariximizin bir sıra məqamlarına, xüsusi ilə Xalq Cümhuriyyəti dövrünə, Azərbaycana qarşı erməni təcavüzünün tarixi köklərinə işıq salan bu sənəd və materiallar onun təşəbbüsü ilə qəzetdə müntəzəm dərc olunurdu. Bu dəyərli mənbələrdən sonralar bir çox tədqiqatçılar da istifadə etdilər. Yəqin ki, Ermənistanın Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız torpaq iddialarından əl çəkmədiyi zamanadək onlar aktual olaraq qalacaqdır.

Əlbəttə, jurnalist Bədirxan Əhmədlinin həyatında heç vaxt unudulmayacaq bir çox məqamlar "Xalq ordusu", 1993-cü ildən isə "Azərbaycan ordusu" adı ilə çıxan, müstıqillik dövrümüzün ilk hərbi qəzetində işlədiyi dövrlə bağlıdır. Yeri gəlmişkən, biz "Vətən səsi"ndə olduğu kimi, bu qəzetdə də birgə çalışırdıq. Buna görə də eşitdiklərimi deyil, şahidi olduqlarımı və hiss etdiklərimi yazıram.

Bizim tərəddüdsüz seçdiyimiz qəzet Müdafiə Nazirliyinin orqanı idi. Bu o demək idi ki, istəyimizdən asılı olmayaraq bütün fəaliyyətimiz rəsmi çərçivə ilə sərhədlənmişdi. Ancaq öz təcrübəsinə, daha çox da sələflərinin keçdiyi yolun dərslərinə əsaslanan Bədirxan Başkeçidli (həmin illərdə bu imza ilə tanınırdı - L.Ş.) mətbu sözün tarixi rolunu, təsir və səfərbəredici gücünü düzgün dəyərləndirərək yalnız yazıları ilə deyil, irəli sürdüyü orijinal və cəsarətli ideyalarla da sözünü deyir, qəzetin ordu quruculuğunda daha fəal iştirakına stimul yaradırdı. Onun toxunduğu mövzuların aktuallığı diqqəti cəlb edir, qəzetin oxucu auditoriyasını genişləndirməklə yanaşı, ətrafına yeni yazarları da toplayırdı. Beləliklə, bəzi hallarda hərbi nizam-intizam qaydalarına uyğun gəlməsə də, rəsmi üslubun sərhədləri çərçivəsinə sığımayan bu fəaliyyətlərə yaşıl işıq yandırmaqdan başqa seçim qalmırdı.

"Xalq ordusu"nun bir neçə sayının birbaşa cəbhə xəttində çapı da onun ideyası idi.  Səngərlərin bir addımlığında hazırlanan həmin saylar qəzetin tirajını iki dəfəyə yaxın artırmışdı. Onun təşəbbüsü və müəllifliyi ilə qəzetdə Azərbaycanın döyüş ənənələrindən, ordu tarixindən bəhs edən yazıların, milli marşlarımızın yaranmasına təsir göstərən "Türk marşları"nın, vətənpərvərlik ruhunda yazılmış ədəbi nümunələrdən parçaların dərc olunması "Xalq ordusu"nu dövrünün ən oxunaqlı dövri nəşrləri sırasına çıxarmışdı. Səsi cəbhə xəttindən, birbaşa səngərlərdən gələn baş leytenant, sonralar kapitan Bədirxan Başkeçidlinin müəllifi olduğu başqa lahiyələr, təşəbbüsü ilə açılan rublikalar da ilk hərbi qəzetimizi maraqlı etməklə onu oxuculara sevdirdi. Belə nümunələrdən biri, onun "Xalq ordusu"na fotomüxbir lazımdır" adlı çağırış yazısına səs verən bir neçə fotoqraf birbaşa cəbhə xəttinə getmək üçün qəzetə üz tutmuşdu. Sonralar qəzetin hərbi fotomüxbiri olan Əli Qafarov da onların arasında idi.

Həmin vaxt yeni yaranmaqda olan Azərbaycan Ordusuna hərbi jurnalistlər gərək olanda tərəddüdsüz bu sahəyə üz tutan dostlarımızın başlıca amalı Vətənin müdafiəsi kimi həyati əhəmiyyət kəsb edən məsələdə öz bacardığını əsirgəməmək, ölüm-dirim savaşı gedən səngərlərdən reportajlar yazaraq əsgər və zabitlərimizi düşmənə qan uddurmağa ruhlandırmaq idi. Vətənin çağırışına yubanmadan haray vermək hər bir fərdin borcudur. Ancaq öz qələmi, düşüncəsi, istedadı ilə bu işin təşkilində iştirak etmək bacarığı olanlar birinci sırada bu yolda xidmətə hazır olmalıdırlar. O da öz hərbi jurnalist dostları ilə bu borcunu yerinə yetirmişdi. Həm də heç nə ummadan, kimdənsə tapşırıq gözləmədən. Cəbhəyə, Vətənin ürəklərdə qübar edən, ancaq bir an belə inamımızı itirmədiyimiz qələbəsinə öz töhfəsini vermək, borcundan çıxmaq üçün. Bu qələbə isə bizlərə həmin unudulmaz günlərdən yalnız 28 il sonra, 2020-ci ilin noyabr ayının 9-da qəhrəman şəhidlərimizin və qazilərimizin şücayəti və xalqımızın birliyi sayəsində qismət oldu. Qarabağ uğrunda savaşda düşmən üzərində qazanılan bu şanlı Zəfərdə gənc əsgər və zabitlərimizin Vətənə, xalqa sədaqət ruhunda yetişməsində yaxından iştirak etmiş müharibə veteranlarımızın, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü Bədirxan Əhmədovun da danılmaz əməyi vardır. Bu qeydləri yazır və bir məqama toxunmadan keçə bilmirəm. Yanılmıramsa, Azərbaycanın müasir hərbi jurnalistikasını yaradanlardan yalnız bir nəfər - "Xalq odusu" qəzetinin məsul katibi olmuş istedadlı jurnalist Rəşid Faxralı əməkdar jurnalist adına layiq görülüb. Onlardan kimlərinsə, eləcə də Bədirxan Əhmədlinin milli mətbuatımızın 150 illik yubileyində yada düşəcəyinə ümid edirik. Ona da ümid edirik ki, ədəbiyyatşünaslıq elmimizə yeni dəyərli töhfələr verəcəyinə inandığımız tanınmış alimin 70 illik yubileyi AMEA-nın Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə qeyd ediləcək. Bunu da ölkənin elmi və ədəbi ictimaiyyətin rəğbətlə qarşılayardı.

Professor dostumuzun 60 illik yubileyi münasibəti ilə hər ikimizin yüksək dəyər verdiyi "525-ci qəzet"də dərc olunmuş yazımdan bir cümlə ilə bu qeydlərimi bitirir, Bədirxan müəllimə cansağlığı, elmi, pedaqoji və publisitik fəaliyyətində yeni uğurlar arzulayıram. "Alimin yaşı elmi araşdırmaları, yaratdığı əsərlərlə ölçülür. O əsərlər ki, ömürlərinin illərlə yox, qərinələr, əsrlərlə ölçüləcəyinə şübhə yoxdur. Burada şişirtmə, mübaliğə olmadığının ən yaxşı sübutu təkcə ədəbiyyatçılar yox, tamamilə başqa sahənin nümayəndələrinin də onun elmi əsərlərinə, kitablarına etdikləri çoxsaylı istinadlardır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see259

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see219

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see130

Mark Karni Vaşinqtona xəbərdarlıq etdi

10 Mart 2025 08:27see127

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see123

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see116

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see114

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see114

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see114

Amerikalı basketbolçu Ordu da

10 Mart 2025 14:18see114

“Azərbaycan qazı Ukrayna tranziti danışıqlarının bir hissəsidir”

10 Mart 2025 16:23see114

Sumqayıt hesabı açdı Yenilənir

10 Mart 2025 17:23see113

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see113

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see113

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see111

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see111

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see111

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see111

Bakıda ağacları kəsənlərə cinayət işi açıldı

10 Mart 2025 16:06see109

"Bitcoin" niyə bahalaşır? Araşdırma

10 Mart 2025 16:14see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri