Icma.az
close
up
RU
Bir gilə salam

Bir gilə salam

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

Bir payız səhəri idi - bazar səhəri. Hava hələ yetərincə istiydi. Bakının o dur-duraq bilməz xəzrisi öz işindəydi yenə. Külək ağaclarla, yarpaqlarla "rəqs edirdi" asta-asta. Bəzən də yelli-yelli. Külək haqqında "yelli-yelli" deyəcəyi ağlına gəlməzdi. Gülümsədi və həyətə göz gəzdirməyinə davam etdi. Ağaclar o tərəfə-bu tərəfə yellənir, budaqlar yarpaq-yarpaq xışıldaşırdı. Alqışlayan əllər dəfələrlə bir-birinə dəyən kimi yarpaqlar da bir-birinə çırpılıb bir az sakitləşir, sonra eynisini təkrar edirdilər. Yenə yenidən. Yerdəki sarı-qəhvəyi yarpaqlar sanki nəhəng, gözəgörünməz süpürgə ilə süpürülürmüş kimi az qala eyni xətt üzrə burula-burula sovrulurdu. Lap burulan xalça-palaz kimi.

Pəncərənin o üzündə həyət də, həyat da "qaynayırdı" - gedən-gələn, əllə-qolla kiməsə nə isə başa salan, yeriyə-yeriyə telefonunda qurdalanan, sonra da eyni zamanda iki hərəkəti edə bilməyəcəyini başa düşərək ayaq saxlayıb yenə telefonunda "eşələnən", dar səkiyə qoyduğu taburetin üstündə oturub gedənin-gələnin arxasınca avtomatlaşmış qaydada baxan...

Pəncərədən çəkildi. Çəkilməliydi, istəməsə də. Həm evdə qalıb işlərini görmək, həm də o həyətdəki həyatın bir parçası olmaq istəyirdi. Dərslərini də oxumalıydı. Rəssamlıq öyrənirdi. Ona görə də gördüyü hər şeyə rəssam gözü ilə baxırdı. Beynində az öncə gördüyü mənzərənin xəyali kağız üzərindəki siluetləri, cızma-qaraları "doğurdu". Gözü belə görməyə, belə sezməyə alışmışdı.

Bir, iki, üç... Görməli olduğu işləri sayırdı ürəyində: filan dərsi oxumalıyam, filankəs mənə pdf-i göndərməlidir, ona qalsa, heç yadına düşməz, gərək zəng eləyib özüm yadına salam, xalaya da zəng vurmaq lazımdır, indi ürəyində asıb-kəsir məni, vaxt qalsa, cızma-qara elədiyim o rəsmin üzərində də işləməliyəm, bir şey də bişirmək lazımdır, neçə gündür kolbasa-çörəklə keçinirəm...

Evin lap yanında balaca bir meydança var idi. O yer hər həftə sonu bazara dönürdü. Camaatın "yarmarka" dediyi yer. Kənd əhli malını gətirib özü sata bilirdi, xeyli ucuza. Amma ucuz mal sevinci cəmi iki gün çəkirdi. "Yarmarka" gəldiyi kimi də gedərdi. Yerində bir çoxlu zir-zibil qalırdı, bir də çirkli tənhalıq.

"Bazar günü bazarlıq günüdür" deyən babasının sözləri yadına düşdü. Üstəlik, ikigünlük ucuz bazar fürsətinin son günü idi. Yığışıb həmin o balaca bazara yollandı. Bazar-yarmarkaya girib ora-bura göz gəzdirdi. "Hardan, nədən başlasam?" deyə soruşdu özündən. Belə yerlərdə ayaqlar və gözlər işə düşür. Ən çox da gözlər. Göz nəyi tutdusa, nə iştah açmağı vəd etdisə, yemək fantaziyalarını nə süslədisə, beyin, deməli, ayaqlar da ona doğru can atır. Baxa-baxa, soruşa-soruşa, götürüb qoya-qoya bir neçə şey alıb özü də bilmədən eyni yerə gəlib çıxdı. Çıxmağa hazırlaşırdı ki, gözləri bir şey "çaldı" - onun rəssam gözünü "fəth edən" bir şey! Bu, irigiləli, təptəzə qara-bənövşəyi üzüm salxımları ilə dolu bir səbət idi. Üzümləri bu qədər cəlbedici edən salxımların arasından, orasından-burasından boylanan yamyaşıl yarpaqlar idi. Təzəliyin, təravətliliyin "qarantını" da o təzəlik "saçan" yaşıllıq verirdi. "Ayyy, bənövşəyiylə yaşılınkı nə qəşəng tuturmuş. Heç bilməzdim". Hansısa rənglərin bir-biri ilə tutuşduğunu sezəndə sevinirdi, yeni bir şey kəşf etmiş kimi. Səbətin yanında balaca taburetin üstündə yaşlı bir adam oturmuşdu. Əllərini bir-birinə keçirib gözlərini yerə zilləmişdi. İndiyəcən gördüyü satıcılara oxşamırdı heç. Nə çağırıb-bağırırdı, nə də gözləri ilə alıcı "ovundaydı". Dərin-dərin qırışları olan üzündən bir ciddilik, ağırlıq yağırdı. Bir də çətin həyatın izləri.

Yaşıllı-bənövşəyili üzüm salxımları yaman tutmuşdu onu, sonradan peşman olmasın deyə öz-özünə "Gedim soruşum ən azından" dedi. Yaxınlaşdı.

- Salam, dayı. Hər vaxtınız xeyir!

Yaşlı adam ağır-ağır başını qaldırıb ona baxdı. Baxışları elə dərin idi ki, qız özünü bir az itirdi də. Yavaşca udqundu, baxışları "sürüşüb" səbətə tərəf endi. Yenə dil alışqanlığı xilas elədi onu. Həyəcandan sözləri təkrar etdiyini sonra xatırladı.

- Üzüm. Neçəyədi üzüm? Kilosu neçəyədi?

Yaşlı satıcı nədənsə cavab vermədi. Necə susmuşdusa, eləcə də yerindən  tərpənmirdi. Baxışları da həminki -ağır, hərəkətsiz. Bu susqunluq bir gərginlik yaradırdı. Keçən hər saniyə o gərginliyi damla-damla artırırdı. Amma satıcı söhbətə tamam başqa yerdən başladı:

- Qızım, bu iki gündə sən birinci adamsan ki, yaxınlaşanda salam verdi.

Bu dəfə də qız nə deyəcəyini bilmədi. Çaşıb qalmışdı. Ən gözlənilməz bir cavabı almışdı. "Dayı, mən nə etdim ki? Salam Allahın salamıdı!" demək istədi, yaşlı adamın zəhmli baxışları onu danışmaq əvəzinə susdurdu.

Ürəyində "Ən yaxşısı mən çıxım gedim" deyib lap yavaşdan, eşidilər-eşidilməz "Sağ olun" dedi. Əslinə qalsa, pıçıldadı. Həm də elə pıçıldadı ki, heç özü də eşitmədi. Qarma-qarışıq hisslərlə çıxışa tərəf döndü. Azca getmişdi ki, kimsə yüngülcə çiyninə toxundu. Dönəndə ilk gördüyü ona uzanan yamyaşıl yarpaqların arasından "boylanan" üzüm salxımları oldu. Yaşlı adam hər iki qolunu qaldırıb ovucundakı salxımları ona uzadırdı.

- Qızım, bu, sənindir. Sağ ol, mənim balam, çox sağ ol o salamına, o insanlığına görə.

Ağzını açıb etiraz etmək istədi, amma yaşlı satıcı başıyla "Yox" mənasını verən qətiyyətli bir hərəkətlə onu durdurdu. Salxımları onun əllərinə verib sürətlə ordan uzaqlaşdı. Arıq, belibükük, bəlkə də taqətsiz idi. Hiss olunurdu ki, yeriyəndə əziyyət çəkir. Bəlkə atdığı addımlar belə ona əziyyət verirdi Amma elə qətiyyətlə gedirdi ki. Qızın nə isə deməyə macalı belə olmadı. Ona sürətlə uzaqlaşan adamın arxasından baxmaq qaldı. Bir də içində qalan "Çox sağ olun!" sözləri.

Evə gəldi. Meyvə-tərəvəz dolu torbanı masanın üstünə qoyub oturdu. Ən üstdə salxımlar vardı. Həmin o salxımlar. Baxdı, düşündü. Düşüncələri üzüm salxımı kimi həm bütöv idi, həm də gilə-gilə. Özü ilə ancaq bir salam götürmüşdü o yaşlı adama yaxınlaşarkən. Amma qucaq dolusu insanlıqla döndü. Bir də o təptəzə, şax salxımlarla. Ona elə gəldi ki, ömründə gördüyü ən gözəl salxımlar idi. "Siz bir bu tabloya baxın. Necə də şahanə üzüm tablosudur. Hər rəssamın ən böyük arzusudur üzüm tablosu çəkmək. Amma belə bir tablo çəkmək hər rəssamın işi deyil. Üzüm tabloları çoxdur, onlarla rəqabət edə biləcək bir tablo çəkmək lazımdır. Yoxsa cızma-qara bir şey alınar". Müəllimi belə demişdi. O da razılaşmışdı bu fikirlə. İndi "o şahanə üzüm tablosu"nun "prototipi" heç gözlənilmədən özü gəlib onu tapmışdı. Uzun illərdir xəyalında çəkdikcə çəkdiyi o üzüm tablosu "canlı-qanlı" gözlərinin qarşısında dayanmışdı.

Sellofan torbaları boşaldanda nə cürsə alma-armud-nar-göy-göyərti-kartofun arasına girməyi "bacarmış" üzüm gilələri yerə düşüb diyirlənə-diyirlənə harasa getdi. Hərəsi bir tərəfə. "Allah bilir, hara getdilər" deyib əyildi. Tapdığını tapdı. Bəzilərini, yəqin ki, sonra tapacaqdı. Ovcuna yığdığı gilələrə baxdı - 3 dənə. Yerə üç... üzüm giləsi düşmüşdü. Lap "Göydən üç alma düşdü" məsəli kimi... Ürəyində "Olmasın alma, olsun üzüm giləsi" deyib gülümsündü.

Dikələndə yenə də gözünü və ruhunu oxşayan o üzüm salxımları ilə qarşılaşdı nəzərləri. Birinci dəfə görürmüş kimi gözlərini bir də fəth elədi qaramtıl-bənövşəyi gilələr. "Kaş çəkə biləydim bunu" deyə yana-yaxıla özünü qınamağa başladı. Bu gözlənilməz fürsəti qaçırdığının fərqindəydi. "O şahanə üzüm tablosu" rəssamlıq karyerasının şah əsəri olsun istəyirdi. Çox yaxşı yox, əla çəkməyi bacaranda çəkəcəkdi onu. İndi isə əlini fırçaya uzatmağa belə ürək eləmirdi. Üzümləri yuyub yeməyi isə heç ağlının ucundan da keçirmirdi. "Neynəyəcəm mən bunları" sualı keçdi ağlından. Yenə dar dalana düşmüşdü - qərarsızlıq dalanına. Əlini telefonuna uzatdı. "Ən yaxşısı telefona çəkim". Telefondakı şəklin də bu mənzərənin eynisi olmayacağını bilirdi. Hətta gerçəklikdən çox uzaq olacağını da. Amma heç nədənsə... Ən azından ona bu günü xatırladacaqdı, günü-saatı biləcəkdi.

"Çəkim telefonda qalsın... Baxacam, baxacam, sonra özüm çəkəcəm tabloda". Artıq neçənci şəkliydi telefonla çəkib kağıza "köçürüb" onun imzası olacaq bir natürmort yaratmaq istədiyi, amma sonraladığı. Sonra heç vaxt "indi"  olmayacaqdı, indiki hissləri korşalıb gedəcəkdi. Çox gənc olduğunun fərqində deyildi. Qarşısında uzun bir yol olduğunun da. Müəlliminin öz tələbələrini bir az yanlış yönləndirdiyinin də. O, gənclərə "Dayanmadan çəkin, çəkə-çəkə püxtələşəcəksiz. Bütün o məşhur rəssamlar da belə - çəkə-çəkə yetişiblər" deməliydi. Yoxsa qızcığaz həmin o üzüm salxımlarını qarşısına qoyub bir az əyri-üyrü, bir az natamam, bir az da cızma-qaranı xatırladan bir tablo çəkər və ondan heç utanmazdı.

Gənc rəssam qız bir şeyi bilmədi -salamı, insanlığı, sayğını yerə düşmüş çörək tikəsi kimi müqəddəs bilən həmin o adam - üzümsatan da rəsm çəkirdi nə vaxtsa. Nə arzularla, nə ümidlərlə. Rəssam olmaq istəyirdi o da. Nə gənc qız bildi bunu, nə də yaşlı kişi bildi bu qızcığazın rəssamlıq eşqini. Bir rastlantıydı, oldu-bitdi. Qızcığazın nə vaxtsa çəkəcəyi "o şahanə" üzüm tablosunun hekayəsinə çevrilmək üçün.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri