Bir daha Himnimiz haqqında
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Kamil Şahverdi
VIII Yazı
Azərbaycan Marşı tarixdə ilk dəfə Almaniyanın Münhen şəhərindən dünyaya yayımlandı.
Araşdırmamın əvvəlki hissələrində Milli Himnimizin, Azərbaycan Marşının müxtəlif ölkələrdə, xüsusiylə Türkiyədə mühacirlərimiz tərəfindən müxtəlif mətbu orqanlarında, dərgilərdə, kitabıarda nəşr etdirmələri haqqında məlumat vermişəm. Bu haqda kifayət qədər mənbələr mövcuddur. Məqalələr yazılıb, araşdırmalar aparılıb, kitablar dərc edilib. Bütün bu mənbələrdə Azərbaycan Marşının yalnız sözləri dərc olunub. Musiqisinin Üzeyir bəy Hacıbəyliyə aid olduğu qeyd olunsa da, bu əsərin notları çap olunmamışdı. Yalnız 1965-ci ildə tanınmış Türk musiqişünası Etem Üngörün "Türk Marşları" kitabında ilk dəfə Üzeyir bəy Hacıbəylinin "Azərbaycan Milli Marşı" və "Azərbaycan Marşı"nın notu və sözləri dərc olunur. Etem Üngörün "Türk Marşları" kitabı haqqında daha sonra ətraflı və geniş məlumat verəcəyəm. İndi isə "Azərbaycan Marşı"nın ilk dəfə ifa olunaraq səslənməsi haqqında məlumat vermək istəyirəm.
28 may 1965-ci ildə Azadlıq Radiosunun Azərbaycan dilində yayımıanan bürosu AzərbaycanXalq Cümhuriyyətinin yaranmasına həsr edilmiş xüsusi proqram hazırlayır. Bu proqramda ilk dəfə Azərbaycan Himni səsləndirilir. AXC-nin yaranmasının 47-ci ildönümü münasibəti ilə hazırlanmış proqram Almaniya Federativ Respublikasının Münhen şəhərində dünyanın müxtəlif ölkələrindən gəlmiş mühacir həmvətənlərimiz keçirdikləri böyük bir bayram tədbirinə həsr olunur. Həmin tədbirdə xorla ifa edilən Himnimiz ilk dəfə efirdə səslənir. Hər halda, buna qədər Himnimizin hardasa ifa olunması və ya səsləndirilməsi haqqında heç bir məlumat əldə olunmayıb. 1920-ci ildən sonra Azərbaycan Marşının yalnız sözləri müxtəlif dərgi və kitablarda çap olunmuşdu. Musiqisinin Üzeyir bəy Hacıbəyliyə aid olunduğu qeyd olunsa da, əsərin not yazısı və ya ifa olunması haqqında heç bir mənbəyə rast gəlinməyib.
Azadlıq Radiosunun 1965-ci il mayın 28-də AXC-nin yaranmasının 47-ci ildönümünə həsr edilmiş proqrqm 1920-ci ildə radionun arxivindən tapılaraq yenidən səsləndirilir. Bu nadir tapıntı olduqca qiymətli bir mənbədir və radionun YouTube platformasındakı "AzadlıqRadiosu" kanalında yerləşdirilib. (https://youtu.be/0V0PNszhlr8)
Bu veriliş haqqında bir qədər ətraflı məlumat vermək istəyirəm. Çünki Himnimizin ilk dəfə səsləndiyi proqram tariximizin ən şanlı, şərəfli dönəmini öyrənmək üçün qiymətli mənbədir. Bu proqramı hazırlayıb efirdə yayımlayanlar, 55 il sonra onu tapıb üzə çıxaranlar və təkrar efirdə səsləndirənlər böyük bir iş görmüşlər. Onların bu xidməti xüsusi minnətdarlığa, hörmət və ehtirama layiqdir.
Bu gün hər kəs YouTube platformasında bu tarixi proqramı dinləyə bilər və 1965-ci ildə ilk dəfə mühacirlərimizin birlildə ifa etdikləri Himnimizi və proqramda olduqca qiymətli məlumatları dinləyə bilər. Buna baxmayaraq mən həmin tarixi proqramın mətnini sizə təqdim edirəm. Eyni zamanda həmin proqramı bütünlüklə yazıya almışam ki, müxrəlif mənbələrdə qorunub qalsın. Çünki, hər zamanın bir hökmü var. Son illərdə Azadlıq radiosunun fəaliyyəti məhdudlaşdırıldığına görə, kanalın saytı da bağlanmış və bir çox proqramlar internet platformalarından yığəşdırılıb. Ona görə də həmin tarixi proqramı yazıya alıb sizə təqdim edirəm:
-Qadın aparıcı:
Danışır Azadlıq Radiosu!
Əziz dinləyicilər, xaricdəki azərbaycanlı vətəndaşlarımızın səsini dinləyirsiniz. Hörmətli dinləyicilər, biz hər bazar günü bir adət olaraq keçən həftə cərəyan etmiş mühüm hadisələrin icmalını veririk. Fəqət, bu dəfəki verilişimizi istisna olaraq Azərbaycan Milli Demokratik Cümhuriyyətinin doğulduğu gün olan 28 mayın növbəti ildönümünə həsr edirik.
-Kişi aparıcı:
Bu İstiqlal günümüzün növbəti ildönümü Azəri vətənpərvərlərinin yaşadıqları xarici dünyanın bir çox yerində olduğu kimi Almaniya Federativ Cümhuriyyətinin Münhen şəhərində də böyük bir təntənə ilə qeyd edilmişdir. Azərbaycan Cümhuriyyətinin milli bayrağı və müxtəlif milli əsərlərimizin nümunəsi ilə bəzənmiş yığıncaq salonuna 200 nəfərə yaxın azərbaycanlı və müsafir toplanmışdı. Onlar Qərbi Almaniyanın müxtəlif şəhərlərindən və habelə qonşu ölkələrdən gəlmişdilər. Rəyasət Heyətinə Almaniya Federativ Cümhuriyyətinin müxtəlif yerlərindən, habelə başqa ölkələrdəki Azərbaycan cəmiyyət və təşkilatlarından, ayrı-ayrı həmyerlilərimizdən və müxtəlif mühacir təşkilatlarından çoxlu təbrik teleqram və məktubıarı gəlmişdi.
(Bu sözlərdən sonra Himnimiz səslənir. Qadın və kişilərdən ibarət bir qrup şəxs Himnimizi akkordeon musiqi alətinin müşaiyyəti ilə ifa edir. Azərbaycan Marşı ilk dəfə olaraq efirdə səsləndirilir)
-Kişi aparıcı:
Təntənəli iclas eşitdiyiniz bu Milli Himnimizlə açılmış və İstiqlal Günümüz münasibəti ilə həmyerlilərimiz təbrik olunduqdan və və qonaqlara təşıkkür edildikdən sonra toplantıda iştirak edənlər İstiqlal Şəhidlərimizin xatirəsini yad ermək üçün bir dəqiqəlik sükuta dəvət edilmişdir. Sükut anı bitdikdən sonra Şəhidlərimizin əziz ruhlarına dua oxunmuşdur.
Qısa bir açılış nitqində Azərbaycanın qədim tarixi və mədəniyyəti təsvir edildikdən sonra İstiqlal Gününmüz olan 28 May haqqında Azəri və Alman dillərində geniş məruzə söylənmişdir. Məruzədən sonra həm İstiqlal və həm də sovet istilasının başlanğıc dövrünü görmüş və habelə Kreml hökmranlığına qarşı üsyan hərəkatında iştirak etmiş olan həmyerlilərimizdən bir neçəsi çıxış edərək, şahid olduqları hadisələri təsvir etmişlər. Bundan sonra isə Alman, Amerikan içtimaiyyəti və eləcə də müxtəlif milli mühacir təşkilatlarının nümayəndələri təbrik nitqləri ilə çıxış etmiş, ondan sonra da Rəyasət Heyətinə gəlmiş təbrik teleqraf və məktubları oxunmuşdur. Toplantının rəsmi qısmı bitdikdən sonra yemək verilmiş və ondan sonra da milli oyun və mahnılarımız nümayiş etdirilmişdir. Toplantının ikinci qısmında mühacirətdə böyüməkdə olan gənc nəslimiz xüsusi rol oynamışdır. Şənlik gecənim gec saatlarına qədər davam etmişdir.
-Qadın aparıcı:
Əziz dinləyicilər, indi də bu təntənəli yığıncaqda 28 May münasibəti ilə söylənmiş əsas nitqin mətnini veririk. Natiq öz nitqinə bu sözlərlə başlamışdır:
"Möhtərəm müsafirlər, əziz həmyerlilər! Hər millətin, hər xalqın tarixində qeydə dəyər unudulmaz günlər vardır. İstiqlal Günü, xüsusən əsarətin nə demək olduğunu bilən xalqların tarixində bu günlərin başında gəlir. Azərbaycan xalqının tarixində də belə günlər az deyil və İstiqlal Günümüz olan 28 May biz Azərilər üçün bu günlərdən ən əzizi, ən şərəflisidir. 28 May 1918-ci ildə Azərbaycan xalqı uzun əsarətdən sonra onun iradə və arzularına tərcüman olan Milli Şura vasitəsi ilə öz ölkəsinin istiqlaliyyətini bütün dünyaya elan etmiş və o gündən etibarən Azərbaycan müstəqil bir dövlət olaraq yenidən siyasi səhnəyə atılmağa, azad məmləkətlər arasında özünə layiq bir yer tutmağa başlamışdı. Bir çox digər hürriyyətpərvər millətlər kimi azərbaycan xalqı da əsarətdən qurtularaq müstəqil dövlət həyatına qovuşa bilmək üçün uzun və çətin bir yol qət etmişdir. Çar Rusiyasının istilası ilə heç zaman barışmamış ona boyun əyməmiş Azəri xalqının 19-cu əsrin ikinci rübündən başlayaraq 1918-ci ilə qədər qət etdiyi bu yol qanlı, fəqət şanlı səhifələrlə doludur. Çarizmin istilasına qarşı xalq üsyanları, yaradıcı ziyalılarımızın öz əsərlərində bu istilaya qarşı cəbhə almaları 19-cu əsrin dördüncü rübündən başlayaraq Azərbaycan mətbuatının xalqı oyanmağa çağırması və nəhayət 20-ci əsrin başlanğıcından etibarən müxtəlif cərəyan və siyasi partiyaların girişdikləri mübarizə bu səhifələrdən yalnız bir qismini təşkil edir. Bu Qurtuluş hərəkatı dövrü Azərbaycan xalq dastanlarında, xalq ədəbiyyatında geniş və dərin izlər buraxmışdır. Belə bir uzun və çətin mübarizə nəticəsində əldə etdiyi üçündür ki, Azərbaycan xalqı öz İstiqlalını hər şeydən üstün tutur və İstiqbala ümidlə baxır."
-Qadın aparıcı:
Danışır Azadlıq Radiosu.
Əziz dinləyicilər, xaricdəki azərbaycanlı vətəndaşlarımızın səsini dinləyirsiniz.
-Kişi aparıcı:
Natiq sonra Azərbaycan Müstəqil Cümhuriyyətinin o zaman bir çox dövlətlər tərəfindən tanındığı məsələsinə keçərək demişdir ki:
"Azərbaycan Milli Cümhuriyyətinin yaradıldığı 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsi ilə elan edilmişdir. Bu Bəyannamədə deyilirdi ki, Milli Azərbaycan Cümhuriyyətində dövlətin idarə şəkli demokratik, çoxpartiyalı Cümhuriyyət şəklidir. Azərbaycan Milli Demokratik Cümhuriyyəti bütün dünya xalqları ilə dostluq münasibətləri qurmağı arzu edir. Cümhuriyyət rejimi bütün vətəndaşlarına, onların irqi, mili, dini mənsubiyyət və içtimai vəziyyətlərindən asılı olmayaraq müsavi vətəndaşlıq hüququ və siyasi haqqlar təmin edir. O dövr üçün bir xassə, şərq aləmində mühüm demokratik sənəd sayılan bu Bəyannamə bütün dünyada geniş əkslər yaratmış və Azərbaycanın İstiqlalı az bir zamanda dünyanın bir sıra dövlətləri, o cümlədən müştərək tarix, din və mədəniyyət bağları ilə bağlı olduğumuz qonşu ölkələr tərəfindən tanınmışdı. Daha sonra iyirminci ilin başlanğıcında Azərbaycanın İstiqlalı böyük müttəfiq dövlətlər şurası tərəfində də tanınmışdı. Şuranın bu qərarını 12 yanvar 1920-ci ildə Parisdə, Fransa xarici işlər nazirliyi binasında o zaman Versal Sülh Konfransında iştirak edən Azərbaycan Nümayəndə Heyətinə bildirən Fransa təmsilçisi Kambon demişdi ki, bu gündən etibarən böyük dövlətlər Azərbaycan Milli Cümhuriyyətini tam suveren bir dövlət olaraq tanıyırlar. Bu xəbər Azərbaycanda böyük bir şadlığa səbəb oımuşdu.
Azərbaycan Milli Demokratik Cümhuriyyətinin mövcudluğu dolayısı ilə sovet hökuməti tərəfinfən də tanınmışdı. Sovet hökuməti o zamankı xarici işlər naziri Çeçerin 1919-cu ilin sonunda və 1920-ci ilin əvvəlində Müstəqil Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə göndərdiyi teleqraflarda Azərbaycan Hökumətinə Denikin hərəkatına qarşı iş birliyi təklif etmiş və beləliklə sovet hökuməti Azərbaycanda Milli Hakimiyyətin mövcudiyyətini bir vasitə tanımalı olmuşdur. "
-Kişi aparıcı:
Natiq daha sonra 1918-ci ildən 1920-ci ilə qədər davam edə bilən Milli Hakimiyyət dövründə həm xarici, həm də daxili siyasət sahəsində görülmuş işlər məsələsinə keçərək demişdir ki:
"Xarici siyasət sahəsində İstiqlal Bəyannaməsində də qeyd edildiyi kimi, bir sıra dövlətlər və xüsusən qonşu ölkələrlə diplomatik münasibətlər yaradılmış, dostluq müqavilələri bağlanmış, Versal Sülh Konfransına Nümayəndə Heyəti göndərilmiş, o zaman müstəqil Gürcüstan Cümhuriyyəti ilə Müştərək Müdafiə Paktı imzalanmış, qardaş Türkiyə və Şimali Qafqaz Cümhuriyyəti ilə müəyyən sazişlər əldə edilmişdir. Bundan başqa, Milli Hökumət bir tərəfdən qonşu ölkələrdən müxtəlif sahələr üzrə mütəxəssislər gətirməkdə, digər tərəfdən isə qərb dünyası mədəniyyət və texnikası ilə yaxından tanış olmaq məqsədiylə qərb ölkələrinə və birxassə Almaniyaya tələbələr və xüsusi heyətlər göndərməkdə idi...
(ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Sentyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















