Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? AÇIQLAMA
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bələdiyyə sənədinin mövcudluğu öz-özlüyündə torpaq sahəsinə çıxarış verilməsi üçün kifayət etmir. Əsas məsələ torpağın hansı hüquqi əsasla, hansı tarixdə, hansı prosedurla və hansı səlahiyyətli bələdiyyə tərəfindən ayrılmasıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli deyib. O qeyd edib ki, bu məsələyə yalnız vətəndaşın əlində sənədin olub-olmaması prizmasından yanaşmaq düzgün deyil:
"Burada mülkiyyət hüququnun yaranması, torpaqayırma prosedurunun qanuniliyi, torpağın hüquqi statusu və dövlət qeydiyyatının şərtləri birlikdə qiymətləndirilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri qurumunun rəsmi izahına əsasən: 1 dekabr 2007-ci ilədək yaşayış evinin tikintisi məqsədilə bələdiyyə tərəfindən ayrılmış torpaqlar üzrə bələdiyyə qərarı və alqı-satqı aktı hüquqların qeydiyyatı üçün əsas sənədlər sırasındadır. 1 dekabr 2007-ci ildən sonra torpağın əldə edilməsi zamanı, qanunvericiliyin tələb etdiyi hallarda, hərrac protokolu və hərracın nəticələrinə uyğun bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Vətəndaşın əlində yalnız bələdiyyə sədrinin imzaladığı arayışın və ya torpaq ayrılması haqqında qərarın olması ilə kifayətlənmək olmaz. Hüquqi baxımdan bəzi sənədlərin mövcudluğu və qarşılıqlı uyğunluğu araşdırılmalıdır: Torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarılədiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı müqaviləsi və ya qanunvericiliyə uyğun alqı-satqı aktı, torpaq sahəsinin planı və ölçüsü, tətbiq edildiyi halda torpaq hərracının nəticələrinə dair protokol, torpağın bələdiyyə mülkiyyətində olduğunu və qanuni qaydada özgəninkiləşdirildiyini təsdiq edən məlumatlar”.
Ekspert ən çox rast gəlinən problemlərdən danışıb:
"Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmadığı halda onun satılması, torpaqayırma qərarının bələdiyyənin səlahiyyət həddini aşmaqla qəbul edilməsi, qanunla tələb olunan hərrac və ya müsabiqə prosedurunun keçirilməməsi, torpaq sahəsinin başqa şəxsin mülkiyyətində və ya istifadəsində olması, torpağın dövlət ehtiyacları, yol, kommunikasiya, mühafizə və digər xüsusi rejimli ərazilərə aid olması, torpaq sahəsinin sərhədləri, ölçüləri və təyinatı ilə bağlı uyğunsuzluqlar, təqdim olunan sənədlərin saxta, etibarsız və ya hüquqi baxımdan yetərsiz olması ən çox rast gəlinən problemlərdəndir. Xüsusilə vurğulamaq lazımdır ki, bələdiyyənin qərar qəbul etməsi onun istənilən torpaq sahəsini vətəndaşa vermək hüququnun olması demək deyil. Bələdiyyə yalnız qanunla ona məxsus olan torpaq üzərində, müəyyən edilmiş prosedurlara riayət etməklə sərəncam verə bilər. Əgər qeydiyyatdan imtina edilirsə, imtinanın şifahi izahı ilə kifayətlənməməli, onun hüquqi və faktiki əsaslarını əks etdirən yazılı qərar əldə etməlidir. Bələdiyyənin torpaqayırma qərarının qanuniliyi araşdırılmalıdır. Torpağın həmin tarixdə bələdiyyə mülkiyyətində olub-olmadığı müəyyənləşdirilməlidir. Torpaqayırma sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalıdır. İmtina qərarının qanunsuz olduğu müəyyən edilərsə, müvafiq inzibati və məhkəmə müdafiəsi mexanizmlərindən istifadə edilməlidir”.
Fərid Cəfərli vurğulayıb ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsi qanuni qaydada qəbul edilmiş bələdiyyə aktlarını dövlət qeydiyyatı üçün hüquqi əsaslardan biri kimi tanıyır:
"Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarı da qeydiyyat üçün əsas ola bilər Mən hesab edirəm ki, bələdiyyə sənədi ilə torpaq əldə etmiş vətəndaşların qarşılaşdığı problemlərə yanaşmada iki mühüm prinsip qorunmalıdır. Birinci prinsip qanunçuluqdur. Dövlət torpaq münasibətlərində qanun pozuntularına, torpaqların qanunsuz özgəninkiləşdirilməsinə və mülkiyyət hüququnun əsassız rəsmiləşdirilməsinə yol verməməlidir. İkinci prinsip hüquqi müəyyənlik və vətəndaşın qanuni mənafeyinin qorunmasıdır. Vətəndaşın uzun illər əvvəl dövlətin tanıdığı yerli özünüidarə orqanının qərarı əsasında torpaq əldə etməsi, müqavilə bağlaması və ödəniş etməsi hüquqi qiymətləndirmə zamanı diqqətdən kənarda qalmamalıdır. Əgər bələdiyyə torpağı qanuni əsaslarla satıbsa, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetiribsə və torpağın hüquqi statusu qeydiyyata mane olmursa, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur
Digər tərəfdən, bələdiyyənin qanunsuz qərarı ilə əldə edilmiş torpaq üzərində hüququn avtomatik olaraq tanınmasını da düzgün hesab etmək olmaz. Burada dövlətin vəzifəsi yalnız sənədləri formal yoxlamaq deyil, hər bir konkret halı onun yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik əsasında obyektiv araşdırmaqdır”.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















