Icma.az
close
up
RU
Bizim Perpetuum Mobile Vilayət Quliyev yazır

Bizim Perpetuum Mobile Vilayət Quliyev yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Vilayət QULİYEV

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə görkəmli dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Azərbaycan” kitabı Sarayevoda boşnak-serb-xorvat və ingilis dillərində nəşr olunub. Səfir, ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba həmkarının ömür yolu, ictimai-siyasi fəaliyyəti və elmi-ədəbi yaradıcılığının əsas istiqamətləri barəsində ön söz yazıb.

O sözü oxuculara təqdim edirik.

Müasir Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi alim, müstəqillik dövrünün ilk Baş naziri, keçmiş  xarici işlər naziri Həsən Əziz oğlu Həsənov (1940) maraqlı taleyi, zəngin ömür yolu olan insandır. O, qonşu Gürcüstanda, XIX əsrin 30-cu illərindən Azərbaycan ədəbi-mədəni fikrinin mühüm mərkəzi kimi tanınan Tiflisdə (Tbilisi) doğulub. Orta təhsilini burada rus dilində alıb. Qafqazın iki qədim və qonşu xalqı arasındakı əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə Tbilisinin Fəxri vətəndaşı adına layiq görülüb. 1958-ci ildən sonrakı həyatı ali təhsil almaq üçün gəldiyi Bakı ilə, Azərbaycanla bağlı olub.

Bəzən mənə elə gəlir ki, Həsən Həsənov öz uzun və hadisələrlə zəngin həyatında sanki bir neçə dəfə təzədən doğulub. Başqa sözlə desəm, hər dəfə əsaslı şəkildə dəyişib, yeni məzmun və formada meydana çıxıb. Məsələn, gənc yaşlarında texniki sahəyə üstünlük vermişdi. Bakı Politexnik İnstitutunu uğurla başa vurub inşaatçı mühəndis ixtisasına yiyələnmişdi. Hətta praktika ilə kifayətlənməyib elmi əsər-dissertasiya üzərində işləməyə başlamışdı.

Amma elə bu arada savadlı, enerjili, təşəbbüskar, üstəlik də, insanları arxasınca aparmağı bacaran, həqiqi təşkilatçılıq qabiliyyətinə malik gənc mütəxəssis partiya-dövlət orqanlarının diqqətini çəkmişdi. “Yuxarılar” fikir vermişdi ki, geniş bilik və məlumat ehtiyatına malikdir, ünsiyyət qurmağı bacarır, mexaniki icrası yox, yaradıcı təbiətə malikdir, yaxşı natiqdir. İctimai fəaliyyətə marağı böyükdür. Bir sözlə, hazır partiya işçisi, perspektivli rəhbər xadimdir.

Gənc yaşda irəli çəkilən Həsən Həsənov etimadı doğrultdu. Paytaxtın mərkəzi rayonunun, respublikanın iri şəhərlərinin partiya təşkilatına uğurla rəhbərlik etdi (Sosialist dövründə partiya bossunun necə imkan və səlahiyyətlərə malik olduğunu tək keçmiş Sovet İttifaqı deyil, keçmiş Yuqoslaviya sakinləri də yaxşı bilirlər). Nisbətən qısa müddət ərzində respublika Mərkəzi Komitəsinin katibi vəzifəsinə yüksəldi. Yalnız doğma Azərbaycanda deyil, keçmiş Sovet İttifaqı hüdudlarında hörmət və nüfuz qazandı. Yaradıcı ziyalılar arasında xüsusilə sayılıb-seçilirdi. Yeri gəlmişkən, yüksək partiya vəzifəsi tutmasına baxmayaraq, hələ sosialist quruluşunun, sovet cəmiyyətinin sarsılmaz göründüyü illərdə respublika mətbuatında maraqlı elmi-ədəbi debütü ilə diqqəti çəkdi. O illərin ənənəvi partiya işçisi üçün bu, həqiqətən də görünməmiş hadisə idi...

1992-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə xalqdan uzaq durmağa çalışan keçmiş rəhbər partiya işçilərinin çoxundan fərqli olaraq Həsən Həsənov yenə hadisələrin mərkəzində idi. O, müstəqil milli dövlətin ilk Baş naziri oldu. Bacarıqlı təşkilatçı və hazırlıqlı təsərrüfat işçisi kimi zəruri məqamda bilik və təcrübəsinə daha çox ehtiyac duyulan yeri tutdu. Amma müstəqilliyin ilk dövründə yalnız güclü iqtisadiyyata deyil, həm də fəal xarici siyasətə, geniş beynəlxalq əlaqələrə ehtiyac yarandığını yaxşı başa düşürdü. Xüsusilə vətəni Azərbaycan kimi xarici hərbi müdaxiləyə - erməni işğalına məruz qalan bir dövlətdə tarixi gerçəkliyə əsaslanan tanıtma və təbliğatın, yeri gələndə isə hücum diplomatiyasının nə qədər vacib olduğunun fərqində idi. Odur ki, artıq tamamilə yeni sahədə - diplomat kimi fəaliyyət göstərmək, xalqın və dövlətin maraqlarını beynəlxalq miqyasda qorumaq barəsində düşünürdü. Düzdür, həmin vaxta qədər bir gün də olsun, ölkə xaricində, səfirlik və nümayəndəliklərdə işləməmişdi, diplomatik xidmətin incəliklərinə bələd deyildi. Amma ürəyindəki inam, vətən sevgisi, prinsipiallıq və işgüzarlıqla bu əskiklikləri tam şəkildə kompensasiya edəcəyinə əmin idi.

Beləcə, Həsən Həsənov nizamlı həyatını, işini, dərindən bələd olduğu sahəni, həyat tərzini yenidən dəyişdi. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi vəzifəsini baş nazirliyə tərcih etdi. Hətta onu yaxından tanıyanların da təəccübünə rəğmən, yeni şəraitdə müstəqillik uğrunda mübarizənin beynəlxalq təsdiq mərkəzi olan Nyu-Yorka yollandı. Onun planetin ali diplomatik qərargahındakı yorulmaz və məqsədyönlü fəaliyyəti, ağıllı gedişləri, siyasi təcrübə və peşəkarlığı sayəsində Ermənistanın Azərbaycana haqsız ərazi iddiaları nəticəsində yaranmış Dağlı Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 mühüm qətnaməsi qəbul edildi. Uzun illər işğalçı dövlətlə siyasi danışıqlarda əsas istinad nöqtəsi olan bu sənədlər həlledici anda - ölkəmiz ərazi bütünlüyünü hərbi yolla təmin etməyə qərar verdiyi zaman əvəzsiz siyasi silaha, mühüm hüquqi alibiyə çevrildi.

Xarici işlər naziri (1993-1998-ci illər), Azərbaycanın Macarıstanda (2004-2010-cu illər), sonra isə Polşada (2010-2020-ci illər) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı dövrdə Həsən Həsənov ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, Avropanın aparıcı dövlətləri, habelə beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi üçün yorulmaq bilmədən çalışdı. Eyni işi xalqımızın tarix və mədəniyyətinin təbliği, görkəmli şəxsiyyətlərinin tanıdılması, etibarlı dostluq, əməkdaşlıq körpülərinin qurulması istiqamətində də gördü.

Yaşının ötkün çağına baxmayaraq, Həsən müəllim, necə deyərlər, indi də ön sıradadır. İctimai-siyasi fəaliyyətini, maarifçilik missiyasını davam etdirir. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında Azərbaycan təmsilçisi kimi daha məsul və gələcəyə istiqamətlənmiş  mühüm işlər görür.

1990-cı illərin sonunda Həsən Əziz oğlunun həyatında başqa bir qanunauyğun dəyişiklik baş verdi: o, bir tərəfdən partiya qadağaları, digər tərəfdən isə vaxt çatışmazlığı nəticəsində məcburən yarımçıq qoyduğu ədəbi-elmi fəaliyyətinə qayıtdı. Əslində bu həm də dövrün, zamanın çağırışına cavab idi. Gizli deyil ki, SSRİ-nin 70 illik mövcudluğu ərzində bir çox xalqların, ilk növbədə isə “müsəlman respublikaları” xalqlarının mənşəyi, tarixi keçmişi, dili, mədəniyyəti, mənəvi dəyərləri kommunist ideologiyasının tələblərinə uyğun şəkildə təftiş olunmuşdu. SSRİ-nin süqutundan sonra isə məlum mərkəzdən körüklənən bu proses silahlı qarşıdurmadan tutmuş bütöv etnik qrupların tarixini, hətta milli mövcudluq haqqını inkar etməyə qədər müxtəlif ədalətsiz formalar almışdı. Xalqın öz irsinə, milli varlığına sahib çıxmaq zərurətinin yarandığı belə şəraitdə Həsən Əziz oğlu ölkənin qədim və müasir tarixinin tədqiqatçısı kimi  fəaliyyətə başladı. Necə deyərlər, yenə də lazımi məqamda zərurət duyulan yerdə olmağı bacardı.

Vətənimizin, daha geniş anlamda isə türk etnosunun çoxəsrlik tarixi onun zəngin faktiki material və dəqiq elmi-metodoloji prinsiplər əsasında apardığı araşdırmaqlarda necə deyərlər, yenidən, daha böyük diqqətlə “oxundu”. Nəticədə bir sıra mühüm məsələlər ənənəvi tarixçiliyin qənaətlərindən fərqli şəkildə dəyərləndirildi. Tarixi əsaslılıq, məntiqi ardıcıllıq, antik müəlliflərin fakt və nəticələrinə istinad bu əsərlərin əsas səciyyəvi xüsusiyyətləri sayıla bilər. Hər şeyə elmi ad, dərəcə, diplom prizmasından yanaşan rəsmi elm nümayəndələrinin nəzərində “həvəskar” görünməmək üçün o, 65 yaşında tələblərin kifayət qədər ciddi olduğu Gürcüstanda tarixin fəlsəfəsinə həsr edilmiş doktorluq dissertasiyasının müdafiəsi kimi əziyyətli və məsuliyyətli bir işdən də çəkinmədi.

Həsən müəllimin tarixi tədqiqatları zaman çərçivəsi tanımır. O, eyni asanlıq və maraqla həm Azərbaycan tarixinin ən qədim dövrlərindən, həm də Cümhuriyyətin - Birinci Azərbaycan Respublikasının (1918-1920) yaranmasından yaza bilir. 20-ci əsr Azərbaycan dövlətçilik tarixinin iki görkəmli şəxsiyyəti - Nəriman Nərimanov (1870-1925) və Heydər Əliyevin (1923-2003) siyasi portretləri Həsən Əziz oğlunun qələmi ilə çəkilib. Milli dövlətçiliyimizin başqa bir görkəmli siması Əlimərdan bəy Topçubaşovun “Seçilmiş əsərlərinin” 4 cildliyi də onun gərgin zəhməti sayəsində işıq üzü görüb (Çox məmnunam ki, moskvalı tarixçi Salavat İshakovla birlikdə mən də bu mükəmməl nəşrin hazırlanmasında yaxından iştirak etmişəm).                                              

Həsən Həsənovun “Tarixin məqsədi”, Bakı, 2004), “Dünya tarixində sivilizasiyaların genezisi problemləri” (Tbilisi, 2005), Azərbaycan-macar vahid etnik kökləri” (Budapeşt, 2008, macar dilində), “Birinci Respublikaya doğru” (Bakı, 2010), “Qız qalası” (Bakı, 2014; əsər YUNESKO-nun sifarişi ilə ingilis dilində də nəşr olunub), “Makedoniyalı İsgəndər və Atropat” (Moskva, 2017), “Top gurultusu altında diplomatiya” (Bakı, 2020) və digər kitabları mütəxəssislər və sıravi oxucular arasında kifayət qədər populyardır. Özündə nadir xəritələri ehtiva edən, uzun illər dünya kitabxana və arxivlərində aparılmış axtarışlar nəticəsində meydana çıxan “Azərbaycanın tarixi-coğrafi atlası” və “Azərbaycanın tarixi-etnoqrafik atlası” kitabları isə artıq çap ərəfəsindədir (Hər iki əsər çapdan çıxıb və elmi ictimaiyyətə təqdim edilib - red.). Azərbaycan və rus dillərində yazan Həsən Həsənovun əsərləri indiyə qədər türk, ingilis, italyan, ispan, macar, polyak və digər dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrin nəşriyyatlarında çap olunub.

Bəs hansı səbəbdən biz Həsən Əziz oğlunun zəngin elmi irsindən (təxminən 20-yə yaxın kitab və onlarla məqalə) boşnak-serb-xorvat və ingilis dillərində nəşr etmək üçün müəllifin prinsipial səciyyəli iki mühüm müsahibəsini seçdik?                                                                                                                                                                                                                                              

Həsən Həsənovun Azərbaycan tarixinin qədim və ən qədim dövrləri ilə bağlı araşdırmaları onu belə nəticəyə gətirib çıxarmışdı ki, Azərbaycan dövlətçiliyinin təşəkkülü indiyə qədər bir çox tarixçi-alimlərin güman etdikləri kimi, bizim eradan əvvəl 321-ci ildən, Makedoniyalı İsgəndərin imperiyasının tərkibində Atropatenanın (Azərbaycanın qədim adı - V.Q.) yarandığı dövrdən başlanmır. Müəllif qədim Roma və Suriya mənbələri əsasında e.ə. 673-cü ildə oğuz-skiflərin Aşquz adlı dövlət yaratmaları, Assiriya imperiyasının süqutundan sonra isə Aşquzun dövlətinin zəminində Atropatena/Adorbayqanın təşəkkülü qənaətinə gəlmişdir. 27 illik mövcudluqdan sonra 585-ci ildə müstəqilliyini itirən Aşquz dövləti Midiyanın tərkibinə daxil olmuşdu. Makedoniyalı İsgəndərin ölümü və e.ə. 321-ci ildə qurduğu imperiyanın süqutundan sonra Atropatena/Adorbayqan faktiki olaraq dövlət müstəqilliyini bərpa eləmişdi. Eyni zamanda Həsən müəllim inandırıcı dəlillər əsasında indiki Azərbaycan ərazisində yaranmış qədim dövlətlərin adlarının bəzi mütəxəssislərin iddialarının əksinə olaraq fars yox, xalis türk etimologiyasına əsaslandığını sübuta yetirmişdir. Müəllifin Moskva və İstanbulda, rus və türk dillərində çap edilən “Makedoniyalı İsgəndər və Atropatena” kitabı yalnız maraq deyil, həm də polemika doğurmuşdu. Ona görə də Həsən müəllim müəyyən məsələlərə aydınlıq gətirmək üçün belə bir formaya - canlı söhbət və müsahibə janrına ehtiyac görmüşdü. İndiki halda bu söhbət və müsahibələr həm də uğurlu reklam rolunu oynayır və tariximizin ən qədim dövrlərini öyrənmək istəyən oxucu kütləsini mövzu ilə daha dərindən maraqlanmağa sövq edir.

Güman edirəm ki, tarix elmləri doktoru Həsən Həsənovun şəxsiyyətinin, yaradıcılıq və fəaliyyətinin ensiklopedik xarakteri ilə ümumi şəkildə tanışlıq imkanı yaradan bu qeydləri ötəri şəkildə də olsa gözdən keçirənlər müxtəsər giriş sözünü nə üçün “Bizim Perpetuum Mobile...” adlandırmağımın fərqinə varacaqlar

P.S. Aşağıdakı sətirlər kitaba yazdığım ön sözə daxil deyil. Onları sadəcə indi, yazının qəzet variantına əlavə etməyə zərurət duydum.

2012-ci ildə ölkəmizin Polşadakı səfiri Həsən müəllimlə birlikdə Torun şəhərində idik. Tarixə Nikolay Kopernikin vətəni kimi daxil olan bu qədim şəhər YUNESKO-nun Ümumdünya İrs siyahısında da yer alıb. Yerli “Adam Marşalek” nəşriyyatında kitabım çap olunmuşdu. Həsən müəllimin isə həmin nəşriyyat xətti ilə keçirilən beynəlxalq “Polşa-Şərq” konfransında məruzəsi vardı. Nəşriyyat fürsətdən yararlanıb bizimlə görüş və kitabın təqdimat mərasimini keçirdi, ikimizə də nə isə bir xatirə medalı verdilər. Əslində diribaş polyaklar özlərinin reklamı ilə məşğul idilər. İki keçmiş nazir, iki səfir, az-çox tanınan iki elm adamı ilə görüş və ünsiyyət təbii ki, bizdən çox onların işinə yarayırdı. Könüllərini qırmayıb gün ərzində elmi-mədəni xarakterli bir neçə proqrama qatılmalı olduq.

Axşamüstü Vistula çayının sahilindəki şəhər parkında gəzişib söhbət edirdik. Əslində “söhbət edirdik” ifadəsi burada bir qədər şərti anlamda başa düşülməlidir. Çünki Həsən müəllim olan yerdə həmsöhbət tərəf daha çox dinləyici funksiyası daşıyır. Amma bir məsələ var ki, bundan yorulmursan. Çoxlu yeni, maraqlı şeylər öyrənirsən. Bəzi gizli mətləblərə agah olursan, mürəkkəb insan talelərindən xəbər tutursan, ucundan-qulağından eşitdiyin hadisələrin, proseslərin pərdə arxasına baş vurursan. Yaxşı yadımdadır ki, həmin axşam elmdən, kitablardan, alimlərdən danışdığımız üçün mən də arada bəzi məsələlərlə bağlı fikirlərimi deyə bilirdim.

Gəzişdiyimiz alleyanın sonuna çatanda Həsən müəllim birdən ayaq saxladı. Üzünü mənə tərəf çevirib ciddi səslə:

- Bax, - dedi, - bu gün də bu haqda neçə dəfə fikirləşmişəm. Sən hansı yüksək vəzifə tutsan da, camaatın nəzərində daha çox alim, elm adamı kimi tanınırsan. Amma mən nə qədər çox kitab, məqalə yazsam da, sıravi insanların gözünə daha çox vəzifəli şəxs, dövlət adamı kimi  görünürəm.

Həmin anda mənə elə gəldi ki, vaxtı ilə keçmiş SSRİ-nin ali kabinetlərində Azərbaycanın mövqeyini cəsarətlə müdafiə edən, müstəqilliyin ilk illərində dövlət iyerarxiyasında ikinci pilləyə  yüksələn, Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı kimi tarixə düşən Həsən Həsənov ilk baxışdan bir az qəribə görünsə də, elm xadimi, alim kimi tanınmağı yüksək vəzifələrdən daha üstün tutur...  Yəqin oğlu Zauru mənsəb, yaxud biznes adamı deyil, ciddi alim kimi görmək istəyi də buradan irəli gəlmişdi. Həsən müəllim bir dəfə danışmışdı ki, komsomol-partiya işi sahəsində ilk addımlarını atdığı dövrdə uğurlarına sevinəcəyini düşündüyü atası Əziz kişi ciddi bir tərzdə ona “Sən belə şeylərə çox  baş qoşma. Yaxşısı budur ki, get, elmlə məşğul ol”, - deyibmiş. Yəni bu ailədə əvvəl başdan bir elm kultu mövcud imiş...                                           

Torun şəhərindəki söhbətimiz zamanı yuxarıdakı müxtəsər giriş sözündə adlarını çəkdiyim bir xeyli sanballı elmi əsərin müəllifi kimi kifayət qədər geniş dairələrdə yaxşı  tanınan Həsən müəllimə təsəlli vermək, onu alim, həm də heç kəsin ayaq basmadığı yolla gedən alim olduğuna inandırmaq cəhdim gülməli görünərdi. Ona görə də həmkarımın əsassız narahatlığını yalnız gülümsəməklə cavab verdim.

Xalqa, camaata gəldikdə isə...                                                                                     

Budapeştdəki səfirliyimizdə Hikmət adlı bir nəfər işləyirdi. Diplomat deyildi. Mühasib Gülnarə xanımın həyat yoldaşı idi. Həsən müəllim onu yarım ştat sürücü vəzifəsinə götürmüşdü. Təbii ki, Macarıstana səfir təyin olunandan sonra mən də bu təyinatla bağlı bir dəyişiklik etmədim. Əksinə, imkan yarananda maaşını da bir az artırdım. Hikmət sadə, səmimi, ürəyitəmiz adam idi. Amma rəyinin soruşulmadığı halda sözə qarışmağı, mövqe bildirməyi, məsləhət verməyi xoşlayırdı. Deməli, bir dəfə Budapeştdən əyalət şəhərlərindən birinə gedirdik.   Vaxtı boş yerə itirməmək üçün noutbuku çıxarıb yeni bitirdiyim məqaləni redaktə etməyə başladım. 

Hikmət güzgüdə ara-sıra baxırdı. Axırda özünü saxlaya bilməyib dilləndi:

- Vilayət müəllim, maşallah, görürəm siz də yazı-pozuya çox  həvəsliniz. Amma xətrinizə dəyməsin. Həsən müəllimə çata bilməzsiniz. Vallah, nə vaxt otağına girsən görürdün ki, sifətini az qala kompüterə yapışdırıb dayanmadan yazır. Baxanda deyirdin ki, kişi bu dəqiqə kompüterin içinə girəcək...

Bunu elə-belə, könül xoşluğu üçün yazdım. Amma əslinə baxanda xalqın bir fərdi olan Hikmətin də rəyi ümumun səsi, sözü kimi qəbul edilə bilər...                                                                                                                           

Hikmət son illər yeni fikirlərini mənimlə bölüşmədiyi üçün Həsən müəllimin iş üsulunda hansısa bir dəyişiklik olub-olmadığını deməyə çətinlik çəkirəm. Amma yəqin ki, olmayıb. Çünki aradan keçən illər ərzində ortaya qoyulan çoxsaylı, biri-birindən sanballı elmi tədqiqatlar onun əvvəlki qaydada, yorulmadan axtarıb-aradığının, yazıb-yaratdığının bariz təsdiqidir. İndi əsərlərinin nəşr coğrafiyası dünyanın müxtəlif ölkələri və dilləri baxımından da xeyli zənginləşib.

Bu gün Həsən Həsənov Azərbaycan humanitar elminə cəsarətli və ciddi töhfələr verən görkəmli alim, fəal ictimai xadimdir. Milli təəssüb, həqiqi vətəndaşlıq mövqeyindən çıxış edərək laqeydlik və sükut buzunu sındırmağa, üz tutduğu mövzularla bağlı daşlaşmış təsəvvürləri, bütləşmiş ehkamları dağıtmağa çalışır. Ortaya mühüm elmi müzakirələrə meydan açan mövqe və ideyalar qoyur.

Başqa sözlə desəm, milli qayəli, sağlam düşüncəli insanların nəzərində o, yalnız sadəcə dövlət adamı, ictimai-siyasi xadim,  diplomat deyil, həm də ali həqiqətlərə yol axtaran əsl alimdir! Üstəlik də, bir çox kabinet və tribuna aşiqlərindən fərqli olaraq elmi yaradıcılığının əsasında praktiki fəaliyyəti, inamı, əqidəsi, cəmiyyətin gözü önündəki mübarizəsi dayanan gerçək elm xadimidir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see171

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see126

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see119

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see119

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see116

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see115

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri