Icma.az
close
up
RU
Zəngəzurlu mücahidin evində Dilqəm Əhməd

Zəngəzurlu mücahidin evində Dilqəm Əhməd

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Dilqəm Əhmədin "Zəngəzurlu mücahidin evində" yazısını təqdim edir.

"Gördüyünüz bu qarşıdakı divanda əyləşmişdi əmim. Azərbaycan mövzusu açıldı. Gözlərinin yaşı dayanmırdı. Göz yaşlarını mən sildim... Ölərkən yanında idim. Nəşinin üzündən öpdüm".

Mart ayının 7-də müəllifi olduğum "Türkiye'de Bir Millet ve Hak Yolcusu. Mehmet Emin Resulzade" adlı kitabımın təqdimatı üçün Ankaraya getmişdim. Azaflı Sosial Yardım və Kültür Dərnəyində keçirilən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin Türkiyə həyatını ehtiva edən kitabın tanıtım mərasiminə Ankarada yaşayan soydaşlarımız və mövzuya marağı olan insanlar toplanmışdı. Səfərin ikinci günü yenə eyni dərnəkdə Azərbaycan Türkiyə Tələbələr Birliyinin təşkilatçılığı ilə 8 Mart Günü münasibətilə Ankarada yaşayan həmyerlimiz Ali Asker xoca ilə birgə Azərbaycan qadınının keçdiyi tarixi yola nəzər saldıq. Növbəti gün isə - martın 9-da həmkarım Elməddin Behbudun istəyi üzərinə Ankaradakı bir mənzilə doğru yola düşdüm. Həmin evdə zəngəzurlu mücahid Tağı Aranın qızı Ceylan xanım yaşayırdı.

Haşiyə: Bu ilin yanvar ayının 11-də Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Elməddin Behbudun hazırladığı "Mücahid ömrü: Məhəmmədsadıq Aran" kitabının təqdimatı olmuşdu. Tanınmış alimlərin iştirak etdiyi mərasimə Aran ailəsinin Azərbaycandakı qohumları da qatılmışdılar. Kitabda M.Aranın geniş həyat hekayəsi verilib, bir sıra məqalələri dilimizə uyğunlaşdırılıb. Uzun müddətdir bu kitabı hazırlayan Elməddin bəyin fədakarlığını gördüyüm üçün bu işdə əlimdən gəldiyi qədər dəstək olmuşdum. Nəticədə, Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan üzvü Məhəmmədsadıq Aran haqqında ilk kitab işıq üzü görmüşdü. Bu kitabın yazılış prosesində ən önəmli cəhət o idi ki, M. Aranın qardaşı Tağı Aranın iki övladı ilə əlaqə qurulmuşdu; həm ABŞ-da yaşayan İlhan bəylə, həm də Ankarada yaşayan Ceylan xanımla.

Türkiyəyə qayıdarkən Elməddin bəy Ceylan xanıma çatdırmaq üçün mənə həmin kitabdan vermişdi. İndi isə əmanəti çatdırmaq zamanı idi...

Aran ailəsi

Mühacirətdə Sadıq Aran, Sənan Azər imzası ilə tanınan Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvlərindən Məhəmmədsadıq Axundzadə 11 fevral 1892-ci ildə Zəngəzurun Urud kəndində doğulub. O, ilk təhsilini ailəsindən alıb, Quranı, fars dilini öyrənib. Naxçıvan rüşdiyyəsini bitirdikdən sonra Bakı Ali Pedaqoji İnstitutuna daxil olub. Bir müddət Güney Azərbaycanda yaşayan Axundzadə Marağada ibtidai məktəb açıb. 1917-ci ildə çar Rusiyasının çökməsi ərəfəsində Zəngəzurun mərkəzi Gorusa dönüb, burada da məktəb təsis edib. 1918-ci ilin 7 dekabrında Azərbaycan Cümhuriyyətinin parlamenti qurulduğu zaman Zəngəzur nümayəndəsi olaraq parlamentə qatılıb. "Azərbaycan" qəzetində Zəngəzurla bağlı məqalələr yazıb. Azərbaycan Cümhuriyyətinin işğalından sonra Aran Mirzəbala Məhəmmədzadənin rəhbəri olduğu gizli Azərbaycan İstiqlal Komitəsinə qatılıb, daha sonra mühacirətə gedib. 1923-cü ilin sonunda Güney Azərbaycana, növbəti il Türkiyəyə yollanıb. İstanbulda Müsavat Partiyası Xarici Bürosunun Mədəniyyət Komitəsinin nəzdində Azəri-Türk Gənclər Birliyini təsis edərək bu qurumun rəhbəri olub. 1927-ci ildə Aran İstanbul Darülfünunun Ədəbiyyat fakültəsində təhsil almağa başlayıb. Nihal Atsızın yazdığına görə, təhsilini sona qədər davam etdirməyib. Bu ərəfədə o, "Azəri-Türk" jurnalına rəhbərlik edib. 1930-cu illərin əvvəlində Finlandiyaya gedib, orada da məktəb açıb. Bu məktəbdə İdil-Ural bölgəsindən köçən türklərə dərs keçib, "Turan Ocağı" dərnəyini yaradıb. 1932-ci ildə Finlandiyada "Yeni Turan" adlı qəzet təsis edib. 1936-cı ildə yenidən İstanbula dönən Aran 1939-1941-ci illər arasında "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İrandakı müxbiri kimi çalışıb. II Dünya müharibəsindən sonra Azəri Qardaşlar Yardımlaşma Dərnəyi, Türk Kültür Çalışmaları Dərnəyi kimi qurumlar yaradıb. Aran Cümhuriyyətin ildönümündə, 28 May 1971-ci ildə İstanbulda pnevmoniyadan vəfat edib. O, mühacirətdə Rəsulzadə və Mirzəbala Məhəmmədzadədən sonra ən çox yazıları nəşr edilən mühacirlərdən olub. Türkiyədə "Yeni Kafkasya", "Azəri-Türk", "Gök Börü", "Davran", "Yaşıl yarpaq", "Qızıl alma", "Özləyiş", "Çınaraltı", "Torpaq", "Orhun", "Türk kültürü", "Ötükən", "Aras", "Mücahid", "Cığır" kimi jurnallarda, "Cümhuriyyət", "Yeni İstanbul", "Şərq yolu", "Yeni Turan" kimi qəzetlərdə şeirləri, məqalələri işıq üzü görüb. Yazılarını "Mehmet Sadık Aran", "M.S.Sanan", "Sanan Azer", "M.Sisyanlı" imzaları ilə yazıb. Aran 1935-ci ildə İstanbulda "Ergenekon yolları" adlı şeirlər məcmuəsi çap etdirib. Ona Türkiyədə şöhrət qazandıran əsəri isə 1942-ci ildə İstanbulda "Cümhuriyyət" mətbəəsində yayımlanan "İran türkləri" əsəridir. 44 səhifədən ibarət olan bu kitabda Aranın illərdir məşğul olduğu Güney Azərbaycanın ictimai-siyasi və ədəbi mühiti öz əksini tapıb. 1944-cü ildə M.Aranın İstanbulda "Milli məcmuə" mətbəəsində "Türkün qızıl kitabı. "Qutadqu bilik"" adlı əsəri nəşr olunub. 32 səhifədən ibarət olan bu kitabçada XI əsrdə Yusif Uluq Xas Hacibin yazdığı məşhur "Qutadqu-bilik" əsərindən nümunələr təqdim edilib.

Məhəmmədsadıq Arandan sonra əmisi oğlu Tağı bəy də Türkiyəyə köç edib. Tağı bəy 1905-ci ildə Zəngəzurun Gorus şəhərində Fətullah əfəndi ilə Bilqeyis xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini burada alıb. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən sonra Türkiyəyə mühacirətə gedib. Ali təhsilini Türkiyədə alan Tağı bəy Nüsrət xanımla evlənib, İlhan adlı oğlu, Ceylan adlı qızı olub. Türkiyədə müxtəlif nazirliklərdə işləyən Tağı bəy ən son Türkiyə Xarici İşlər Nazirliyinin Ümumi Mühasibat Müdirliyində çalışıb, buradan təqaüdə çıxıb. Tağı bəy 9 dekabr 1992-ci ildə Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub.

Tağı bəy və həyat yoldaşı 15 mart 1965-ci ildə Ankarada qurulan Azərbaycanı Tanıtma Dərnəyinin təsisçilərindən olublar...

Tağı bəyin evində

AŞTİ metrostansiyasında enib Ceylan xanımın evinə doğru gedirəm. Bir gün öncə Əsri məzarlığında M. Rəsulzadə ilə birgə Tağı Aranın da məzarını ziyarət etmişdim. Məzar daşında bu sözlər yazılıb: "M. Taki Aran. Ruhuna Fatiha. 1905-9.12.1992. Azerbaycan hasreti ile yanan, gözü gönlü tok yüce insan. Heran seni rahmetle anıyoruz. Cennette nur içinde yat diyoruz".

Hər dəfə mühacirlərin varisləri ilə görüşə gedərkən çox həyəcanlanıram: "Görəsən, məni necə qarşılayacaq? Azərbaycan sevgisi varmı? Evdəki arxivdən nəsə göstərəcəkmi?" Bu kimi düşüncələrlə 5-ci mərtəbəyə qalxıram. Liftin qapısı açılınca "bu tərəfə gəlin" sözünü eşidirəm. Kübar bir xanım gülümsəyərək evinə dəvət edir. Qapıdan girdiyimdə divarda Türkiyə və Azərbaycan bayraqlarını görüncə rahat nəfəs alıram.

Ceylan xanım qəhvə hazırlamağa gedincə maraqla masaların üstündəki və divardan asılan şəkillərə baxıram. Divardan olduqca qiymətli orijinal bir fotoşəkil asılmışdı. Mustafa Kamal Atatürkün ətrafında 50-dən çox insanın olduğu bir rəsm. Yusuf Akçura və dövrün digər alim və siyasətçiləri paşanın sağında və solunda dayanıblar. Fotoşəklə maraqla baxdığımı görən Ceylan xanım "atam da oradadır, arxa sırada. Tarix qurultaylarından biri olmalıdır" deyir və təsvirdə atasını göstərir.

Telefonla danışarkən evdə şəkil, sənəd və sair qiymətli materiallar varsa, hazırlamasını xahiş etmişdim. Daha öncə Elməddin bəyə göndərdiyi iki fotoşəkli gətirir. Birində Məhəmmədsadıq Aran həyat yoldaşı Nəriman xanımla birlikdədir. Aran Nəriman adını sevmədiyi üçün xanımını Leyla olaraq çağırıb. Şəklin arxasında yazılıb: "Cici Ceylan. Yeni yılınız kutlu, mutlu, sevinç ve başarılarla dolu olsun! Sevgilerimizle. Leyla - M.S. Aran. 29-12-1962. İstanbul".

Digər fotoşəkil isə atasına aid idi. "Atam Azərbaycan dərnəyindəki tədbirdə çıxış edərkən çəkilib", - deyir. Şəklin arxasına baxıram, orada bir tarix yazılıb: 27.4.1963. Azərbaycanın işğal edildiyi günün ildönümü...

Nəhayət, Ceylan xanım məni ən çox maraqlandıran məsələdən - ailəsindən və Məhəmmədsadıq bəydən danışır: "Qardaşım İlhan bir az yaşlaşıb. 86 yaşı oldu, bir az naxoşdur. Mütəmadi danışırıq, həyatda ikimiz qalmışıq. Allah övladlarımıza uzun ömür versin. Əmimin (M. Aranı nəzərdə tutur) övladı heç olmadı. Nəriman xanım Türkiyə vətəndaşı, istanbullu bir müəllimdi. Dostlar vasitəsilə tanış olmuşdular. Əmim vəfat edəndə universitetin son illərində idim. Ölərkən yanında idim. Nəşinin üzündən öpdüm. Onu o qədər çox sevirdim ki, atamdan ayırmırdım. Onları hamı qardaş bilirdi, amma əslində əmioğlu idilər. Əmim çox mülayim insandı. Heç vaxt əsəbi halını görmədim. Amma konfranslarda, başqaları ilə münasibətdə necə olduğunu bilmirdim. Mənimlə həmişə zarafatlaşırdı, kiçik qız hesab edirdi. Mən onun yaşlılıq dövrünü xatırlayıram. Mənimlə ciddi məsələləri danışmazdı. Bir il bizdə qalmışdı. Həyat yoldaşı çox yaxşı qadındı, xəstəliyi dövründə ona çox yaxşı baxdı. Çox ağrılar çəkmişdi. Heç unutmuram, bu qarşıdakı divanda oturmuşdu bir gün. Evdə ikimiz idik. Bir səbəblə Ankaraya gəlmişdi. O gün Azərbaycan mövzusu açıldı. Ruslardan necə işgəncə gördüyünü, ailəsini buraxıb necə çıxıb getdiyini danışdı. Birdən o qocaman adam başladı ağlamağa. Mən də çox həssas idim, o ağlayır, mən ağlayıram. Necə sakitləşdirəcəyimi bilmirdim. Bunun xaricində həmişə gülərüz gördüm..."

Ceylan xanım M.Aranla birgə fotoşəklinin olduğunu da söyləyir. Onu ailə albomundan tapıb göndərəcəyini vəd edir. Sonda masasının üzərindəki atası ilə anasının şəkillərini göstərib deyir: "Atam məni Azərbaycan gecələrinə aparırdı. Şükür ki, müstəqilliyi gördü. Qardaşım Bakıya bir neçə dəfə getdi..."

Elməddin bəyin kitabını və öz kitablarımı təqdim edirəm. Kitabın qapağında əmisinin fotoşəklini görüb duyğulanır: "Canım əmim"...

Vidalaşırıq. Zəngəzurda başlayıb Ankarada bitən iki ömrü düşünürəm. İnanıram ki, gün gələcək, Aran ailəsinin doğulduğu torpaqlarda yenidən biz yaşayacağıq...

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb" - Aqşin Yenisey "Yazıçılar İttifaqının mənəvi gücünü gördüm“ - Nobel mükafatçısının Azərbaycan təəssüratı Nəsrin ... mərtəbəsi - Qulu Ağsəs
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see128

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see121

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see120

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see119

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see118

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see116

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see108

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see107

Tovuzda məktəbdə olay: 5 şagird dəm qazından ZƏHƏRLƏNDİ

11 Aprel 2025 10:28see106

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri