Icma.az
close
up
RU
Bənzərsizlik, dəqiqlik, yenilik Dilqəm Əhməd yazır

Bənzərsizlik, dəqiqlik, yenilik Dilqəm Əhməd yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dilqəm ƏHMƏD

1888-ci ildə dövrün imperiyalarından birinin paytaxtı olan Sankt-Peterburq şəhərindən Parisə yola düşən qızğın və coşqun bir tələbə öz taleyini dəyişdirmək üçün bütün ehtimalları göz önünə alaraq qərarını vermişdi: o, Sankt-Peterburqdan daha üstün bir yerdə oxuyacaq və ona imtahanlarda haqsızlıq edən müəllimlərin qarşısına güclü bir şəxs olaraq çıxacaqdı. Evinə bir teleqram göndərib, Avropaya gedən qatara bilet alıb yola çıxmışdı. Qatar isə yüz il öncə dünya tarixini dəyişdirəcək bir inqilaba ev sahibliyi etmiş bu şəhərə həmin tələbəni yetişdirməyə çalışarkən Cənubi Qafqazda və Türkiyədə bir çox önəmli hadisələrin mərkəzində yer alacaq bir şəxsiyyəti apardığının fərqində deyildi. Cüzi pulla Parisdə yaşayan, fransız dilini öyrənən, dövrün böyük şərqşünaslarından dərs alan, paytaxtın ən mühüm dərgilərinə yazılar yazan, bir neçə il sonra Londona yola düşərək şərqşünasların konqresində məruzə oxuyan, buna görə Qacar şahından qiymətli üzük hədiyyə alan bu şəxs şuşalı bir tələbə idi - Əhməd bəy Ağaoğlu. Tarixi bir daha xatırladaq: 1888-ci il.

Məşhur bir söz var: "Tarix bioqrafiyalardan ibarətdir". Şübhəsiz ki, söhbət burada tarixi yaradan və dəyişdirən böyük şəxsiyyətlərdən gedir. Bioqrafiyaları yazarkən də mütləq şəkildə doğum tarixindən sonra aldıqları ilk təhsilə nəzər yetirilir. Çünki gələcəkdə tarixi dəyişdirəcək şəxsiyyətin özünün hansı dəyişikliklərdən keçməsi elə bu ilk təhsil mərhələsindən, davamı olaraq ali təhsil dönəmindən asılıdır. Necə ki, Əhməd Ağaoğlu ahıl çağlarında yazdığı xatirələrində onu atasından və əmisindən gizli şəkildə rus dilini öyrənmək üçün müəllim tutan anasına üsyan edirdi ki, "bilsəydin ki, oğlun nə müsibətlərdən keçəcək, heç bu addımı atmazdın". Həqiqətən də, Əhməd bəy gizli şəkildə rus dili dərslərini almasaydı, Şuşada və Tiflisdə yeni tipli məktəblərdə oxumasaydı, daha sonra Peterburq və Paris mühitini görməsəydi, əmisinin ən böyük arzusu olan müctəhid olacaqdı, həyatı Qarabağla məhdud qalacaqdı. Bir ana bir oğulun taleyini dəyişdirdi, bir oğul da millətinin. Ağaoğlunun müasir qəzetlər təsis etməsi, erməni və rus zülmünə qarşı "Difai" təşkilatını qurması, müsəlmanların hüquqlarını mərkəzdə müdafiə etməsi elə o ilk təhsildən gələn təbii nəticələrdi. Necə ki, eyni yolu keçənlər irəlidə Azərbaycan Cümhuriyyətinin baş nazirləri, nazirləri, parlament üzvləri oldular. Ali bir zümrə formalaşdırdılar, keçmişin niqabını üzlərindən çıxarıb özlərini, millətlərini və ölkələrini gələcəyə daşıdılar. Bunların hamısı təhsilin sayəsində oldu.

Bu insanlar arasında bizim tanıdığımız çox məşhur simalar var: Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşı və onlarcası... Ancaq tanımadığımız yüzlərlə tələbə var idi ki, artıq onları da tanıyırıq.

lll

...AMEA Riyaziyyat və Mexanika İnstitutunun 6-cı mərtəbəsi. Yeddi yüzdən çox tələbənin taleyi buradakı otaqlarda yenidən yazılır, unudulmuş, sonuncu dəfə arxiv işçilərinin bağladığı sənədlər bir əsrdən sonra ilk dəfə olaraq tədqiqata cəlb edilir. İkinci ömür qazanan tələbələrin hansı ibtidai və orta məktəbdə oxuduqları, hansı qiymətləri aldıqları, hansı ali məktəblərə qəbul olunduqları əlifba sırasına uyğun olaraq yazılır, nəticədə cildlər formalaşır. Artıq onuncusu - sonuncusu çapdan çıxacaq bu kitab vasitəsiylə yüz ildən sonra tələbələrlə xəyali bağ qurur, dövrün çətinliklərini düşünür, müsəlmanlar üçün ali təhsilin o dövrdəki əngəllərini anlayırıq. Bu böyük səyahəti bizə bəxş edənlər isə AMEA-nın müxbir üzvü, professor, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir.

On cildlik kitabı ərsəyə gətirən hər iki dəyərli alim bu əsərlərinə qədər də təhsil tariximizlə bağlı tədqiqatlarda kifayət qədər söz sahibi idi. Misir Mərdanov dörd cildlik "Azərbaycan təhsil tarixi", Ədalət Tahirzadə isə Oğuztoğrul Tahirli ilə birlikdə qələmə aldığı 1200 səhifədən çox "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabı ilə nəhəng abidə əsərlər yaratmışdılar. Digər tərəfdən, hər iki alimin ali təhsil sahəsindəki 30 ildən artıq səmərəli fəaliyyəti bu layihənin mütləq uğurla nəticələnəcəyini göstərirdi...

Kiçik mənzilimin böyük kitabxanasına hər yeni cild daxil olduqca rəflərdən başqa bir kitab arxaya keçir, əlifba sırası ilə düzülən cildlərdəki həyat hekayələri ilə üz-üzə qalıram. Cildlərdəki yazıları oxuduqca ilkin təəssüratım formalaşır, bu materiallara münasibətdə beynimdə üç ifadə yaranır: bənzərsizlik, dəqiqlik, yenilik.

Yeddi yüzdən çox soydaşımızın həyat hekayətini saysız-hesabsız arxiv sənədləri əsasında yazmaq bənzərsiz bir haldır. Sonradan daha geniş fəaliyyəti olan tələbələrlə yanaşı, həyat hekayəsi sadəcə iki səhifəyə sığan tələbələr üçün də böyük zəhmət çəkilib, çünki bu həyat hekayələrində daha əvvəl yazılanları toplayıb, cilalayıb, yenidən oxu süfrəmizə qoymayıblar. Əksinə, bu tələbələrin izi ilə min bir əziyyətlə Rusiya imperiyasının Sankt-Peterburq, Moskva, Kiyev, Xarkov, Saratov, Odessa, Kazan, Tiflis və başqa mühüm şəhərlərinə səfərlər edilərək onların arxivlərində aylarla axtarışlar aparılıb, Tallin, Riqa kimi şəhərlərin arxivlərindən sifarişlə çoxlu sənədlər gətirilib, həmin ödənişli arxivlərdən on minlərlə vərəq sənəd surəti toplanılıb, o tələbələrin sonrakı həyatını öyrənmək üçün başda DTX Arxivi olmaqla Azərbaycanın ən müxtəlif dövlət arxivləri gərgin araşdırılıb, çar və sovet dönəmi mətbuatı ələnib, neçə-neçə ailədən qiymətli özəl bəlgələr, fotoşəkillər əldə edilib. Bundan sonra rəsmi sənədlərdəki məlumatlar tutuşdurulub, saf-çürük edilib, nəticədə ən dolğun və düzgün bilgilər həyat hekayələri şəklində bizə təqdim olunub. Boynumuza almalıyıq ki, bu həcmdə geniş işi normal halda on-on beş nəfərlik yaradıcı bir kollektiv görə bilərdi... 

Bu bənzərsiz işdən sonra gələn bir dəqiqlik amili də var.

Müxtəlif işlərdən ötrü müəlliflərin yanına gedərkən bəzən onları qayğılı görürdüm. Xüsusən Ədalət müəllimin üzündə təəssüf və təəccübün qarışığından ibarət bir emosiyasını artıq çözə bilirdim - yenə də hansısa adlı-sanlı bir müəllif heç bir qaynaq göstərmədən, heç bir akademik tələbə əməl etmədən görkəmli bir şəxsiyyətimiz haqqında yanlışlarla dolu bir məqalə yazıb, özündən sonrakıların da eyni səhvləri təkrarlamasına səbəb olub. Bütün işlərində dəqiqliyi başlıca prinsip kimi rəhbər tutan Ədalət müəllim hər hansı bir tarixi şəxsiyyətin doğum gününü belə dəqiqləşdirərkən yüz ölçüb bir biçir. Sevindirici haldır ki, məhz yuxarıda sadaladığımız şəhərlərdəki ali məktəblərin arxivlərindən şəxsən əldə edilmiş sənədlərin sayəsində bir çox görkəmli soydaşımızın doğum ili, ayı və günü artıq dəqiq müəyyənləşdirilib. Hansısa məqalədə "Qafqaz şeyxülislamı (müftisi) tərəfindən təsdiqlənmiş doğum haqqında şəhadətnamə" ifadəsini oxuyurdumsa, əmin olurdum ki, bu şəxsin doğum tarixi ilə bağlı qarışıqlıq artıq keçmişdə qalıb.

Bütün bunlar həm də yenilik deməkdir. Nəzərə alaq ki, öyrənilməsi sovet dövründə qadağan olunmuş şəxsiyyətlərimizin həyat hekayələri yazıldığı zaman 1990-cı illərin əvvəllərində qələmə alınmış eyni məqalələrə istinad edilirdi. O dönəmdə isə arxivlərin gizli fondları hələ yeni-yeni açılmağa başladığına, gerçəklərin yalnız işartıları üzə çıxarıldığına görə o məqalələrdə, təbii ki, yanlışlıqlar da çox olurdu. Nəticədə bu səhvlər bir müəllifdən başqasına keçməklə günümüzə qədər gəlib çatırdı. Müəlliflərin tarixşünaslıqda ən önəmli qaydaya - birinci əldən qaynağa istinad etməsi səhvlərə yol verilməməsində, tarixi şəxsiyyətlərin ömür yolunun maksimum doğru-düzgün yazılmasında başlıca rol oynayıb. Keçmişdə bir tarixi sima haqqında danışılanda onun ali təhsil alması heç bir qaynaq olmadan qeyd edilirdisə, haqqında danışdığımız kitabın hər bir məqaləsində bu haqda mütləq şəkildə bəlgələr təqdim olunmaqdadır.

Oncildliyi oxuduğumuz zaman müəlliflərin tədqiqatı hansı prinsip üzərində qurduğu aydınlaşır. Kitabın ilk cildində layihəyə necə başlanılması ilə bağlı geniş izahatdan da göründüyü kimi, prinsipin əsasında bunlar durur: bölgələr, bəlgələr, bilgilər. Müzakirələr nəticəsində öncə arxivlərində çalışılacaq bölgələr müəyyən edilib, ardınca oralara gedilərək ali məktəblərin sənədlərinin saxlandığı arxivlərdə çalışmaqla gərəkli bəlgələr toplanıb, ən sonda bütün sənədlər sistemləşdirilərək onların əsasında ortaya hazır elmi material qoyulub. İlk baxışdan bu, çox asan proses kimi görünə bilər, ancaq ömründə ən azı bir dəfə elmi məqalə yazan şəxs bu prosesin necə ağrılı gerçəkləşdiyini bilir. İşin maddi-maliyyə tərəfini heç müzakirə etmirik, çünki müharibənin uduzulması səbəbi kimi "barıtın yaş olması"ndan sonra başqa şərhə ehtiyac qalmadığı kimi, xarici ölkələrə səfər xərclərinin qarşılanması, ödənişli arxiv sənədlərinin alınması mümkün olmazdısa (barıt yaş olardısa) bu layihənin doğulmadan öləcəyi şübhəsiz idi. Ancaq işin bu maddi tərəfinin əhəmiyyətini təsdiqləməklə yanaşı, daha ağır bir mərhələdən bəhs etmək istəyirəm.

Keçmiş SSRİ ölkələrinin arxivlərində məmur kimi çalışan insanlarla əlaqə yaratmaq, onların könlünü oxşayıb istədiyini qoparmaq elə də asan olmur. Nəzərə alsaq ki, Gürcüstanın timsalında bəzi ölkələrdə xarici tədqiqatçılara münasibətdə aşırı çətinliklər yaradılır, o zaman müəlliflərin hansı mərhələlərdən keçdiklərini anlamaq çətin olmaz. Məsələn, Gürcüstan arxivində araşdırıcının günlərlə gözlədilməsi, bəlgələrin limitlə verilməsi, yaxud bəzi gərəkli sənədlərin heç verilməməsi... kimi hallar özünü göstərsə də, səbir və inad nəticəsində əksər bəlgələr əldə edilib. Bu məqsədlə hər cür məhrumiyyətə dözülüb, çünki əldə edilən sənədlər hər bir cəhətdən əhəmiyyətlidir; onlardan biz bir tərəfdən tələbənin keçdiyi təhsil yolunu öyrəniriksə, digər tərəfdən dövrün idarəçilik, vətəndaş-məmur münasibətlərinin necə olduğunu da anlaya bilirik. Azərbaycan gənclərinin imperiya mərkəzlərindəki ali məktəblərə sənəd göndərməsi, bunun üçün bir öncəki təhsil mərhələsindəki şərtləri yerinə yetirməyə necə can atmasını görmək qürurvericidir.  Burada zəruri bir məqamı qeyd edim ki, arxivlərdən sənədlərin surətini almaq elə də asan olmayıb. Bəzi şəhərlərdə (məsələn, Sankt-Peterburq və Kiyevdə) sənədlərin surətlərini arxivin özü çıxararaq sonradan Bakıya göndəribsə, əksər arxivlərdə müəllif özü şəxsən öz fotoaparatı ilə çəkilişlər edib və buna bəzən günlərcə vaxt sərf edib. Ə.Tahirzadənin mənə danışdığına görə, Sankt-Peterburq, Kiyev, Xarkov və Odessa arxivlərində o, bəzən bütün iş günü boyunca səhərdən axşamadək ayaq üstündə duraraq qovluqlar dolusu sənədlər çəkib. Bunun asan iş olduğunu düşünənlər yanılır. Daim Türkiyə kitabxanalarından fotosurətlər çəkən biri kimi prosesin necə bir fiziki yorğunluğa səbəb olduğunu bilirəm...

Burada müəlliflərdən asılı olmayan başqa bir məsələ də var. Belə ki, 1919-cu ildə İstanbul Universitetində baş verən bir yanğın nəticəsində oradakı tələbələrin sənədləri məhv olub. Azərbaycandan gedən tələbələrin daha çox oxuduğu Xarkov Unversitetinin arxivi isə 2-ci Dünya müharibəsi zamanı yanaraq külə dönüb. Buna görə də bəzi tələbələrin həyat hekayələrini yazmaq mümkün olmayıb.

Fikrimizi daha çox ölkə xaricindəki arxivlərə yönəltdik, ancaq onu da unutmayaq ki, kitabda Azərbaycanın dövlət arxivlərindəki sənədlərdən, eləcə də tələbələrin sonrakı nəsillərinin ailə arxivlərindən də gen-bol istifadə edilib. Xüsusən də Azərbaycan Cümhuriyyəti yıxılaraq sovet rejimi qurulduqdan sonra repressiyaya məruz qalmış, sürgün edilmiş tələbələrin ifadələri, onların son günləri, tələbəlik və məhbəs dönəmində çəkilmiş fotoşəkillərin müqayisəsi insanı dəhşətə salır. Tək məqsədi öz sahəsində mütəxəssis kimi yetişmək olan bir çox tələbə 1920-ci il işğalından sonra da vətəninə sədaqətlə xidmət etsə də, sadəcə ziyalı olduğu üçün, sadəcə oxumuş türk olduğu üçün, sadəcə dövrün tanınmış bir siyasətçisi ilə haradasa bulunduğu üçün kommunist rejimi tərəfindən məhv edilib. Bunu da unutmayaq ki, Azərbaycan tarixində xəyanətkar rol oynamış bəzi şəxslər də alitəhsilli olduğuna görə kitabda yer alıb. Ensiklopedik soraq kitabında Çingiz İldırım, Əliheydər Qarayev kimilərin də bioqrafiyalarının verilməsi bu baxımdan əhəmiyyətlidir.

Müəlliflər böyük təvazökarlıq göstərərək əsəri "ensiklopedik-soraq kitabı" adlandırıblar. Düzdür, elə tələbə var ki, haqqında yalnız ensiklopedik maddə həcmində məqalə verilib, ancaq bəziləri haqqındakı yazıdan isə ayrılıqda çap olunarsa, bir kitabça alınar. Digər tərəfdən, hər məqalə dövrün tarixşünaslığı üçün fərqli-fərqli cığırlar da açmaqdadır. Məsələn, biz kitabdakı həyat hekayələrini oxuduqca Azərbaycanın bölgələrində hansı məktəblərin olduğunu, tələbələrə təqaüd verən hansı qurumların mövcudluğunu, diplomla qayıdan tələbələrin əmək fəaliyyətinin mərhələlərini də öyrənirik. Misal üçün, tələbə Qantəmir haqqında yazılan məqalədəki cümləni oxuyaq: "1915-ci ild? Göyçayda yeni açılan "İqbal" m?kt?bin? t?yinat alıb. 1916-cı ild? "N?şri-Maarif" C?miyy?tinin Qubada açdığı m?kt?b? müdir v?zif?sin? gönd?rilib". Ola bilsin ki, müəlliflər üçün bu bilgilər ana mövzunun alovu qarşısında qığılcım kimi qalsın, ancaq şəxsən mənim üçün XIX əsrin sonu - XX əsrin əvvəllərində başlayan cədidçilik hərəkatı, yeni tipli məktəblərin tarixinin öyrənilməsi baxımından bənzərsiz bir qaynaqdır.

İmperiyanın önəmli mərkəzlərində təhsil alan tələbələrin bir çoxunun qarşılaşdığı təlatümlü bir dönəm var: 1917-ci il Fevral inqilabı. Bu inqilabi dövrdəki xaos, anarxiya əksər tələbələrin təhsili yarımçıq qoyub vətənə qayıtmasına səbəb olub, çünki Rusiya şəhərlərində yaşamaq onlar üçün mümkünsüz olub. Müəlliflər haqlı olaraq ali təhsil müəssisəsində qeydiyyata düşmüş, oranın koridorlarındakı ab-havanı hiss etmiş, qısa müddət də olsa oxumuş soydaşlarımızı da əsərə salıblar. Axı onların təhsilinin yarımçıq qalması özlərindən asılı olmamışdı. Məsələn, Üzeyir bəy Hacıbəylini götürək. Biz sovet dövründə qardaşına yazdığı məktublardan görəcəyik ki, böyük vəzifələri icra edən, Azərbaycan musiqisini ilmə-ilmə toxuyan Üzeyir bəy diplomu olmadığına görə təəssüf hissi keçirib, halbuki yarımçıq təhsilli Üzeyir bəy özünü ta 1908-ci ildən görkəmli bir bəstəkar kimi təsdiqlətmiş, ali təhsilini tamamlaya bilməsə də, "Koroğlu" kimi abidə əsər yaradaraq necə yüksək biliyə sahib olduğunu göstərmişdi.

İnsan mühitinin əsəridir. On cildlik kitabın ən mühüm cəhətlərindən biri də Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin dövrün hansı ab-havası içərisində yetişdiyini göstərməsidir. Məsələn, Əli bəy Hüseynzadə Sankt-Peterburqdakı hərəkatlanmadan, oradakı millətçi görüşlərdən təsirlənmiş, dünyagörüşü bu təsirlər altında formalaşmış, sonrasında o, məhz oranın mühitində qazandıqları ilə Osmanlı Türkiyəsində də bir çox yeniliyə imza atmışdı. Yaxud bəzi tələbələrin Kiyev kimi şəhərlərdə tələbə təşkilatı qurması, Azərbaycandakı siyasi firqə təmsilçisi olması onların gələcəkdə vətəndə önəmli mövqe tutacağını göstərirdi. Biz kitabdakı fotolarda bir çox məşhur şəxsləri yan-yana görəndə bəzən təəccüblənir, sonradan bir-birinə qarşı da çıxmış insanların eyni fotoşəkildən bizə boylanmasını təəccüb edirik. Məsələn, kitabdakı bir fotoşəkildə Nəsib bəy Yusifbəyli ilə Nəriman Nərimanovu yanaşı görürük. İllər sonra biri müstəqil Azərbaycan Cümhuriyyətinin Baş naziri olacaq, digəri isə həmin Baş nazirə Rusiyanın təmsilçisi kimi hədələyici məktub yazaraq onun rəhbərlik etdiyi hökumətin tezliklə yıxılacağını bildirəcək və üstünə barmaq silkələyəcəkdi... İndi isə onlar fotoşəkildən sadəcə arzularının arxasınca qaçan yüzlərlə gəncdən biridir. Şəfi bəy Rüstəmbəyli ilə Yusif Vəziri, Behbud xan Cavanşirlə Xosrov bəy Sultanzadəni və digərlərini bir arada görmək olduqca həyəcanvericidir... Kim deyərdi ki, eyni fotoşəkildən boylanan Əlimərdan bəy Topçubaşı ilə Əli bəy Hüseynzadənin həyatı necə davam edəcəkdi? Onlardan birincisi saqqallı, gur saçlı bir universitet tələbəsi ikən illər sonra böyük və əzəmətli dövlətlərin siyasət masasında əyləşəcək, Parisin Versal sarayında Azərbaycanın taleyini həll edəcəkdi. Çar müəllimlərinin qarşısında imtahan verən bu tələbə 1919-cu ildə ABŞ prezidenti Vudro Vilsonla üzbəüz dayanacaq, zəkası ilə onu heyrət içində qoyacaqdı. İkincisi isə Peterburqdan İstanbula dönəcək, Türkiyənin taleyini dəyişdirən "İttihad və Tərəqqi"nin pərdə arxasındakı siması olacaq, Azərbaycanda siyasi mətbuatın əsasını qoyaraq xalqına "Həyat" bəxş edəcəkdi.

Kitabdakı ən əhəmiyyətli məlumatlardan biri də tələbələrin seçdiyi ixtisaslar haqqındadır. Tələbələr arasında mühəndislər, hüquqşünaslar, həkimlərlə yanaşı, Zivər bəy Əhmədbəyovun timsalında memarlar da olub. Gələcək cümhuriyyəti quranlar daha çox hüquqşünaslar və həkimlər idi... Fətəli xan Xoyski, Xəlil bəy Xasməhəmmədli, Məhəmməd xan Təkəli... kimi hüquqşünaslarla yanaşı, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının (Parlamentinin) gerçək sədri Həsən bəy Ağayev,  Bəhram bəy Axundov, Məhəmmədrza ağa Vəkilov... kimi həkimlər, Behbud xan Cavanşir, Ağa Aşurov, Xudadad bəy Məlkaslanov... kimi mühəndislər, Abdulla bəy Əfəndizadə, Rza bəy Qaraşarlı, Həbib bəy Mahmudbəyli... kimi müəllimlər vahid amal uğrunda çiyin-çiyinə mücadilə aparıblar. Burada qısa haşiyə çıxaraq qeyd edək ki, kitabda təkcə imperiya sərhədləri daxilindəki universitetlərdə oxuyanlar deyil, Avropanın bir sıra ölkələrində təhsil alanlara, eləcə də Şərq ölkələrində ali dini təhsil alan soydaşlarımıza da yer verilib. Məsələn, Mirzə Fətəli Axundzadənin oğlu Rəşid bəy 1874-cü ildə ali təhsil almaq üçün Belçikanın paytaxtı Brüsselə yola düşüb. Digər bir tələbə Bala bəy Qocazadə Belçikanın Liej şəhərinə gedib, həyat daha sonra onu İstanbula gətirib. Şeyxülislam Axund Ağa Ağaəlizadə, Bakı qazisi Mirməhəmmədkərim ağa Mircəfərzadə, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Hacı Səlim Axundzadə... kimi ali dini təhsilli bir çox ruhanilərimiz də əsərdə yer alıb.

Kitabın "K-L" hərflərini əhatə edən 4-cü cildində böyük şərqşünas Mirzə Kazım bəyin törəmələri olan və onun soyadını daşıyan, ancaq ruslaşmış 7 nəfərin tərcümeyi-halının Tatarıstan arxivindən əldə edilmiş sənədlərə əsasən təqdim olunması da dünyaca tanınmış bu alimin nəsil şəcərəsinin öyrənilməsi baxımından çox önəmlidir.

Kitabda diqqət çəkən məsələlərdən biri də tələbələrin doğulduğu coğrafiya ilə bağlıdır. Haqqında söz açılan tələbələr əsasən o zaman çar Rusiyasının tabeliyindəki ərazilərdən idilər. Azərbaycan xanlıqlarının işğalından sonra həmin bölgələr müstəmləkə altında idi, bu səbəbdən müəlliflərin araşdırma dairəsi bugünkü siyasi coğrafiyanı deyil, Azərbaycan türklərinin yaşadığı bütün bölgələri əhatə edib. Buna görə də tələbələr arasında Qars, Batum, Tiflis kimi tarixi yurdlarda doğulanlar da vardır. Eləcə də İrəvandan Bakıya, Lənkərandan Qazaxa qədər, demək olar ki, ölkəmizin bütün bölgələrindən çıxmış 713 ziyalı gəncimizin həyatı ilə tanış oluruq. Bu da müəlliflərin ilk cilddə sərt tənqid etdiyi bolşeviklərin maarif komissarı Dadaş Bünyadzadənin Azərbaycanda 1921-ci ilə qədər cəmi 63 nəfərin ali təhsilli olması iddiasını bütünlüklə alt-üst etməkdədir. Deməli, bu 10 cildlik həm də bolşevik yalanlarını ifşa edən və millətimizin üzərinə atılmış çirkabı fədakarlıqla təmizləyən əvəzolunmaz bir tarixi qaynaqdır.

Müəlliflərlə söhbət zamanı həmişə kitabın 9 cild olacağını, 10-cu cild üzərində qərar vermədiklərini deyirdilər. Bunun səbəbi vardı. Çünki onuncu cilddə yer alan tələbələr Azərbaycanda doğulmasalar da, həyat və fəaliyyətcə Azərbaycana sıx bağlı türk-müsəlmanlardır. Doğrudur, həmin cild hələ işıq üzü görməyib, ancaq müəlliflər başa çatmaqda olan X cildin bütün materialları ilə bizi lütfkarlıqla tanış edib, bu üzdən də onun haqqında da ürəklə danışa bilirəm. X cilddəki ali təhsillilər arasında qumuq türklərindən Rəşid xan Qaplanov kimi görkəmli şəxsiyyətlər var. Rəşid xan Şimali Qafqaz hökumətində nazir idi, parlamentdə təmsil olunub, daha sonra isə Azərbaycana gələrək maarif, dini etiqad naziri kimi önəmli vəzifələrdə çalışıb. Krım türklərindən olan professor Bəkir Çobanzadə bütün türk dünyasında ən mötəbər türkoloqlardan biri kimi tanınır, əsərləri indi də qaynaq kitablar olaraq qəbul edilir. I Türkoloji qurultay, əlifba islahatları haqqında mühüm xatirələr yazmış, türkün nəhəng abidəsi olan "Divanü lüğət-it-türk" əsərini ərəbcədən Azərbaycan türkçəsinə çevirmiş (bu, "Divan"ın dünyada ilk tərcüməsi idi) Xalid Səid Xocayev, Cümhuriyyətimizin xidmətində dayanmış Polşa tatarlarından Leon (Arslan) və Olgerd Nayman Mirzə Kriçinski qardaşları, memar Ömər bəy Abuyev, tarixçilər (Əbdül) əziz Übeydullin, Cəmil bəy Aleksandroviç-Nəsifi, Nəcib Xalfin, həkim Əminə xanım  Batırşina, müəllim Səlimə xanım Osmanzadə (Yaqubova), hərbçilər Masey (Məhəmməd) bəy Sulkeviç, Murad Gəray bəy Tlexas, hüquqşünas İsmayıl bəy Xuramoviç, mühəndislər Adilgirey Daidbəyov, Vidadi Əmirov, Bahadur Mallaçixan(ov), Məhəmməd Mollayev, (Məhəmməd) Zübeyir bəy Temirxanov və başqa şəxslər kitabın sonuncu cildində yer alıb. Bu önəmli simaların Azərbaycan oxucusuna tanıdılması onların xidmətləri qarşısında olan vəfa borcumuzdur. Nə yaxşı ki müəlliflər X cildin çapında qərarlı oldular. Hətta söhbətimiz əsnasında bir dəfə Ədalət bəy Qazan arxivində çalışarkən tatar tələbələrindən Terequlovların da bəlgələrinin surətini çıxardığını demişdi, çünki başqa türk-müsəlmanların sənədləri ilə qarşılaşdıqda onları kənara atmağa qıymamışdı.

Bunu da hökmən bildirməliyəm ki, bugünkü Türk Dünyasında, özəlliklə keçmiş Sovet İttifaqı coğrafiyasındakı heç bir müstəqil və muxtar türk respublikasında sovet işğalınadək oxumuş öz tələbələri haqqında professorlar Misir Mərdanov və Ədalət Tahirzadənin ortaya qoyduğu bu möhtəşəm çoxcildlik kimi əsər yaradılmayıb (açığı, yaradıla biləcəyinə də nikbinliklə baxmıram). Bu oncildliyin qardaş cümhuriyyətlərin araşdırıcıları üçün dəyərli örnək olacağını düşünürəm.

Əminəm ki, bu əsər müxtəlif elmi işlərin yazılmasına da təkan verəcək, onlar üçün ən etibarlı bir qaynaq olacaq. Bu bioqrafiyalardan yola çıxaraq çarlıq dönəmində təhsil sisteminin tarixinin araşdırılması, dövlət bürokratiyasının bu sahə üzrə necə çalışdığını, ictimai-siyasi zümrələrin necə formalaşdığını, ali təhsilin insanların və toplumun həyatında hansı yeniliklərə yol açdığını öyrənə bilirik.

lll

Kitab 1920-ci ilədək təhsil alan tələbələrimizi ehtiva edir. Şübhəsiz ki, Azərbaycan türklərinn ali təhsilə meyli bu tarixdən sonra da güclü olub. Bəzi tələbələr Sovet Azərbaycanı təqaüdçüsü olaraq xaricdə təhsil alıb, bəziləri isə mühacirətdə təhsilini daha da təkmilləşdirib. Məsələn, Miryaqub Mirmehdizadə, Qasım Qasımzadə kimi şəxslər 1920-ci ildən sonra da bu dəfə Parisdə ali təhsilin daha yüksək pilləsinə qədəm qoyaraq doktor dərəcəsi qazanıblar. Yeri gəlmişkən, bu cildlərin hər birini oxuduqdan sonra mən də mühacirət tariximizlə bağlı araşdırmalarım zamanı mühacir simaların təhsili ilə bağlı mənbələri əldə etdikcə sevinir, tapıntılarımı müəlliflərlə bölüşməyə çalışırdım. Məsələn, bu yaxınlarda mühacir professor Əhməd Cəfəroğlunun qızının arxivindən Miryaqub bəyin Parisdəki doktorluq diplomunun surətini əldə etmişdim. Eləcə də Türkiyə arxivlərində Xosrov bəyin diplomu ilə bağlı yazışmaların olduğunu üzə çıxarmışdım (Mənim araşdırmalarımı da bu cildlərdə dəyərləndirmiş müəlliflərə öz minnətdarlığımı bildirirəm).

Şübhəsiz ki, sonrakı illərdə də müxtəlif universitetlərdə təhsil alan tələbələrin həyat hekayələri yazılmalıdır. Düşünürəm ki, gələcəkdə tarixi bir qədər uzadıb 1920-1950-ci illərdə ali təhsil almış mühacir azərbaycanlıların da tərcümeyi-hallarının ayrı bir kitabda toplanılmasına ehtiyac vardır. Belə bir kitabı yazmaq üçün bu on cildlikdə istifadə olunan üsul və vasitələrdən yetərincə bəhrələnmək mümkündür.

Professorlar Misir Mərdanov və Ədalət Tahirzadə Azərbaycanın təhsil tarixi üçün bahabiçilməz bir qaynağı elmi mühitə təqdim ediblər. Kitabın birinci cildində layihənin başlanğıcında çəkilmiş fotoşəkli görəndə aradan nə qədər zaman keçdiyini, dəyərli alimlərimizin ömürlərinin ən azı yeddi ilini bu qiymətli işə həsr etdiklərini görürük.

Bu sətirləri yazarkən bir tərəfdən də keçmişlə bugünü müqayisə etməyə çalışıram. Hazırda doktorantura təhsili aldığım İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin koridorlarında gəzərkən vaxtilə Əhməd Cəfəroğlu, Məhəmmədzəki Dursunzadə və bu kimi onlarca azərbaycanlı tələbənin bu universitetdə çətin dövrlərdə təhsil aldığını düşünərək onlarla bağ qurmağa çalışıram. Digər tərəfdən, oxuduğum bu Universitetdə bir zamanlar Zeynəl(abdin) Əlizadə kimi Cümhuriyyət tələbəsi də çalışıb. Əhməd bəy Ağaoğlu, Adil xan Ziyadxan kimi şəxsiyyətlərin də ömür yolu bu divarlar arasında keçib...

Yenidən başlanğıcdakı fikrimə qayıdıram: "Tarix bioqrafiyalardan ibarətdir". Bir anlıq düşünsək ki, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşı, Həsən bəy Ağayev, Xəlil bəy Xasməhəmmədli, Xosrov bəy Sultanzadə... kimi ali təhsilli şəxsiyyətlərimiz olmasaydı, Cənubi Qafqaz türkləri milli cümhuriyyət qura biləcəkdimi? Bu suala cavab vermək çətin olsa da, tam əminik ki, müsəlman Şərqində ilk demokratik parlamentli idarəçiliyi qurmaq məhz bu ali təhsilli aydınlarımızın sayəsində mümkün olub.

Bir dövləti qoruyan silahlı ordudursa, bir dövləti yaşadan da ürfan ordularıdır. Hər ali təhsilli şəxs həmin ordunun bir əsgəri kimi Vətənin və millətin yolunda xidmət etməkdədir.

Şübhəsiz ki, dəyərli müəlliflərimizin kitabı haqqında fikir söyləmək həddimiz və səlahiyyətimiz xaricindəydi. Sadəcə hər cild çıxdıqca, oradakı bioqrafiyaları oxuduqca düşüncələrimi bölüşmək hissi, eləcə də müəlliflərə təşəkkür etmək duyğusu yaranırdı. Tədqiqatla məşğul olan biri kimi, bu abidə əsərə görə müəlliflərə ürəkdən minnətdarlığımı bildirir, ümid edirəm ki, onlar təhsil tariximizin tədqiqi yolunda bundan sonra da mühüm yeniliklərə imza atacaqlar.

İstanbul-İzmir

10-18 aprel 2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see156

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see149

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see142

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see139

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see137

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see137

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see135

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see132

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see131

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see129

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see127

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see127

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see127

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see126

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

28 Aprel 2025 12:44see125

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see121

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see116

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see114

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see113

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri