Birinci Türkoloji Qurultaydan müasir türkologiyaya professor Məhərrəm Məmmədli ilə MÜSAHİBƏ
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 noyabr, Gözəl Ağayeva, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində silsilə materialların verilməsi davam etdirilir. AZƏRTAC Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli ilə müsahibəni təqdim edir.
-Məhərrəm müəllim, 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq. Qurultayın aktuallaşmasının səbəbi nədir?
-Bu Qurultay türk xalqlarının tarixində ən əlamətdar hadisədir. 1926-cı ildə əksər türk xalqlarının nümayəndələri Bakıda toplaşaraq dil, ədəbiyyat, mədəniyyət və etnoqrafiya məsələlərini müzakirə ediblər. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bu Qurultayın 80, 90 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu il oktyabrın 22-də isə dövlətimizin başçısı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bundan əvvəl – oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə keçirilməsini təklif edib. Bütün bunlar Qurultayın müasir dövrümüzdə də aktuallığını göstərir.
Digər səbəb isə həmin Qurultayda qəbul edilmiş 7 mühüm qərardır və onlar indiyədək tam şəkildə yerinə yetirilməyib. Həmin qərarlardan birincisi əlifba məsələsi idi. Qurultayda keçirilmiş 17 iclasdan 5-i əlifba məsələsinə həsr olunmuşdu. O zaman türk xalqlarının latın qrafikalı əlifbaya keçirilməsi haqqında qərar qəbul edildi. Türk xalqları 1929-1930-cu illərdə latın qrafikalı əlifbaya keçdilər. Amma bu çox da uzun sürmədi. 1939-1940-cı illərdə yenidən Kirill əsaslı əlifbadan istifadə edilməyə başlanıldı. İndi də Türk dünyası ölkələrində əlifba problemi var. Çox az sayda türk xalqları latın qrafikalı əlifbadan istifadə edirlər.
İkinci məsələ orfoqrafiya idi. Qurultayda türk dillərinin orfoqrafiyasında fonetik, etimoloji, morfoloji prinsipdən istifadə olunması təklif edilmişdi. Qərara alınmışdı ki, alınma sözlər ənənəvi prinsip ilə yazılsın. Bizim orfoqrafiyamızda bu üç prinsip gözlənilməkdədir.
Digər məsələ terminlərlə bağlı idi. O zaman türk dillərində alınma terminlər milli terminləri üstələyirdi. Görkəmli alim Bəkir Çobanzadə türk dillərində terminlər üçün üç mənbə təklif etmişdi; milli, ərəb-fars və Qərbi Avropa mənbələri. Əgər milli mənbədən termin alınmazsa, onda alınma terminlərə müraciət edilsin.
Məsələlərdən biri tədris-metodika ilə bağlı idi. Məruzələrdə orta və ali məktəblərdə türk dillərinin tədris olunması, öyrədilməsi prinsipləri tam şəkildə açıqlanırdı.
Əsas müzakirələrdən biri də qohum və qonşu dillərlə əlaqə məsələsi idi. Bəkir Çobanzadə türk dillərinin tarixinin Orxon-Yenisey abidələrindən daha qədim olmasını əsaslandırdı. Monqolşünas alim Nikolay Poppe türk dillərinin Altay dilləri ilə qohumluğunu araşdırmışdı. Onun fikrincə, türk dilləri monqol, tunqus-mancur dilləri ilə genetik cəhətdən qohumdur və bu istiqamətdə tədqiqatlar aparıla bilər. Anatoli Cenko türk dillərinin Qafqaz dilləri -Yafəs dilləri ilə əlaqələrindən danışırdı. Onun fikrincə, türk dilləri Qafqaz dilləri ilə genetik deyil, tipoloji cəhətdən qohumdur, yəni bunlar arasındakı uyğunluq dil uyğunluğudur və yaxın qonşuluq şəraitində baş verib.
Qurultayın qərarlarından biri də ədəbi dil və ortaq dil məsələsi idi. Əsas məruzəni görkəmli türkoloq Fuad Köprülüzadə etmişdi. O, Orxon-Yenisey abidələrinin dilini ümumi türk dili adlandırdı. Onun məruzəsinə qədər alimlər Orxon-Yenisey abidələrinin dilini dialekt fövqü və ta koyne dil adlandırırdılar. F.Köprülüzadə isə onu ümumtürk dili adlandırıb bütün Türk dünyası üçün ortaq olan bir dil hesab edirdi. Sonrakı tədqiqatlarda da alimlərin çoxu Fuad Köprülüzadənin fikrini təsdiq ediblər. Yəni Orxon-Yenisey abidələrinin yazıldığı ümumtürk dilinin xüsusiyyətləri XI əsrdə də özünü göstərib.
Qurultayda türk ulu dilinin yaradılması fikri də irəli sürülmüşdü.
Bütün bu məsələlər dövrümüzdə də öz əhəmiyyətini itirməyib.
-Birinci Türkoloji Qurultayda irəli sürülmüş təkliflər bu gün aparılan tədqiqatlarda öz əksini nə dərəcədə tapır?
- Qurultay türk dillərinin inkişafında dönüş nöqtəsi oldu. Qurultaya qədər türk dilləri ayrı-ayrılıqda tədqiq və təsnif edilirdi. Amma Qurultaydan sonra türkoloqlar türk dillərini Ural-Altay dillərindən biri kimi təsnif etməyə başladılar. Türk dillərinin ilk təsnifatını verənlərdən biri Bəkir Çobanzadə olub. O, türk dillərini Ural-Altay dillərindən biri hesab edib. Yəni bu, alimlərin türk dillərinin Ural-Altay dilləri ilə qohumluğunu bir növ təsdiqləməsi demək idi.
Dilçilikdə belə bir fikir var ki, dillərin tarixi yazılı abidələri ilə ölçülür. Türk dillərinə aid ilk yazılı abidələr V-VIII əsrlərə aid olan Orxon-Yenisey abidələridir. Amma bu o demək deyil ki, türk dilləri bizim eranın V əsrində yaranıb. Bəkir Çobanzadənin türk dillərinin tarixinin Orxon-Yenisey abidələrindən qədim olmasına dair fikirləri ondan sonra aparılmış tədqiqatlarda da təsdiqlənib. Orxon abidələrinin mükəmməl dildə yazılması onu göstərir ki, dil birdən-birə V əsrdə yarana bilməzdi. Dilin formalaşması üçün yüz illər, min illər lazımdır. Deməli, türk dilləri Orxon abidələrindən çox-çox qədimdir. Orxondan qədim yazılı abidələrimiz olmasa da, alimlər türk dillərinin qədim dil əlaqələrini öyrəniblər. Dünyanın ən qədim dilləri ilə türk dilləri arasında əlaqənin olmasını sübut edən faktlar var. Məsələn, monqol, tunqus-mancur, dravid, Amerika-hindu, etrusk, şumer dilləri ilə türk dilləri arasında çox sayda leksik uyğunluqlar var, hətta qrammatik uyğunluqlar müşahidə olunur. Deməli, türk dillərinin tarixi o yazılı abidədən çox-çox qədimdir. Bu dil əlaqələrinə görə, alimlərimizin fikrincə, türk dillərinin tarixini eramızdan əvvəl IV minillikdən başlamaq lazımdır.
Qurultayda görkəmli türkoloq Sergey Malov qədim türk dillərinin tədqiqi ilə bağlı çıxış etmiş, Göytürk əlifbasının, uyğur əlifbasının mənşəyindən danışmışdı. O zaman belə fikir hökmran idi ki, bu abidələrin yazıldığı əlifba damğalardan əmələ gəlib. Amma S.Malov damğaların heç adını çəkmir, soqde əlifbasının təsiri ilə yaranması fikrini irəli sürürdü. Uyğur əlifbası barədə də həmin dövrdə məlumat çox az idi. Amma S.Malov uyğur ədəbi dilinin XVII əsrə qədər davam etdiyi fikrinə dair faktlar təqdim etmişdi. Sergey Malovun bir fikri də maraqlıdır ki, Orxon abidələri oğuz tayfalarının, Yenisey abidələri isə qırğız tayfalarının dili əsasında yazılıb. Sonrakı tədqiqatlar S.Malovun fikrini təsdiqləyib. Hazırda ümumi fikrə görə, Orxon abidələrinin dili ən çox Oğuz qrupunun türk dillərinə, Yenisey abidələrinin dili isə qıpçaq tayfalarının, o cümlədən qırğız xalqının dilinə yaxındır.
Qurultayda görkəmli alim Lev Şerba türk dillərinin tədqiqinə linqvistik coğrafiya metodunu (üsulunu) tətbiq etmək təklifini irəli sürmüşdü. Qurultaydan sonra Türk dünyasında linqvistik coğrafiya üsulu ilə türk dillərinin dialektlərinin öyrənilməsinə başlanılıb. Bu sahədə ilk təcrübə Azərbaycanın dialektoloq alimlərinə aiddir. Türk dünyasında ilk dəfə azərbaycanlı alimlər linqvistik coğrafiya üsulu ilə şivələri öyrənərək Azərbaycan dilinin dialektoloji atlasını tərtib ediblər. Bizim dialektoloji atlasdan Türk dünyasında bir nümunə kimi istifadə edilir. 1990-cı ildə “Azərbaycan dilinin dialektoloji atlası” çap olunub. 2015-ci ildə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, 2022-ci ildə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” nəşr edilib.
Bizim ümumi atlasdan sonra müasir türk dilinin, özbək, qazax, tatar, başqırd, çuvaş, yakut dillərinin də dialektoloji atlasları çap olunub.
-Qurultayın 100 illik yubileyinin qeyd olunması türkologiya elminin inkişafı üçün hansı yeni istiqamətlər yarada bilər?
- Qurultayda ayrı-ayrı dillərin tədqiqindən deyil, ümumtürk istiqamətində araşdırmalardan söhbət açılmışdı. Ötən əsrin 90-cı illərindən ümumtürk istiqamətində tədqiqatlara geniş yer verilir. Bu sıraya türk dillərinin tarixi, quruluşu, dialektologiyası, leksikoqrafiyası daxildir. Bunlar ümumi istiqamətdə öyrənilməyə başlanılıb. Hazırda türk dillərinin müqayisəli şəkildə öyrənilməsinə üstünlük verilir. Məsələn, Azərbaycan dili qohum türk dilləri ilə - oğuz qrupu, qıpçaq qrupu dilləri ilə müqayisəli şəkildə öyrənilir. Bununla bağlı digər türk xalqlarında da xeyli nailiyyətlər əldə olunub.
Sovet dövründə zəif inkişaf edən sahələrdən biri də qədim türk yazılı abidələrinin nəşri məsələsi idi. İndi bu məsələ də aktuallaşıb. Göytürk, uyğur, orta əsr yazılı abidələri türk xalqlarının dillərində nəşr olunmağa başlayıb. Bunlar hamısı yeni istiqamətlərdir.
-Rəhbərlik etdiyiniz kafedranın fəaliyyətində Qurultayın yubiley ili çərçivəsində elmi-tədqiqat baxımından yenilik gözlənilirmi?
- Əvvəla onu deyim ki, Türkologiya kafedrası 1969-cu ildə görkəmli türkoloq Fərhad Zeynalovun təşəbbüsü ilə yaradılıb. Mərhum alimimizin “Türkologiyanın əsasları” kitabı yarım əsrdən çoxdur ki, ali məktəblərdə dərslik kimi istifadə olunur.
Qurultay ərəfəsində kafedramızın fəaliyyətində də yeniliklər yaranıb. Məsələn, magistrantın tədris planı, ixtisaslaşmanın adı dəyişilib və hazırda türk xalqları dilləri adlanır. Biz magistraturada özbək, Qazax, tatar, türkmən, müasir türk dillərini tədris edəcəyik, həm dili, həm də türk xalqlarının ədəbiyyatını öyrədəcəyik. Türk dillərinin tarixi fənni, Altayşünaslığın əsasları, Xarəzm ədəbi dili kimi türk dillərinin tarixi ilə bağlı fənlər tədris olunacaq. Biz bu sahədə müasir dövrə uyğun mütəxəssis hazırlamağa çalışacağıq. Türkiyənin Fırat Universiteti ilə magistratura səviyyəsində ikili diplom istiqamətində iş aparırıq. Kafedramızda alimlər Göytürk və uyğur abidələrinin tədqiqi ilə məşğul olurlar. Gənc alimlərimiz hazırda Azərbaycan-özbək və Azərbaycan-Qazax dilləri ilə bağlı müqayisəli araşdırmalarını yekunlaşdırmaq üzrədirlər. Türk xalqları, xüsusilə özbək və Qazax alimləri ilə əlaqələrimiz getdikcə güclənir. Birgə layihələr həyata keçirəcəyik. Kafedramızda türk dillərinin dialektləri ilə bağlı da araşdırmalar aparılır. Bu araşdırmalar Ural-Altay dilləri arealını əhatə edir.
Kafedramızın professor-müəllim heyəti Türk xalqları ədəbiyyatı, qədim türk xalqları ədəbiyyatı, ümumtürk ədəbiyyatı istiqamətlərində tədris aparırlar. Təbii ki, onlar türk xalqları ədəbiyyatının aktual problemlərini də tədqiq edirlər.
-Azərbaycan türkologiya elmi Türk dünyası ölkələrinin akademik mühitində necə görünür?
-XX əsrin əvvəllərində Bakı türkoloji mərkəzə çevrilmişdi. Bu, möhtərəm Prezidentimizin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında bu qeyd olunub. O zaman görkəmli türkoloq alimlər Bakıya gəlib artıq öz tədqiqatlarını burada reallaşdırırdılar. Məsələn, Krıməsilli görkəmli türkoloq Bəkir Çobanzadə, estonəsilli Zifeld-Simumyaqi, çuvaşəsilli Nikolay Aşmarin Bakıya gələrək burada yaşayır və tədqiqat aparırdılar. Bakı türkoloji mərkəz olduğuna görə türkoloji qurultayın da burada keçirilməsinə qərar verilmişdi. Bunun bir səbəbi də o idi ki, ərəb əlifbasından latın əlifbasına keçid fikrini ilk dəfə azərbaycanlı alimlər irəli sürmüşdülər. Sovet dövründə - ötən əsrin 70-ci illərindən Bakıda “Türkologiya” jurnalı nəşr edilməyə başlandı. Jurnal fəaliyyətini indi də uğurla davam etdirir. Əlbəttə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra türkoloji məsələlərlə bağlı çoxsaylı konfranslar, simpoziumlar paytaxtımızda keçirilməyə başlandı. Ortaq türk ədəbi dilinin yaradılması üçün ən çox iş isə, fikrimcə, Bakıda görülüb. Paytaxtımızda bununla bağlı dəfələrlə müzakirələr keçirilib. Bakının nüfuzu türkoloji aləmdə getdikcə yenə artmağa başlayıb.
-Qurultayın yubileyinin qeyd olunması gənc tədqiqatçılar üçün hansı perspektivlər yarada bilər?
- Hazırda türk dillərinin ümumi tarixinin, quruluşunun yeni üsullarla araşdırılmasına ehtiyacımız var. Gənc tədqiqatçılar tədqiqatın bu istiqamətinə diqqət yetirməlidirlər. Müasir texnologiyanın türkologiyaya tətbiqi zəifdir. Gənclərimiz süni intellekt vasitəsilə türk dilləri korpuslarını, qədim türk abidələrinin korpuslarını yarada bilərlər. Beləliklə, türkologiya daha da inkişaf edər. Görkəmli türkoloqların dil korpusunu yaratmaq mümkündür. Gənclərimiz bu sahələrdə böyük müvəffəqiyyət qazana bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















