“Bəzi güc mərkəzləri Mərkəzi Asiyanın azad enerji bazarlarına müstəqil çıxışının olmasında maraqlı deyil”
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qlobal turbulentlik və artan hibrid təhdidlər fonunda enerji infrastrukturu geosiyasi təzyiqlərin əsas hədəflərindən birinə çevrilir. Qaz kəmərləri, neft terminalları, rəqəmsal idarəetmə sistemləri getdikcə təkcə iqtisadi deyil, həm də siyasi münaqişələrin mərkəzində yer alır. Dünyanın aparıcı oyunçularının maraqlarının kəsişməsində yerləşən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün enerji dəhlizlərinin dayanıqlılığı məsələsi bu sahə üzrə aparılan müzakirələrin çərçivəsindən xeyli kənara çıxır. Bu gün Qazaxıstan və Azərbaycan neft, qaz və elektrik enerjisi tədarükünün regional enerji xəritəsinin konfiqurasiyasını dəyişə biləcək alternativ marşrutların mühüm həlqələri kimi nəzərdən keçirilir. Lakin marşrutların şaxələndirilməsi qaçılmaz olaraq yeni risklərlə, yəni infrastruktur obyektlərinə fiziki hücumlardan tutmuş kibertəhdidlərə və Xəzər dənizinin həssas ekosistemində ekoloji çağırışlara qədər müşayiət olunur.
Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Qazaxıstanın ictimai və ekspert xadimi, enerji siyasəti, ekoloji təhlükəsizlik və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə ixtisaslaşan “Eurasian Expert Council” İctimai Fondunun prezidenti Çingiz Lepsibayev cavablandırıb.
– Son dövrlər regionda enerji infrastrukturuna qarşı hibrid hücum hallarının müşahidə edildiyini ekspertlər qeyd edirlər. Xüsusilə qaz kəmərlərinə və SOCAR-ın obyektlərinə endirilən zərbələr enerji sabitliyini dolayı yolla sarsıtmaq cəhdi kimi dəyərləndirilir. Qazaxıstan və Azərbaycanın neft-qaz tədarükünü planlaşdıra biləcəyi enerji dəhlizləri üçün bu cür təhdidlərin risklərini necə qiymətləndirirsiniz?
– Təəssüf ki, qlobal turbulentlik şəraitində enerji infrastrukturuna hücum ehtimalı həqiqətən də yüksək olaraq qalır. Eyni zamanda, bu cür hibrid hücumların gələcəkdə də baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur. Burada maraqlı tərəflərin dairəsi kifayət qədər genişdir. Bu gün Mərkəzi Asiya regionunda bir neçə iri oyunçunun maraqları ciddi şəkildə toqquşur. Ümumilikdə, bir çox xarici güc mərkəzləri üçün Mərkəzi Asiyanın, xüsusilə də Qazaxıstanın azad enerji bazarlarına müstəqil çıxışının olması o qədər də sərfəli deyil. Buna görə də aydın başa düşmək lazımdır ki, Qazaxıstanın ətrafındakı demək olar ki, bütün iri oyunçular bizim maksimal dərəcədə nəzarət altında qalmağımızda və infrastruktur baxımından – istər Rusiya, istər Çin, istərsə də digər marşrutlara – bağlı olmağımızda maraqlıdırlar. Bundan əlavə, biz onların bir çoxu üçün qlobal enerji bazarında rəqibik. Məhz buna görə də bu təhdidlər aradan qalxmayacaq, mövcud siyasi konfiqurasiyadan asılı olmayaraq daim qalacaq. Yaxın illərdə və ya onilliklərdə vəziyyət nisbətən sakitləşsə belə, risk amili qorunub saxlanılacaq. Region materikin mərkəzində yerləşir və bu gün Azərbaycan neft, qaz və Qazaxıstan kimi böyük bir regionda hasil edilən digər resurslar üzrə nəqliyyat imkanlarımızın şaxələndirilməsi üçün ən anlaşılan və məntiqli yollardan biridir.
– Müasir təhdidlərə həm fiziki hücumlar, həm də SCADA və digər idarəetmə sistemlərinin işini pozmağa yönəlmiş kiberhibrid təsirlər daxildir. Sizin fikrinizcə, regionda enerji infrastrukturu üçün kiberrisklərin qiymətləndirilməsi və monitorinqində ekoloji və vətəndaş təşkilatları hansı rolu oynaya bilər? Azərbaycan da daxil olmaqla bir neçə ölkənin ərazisindən keçən enerji marşrutları üçün müstəqil ekoloji və kibertəhlükəsizlik auditinin məcburi edilməsi zəruridirmi?
– Şübhəsiz ki, bəli. Enerji infrastrukturu haqqında məlumatların qapalı və qeyri-şəffaf xarakter daşıdığı vəziyyətdən çıxış yollarından biri maksimal sayda müstəqil iştirakçının cəlb edilməsidir. İlk növbədə, ekoloji təşkilatların. Həm Qazaxıstanda, həm də Azərbaycanda hasilat sahələrinin şəffaflığı üzrə ixtisaslaşan kifayət qədər peşəkar ekoloji QHT-lər mövcuddur. Bu, ayrıca və yaxşı inkişaf etmiş beynəlxalq istiqamətdir. Ekoloji monitorinqə nə qədər çox müstəqil müşahidəçi cəlb olunarsa, bir tərəfdən insidentləri operativ şəkildə qeydə almaq və ictimaiyyətə çatdırmaq, digər tərəfdən isə qeyri-rəsmi razılaşmalar üçün imkanları azaltmaq və sahənin ümumi şəffaflıq səviyyəsini artırmaq bir o qədər asan olar. Nəzərə almaq lazımdır ki, bu gün region ölkələrində ictimai rəy hasilat sahələrinin şəffaflığına ciddi şəkildə fokuslanıb. Bu da eyni zamanda həm vətəndaş cəmiyyətinin inkişafına, həm də ekoloji təşkilatların öz peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edir. Üstəlik bu, onilliklərə, hətta yüzilliklərə hesablanmış uzunmüddətli prosesdir. Bundan başqa, dövlətlər beynəlxalq ekoloji təşkilatlarla sistemli dialoq qurmalıdırlar. Bu halda enerji infrastrukturuna istənilən müdaxilə cəhdləri avtomatik olaraq geniş beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşəcək. Bu, qlobal gündəmdə hələ “dəbdə olan” və geniş müzakirə edilən region olmayan ərazi üçün xüsusilə vacibdir.
– Enerji infrastrukturuna qarşı hibrid təhdidlərin artdığı şəraitdə bərpaolunan energetikanın inkişafı və Azərbaycanın iştirakı ilə yaşıl kabel kimi layihələr həssas boru kəməri marşrutlarından asılılığı azaltmağa və enerji təzyiqi risklərini minimuma endirməyə kömək edə bilərmi?
– Bu gün bərpaolunan energetika, şübhəsiz ki, aktual və populyar mövzudur. Lakin hesab edirəm ki, burada diqqət əsasən bərpaolunan enerji mənbələrinin (BEM) özündən çox, daha praqmatik məsələlərə yönəlməlidir. Birincisi, ölkələrimizdə BEM əsasən hidroenergetikadır və Qazaxıstanda enerji balansında cəmi bir neçə faiz təşkil edir. İkincisi, BEM üzrə demək olar ki, bütün texnologiyalar bizim üçün idxaldır. Nə Qazaxıstan, nə Azərbaycan, nə də Özbəkistan onları sənaye miqyasında istehsal etmir. Bütün bunlar çox bahalıdır: avadanlıq ya Çindən, ya da Qərbi Avropadan gətirilir ki, bu da minlərlə kilometr logistika deməkdir. Bu fonda BEM-dən alınan kilovat-saatın maya dəyəri bizim malik olduğumuz enerji resursları – neft, qaz və son dərəcə ucuz kömürlə müqayisədə tamamilə fərqli görünür. İqtisadiyyat amili heç vaxt aradan qalxmır. Maya dəyərində onlarla, bəzən yüzlərlə dəfə fərq olduğu şəraitdə, BEM-i nə qədər sevsək də, obyektiv reallıq dəyişmir. Buna görə də mən hesab edirəm ki, daha düzgün yanaşma enerji səmərəliliyinə fokuslanmaqdır. Qazaxıstanda biz bu barədə daim danışırıq. Yaşıl kabelə gəldikdə isə, bu kimi bütün layihələr dairəvi iqtisadiyyat prinsipləri əsasında – materialların təkrar emalı imkanı, minimal antropogen təsir və həm tikinti, həm də istismar mərhələsində maksimal enerji səmərəliliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Xüsusilə Xəzər dənizinin kövrək ekosistemi diqqətdə saxlanılmalıdır. Onun akvatoriyasında (və ya hövzəsində) istənilən infrastruktur elə layihələndirilməlidir ki, ekosistemin bərpası mümkün olsun və Xəzər ətrafında yerləşən ölkələrə zərər dəyməsin.
– Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin artırılmasının Qazaxıstanın dayanıqlı inkişafı və yaşıl gündəliyi baxımından strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Yaşıl gündəlik baxımından, ümumilikdə fosil yanacağın tədarük marşrutunun istiqamətinin prinsipial əhəmiyyəti yoxdur. Lakin risklərin diversifikasiyası nöqteyi-nəzərindən bu, son dərəcə vacib və düzgün addımdır.
Bütün yumurtaları bir səbətə yığmaq olmaz. Bu layihə hər kəs üçün, həm Qazaxıstan, həm tranzit gəlirləri əldə edən Azərbaycan, həm də Rusiya və Xəzər Boru Kəməri Konsorsiumu üzrə tərəfdaşlar daxil olmaqla beynəlxalq iştirakçılar üçün sərfəlidir. Marşrutların diversifikasiyası bir borudan asılılıqla bağlı riskləri azaldır və nəticə etibarilə bütün sistemin dayanıqlığını artırır.
– “Qazaxıstan-Azərbaycan-Özbəkistan” üçtərəfli layihəsi çərçivəsində yaşıl kabelin çəkilməsi planlaşdırılır. Azərbaycanın bu layihədə iştirakı regionda BEM-in payının artması baxımından hansı imkanları açır?
– Mən yaşıl kabel termininə çox ehtiyatla yanaşardım. Bu, daha çox şərti addır. Əgər söhbət fosil yanacaqdan gedirsə, burada yaşıl sözü insanı çaşdıra bilər. Bununla belə, risklərin diversifikasiyası və region iqtisadiyyatının inkişafı baxımından bu, çox yaxşı və zəruri layihədir. Avropa ölkələri də bir günün içində yaşıl olmayıb, belə ki, əvvəlcə iqtisadi və infrastruktur baza formalaşdırıblar. Ölkələrimiz daha varlı və ekoloji baxımdan daha şüurlu olduqdan sonra tam enerji keçidindən danışmaq mümkün olacaq. Hazırda isə infrastrukturun inkişafı gələcək texnoloji dəyişikliklər üçün zəmin yaradır.
– Bu layihənin Mərkəzi Asiyada təkcə enerji deyil, həm də ekoloji baxımdan əhəmiyyətli əməkdaşlıq nümunəsinə çevrilməsi üçün hansı addımlar atılmalıdır?
– Bütün tədbirlər ətraf mühitə təsirin minimallaşdırılması, dairəvi iqtisadiyyatın tətbiqi və maksimal enerji səmərəliliyi prizmasından nəzərdən keçirilməlidir. Biz çalışmalıyıq ki, Xəzər dənizi daha min illər boyu həyat qabiliyyətini qorusun. Bu günün iqtisadi maraqları övladlarımızı və nəvələrimizi təmiz dəniz kənarında yaşamaq hüququndan məhrum etməməlidir. Ekologiya abstrakt ideya deyil, insanın sağlam ətraf mühitdə yaşamaq hüququdur.
– Qazaxıstan neft-qaz sektorunu aktiv şəkildə inkişaf etdirir, eyni zamanda 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Neft ixracı ilə ekoloji öhdəliklər arasında balansı necə görürsünüz?
– Anlamaq lazımdır ki, biz praktik olaraq neftlə isinmirik. Qazaxıstanın əsas problemi sənayenin təxminən 88 faizini təmin edən kömür generasiyasıdır. Kömür bizdə çox ucuzdur, xüsusilə də hasilatın açıq üsulla aparıldığı Ekibastuzdakı “Boqatır” mədənində. Tarixən formalaşmış enerji sistemi və Mərkəzi Asiya enerji halqası da öz rolunu oynayıb. Qazaxıstanda BEM aktiv inkişaf etdirilir, lakin onlar qeyri-sabitdir və sənayeni tam təmin edə bilmir. Bu fonda məntiqli çıxış yolu atom energetikasıdır. Qazaxıstan dünyada uranın ən böyük istehsalçısıdır, bizdə tam nüvə dövrü və müvafiq texnologiyalar mövcuddur. 2–3 AES-in tikintisi iqlim öhdəlikləri məsələsini həll etməyə və iqtisadiyyatın rəqabət qabiliyyətini qorumağa imkan verəcək.
– Qazaxıstan və Azərbaycanın hansı birgə proqramları enerji sektorunda şəffaflığı və ekoloji məsuliyyəti artıra bilər?
– Bunlar birgə qrant fondları, elmi layihələr, Xəzər hövzəsi üzrə ekoloji zərərin rəqəmsallaşdırılması proqramları ola bilər. Məsələn, Xəzər dənizinin ekosisteminin monitorinqi və Xəzər suitisinin qorunması layihələri də buna aiddir. Bizim çoxlu ümumi maraqlarımız və əməkdaşlıq potensialımız var. Energetika sahəsində tam qarşılıqlı anlaşma mövcuddur, lakin ekoloji istiqamətə daha çox diqqət yetirilməlidir. Ekologiya vətəndaşların sağlamlığı, turizmin inkişafı və gələcək nəsillərin həyat keyfiyyətidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 09 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















