Icma.az
close
up
RU
Bakının qurtuluşu və qardaşlığımızın əbədiləşdirildiyi GÜN

Bakının qurtuluşu və qardaşlığımızın əbədiləşdirildiyi GÜN

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür! 106 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri və Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirildiyi hadisə kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti, əldə edilən hərbi, diplomatik, iqtisadi və s. uğurlar Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi ilə də o qədər bağlıdır.

Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?

Tarixi şərait

20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu dövrdə Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı hadisələri də yaşandı. 

Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideoloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlərin qarşısındakı əsas maneələr, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri, ermənilərin “Böyük Ermənistan” xəyalı üçün heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa, bölgədə hər cür təxribata getmələri idi. 

Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cümhuriyyətinin qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyada, Naxçıvanda, Muğanda erməni silahlı qrupları və onların dəstəkçiləri tərəfindən böyük qətliamların törədilməsi dövrü kimi düşdü. 1918-ci ilin xüsusilə mart ayında erməni silahlı qrupları tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan türkü ya öldürülmüş, ya da başqa ərazilərə qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərindəki insanlara divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən təşkil olunmuş silahlı dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

Həmin illər Anadolu türkləri üçün də çox ağır bir dövr idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu mərhələdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, beləcə ümumiyyətlə Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu Türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi. 

Qafqaz İslam Ordusunun meydana gəlməsi

Arxiv mənbələri göstərir ki, Osmanlı Dövlətinin ali rəhbərliyi, xüsusilə Xəlil Paşa və Ənvər Paşa kimi zabitlər Birinci Dünya Müharibəsinin gedişatında Cənubi Qafqazdakı vəziyyətdən, Azərbaycan Türkləri üçün yaranmılş təhlükədən narahat olurdular və Rusiya işğalı altındakı Türk və Müsəlman əhalinin xilası barədə düşünürdülər. Ənvər Paşa 1917-ci ilin sonlarından etibarən, Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycandakı qardaşlarını xilas etmək üçün ordu yaratmaq düşüncəsini qətiləşdirmişdi.

Ənvər Paşa 1918-ci ilin əvvəlindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözü olan ingilis və alman qüvvələrinin ciddi reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahib olmasını planlaşdırırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi (çünki, Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadr qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ordu formalaşdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlmədən öncə Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu). Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyada) ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. 


Nuri Paşa bu bölgədəki erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə göndərdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.

Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndələri ilə görüşündə Qafqaz bölgəsində federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuri Paşanının Təbrizə, oradan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi.

 İyun ayının 4-də Osmanlı Dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində vəsait də ayrıldı.

Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, oradan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət olmaqla Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Salyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı. 

Əslində Bakının qurtuluşundan öncə hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də almanlarla ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi digər məqamlarla yanaşı həm də türk ordusunun Bakıya girişinin qarşısını almaq  məqsədini (əvəzində Rusiya almanlara Bakı neftindən pay verəcəkdi) güdürdü. Digər tərəfdən Bakıdakı erməni-rus hərbi qruplaşmalarının köməyinə ingilislər də çağırılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi.

14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günü uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücumlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” (Mürsəl Bakü) kimi keçmişdi.

Döyüşlərdə Azərbaycan Türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 Türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi.

Qəhrəmanların sonrakı həyatları

Azərbaycana qardaş köməyinə gələn əsgər və zabitlərin geri qayıtmayan hissəsi sonralar Sovet rəhbərliyi tərəfindən edam və ya sürgün edildilər. Azərbaycanı tərk edənlər də bəzən bunun bədəlini ödəmək məcburiyyətində qaldılar. 

 O dövrdə İstanbulda işğal idarəsi quran İngilislər, 1919-cu il yanvarın 15-də 9 türk hərbçisinin həbsiylə bağlı qərar çıxardılar. Bunlar arasında Nuri Paşa və Mürsəl Paşa da var idi. Mürsəl Paşa bu qərardan bir müddət sonra 1919-cu il aprelin 20-də Batumidə həbs edilərək Malta adasına sürgün edilmişdi. O, 1 noyabr 1921-ci il tarixdə sürgündən qayıtdıqdan sonra Anadoludakı İstiqlal Savaşına qoşulmuş və bir çox şəhərin azad edilməsinə rəhbərlik etmişdi. Sonrakı illərdə dəfələrlə millət vəkili seçilən Mürsəl Paşa 1945-ci ildə vəfat etmişdir.

Nuri Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra 1938-ci ildə İstanbula gəldi və silah fabriki qurdu. Amma türk dünyasının birləşməsi ilə bağlı fikirlərini və səylərini davam etdirdi. Hətta iddialara görə bəzi bölgələrə silah da göndərməyə başlamışdı. 2 mart 1949-cu ildə silah fabrikindəki partlayış nəticəsində vəfat etdi. Partlayışın terror aksiyası olduğu iddia edildi.

Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra Ənvər Paşa 1918-ci ilin noyabrında Anadolunu tərk edib Türküstanın (Orta Asiyanın) müxtəlif bölgələrində azadlıq mübarizələrinə rəhbərlik etdi. 4 avqust 1922-ci ildə Pamir dağı ətəklərində döyüş zamanı şəhid oldu.

102 il sonra bir daha sınaqdan çıxan əbədi birlik


6 il öncə, Bakının daşnak-bolşevik işğalından azad edilməsi münasibətilə 15 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyib Erdoğanın, eləcə də Azərbaycan və Türkiyə ordusunun birgə iştirakı ilə keçirilən hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının və strateji münasibətlərinin önəmli bir göstəricisi olmuşdu. Həmin paradda İlham Əliyevin “bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər… Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik” fikirləri strateji-hərbi münasibətlərin dərinləşəcəyinin, Recep Tayyip Erdoğanın “Qarabağ problemi Azərbaycan üçün nə ifadə edirsə, bizim üçün də onu ifadə edir, Azərbaycan üçün hansı dərəcədə problemdirsə bizim üçün də o dərəcədə problemdir” şəklindəki fikirləri Türkiyənin Qarabağ probleminə hərbi yanaşmasındakı dəyişikliyin ifadələri idi. İlk dəfə idi ki, Türkiyə prezidentinin çıxışında Türkiyənin Qarabağ problemində Azərbaycana dəstəyinin sərhədsiz olacağı bu qədər konkret şəkildə vurğulanmışdı.

2020-ci ilin iyul provokasiyasından sonra bu mövqelər daha da qətiləşdi. 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana diplomatik-texniki cəhətdən tam dəstək göstərdi.  Təbii olaraq tarixi qələbədən sonra 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iki qardaş dövlətin orduları yenə birlikdə addımladı. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan münasibətlər rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldildi.

Beləliklə, əslində hazırda “bir millət-iki dövlət” olmağımızı təmin edən həm xüsusi olaraq 15 sentyabr tarixi, həm də ümumiyyətlə 20-ci əsrin əvvəlində baş verənlər (Çanakkaledə Azərbaycanlıların iştirakı, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlının ciddi dəstəyi, Qurtuluş Müharibəsi zamanı Anadoluya Azərbaycandan gedən yardımlar, Anadoludakı və Azərbaycandakı aydınların qarşılıqlı fəaliyyətləri) oldu. Ən çox onların sayəsində bir millətin övladları Osmanlı-Səfəvi mərhələsindəki ayrılığı bir kənara qoyaraq köklərindən qaynaqlanan birliyə geri qayıtdı. 20-ci əsr boyunca bu hisslər davam etdi, mütəmadi olaraq bəzi xarici güclər və onların hər iki ölkədəki təmsilçiləri məzhəb və s. kimi amillərdən, müxtəlif fürsətlərdən istifadə edərək qardaşlığa zərbə vurmağa çalışsalar da uğur qazana bilmədilər.

Artıq bu gün Azərbaycan ilə Türkiyənin əbədi birliyindən heç kimin şübhəsi yoxdur. Bu birlik həm hər iki dövlətin qüdrətinin və bu iki dövlətə qarşı mənfi planları olan digər güclərin heç bir zaman uğur qazana bilməyəcəyinin, həm də Cənubi Qafqazda və daha geniş çərçivədə bölgəmizdə sülhün və əməkdaşlığın təminatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri