Bərdəyə raket hücumu Ermənistanın bəşəri cinayəti idi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Açıq döyüşdə məğlub olan düşmən dinc əhalini hədəfə alırdı
2020-ci il xalqımızın yaddaşında bir sıra tarixi hadisələrlə əbədi yaşayacaq. 30 il işğal altında qalan doğma torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində düşmən tapdağından azad edildi. Bu Zəfər xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün və milli iradəmizin təntənəsi oldu.
Dövlətimizin başçısı oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı həmin tarixi qələbənin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik”.
Azərbaycan Ordusu Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə sadiq qalaraq mülki əhalini hədəfə almadı. Döyüş meydanında Azərbaycan əsgəri ilə bacarmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi isə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirərək şəhər və kəndlərimizi müxtəlif növ dağıdıcı silahlarla atəşə tutdu. “Smerç”, “Toçka-U”, “Elbrus”, “Qrad” və digər silahlardan istifadə edilməklə yaşayış məntəqələrinə zərbələr endirildi, dinc sakinlərin həyatı təhlükə altına atıldı.
Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində günahsız insanlar həlak oldu, çoxsaylı mülki şəxslər yaralandı, yaşayış evləri və mülki infrastruktur dağıdıldı. Ermənistanın bu əməlləri müharibənin dəhşətlərini döyüş meydanından kənara çıxararaq dinc əhalini birbaşa hədəfə çevirdi.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və raket hücumlarına məruz qalan yaşayış məntəqələrindən biri də Bərdə şəhəri idi. Rayon 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də atəşə tutuldu. Bu hücumlar nəticəsində 28 mülki şəxs həlak oldu, 108 nəfər yaralandı. Yaralananların bir qismi ağır xəsarətlər aldı, bəziləri isə ömürlük sağlamlıq problemləri ilə üzləşdi. Həlak olanlar və yaralananlar arasında qadınlar, yaşlı insanlar və uşaqlar da var idi.
Bərdədə baş verənlər müharibənin ən ağrılı səhifələrindən biri kimi xalqımızın yaddaşına həkk olundu. Küçələr, ticarət obyektləri və yaşayış məhəllələri qəfil partlayış səsləri, yanğınlar və dağıntılarla üz-üzə qaldı. İnsanlar yaxınlarını itirdi, ailələr faciə yaşadı, şəhərin mülki infrastrukturu ciddi zərər gördü.
Hadisələrin şahidləri həmin dəhşətli günləri bu gün də ürək ağrısı ilə xatırlayırlar. Onların xatirələri bir tərəfdən müharibənin insan həyatına vurduğu ağır zərbələri göstərir, digər tərəfdən isə xalqımızın ən çətin anlarda nümayiş etdirdiyi həmrəyliyin və humanizmin canlı nümunəsi kimi diqqət çəkir.
Bərdə şəhər sakini, ziyalı Raquf Yunisov 2020-ci ilin oktyabrında baş verən hadisələri xatırlayaraq bildirdi ki, həmin gün alış-veriş etmək üçün şəhərin Elməddin Yusifov küçəsi ilə Asəf Əsgərov küçəsinin kəsişməsində yerləşən marketə gedib. Geri qayıdarkən ərazidə qəflətən güclü partlayışlar baş verib.
Raquf Yunisov həmin anları belə xatırlayır: “Elməddin Mustafayev adlı şəxslə birlikdə dərhal hadisə yerinə yollandıq. Orada dəhşətli mənzərə ilə qarşılaşdıq. Mağazalarda işləyən, taksi fəaliyyəti ilə məşğul olan, eləcə də həmin ərazidən keçən insanlar qan içində yerdə çabalayırdılar. İnsan meyitlərini, yanan avtomobilləri, dağılmış binaları gördük. Heç nədən çəkinmədən digər insanlarla birlikdə yaralılara kömək etməyə başladıq. Onları xəstəxanalara çatdırmaq üçün avtomobillərə mindirdik”.
Şahid qeyd edir ki, daha sonra həmin ərazidən şəhərdə “doqquzmərtəbə” kimi tanınan yerə gediblər. Orada da eyni dərəcədə dəhşətli mənzərə ilə qarşılaşıblar. Dağılmış binalar, yanmış avtomobillər, yaralıların fəryadı və hər tərəfə yayılan qan izləri raket hücumlarının törətdiyi fəlakətin miqyasını aydın göstərirdi.
Həmin zərbələr nəticəsində Bərdənin mülki infrastrukturuna da ciddi ziyan dəydi. 30-dan artıq ticarət və xidmət obyekti yararsız vəziyyətə düşdü, 22 nəqliyyat vasitəsi yandı, 20-dən artıq yaşayış binasına külli miqdarda ziyan dəydi. Lakin maddi itkilər faciənin yalnız görünən tərəfi idi. Ən ağır zərbə insan həyatına, ailələrin taleyinə və cəmiyyətin mənəvi dünyasına dəymişdi.
Dövlət tərəfindən dağıntıların aradan qaldırılması və zərər çəkmiş obyektlərin bərpası istiqamətində tədbirlər görüldü. Şəhərin həyatının yenidən qurulması, infrastrukturun bərpası və sakinlərin normal yaşayış şəraitinin təmin edilməsi diqqət mərkəzində saxlanıldı. Terror hücumlarının baş verdiyi, insanların həlak olduğu ərazidə qurbanların xatirəsini yaşatmaq məqsədilə abidə ucaldıldı. Bu abidə günahsız insanların xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Bərdədə yaşanan faciənin unudulmaması üçün də mühüm mənəvi əhəmiyyət daşıyır.
Bərdə rayon sakini, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev də həmin günləri ağrı ilə xatırlayır. Onun sözlərinə görə, aradan illər keçsə də, baş verən hadisələri yaddaşlardan silmək mümkün deyil.
Xosrov Musayev bildirdi: “Artıq o qanlı-qadalı günlər arxada qalıb. Lakin baş verən hadisələr heç zaman yaddaşlardan silinməyəcək. O zaman bütün insani keyfiyyətlərdən uzaq olan işğalçı məğlubiyyətini dərk etdikcə ağlasığmaz vəhşiliklərə yol verir, günahsız dinc əhaliyə atəş açırdı”.
Bərdə şəhərinin mərkəzinə atılan raketin yaratdığı dəhşətli partlayışın səsi orta məktəb müəllimi Şəhriyar Mehdiyevanı da təşvişə salmışdı. O, səsə görə eyvana çıxmış, elə həmin anda raket zərbəsi nəticəsində ağır yaralanmışdı. Həkimlərin bütün səylərinə baxmayaraq, bir gün sonra həyatını itirmişdi.
Həmin günlərdə rayonun Qarayusifli kəndinə endirilən raket zərbələri nəticəsində 5 mülki şəxs faciəli şəkildə həlak olmuşdu. Ən dəhşətlisi isə o idi ki, öz həyətlərində yelləncəkdə yellənən, müharibə haqqında heç bir təsəvvürü olmayan 7 yaşlı məsum Aysu İsgəndərli raket zərbəsinin qurbanına çevrilmişdi. Onun 3 yaşlı bacısı Tahirə isə ağır yaralanmışdı. Düşmənin atdığı raketlərin rayonun Əyircə kəndinə düşməsi nəticəsində məktəbli Şahmalı Rəhimovun da həyatına son qoyulmuşdu.
Bu faciələr müharibənin ən ağır və qəbuledilməz tərəfini – uşaqların, qadınların, yaşlıların və digər günahsız insanların həyatının təhlükə altına atılmasını bir daha göz önünə gətirir. Həyətlərində oynayan uşaqların, gündəlik qayğıları ilə yaşayan sakinlərin və öz işləri ilə məşğul olan insanların raket hücumlarının qurbanına çevrilməsi dəhşətli insanlıq faciədir.
Aysunun və digər uşaqların taleyi müharibənin yalnız hərbi əməliyyatlardan ibarət olmadığını, onun arxasında dağılan ailələrin, yarımçıq qalan arzuların və ömür boyu sağalmayan mənəvi yaraların dayandığını göstərir. Heç bir siyasi məqsəd, heç bir hərbi niyyət uşaqların həyatını təhlükəyə atmağa haqq qazandıra bilməz.
Dinc əhaliyə qarşı hücumlar beynəlxalq humanitar hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Münaqişə tərəfləri mülki şəxslərlə döyüşçülər arasında fərq qoymalı, mülki əhalini və mülki obyektləri hücumlardan qorumalıdırlar. Bərdədə yaşananlar bu prinsiplərin pozulmasının nə qədər ağır humanitar nəticələr doğura biləcəyini göstərən faciəli nümunələrdəndir.
Xosrov Musayevin sözlərinə görə, həmin dövrdə özlərini demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən bir sıra ölkələrin baş verənlərə münasibəti də ciddi suallar doğururdu. Onun fikrincə, dinc əhalinin atəşə tutulması, uşaqların və digər mülki şəxslərin həlak olması qarşısında nümayiş etdirilən seyrçi mövqe qəbuledilməz idi.
Bərdədə baş verənlər təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalı olan hadisələr idi. Çünki mülki əhalinin hədəfə alınması, uşaqların həyatını itirməsi və yaşayış məntəqələrinin atəşə tutulması hər hansı coğrafiya və siyasi mənsubiyyətdən asılı olmayaraq, insanlıq üçün narahatlıq doğurmalıdır.
Ermənistanın törətdiyi təxribatlara, yaşayış məntəqələrinə endirilən raket zərbələrinə və dinc əhali arasında yaratdığı ağır itkilərə baxmayaraq, Azərbaycan Ordusu öz mübarizəsini qətiyyətlə davam etdirdi. Düşmənin mülki əhaliyə qarşı hücumları xalqımızın iradəsini qıra bilmədi, əksinə, Vətən uğrunda mübarizə əzmini daha da gücləndirdi.
Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu bir-birinin ardınca mühüm uğurlar əldə etdi. Hər bir qələbə əsgər və zabitlərimizin peşəkarlığının, cəsarətinin və Vətən torpağına bağlılığının nümayişinə çevrildi.
Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə müharibənin taleyini həll edən əsas mərhələlərdən biri oldu. Şuşanın azad edilməsi xalqımızın çoxəsrlik tarixində xüsusi yer tutan böyük Zəfərin rəmzinə çevrildi.
Bu gün Bərdə yenidən qurulan, inkişaf edən və gələcəyə inamla addımlayan şəhərdir. Lakin onun küçələrində, insanların yaddaşında və faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələrdə o qanlı günlərin izləri yaşayır. Həlak olan günahsız insanların xatirəsini yaşatmaq, onların taleyini gələcək nəsillərə çatdırmaq və belə faciələrin bir daha təkrarlanmaması üçün beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə nail olmaq hər birimizin mənəvi borcudur.
Vəli VƏLİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















