Icma.az
close
up
RU
Bədii tərcümə: dünən və bu gün

Bədii tərcümə: dünən və bu gün

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xalq qəzeti” redaksiyasında yaradıcılıq müzakirəsi

Bənövşə Məmmədova, Azərbaycan Dillər Universiteti tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent:

– Müasir dünyada qloballaşma prosesinin sürətlənməsi, xalqlar və mədəniyyətlər arasında əlaqələrin genişlənməsi tərcümənin əhəmiyyətini daha da artıb. Xüsusilə bədii tərcümə yalnız sözlərin bir dildən digər dilə köçürülməsi deyil, həm də müxtəlif xalqların düşüncə tərzinin, mədəni yaddaşının, estetik dəyərlərinin və mənəvi dünyasının ötürülməsi missiyasını daşıyır. Azərbaycan tərcümə məktəbi zəngin ənənələrə malik olsa da, müasir dövrdə həm texnoloji yeniliklər, həm də beynəlxalq rəqabət bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir.

Keçən əsrdə formalaşmış milli tərcümə məktəbi bir çox uğurlu nümunələr yaratmış, klassik və müasir dünya ədəbiyyatının ən dəyərli əsərlərini Azərbaycan oxucusuna çatdırmışdır. Bununla yanaşı, müasir dövrdə bədii tərcümənin keyfiyyətinin yüksəldilməsi, redaktə proseslərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması vacib məsələlərdən biri olaraq qalır.

Bu gün Azərbaycanda tərcüməşünaslıq elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Universitetlərdə tərcümə ixtisasları üzrə kadr hazırlığı aparılır, elmi araşdırmalar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilir. Bununla yanaşı, tərcümə sahəsində bəzi problemlər hələ də öz həllini gözləyir. Xüsusilə bədii mətnlərin redaktəsi zamanı müşahidə olunan çatışmazlıqlar tərcümənin keyfiyyətinə birbaşa təsir göstərir.

– Tərcümə redaktəsi bədii əsərin nəşrə hazırlanmasının ən mühüm mərhələlərindən biridir. Bu sahədə vəziyyət necədir? Redaktor və tərcüməçi əməkdaşlığı peşəkar dialoq prinsipi əsasında qurulurmu?

– Təəssüf ki, bəzi hallarda redaktə prosesi səthi xarakter daşıyır və yalnız dil normalarının yoxlanılması ilə məhdudlaşır. Nəticədə müəllif fikrinin, bədii təsvir vasitələrinin və emosional çalarların bir hissəsi itirilir. Redaktorun vəzifəsi yalnız qrammatik və texniki səhvləri düzəltmək deyil, həm də mətnin üslub bütövlüyünü, semantik dəqiqliyini və orijinal əsərə uyğunluğunu qorumaqdır.

Mövcud problemlərdən biri də redaktorların heç də hər zaman orijinalın dilini bilməməsidir. Bu halda redaktə yalnız tərcümə olunmuş mətn üzərində aparılır ki, bu da bəzi məna təhriflərinin və ya üslub uyğunsuzluqlarının aşkar edilməsini çətinləşdirir. Digər tərəfdən, bəzən redaktorun həddindən artıq müdaxiləsi tərcüməçinin fərdi yanaşmasını və müəllif üslubunu zəiflədə bilir. Buna müasir tərcümə praktikasında tez-tez rast gəlinir.

Bədii tərcümədə terminoloji qeyri-dəqiqliklər, frazeoloji vahidlərin adekvat qarşılıqlarının seçilməməsi, mədəni reallıqların düzgün təqdim edilməməsi də mühüm problemlər sırasındadır. Xüsusilə milli-mədəni xüsusiyyətlərin başqa dilə ötürülməsi yüksək peşəkarlıq tələb edir. Tərcüməçi və redaktor yalnız dil bilikləri ilə kifayətlənməməli, həm də müxtəlif xalqların tarixi, mədəniyyəti və dünyagörüşü haqqında geniş məlumatlara malik olmalıdırlar.

– Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı tərcümə sahəsinə də ciddi təsir göstərir...

– Elədir. Neyron maşın tərcüməsi sistemləri və böyük dil modelləri artıq dünyanın bir çox ölkələrində tərcümə prosesinin ayrılmaz hissəsinə çevrilib. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çin kimi ölkələrdə fəaliyyət göstərən tərcümə və lokalizasiya şirkətləri ilkin tərcümə mərhələsində süni intellekt alətlərindən geniş istifadə edirlər. Bu texnologiyalar tərcümə prosesini sürətləndirir, terminoloji bazaların idarə edilməsini asanlaşdırır və məhsuldarlığı artırır.

Lakin beynəlxalq təcrübə göstərir ki, süni intellekt bədii tərcümədə insan yaradıcılığını tam əvəz edə bilmir. Ədəbi əsərlərdə metaforalar, simvollar, emosional çalarlar, yumor, milli kolorit və müəllif fərdiliyi kimi elementlərin adekvat ötürülməsi hələ də insan təfəkkürünün və estetik duyumunun imkanlarına əsaslanır. Buna görə də dünyanın aparıcı nəşriyyatlarında maşın tərcüməsindən sonra mütləq peşəkar postredaktə mərhələsi tətbiq edilir.

Xüsusilə, Çin təcrübəsi diqqətəlayiqdir. Son illərdə Çin universitetlərində tərcümə təhsili proqramlarına süni intellekt texnologiyaları ilə bağlı xüsusi modullar daxil edilib. Burada tələbələr yalnız tərcümə nəzəriyyəsini deyil, həm də süni intellekt əsaslı alətlərdən səmərəli istifadə etməyi öyrənirlər. Məqsəd tərcüməçini əvəz etmək deyil, onun peşəkar fəaliyyətini daha effektiv etməkdir.

Azərbaycanda da süni intellektin tərcümə fəaliyyətinə təsiri getdikcə artır. Tərcüməçilər terminoloji axtarış, mətnlərin müqayisəli təhlili və ilkin layihələrin hazırlanmasında rəqəmsal platformalardan istifadə edirlər. Bununla yanaşı, süni intellekt tərəfindən yaradılmış mətnlərdə üslub qüsurları, semantik qeyri-dəqiqliklər və mədəni kontekstlə bağlı problemlər müşahidə edilir. Bu səbəbdən peşəkar tərcüməçi və redaktorun rolu daha da aktuallaşır.

Müasir dövrdə tərcüməçi peşəsinin mahiyyəti dəyişməkdədir. Bu gün uğurlu tərcüməçi yalnız dil mütəxəssisi deyil, həm də rəqəmsal texnologiyalara bələd, süni intellekt alətlərindən istifadə bacarığına malik, postredaktə və mədəniyyətlərarası kommunikasiya sahəsində peşəkar biliklərə yiyələnmiş mütəxəssis olmalıdır. Beynəlxalq əmək bazarında artıq yeni peşə istiqamətləri – süni intellekt dəstəkli tərcüməçi və postredaktor anlayışları formalaşmaqdadır.

Nəticə etibarilə, bədii tərcümə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, eyni zamanda, dünya mədəniyyətinin ölkəmizə gətirilməsində strateji əhəmiyyət daşıyan sahələrdəndir. Süni intellekt texnologiyaları bu sahədə yeni imkanlar yaratsa da, insan yaradıcılığına və peşəkarlığa ehtiyacı aradan qaldırmır. Əksinə, yeni dövr tərcüməçilərdən və redaktorlardan daha yüksək peşəkarlıq, daha geniş dünyagörüşü və texnologiyalarla işləmək bacarığı tələb edir. Milli tərcümə məktəbimizin gələcək inkişafı da məhz ənənə ilə innovasiyanın, humanitar biliklərlə rəqəmsal imkanların uğurlu sintezindən asılı olacaq.

Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair:

– Tərcümə ilə bağlı ümumi mənzərəni tam dəqiqliyi ilə ifadə etmək indiki halda çətin olar. Çünki bunun üçün cari dövrün ölkələr və dillər üzrə statistikası, bilgilər olmalıdır. Məndə belə bilgilər yoxdur. Üstəgəl, tərcümə işi ilə fərqli-fərqli qurumlar, nəşriyyatlar məşğul olurlar. Düşünmürəm ki, bu işlə bağlı mərkəzləşdirilmiş informasiya var.

Daha əvvəlki illərlə bağlı fikirlərim 3 il əvvəl “Azərbaycanda tərcümə işinin vəziyyəti: 1997–2023” kitabında toplanaraq dərc olunub. Bir çox dillərdən və dillərə, xüsusən də bədii ədəbiyyat üzrə ixtisaslaşmış tərcüməçilərimiz, demək olar ki, yoxdur. Tərcüməçilərimizin bədii ədəbiyyatı səviyyəli çevirmə ilə lazımınca məşğul olmaları üçün adekvat və rentabelli mühit arzuediləndir. Üstəgəl, sırf bədii-estetik, dünyəvi təmayüllər əsas götürülərsə, biz hələ də bu mənada ümumdünya “qan dövranına” qoşulmamışıq.

Son 3-4 ildə “Süni intellekt” tərcümə proqramları vəziyyəti ciddi və ağlagəlməz şəkildə dəyişməkdədir. Aşkar problemlərimiz var. Amma bu, o demək deyil ki, əsərlər tərcümə olunmur. Kəmiyyətcə ümumi mənzərə pis görünmür.

Dediyim kimi, adekvat və rentabelli mühitin zəif olduğu təqdirdə bütün digər məsələlər ikinci plana keçir. Redaktor problemi hər zaman olub və indi də var.

– Tərcüməçi zəhməti maddi baxımdan layiqincə dəyərləndirilirmi?

– Sualınıza cavab olaraq birbaşa deyim ki, tərcümə sahəsindəki müəyyən axsamaların bir səbəbi də elə budur. Adətən, sınaqdan çıxmış, özünə güvənən tərcüməçilər, təbii olaraq, yüksək qonorar istəyirlər. Bu mənada çapçılarla, naşirlərlə ortaq məxrəcə gəlmək çətindir. Naşir işverən kimi daha az məsrəfə nəyisə əldə etməyə çalışır. Tərcüməçi isə əməyinə görə zəhməthaqqı almağı arzulayır. Təzad, problem bir-birinin üstündədir. Məsələnin həllində Avropa, Mərkəzi Asiya ölkələrinin, yaxud da qonşu Rusiya və Gürcüstanın təcrübəsini və qiymət şkalasını öyrənib analiz etməyə ehtiyac var. Beynəlxalq standartlara baxmaq lazımdır. Tərcümənin şərtləri ilə bağlı hüquqi sənədlər, baza olmalıdır. Biz də bu bazaya, beynəlxalq təcrübəyə söykənməliyik.

Nəriman Əbdülrəhmanlı, yazıçı-tərcüməçi:

– Dövlət başçısının bu il yanvarın 14-də imzaladığı, milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunmasını nəzərdə tutan “Azərbaycan Mədəniyyəti – 2040: Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” milli mədəniyyətimizin daha da inkişaf etdirilnəsi ilə bağlı mühüm çərçivə sənədidir.

Şübhəsiz, bu genişmiqyaslı mədəni strategiyanın gerçəkləşdirilməsində müxtəlif dilli xalqlar arasında mədəni, iqtisadi və siyasi əlaqələri təmin edən tərcümə də böyük rol oynayacaq. Elmi, texniki, hüquqi və ədəbi biliklərin ötürülməsində, həmçinin, dövlətlərarası münasibətlərin inkişafında əvəzolunmaz rol oynayan, qarşılıqlı anlaşmanı və mədəni mübadiləni gerçəkləşdirən tərcümə sahəsi dünya mədəni irsinin Azərbaycanda, Azərbaycan mədəni irsinin isə dünyada tanıdılması ilə bağlı əsas dayaq sütunlarından biri kimi çıxış edəcək.

Son 2 onillikdə bununla bağlı müəyyən işlər görülüb. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla – ümimilikdə 9 milyon nüsxə nəşr olunaraq ölkənin kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Dövlət başçısının Azərbaycan Milli Ensiklopediyasının, 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası”nın nəşri ilə bağlı sərəncamları da milli mədəniyyətimizdə əlamətdar hadisələr kimi yadda qaldı.

– Qarşıdakı onilliklərin mədəniyyət strategiyası isə tərcümə təsərrüfatımıza da genişmiqyaslı yanaşma tələb edir. Burada hansı aspektlərə diqqət yetirmək lazımdır?

– Birincisi, yeni tərcümə konsepsiyası təkcə dünya mədəni irsinin Azərbaycan dilinə tərcüməsini deyil, həm də Azərbaycan mədəni irsinin dünya xalqlarının dillərinə tərcüməsini də nəzərdə tutmalıdır. İkincisi, bu konsepsiya dünya mədəni irsindən yalnız bədii əsərlərin deyil, mədəniyyətin bütün əsas sahələri üzrə fundamental əsərlərin dilimizə tərcüməsini də əhatə etməlidir.

Mədəniyyət çox geniş anlayışdır, özündə bəşəriyyətin minilliklər ərzində yaratdığı zəngin mədəni irsi (mifoloji, fəlsəfi, dini, ədəbi, elmi, maddi, nəzəri və s.) ehtiva edir. Bu səbəbdən də əvvəlcə mədəniyyətin əsas sahələrini müəyyənləşdirmək, həmin sahələr üzrə dünyada mövcud olan fundamental elmi-nəzəri və ədəbi-bədii əsərlərin Azərbaycan dilinə, Azərbaycanda olan eyni dəyərə malik əsərlərin isə dünya dillərinə tərcüməsini gerçəkləşdirmək konseptual yanaşma tələb edir.

Bu sahədə artıq sınaqdan keçmiş dünya təcrübəsi mövcuddur. Belə bir proqram yaratmayan ölkələrin mədəni-ədəbi irsinin beynəlxalq aləmə inteqrasiyası da, müəlliflərinin beynəlxalq ədəbi müsabiqələrdə iştirakı da çox çətinliklərlə qarşılaşır. Ona görə də Azərbaycan ədəbi irsini xaricdə tanıtmaqla bağlı proqramın formalaşdırılması bu konsepsiyanın gerçəkləşdirilməsindən doğan zərurətdir.

Əlbəttə ki, indiyəcən dünya ədəbi irsinin Azərbaycan dilinə, Azərbaycan ədəbi irsinin isə dünya dillərinə tərcüməsi sahəsində müəyyən işlər görülüb. Lakin bu prosesdə pərakəndəlik, fərdi seçim, müəyyən mənada isə, səriştəsizlik nəzərə çarpır.

Bədii ədəbiyyata gəlincə, bu, tərcümənin başlıca yönümünü təşkil etsə də, diqqətdən kənarda qalmış bir çox dəyərli nümunələrin, eyni zamanda, artıq işıq üzü görmüş bir sıra əsərlərin xarici dillərdən Azərbaycan dilinə, Azərbaycan dilindən isə xarici dillərə yenidən və peşəkar tərcüməsinə ehtiyac duyulur. Bu zaman dövrləşdirməyə (məsələn, antik ədəbiyyat, İntibah dövrü ədəbiyyatı, klassik ədəbiyyat, ən yeni ədəbiyyat və s.) xüsusi diqqət yetirilməli, hər bir dövrdə yaradılmış yüksək ədəbi-bədii dəyərlərə malik əsərlər seçilməlidir.

Tərcüməçi zəhmətinin maddi baxımdan layiqincə dəyərləndirilməsi də vacibdir, amma bununla bağlı əsaslandırılmış normativlər mövcud deyil. Hər bir sifarişçi öz imkanlarından və istəyindən asılıdır, bu da, təbii ki, tərcümə təsərrüfatında xoşagəlməz pərakəndəlik yaradır. Fikrimcə, Nazirlər Kabineti səviyyəsində belə bir normativlər hazırlanıb təsdiqlənməli, tərcüməçilərin zəhmətinin qiymətləndirilməsi üçün qanuni baza yaradılmalıdır. Üstəlik, maşın və süni intellekt tərcüməsinin get-gedə yayılması da tərcüməçilərin vəziyyətini çətinləşdirir. Bu prosesin qarşısıalınmaz axara çevrilməsi elmi və bədii dəyər daşıyan mətnlərin çəkisini tədricən azalda bilər. Yəni bədii keyfiyyət naminə balans gözlənilməlidir.

Şahbaz Xuduoğlu, “Qanun” Nəşrlər Evinin direktoru, tərcüməçi-yazar:

– Son illərdə Azərbaycanda xarici ədəbiyyatın dilimizə tərcüməsi sahəsində müəyyən inkişaf müşahidə olunur. Dünya ədəbiyyatının klassik və müasir nümunələri daha əlçatan olub. Lakin Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsi və beynəlxalq kitab bazarına çıxarılması sahəsində ciddi problemlər qalmaqdadır. Ayrı-ayrı uğurlu layihələr olsa da, bu istiqamətdə sistemli iş və dəstək yetərli deyil.

Bədii tərcümə sahəsində əsas problemlərdən biri peşəkar tərcüməçi və redaktorların çatışmazlığıdır. Təəssüf ki, son illər tərcüməçilərin hazırlanması və peşəkar inkişafı sahəsində müəyyən boşluqlar yaranıb. Bunun nəticəsində dil baxımından düzgün, lakin bədii baxımdan zəif tərcümələrə rast gəlinir.

Bədii mətnlərin estetik mahiyyətinin qorunması məsələsi də xüsusi diqqət tələb edir. Tərcümə nəzəriyyəsi və bədii tərcümə prinsipləri üzrə araşdırmalar aparılsa da, onların praktik nəşriyyat fəaliyyəti ilə əlaqəsi zəifdir. Universitetlər, nəşriyyatlar və tərcüməçilər arasında daha sıx əməkdaşlığa ehtiyac var.

Maddi təminat məsələsi isə problemlərin əsas səbəblərindən biridir. Keyfiyyətli bədii tərcümə böyük zəhmət və uzun vaxt tələb edir. Tərcüməçi əməyinin layiqincə qiymətləndirilmədiyi şəraitdə bu sahəyə yeni və istedadlı mütəxəssislərin gəlməsi çətinləşir. Tərcümənin keyfiyyətini artırmaq istəyiriksə, ilk növbədə, tərcüməçi və redaktor əməyinin dəyərini artırmalı, onların peşəkar inkişafına investisiya qoymalıyıq.

– Sizdə bu sahədə hansı təcrübə tətbiq olunur?

– Onu deyim ki, biz tərcüməçi, redaktor, korrektor, bəzən də dizaynerlərlə əsasən layihə və ya xidmət əsaslı müstəqil, məsafədən iş prinsipi üzrə çalışırıq. Onların başqa iş yerləri var, sadəcə, boş vaxtlarında müqavilə əsasında bizim üçün tərcümələr edir, digər işləri görür və işin təhvilverilmə vaxtına riayət etmək şərti ilə ödəniş alırlar. Onlar bizim koordinatorumuzla əlaqəli işləyirlər. Bu, illərcə belə olub. Onlardan bəzilərini sonradan daimi işə götürmüşük. Sözsüz ki, bəzən maliyyə çətinlikləri olur. Məsələn, yay aylarında kitab satış-sərgilərində iştirak sayəsində ödəmələri təmin etməyə çalışırıq.

Hər bir halda, əsas qayə, amal dünya ədəbiyyatı incilərinin Azərbaycan oxucusu üçün əlçatanlığını təmin etmək, klassiklərin və çağdaş yazarların əsərlərini dadını, duzunu azaltmadan təqdim etməkdir. Azərbaycan nəşriyyatlarının inkişaf etməsi, ciddi strategiya və marketinq planları üzrə çalışmalara keçməsi ilə buna tam nail ola bilərik.

Səhifəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see246

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see231

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see225

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see216

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see207

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see202

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see197

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see180

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see180

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see177

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see174

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see173

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see173

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see165

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see165

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see162

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see162

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see161

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see161

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri