Bələdiyyələrin uzun müddət üzləşdiyi praktiki problemlərin həllinə kömək edə biləcək addım
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Demək olar ki, hər gün ölkədə Prezident, Nazirlər Kabineti və digər ali dövlət qurumları tərəfindən müxtəlif qərarlar və normativ sənədlər qəbul edilir.
Onların bir qismi ayrı-ayrı sektorları, regionları və ya spesifik istiqamətləri əhatə edir, bəzi sənədlər isə təsir miqyasına görə daha geniş olmaqla, bütövlükdə ölkənin institusional inkişafı və idarəetmə sisteminə toxunan xarakter daşıyır. Bu baxımdan belə sənədlərə ictimaiyyətin və medianın diqqətsiz qalması doğru olmaz.
Məhz bu kontekstdən çıxış edərək dünən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında qərarla bağlı bir neçə məqamı qeyd etmək istərdim.
Ümumiyyətlə, son 1-2 ildə ölkədə bələdiyyə sistemi ilə bağlı diqqətçəkən institusional dinamika müşahidə olunur. Bu qərar isə bələdiyyələrin fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Sənədə əsasən, bələdiyyələrin informasiya sistemi bir sıra mühüm dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər qurumların məlumatları bu sistemdə əks olunacaq.
Bu sənəd 5 mühüm nəticə yarada bilər (yaratmalıdır!):
1.bələdiyyələrin məlumat əlçatanlığının artması
2.yerli vergi və ödənişlərin uçotunun daha dəqiq aparılmas
3.torpaq və əmlak münasibətləri üzrə məlumatların vahid bazada formalaşması
4.dövlət qurumları ilə bələdiyyələr arasında məlumat mübadiləsinin sürətlənməsi
5.bələdiyyələrin elektron dövlət ekosisteminə daha dərin inteqrasiyası
Uzun illər bələdiyyələrin üzləşdiyi əsas problemlərdən biri müxtəlif dövlət qurumlarında parçalanmış məlumat bazalarının mövcudluğu idi. Eyni məlumat müxtəlif qurumlarda fərqli şəkildə aparılır, nəticədə statistika, maliyyə və idarəetmə qərarları üçün vahid məlumat bazası formalaşmırdı. Yeni qərar bu məlumatların vahid platformada toplanmasına və daha sistemli idarə olunmasına imkan yaradır.
Eyni zamanda bu sistem bələdiyyələrin uzun müddət üzləşdiyi praktiki problemlərin də həllinə kömək edə bilər. Məsələn, torpaq münasibətləri, bələdiyyə borclarının müəyyən edilməsi, alqı-satqı prosesində öhdəliklərin dəqiqləşdirilməsi, kənd təsərrüfatı torpaqları ilə bağlı məlumatların elektron sistemlərdə əks olunması kimi məsələlər artıq daha operativ şəkildə izlənə biləcək.
Digər tərəfdən, yerli büdcələr, vergi yığımları və bələdiyyə gəlirləri ilə bağlı məlumatların Maliyyə Nazirliyi, Statistika qurumları və digər dövlət institutları arasında vahid elektron baza üzərindən formalaşması dövlətin bələdiyyələrə maliyyə yardımlarının və dotasiya siyasətinin daha dəqiq məlumatlara əsaslanmasına şərait yarada bilər.
Əlqərəz, bütün bunlar bələdiyyələrin məlumat imkanlarının genişlənməsi ilə yanaşı, onların institusional nüfuzunun və idarəetmə imkanlarının güclənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.
Amma yaxşı nəticə üçün yenə də 2 məsələ ön plana çıxır. Birincisi, bələdiyyələrin hər biri yaradılmış bu imkanlara formal yanaşma kimi deyil, məsuliyyətli və vicdanlı öhdəlik kimi yanaşmalı, sistemin verdiyi imkanları yerli idarəetmənin güclənməsi və ictimai maraqların qorunması istiqamətində aktiv şəkildə istifadə etməlidir. İkincisi, bu prosesə məsuliyyətlə yanaşan bələdiyyələrin qarşısında inzibati maneələr formalaşmamalıdır. Yalnız bu 2 şərt təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı daha dolğun şəkildə üzə çıxa bilər.
Eldəniz Əmirov, iqtisadçı
Bu mövzuda digər xəbərlər:FAO: Azərbaycanda innovasiya fermerlərin üzləşdiyi problemlərin həllinə kömək edə bilər
16 Oktyabr 2026 11:09
Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər
14 Mart 2025 22:07
Deputat: Düşünürəm ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək
23 Aprel 2025 18:07
Prezident: Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazırdır
16 Dekabr 2024 15:18
Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq
12 Noyabr 2026 17:21
Baxış sayı:159
Bu xəbər 12 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















