Türkoloji Qurultayın Çuvaş Azərbaycan nümayəndəsi Birinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vilayət QULİYEV
1926-cı ildə Bakıda çağdaş türkologiyanın məşhur simaları bir araya toplanmışdı. Xarici qonaqları çıxmaq şərti ilə onlardan bəziləri Rusiyanın mühüm elm mərkəzlərinin adlı-sanlı əməkdaşları idilər. İkinci qisim nümayəndələr müxtəlif türk respublikaları, yaxud muxtariyyətlərindən gəlmişdilər. Nəhayət, iştirakçılar arasında ikili təmsilçiliyə malik olanlar da yox deyildi. Azərbaycanda çalışan Qaziz Qubaydullin (Tatarıstan), Xalid Səid Xocayev (Özbəkistan), Bəkir Çobanzadə (Krım) bu kateqoriyadan idilər. Bulqar torpağında yaşayan qədim türk etnosunun - çuvaş xalqının nümayəndəsi, SSRİ EA-nın gələcək müxbir üzvü (1929) həyatının bəlli bir dövrünü Azərbaycanda dilçilik elminin, xüsusən də dialektologiyanın inkişafına həsr etmiş Nikolay İvanoviç Aşmarin də (1870-1933) tam əsasla bu sonuncuların sırasına daxil idi. Onların hamısını birləşdirən ümumi cəhət isə türk xalqlarının tarixində ilk dəfə keçiriləcək elmi-mədəni foruma yalnız bir mütəxəssis kimi maraq göstərmələri deyil, həm də ürəkdən can atmaları idi. Hakimiyyətini günü-gündən möhkəmləndirən bolşevik rejimi və sinfi maraqları hər şeydən üstün tutan sovet ideologiyası da türk dostlarını müstəqillik dövrünün fikir və hərəkət azadlığını unutmayan, unuda bilməyən Azərbaycanda görüşdən çəkindirə bilməmişdi.
Budəfəki söhbətimiz Azərbaycan dilçilik elminin təmənnasız fədailərindən biri adlandıra biləcəyimiz professor N.İ.Aşmarin haqdadır.
1923-1926-cı illərdə Bakı Universitetinin Şərq dilləri fakültəsinin türkologiya kafedrasında çalışdığı dövrdə o, ölkəmizin ilk elmi-tədqiqat mərkəzi - Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) ilə yaxından əməkdaşlıq etmişdi. Həm də keçmiş Sovet İttifaqı və Azərbaycanın tanınmış elm adamları, partiya və dövlət xadimləri ilə birlikdə Təşkilat Komitəsinin üzvü kimi Birinci Türkoloji qurultayın hazırlanması və keçirilməsində fəal rolu olmuşdu. Elmi forumun 1926-cı il fevralın 27-də baş tutan 5-ci iclasında "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri" bölməsində "Türkologiyanın keçmişi və indiki vəziyyəti haqda bəzi qeydlər" adlı məruzəsində Avropa və Rusiyada türkologiyanın yaranması tarixinə ümumi nəzər salmağa çalışmışdı. Əslində məruzənin rusca adı ("Koe-çto o proşlom törkoloqii i ee nastoəhem sostoənii") məzmun və mündəricəni daha dəqiq əks etdirirdi. Çox ehtimal ki, əlinin altında kifayət qədər mənbə və material olmadığı üçün professor Aşmarin XIX əsr Rusiya türkologiyası haqda sadəcə "nə isə bir şeylər" danışmışdı. Məsələn, təkcə onu qeyd etmək kifayətdir ki, məruzədə Azərbaycan əsilli rus şərqşünası Mirzə Kazımbəyin türkologiya sahəsində fəaliyyəti yada düşməmiş, Rusiya EA-nın yüksək Demidov mükafatına layiq görülmüş iki mühüm türkoloji tədqiqatının - "Türk-tatar dilinin qrammatikası" (Kazan, 1839), habelə "Türk dilinin müvəqqəti kursu üçün dərs vəsaiti" (Sankt-Peterburq, 1855) əsərlərinin adı yerli-dibli çəkilməmişdi.
N.İ.Aşmarin əksər mənbələrdə rus alimi kimi təqdim edilsə də, milliyyət etibarı ilə çuvaş türkü idi. Bu haqda onu yaxından tanıyan görkəmli filoloq və tarixçi alim, başqırd ictimai-siyasi xadimi Zəki Vəlidi Toğan (1890-1970) "Xatirələr"ində yazır: "Yemelyanov məni "Yadəsillilər seminariyasının" (Seminariə dlə inorodüev) müəllimi, şərqşünas Nikolay Aşmarinlə və nəhayət, professor N.F.Katanovla tanış etdi. Bunun da sayəsində Kazandakı şərqşünaslar mühiti ilə daha yaxın əlaqə qura bildim. Aşmarin özü çuvaş türklərindən idi. Nikolay Katanov isə Altayın Saxa türkləri arasında yetişmişdi. Hər ikisi də Rusiya şərqiyyat institutlarını bitirib rus şərqşünasları mühitinə qatılan şəxslər idi. Bu iki şəxsin mənə çox köməyi dəydi. O il (1906-cı il - V.Q.) Aşmarinin Rusiya Xalq Maarif Nazirliyinin Jurnalında çıxmış "Tatar ədəbiyyatı" (söhbət "Kazan tatarlarının müasir ədəbiyyatı haqda bir neçə söz" məqaləsindən gedir) əsərini rus dilindən tatarcaya çevirdim. Bu tərcümə sonra Orenburqda kitabça şəklində çap olundu".
"Türk tarixi" adlandırdığı ilk kitabının nəşrindən bəhs edərkən isə müəllif yazır: "Mənim əsərimlə həm elmi yöndən, həm də mənşə etibarı ilə türk olmaları səbəbindən maraqlananlar professor Katanovla Aşmarin oldu. Onların ikisi də rus senzoru olduqları halda əsərdə ruslara toxunan yerləri pozmayıb kitabımın yazdığım şəkildə nəşrinə yardım etdilər".
Çuvaş MR-nın Dil, Ədəbiyyat, Tarix və İqtisadiyyat İnstitutunun "Elmi əsərləri"ndə "Aşmarinin xatirəsinə" adlı məqalə çap etdirən akademik V.A.Qordlevski (1876-1956) də həmkarının çuvaş əsilli olmasına şübhə ilə yanaşmırdı.
Ailədə rus dilindən sonra öyrəndiyi ikinci dil çuvaşca idi. "Həyatım" adlı avtobioqrafik qeydlərində yazırdı: "Hələ kiçik yaşlarımdan məndə dilləri, xüsusən də çuvaş dilini öyrənməyə maraq yaranmışdı. Buna da səbəb Kurmışa və Zasuryaya gələn (alimin uşaqlıq illərini keçirdiyi Volqa ətrafı kəndlər - V.Q.), yaxud oradan keçən, bütün görkəmləri ilə arasında yaşadığım rus əhalidən kəskin şəkildə fərqlənən çuvaşlar olmuşdu. İlk çuvaş söz və ifadələrini bu xalqa çox böyük rəğbətlə yanaşan ana nənəmdən eşitmişdim".
Novoçerkassk klassik gimnaziyasını bitirdikdən (1891) sonra türk, ümumən Şərq xalqlarının dil və mədəniyyətlərinə olan böyük maraq Aşmarini Moskvadakı Lazarev Şərq Dilləri İnstitutuna gətirmişdi. Burada gimnaziyada öyrənməyə başladığı türk, tatar, ərəb, fars dilləri sahəsindəki biliklərinin təkmilləşdirmişdi. Latın dilinə mükəmməl yiyələnmişdi. Təbii ki, həyatının əsas stixiyası olan çuvaş dilini də unutmamışdı. Özünün də etiraf etdiyi kimi, məhz çuvaş dili ilə eyni ailəyə mənsub olduğu üçün institut illərində Osmanlı türkcəsini mənimsəməyə daha çox diqqət yetirmişdi. Birinci kurs tələbəsi ikən "Çuvaşlarda xalq poeziyası təcrübəsi" adlı məqalə yazıb dərc etdirmişdi.
İnstitutun sonuncu kursunda isə çuvaş dilinin fonetika və morfologiyasına dair materiallar toplamağa başlamışdı. Onların əsasında ilk çuvaş dili qrammatikasını tərtib edib müəllimi, fin-uqor dilləri üzrə tanınmış mütəxəssis, akademik V.F.Millerə (1848-1913) göstərmişdi. Miller çoxsaylı prinsipial qeydlər etmişdi. Aşmarin qeydlər əsasında 1895-ci ildə, Kazan xristian tatarlar məktəbinin müəllimi işlədiyi dövrdə əlavə materiallar da toplayaraq əsəri demək olar ki, yenidən yazmışdı. Dilin təbii daşıyıcıları-çuvaşlarla canlı ünsiyyət, çuvaş əlyazmaları ilə tanışlıq işi təkmilləşdirmək imkanı yaratmışdı. Lakin yeni variantda da qrammatikası ona sistemsiz, hətta xaotik görünmüşdü. Yardım üçün üz tutduğu professor N.F.Katanov əlyazmasının çapını məsləhət bilmişdi. Gözlədiyinin əksinə olaraq ilk dilçilik təcrübəsi uğurlu alınmışdı. Macar türkoloqu akademik B.Munkaçi (1830-1907) Katanova məktubunda Aşmarinin çuvaş qrammatikasını bəyəndiyini bildirmiş, hətta "wichtig" (mühüm - V.Q.) adlandırmışdı.
1896-cı ildən etibarən həyatının sonuna qədər N.İ.Aşmarin akademik V.V.Bartoldun (1869-1930) "türkologiyada klassik əsər" adlandırdığı 17 cildlik monumental "Çuvaş dili sözlüyü" üzərində işləmişdi. Dörd il sonra Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyəti, habelə Kazan Yeparxiyasının Xəbərlərində "Çuvaş sözlüyünün tərtib proqramı"nı dərc etdirmişdi. İş prosesində yalnız özünün toplaya bildiyi materiallarla kifayətlənməmişdi. Bu dillə bağlılığı olan mütəxəssislərə, ziyalı çuvaşlara müraciət etmişdi. Onların toplu halda yaşadığı ərazilərdə ekspedisiyalarda olmuşdu. Lüğətin ilk iki cildi 1910-1912-ci illərdə akademik F.E.Korşun (1843-1915) redaksiyası altında çap edilmişdi. Həyatının sonuna qədər üzərində qeyri-adi inadla işlədiyi sözlüyün yalnız 5 cildini başa çatdıra bilmişdi. Yarımçıq qalmış işi tələbəsi N.A.Rezyukovun davam etdirdiyi materialların nəşri tam şəkildə yalnız 1950-ci ildə başa çatdırılmışdı. Həmin il 54633 söz haqda məqalədən ibarət olan XVII cildlik əsərin sonuncu cildi çapdan çıxmışdı. "Çuvaş sözlüyü"nün hələlik yalnız bir neçə cildinin ortada olduğu 1940-cı ildə SSRİ EA-nın müxbir üzvü C.E.Malov (1880-1957) yazmışdı: "Belə bir əvəzsiz "Çuvaş dili lüğəti"nə malik olduğu üçün çuvaş xalqı özünü xoşbəxt saya bilər".
N.İ.Aşmarinin başqa bir mühüm əsəri - "Bulqarlar və çuvaşlar" kitabı (1902) Volqa hövzəsindəki qədim türk etnosunun öyrənilməsi işinə böyük töhfə sayıla bilər. Təsadüfi deyil ki, gənclik illərində o, sövq təbii ilə "avropalı köçərilərin" - macarların dil və tarixini də müəyyən qədər öyrənmişdi. Sonralar onların dil baxımından bulqar və çuvaşların yaxın qohumu, türkəsilli olmaları qənaətinə gəlmişdi. Hun mənşəli şəxs adları və titulların bulqar-çuvaş dil materialı əsasında izahı alimi bu fikrin həqiqətə uyğunluğuna inandırmışdı.
Akademik V.V.Bartold 1929-cu ildə aralarında N.İ.Aşmarinin də olduğu bir qrup həmkarının keçmiş SSRİ EA-nın həqiqi və müxbir üzvü seçilməsi münasibəti ilə yazdığı məqalədə onun bulqar-macar əlaqələri haqqındakı fikirlərinə rəğbətlə yanaşaraq "çox ehtimal ki, gələcəyi olan nəzəriyyə" adlandırmışdı. Müasir dövrdə macar dilinin fin-uqor deyil, türk dili ailəsinə mənsubluğu haqda get-gedə ağırlıq kəsb etməyə başlayan nöqteyi-nəzər dilçi və etnoqraf kimi Aşmarinin uzaqgörənliyindən xəbər verir. Nəhayət, "Bulqarlar və çuvaşlar" əsəri müəllifə elm tarixinə bulqar-çuvaş dil və etnik varisliyini inandırıcı dəlillərlə sübuta yetirən ilk mütəxəssislərdən biri kimi daxil olmağa imkan vermişdi.
lll
1923-cü ildə Kazan ali məktəblərində çalışan bir neçə nəfər digər həmkarı - antik dövr fəlsəfəsi üzrə tanınmış mütəxəssis, Azərbaycan EA-nın gələcək akademiki A.O.Makovelski (1884-1969), ərəbşünas P.K.Juze (1870-1942) və b. ilə birlikdə böyük ailə sahibi N.İ.Aşmarin də qıtlıq, aclıq və ehtiyac içində boğulan Volqaboyundan Bakıya üz tutmuşdu. Azərbaycan hökumətinin dəvəti ilə Bakı Universitetinin tarix-filologiya fakültəsinin türkologiya kafedrasının professoru vəzifəsində işə başlamışdı. Burada xoş münasibət, hörmət görmüşdü. Universitet Elmi Şurası 1925-ci ilin fevralın 3-də çap olunmuş əsərlərini və səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alıb ona dissertasiya müdafiə etmədən (honoris causa) türkologiya doktoru alimlik dərəcəsi vermişdi. Həmkarları bu qərarı qəbul edərkən tək şəxsi fikir və mülahizələrinə deyil, Moskva və Leninqrad türkoloqlarının yazılı təqdimatlarına, B.Munkaçi, Q.Ramstedt, T.Qotye, D.Mesaroş, Y.Vixman, M.Ryasenen və b. tanınmış macar, fin, alman linqvistlərinin mətbuatda çıxan rəylərinə əsaslanmışdılar. Həmin dövrdə o, B.Çobanzadə ilə birlikdə ilk addımlarını atan Azərbaycan türkologiyasının yalnız sovet deyil, hətta dünya miqyasına çıxan təmsilçiləri sayılırdılar. Fakültədə elmi-pedaqoji əhatə dairəsi kifayət qədər geniş idi. Tələbələrə türk dillərinin qrammatikası, Orxan-Yenisey abidələri və uyğur yazısından, türkologiyaya giriş və dialektologiyadan mühazirələr oxuyur, gənc alim və aspirantların elmi işlərinə rəhbərlik edirdi.
Həyatının Bakı dövründə o, universitetlə yanaşı, respublikanın ilk elmi mərkəzi ATTC ilə də sıx iş birliyi və əməkdaşlıq şəraitində çalışmışdı. Akademik Qordlevskinin yazdığına görə, "Nikolay Aşmarin onilliklər boyu qazandığı zəngin təcrübəni ATTC əməkdaşları ilə həvəslə bölüşürdü". Mühüm elmi qurum haqda maraqlı tədqiqat əsərinin - "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri. 1923-1929" monoqrafiyasının müəllifi, filologiya elmləri doktoru Həmidə Xəlilbəylinin araşdırmalarından da göründüyü kimi, N.Aşmarin elmi-nəzəri hazırlığı, çağdaş tədqiqat üsullarına yiyələnməsi, ən başlıcası isə Azərbaycan humanitar elminə töhfə vermək istəyi sayəsində ölkəmizdə bu sahənin aparıcı nümayəndələri sırasında yer almışdı. Müəllifin qeyd etdiyi kimi, "N.Aşmarin Azərbaycanda yerli türk xalq dialektlərinin araşdırılmasının, sistemli şəkildə toplanaraq lüğət şəklində çapının ilk təşəbbüskarı olmuşdur".
Onun Azərbaycandakı məhsuldar elmi fəaliyyətinin əhəmiyyətli hissəsi, şübhəsiz, ATTC ilə bağlıdır. Qurumun bir sıra istiqamətlər üzrə elmi-tədqiqat bölmələrinin fəaliyyətində yaxından iştirak etmişdi. Belə bölmələrdən biri Tarix-etnoqrafiya şöbəsinin tərkibindəki Etnoqrafiya komissiyası idi.
Şöbənin 1924-cü ilin yanvarın 2-də keçirilən təsis yığıncağında Komissiyanın rəyasət heyətinin tərkibi təsdiq edilmişdi. Sədr vəzifəsi yekdilliklə yazıçı-dramaturq, ATTC-nin qurucularından biri Əbdürrəhim bəy Haqverdiyevə həvalə olunmuşdu. Professorlar N.İ.Aşmarin və V.B.Tomaşevski müavin, A.R.Zifeldt - Simumyaqi və V.A.Ryumin katib, Azərbaycan Tarixi Muzeyinin ilk direktoru, arxeoloq D.Şərifov rəyasət heyətinin üzvü seçilmişdi.
Etnoqrafiya komissiyasının elmi vahidi kimi təşkil edilən lüğət-dil yarımbölməsi birbaşa N.Aşmarinin adı ilə bağlı idi. Bölməyə özü rəhbərlik edirdi. Müavinləri isə Ə.Haqverdiyev və V.B.Tomaşevski idilər. Azərbaycan dilinin lüğət tərkibinin araşdırılması, dialektoloji tədqiqatların aparılmasında bu yarımbölmə 20-ci illərin ortalarında kifayət qədər effektiv fəaliyyət göstərmişdi.
1925-ci ildə Azərbaycan xalqının digər türk xalqları ilə dil, etnoqrafiya, etimologiya və ədəbi-mədəni bağlılıqlarını sistemli, müqayisəli şəkildə araşdırmaq məqsədi ilə Cəmiyyət nəzdində ayrıca Türkoloji şöbə yaradılmışdı. Universitetin şərqşünaslıq fakültəsinin dekanı Bəkir Çobanzadənin rəhbərlik etdiyi şöbənin üzvləri arasında Ruhulla Axundov (sədr müavini), Hənəfi Zeynallı, Pənah Qasımov, Cəlal Məmmədzadə, Həbib Cəbiyev, İsmayıl Hikmət kimi tanınmış alim və ictimai-siyasi xadimlərlə bir sırada professor Nikolay Aşmarin də var idi. Özü "Həyatım" adlı avtobioqrafik qeydlərində bu barədə yazırdı: "1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin professoru olmaqla bir sırada mən azəri dilini öyrənməyə başladım. Eyni zamanda Azərbaycan türk ləhcələri lüğətinin hazırlanması üçün təşkilati işlərdə iştirak etdim. Bu məqsədlə "Azərbaycan türk ləhcələri kitabını tərtib etmək üçün təlimat və proqram" kitabçasını qələmə aldım".
Linqvist alim mədəni səviyyəsindən asılı olmayaraq istənilən xalqın dilinin öyrənilməsini onun məişəti, həyat tərzi, etimologiyası, şifahi ədəbiyyatı, nəhayət, digər etnoslarla əlaqələrindən kənarda təsəvvür etmirdi. Dilin ifadə imkanlarını, lüğət tərkibini, eləcə də özünəməxsusluq və incəliklərini araşdırmaq üçün xalqın arasında olmağa, bu dildə danışan insanlarla ünsiyyət qurmağa böyük əhəmiyyət verirdi. Bu mənada N.Aşmarini Azərbaycanda elmi dialektologiyanın pioneri saymaq üçün əlimizə əsas var. Akademik M.Şirəliyev (1909-1982) sələfinin bu sahədəki xidmətindən bəhs edərkən yazırdı: "1920-ci illərin ortalarında Nikolay Aşmarin Azərbaycan dialekt və şivələrinin lüğəti üçün material toplamaqdan ötrü proqram və təlimat hazırlamışdı. Bu istiqamətverici sənədlər əsasında 1930-cu ilə qədər təxminən 60 min söz və ifadə toplanmışdı. Mövcud materialdan istifadə yolu ilə "Azərbaycan-türk xalq şivələrinin lüğəti" hazırlanıb nəşr edilmişdi".
Əslində ilk addımı alim özü atmışdı. 1924-cü ilin yanvarında "Maarif və mədəniyyət" jurnalında qarşısına qoyduğu məqsədlə əlaqədar "Azərbaycan türk şivələrinin toplanmasına dair" adlı ümumi elmi-nəzəri səciyyəli məqalə dərc etdirmişdi. Həmin ilin yayında və növbəti ilin payızında ATTC-nın tapşırığı ilə şivə orijinallığı baxımından daha çox seçilən Şəkidə (Nuxa) dialektoloji ekspedisiyada olmuşdu. Üst-üstə ay yarım çəkən səfər zamanı Nuxa kişi müəllimlər seminariyasının, eləcə də ayrı-ayrı məktəblərin müəllim və şagirdlərinin köməyi ilə zəngin material toplamışdı. Anlaşılmaz görünən məqamları aydınlaşdırmaq üçün Şəki ziyalıları ilə ətraflı fikir mübadiləsi və dəqiqləşdirmələr aparmışdı. Onların arasında müəllifin böyük hörmətlə söz açdığı görkəmli maarif xadimi, yazıçı və etnoqraf, Nuxa kişi müəllimlər seminariyasının direktoru Rəşid bəy Əfəndiyev (1863-1942) də vardı. Yalnız təbiətinə, tarixinə deyil, insanlarına da heyran qaldığı Şəkidə müsafir alimə hörmətlə yanaşmış, qayğı və diqqətlə əhatə etmişdilər. Nuxa qəza partiya komitəsinin məsul katibi İ.Tağıyev, xalq maarifi şöbəsinin müdiri Ə.Mahmudov, yerli ziyalılardan Ə.Bayramov, A.İmamzadə, Ş.İmamzadə, C.Hacızadə, M.Xəlifəzadə işin təşkilinə və səmərəliliyinə yardım göstərmək üçün əllərindən gələni əsirgəməmişdilər. Nəticədə Aşmarin Azərbaycan dialektologiyasına dair ilk monoqrafik əsərini - "Nuxa şəhəri türk xalq şivələrinə ümumi bir nəzər" kitabını qısa müddətdə hazırlayıb başa çatdırmışdı.
Kitab üzərindəki iş prosesində həmkarları Əbdürrəhim bəy Haqverdiyev, Vəli Xuluflu, universitetin tələbələrindən İ.Həsənov, Ə.Babayev, A.Ələkbərov, Sürəyya Talıbxanbəyli (sonralar təhsilini İstanbul universitetində davam etdirmiş, Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" jurnalında Qarabağ dialektinə dair silsilə məqalələri çıxmışdı) müəllifin də etiraf etdiyi yaxın köməkçiləri olmuşdular. Əsər 1926-cı ildə ATTC xətti ilə çap olunmuşdu.
Kitab "Müqəddimə əvəzinə" adlı giriş sözü ilə açılır. Müəllif qarşısına qoyduğu başlıca vəzifədən söz açarkən haqlı olaraq göstərirdi ki, "...təsvir edilən şivələrin, eləcə də Azərbaycanımızın digər türk xalq şivələrinin necə səslənməsi indiyədək tədqiqatçıların diqqətini yetərincə çəkməyib".
Anlaşılmazlıq yaranmasın deyə alim "Şəki" və "Nuxa" toponimlərinə aydınlıq gətirməyi zəruri saymışdı. "Şəki" adı altında keçmişdə müstəqil xanlıq, sovet dövründə qəza, "Nuxa" adı altında isə bu inzibati ərazi vahidinin mərkəzinin nəzərdə tutulduğunu qeyd etmişdi. Verdiyi məlumatlardan Peterburq universitetinin tatar əsilli müəllimi, türkoloq Hüseyn Feyzxanovun (1828-1866) XIX əsrin ortalarında hazırlayaraq akademik B.A.Dornun (1805-1881) redaktəsi ilə çap etdirdiyi "Şəki xanlarının müxtəsər tarixi" (müəllifi şair və salnaməçi Kərim ağa Fateh idi - V.Q.) əsəri ilə tanış olduğu görünürdü. Əlverişli coğrafi mövqeyi, təbii gözəllikləri və səmərəli iqtisadi imkanlarına görə müəllif Nuxa-Şəkini "Şimali Qafqazın ən gözəl guşəsi" hesab etmişdi.
"Nuxa və Nuxa əyaləti haqqında qısa məlumat" adlanan növbəti fəsildə N.İ.Aşmarin "Böyük Qafqaz dağ silsiləsinin cənub ətəklərində, Kiş, Dəyirman və Gürcan çaylarının sahilində, dəniz səviyyəsindən 2454 fut yüksəklikdə yerləşən" bölgənin müxtəsər tarixi, inzibati, iqtisadi və etnik icmalını vermişdi. Əhalinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olduğunu vurğulayan müəllif Şəkini ticarət və sənaye baxımından Transqafqazın geniş iqtisadi imkanlara malik mühüm və zəngin şəhərlərindən biri kimi təqdim etmişdi. 1863-cü ildə Şəkidə olan və təəssüratlarını "Qafqaz" kitabında (Leypsiq, 1866) bölüşən alman səyyahı A.Petsolta əsaslanaraq hər ilin yay aylarında ipəkçiliklə məşğul olan çoxsaylı Avropa istehsal və ticarət firmaları agentlərinin bura axışdıqlarını xüsusi qeyd etmişdi. Yazdığına görə, xaricilər arasında saylarının çoxluğuna görə əsas yeri fransızlar (500-600 nəfər) və italyanlar tuturdu.
Kitabda Şəkinin müxtəlif məhəllərindən toplanmış zəngin dialektoloji material və onlara əsaslanan linqvistik nəticələr təqdim olunmuşdu. Bu nümunələr müəllifin az vaxtda Azərbaycan türkcəsinin incəliklərinə yiyələnməklə yanaşı, dilimizin dialektlərini müqayisəli şəkildə öyrənməyə təşəbbüs göstərdiyini də sübut edir. Çuvaş şifahi xalq ədəbiyyatına dair araşdırmaları ilə tanınan N.İ.Aşmarin Şəkidə dinlədiyi təkrarsız folklor nümunələrinə də laqeyd qala bilməmişdi. Kitabın sonunda yüz il əvvəl Şəki və çevrəsində yazıya alınan, bəziləri günümüzə fərqli şəkildə çatan, bəziləri isə unudulan atalar sözləri, zərb-məsəllər, tapmacalar, kiçik nağıllar verilmişdi. "Əlavələr" bölməsində toponomika məsələsinə diqqət çəkən müəllif Şəkinin məhəllə, yaylaq, bazar, çay, eləcə də şəhər mərkəzindən kənarda yerləşən kənd adlarınının siyahısını kitabına daxil etmişdi.
Azərbaycan türkcəsinə dair ilk dialektoloji araşdırmanı yüksək qiymətləndirən akademik V.A.Qordlevski yazırdı: "Aşmarin "Nuxa şəhəri türk xalq şivələrinə ümumi bir nəzər" əsərində linqvistik müşahidələrin dəqiqlik və təfərrüat zənginliyini nümayiş etdirib. Həsr olunduğu mövzu ilə bağlı ilk və nümunəvi monoqrafiya sayılan kitabda özündə müxtəlif etnoqrafik qruplaşmaların izlərini daşıyan şəhər məhəllələrinin şivələri fərqli cəhətləri ilə aşkara çıxarılıb".
Sonrakı illərdə də ölkəmizlə əlaqələrini üzməyən alim Bakıda axırıncı dəfə 1929-cu ildə, ATTC-nin dəvəti ilə olmuşdu. Cəmiyyət onu "Azərbaycanın türk xalq şivələrinin lüğəti" çoxcildliyinin planını hazırlamaq məqsədi ilə dəvət etmişdi. Əsərin növbəti il Bakıda çıxan I cildində də göstərildiyi kimi, Aşmarin "ideyanın ilk təşəbbüskarlarından və onu təcrübədə həyata keçirənlərdən biri idi".
Kollektivləşmə və sənayeləşmənin Volqaboyuna gətirdiyi fəlakətlər "zəmanə ilə ayaqlaşmağı" bacarmayan təvazökar alimdən də yan keçməmişdi. SSRİ EA-nın müxbir üzvü seçilsə də, əyalət şəhəri Kazanda qurumun verdiyi üstünlükdən yararlana bilməmişdi. 1933-cü ildə xəstəliklər və ağır maddi ehtiyac içərisində vəfat etmişdi. Bu dəqiq tarix çuvaş aliminin adını repressiyaya uğramış türkoloqlar sırasında çəkən Beybolot Aminovun tam haqlı olmadığını göstərir. Təbii ki, bir çox həmkarları kimi, Aşmarin də elmi yaradıcılığına münasibətdə laqeydlik, şübhə faktları ilə üzləşmişdi. Lakin həbsə atılmamış, məhkəmə önündə dayanmamışdı. Başqa sözlə desək, onun barəsində daha çox məcazi mənada repressiya qurbanı kimi danışmaq olar. Həyatının son aylarında həyat yoldaşı K.L.Aşmarina Çuvaş Elmi Tədqiqat İnstitutuna məktubunda rastlaşdıqları haqsız və laqeyd münasibətdən şikayətlənərək yazmışdı: "Yaşlı və böyük bir ailənin yükünü çəkən ərim çox ağır maddi durumdadır. Sizə lüğət hazırlayır, evdə isə yeməyə heç nə yoxdur. Ona ürək ağrısı çəkmədən baxmaq olmur. Kölgə kimi masa arxasında oturub fasiləsiz işləyir. Ailəmizi xilas etmək üçün satılması mümkün olan hər şeyi satmışam. İndi daha satmağa da heç nə qalmayıb. Ona görə də sizə müraciət edirəm".
Alimin oğlu V.N.Aşmarinin xatirələri bu kədərli mənzərəni daha da tündləşdirir: "Atam ölüm yatağına düşəndə anam qonşudan pul borc alıb məni Çeboksarıya, ona çatacaq qonorarı almağa göndərdi. Çünki İnstitut vəsaiti poçtla yollamaqla bağlı dönə-dönə təkrarlanan xahişimizə məhəl qoymurdu. Amma pul olmadığını deyib məni də növbəti dəfə əliboş yola saldılar..."
Türkologiya elmi, xüsusilə də çuvaş dili və mədəniyyəti qarşısında misilsiz xidmətlərinə baxmayaraq, N.İ.Aşmarin sağlığında layiq olduğu, haqq etdiyi qiyməti almadan dünyadan köçmüşdü. Dövrün sərt, amansız şərtləri baxımından yanaşanda isə əslində bu, necə deyərlər, "vaxtında" baş tutan ölüm idi. Çünki vəfatından az sonra həyatının başlıca əsəri, az qala bütün ömrünü verdiyi "Çuvaş dili sözlüyü" kəskin partiya tənqidinə məruz qalmışdı. Çuvaş ÜİK(b)P MK-nin birinci katibi, az sonra özü də repressiya qurbanları sırasında yer alan P.S.Petrov müəllifi "sözlük kimi təqdim olunan əsəri bol pornoqrafiya ünsürləri və əksinqilabi cəfəngiyyatla" doldurmaqda ittiham etmişdi. "Böyük terrorun" bütün ölkəni bürüdüyü bir vaxtda belə ittihamların nə ilə nəticələndiyini söyləməyə isə lüzum yoxdur...
Təkrarsız elmi-praktiki keyfiyyətlərə malik türkoloq kimi N.İ.Aşmarin həmkarları arasında böyük nüfuza malik idi. XX əsrin 20-30-cu illərində adı sovet türkologiya elminin görkəmli nümayəndələri ilə bir sırada dayanırdı. Çuvaş dili mütəxəssisi olaraq beynəlxalq arenada yaxşı tanınırdı. Altay dilçiliyinin banisi, görkəmli fin linqvisti Q.Y.Ramstdedtin yazdığı kimi, sadəcə "Aşmarin belə deyir" ifadəsi ən dolaşıq məsələyə də aydınlıq gətirmək üçün yetərli idi...
Sarayevo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Noyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















