Icma.az
close
up
RU
Taleyin dəyişdiyi ünvan Vilayət Quliyev yazır

Taleyin dəyişdiyi ünvan Vilayət Quliyev yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vilayət QULİYEV

Şotland missionerlərinin təşviqi ilə xristianlığın presvetrian məzhəbini qəbul edən və rəsmi sənədlərdə artıq Aleksandr Mirzə Kazımbəy kimi tanınan gələcəyin görkəmli şərqşünas alimi Mirzə Məhəmməd  Əli Hacı Qasım oğlu Kazımbəy (1802-1870) Qafqaz administrasiyasından missiyanı tərk edib Həştərxandan ayrılmaq göstərişi alandan sonra diplomat olmaq, Rusiya Xarici İşlər Nazirliyində çalışmaq istədiyini bildirsə də, buna əhəmiyyət verilməmişdi. 1825-ci il avqustun 25-də Omsk Asiya məktəbinə Şərq dilləri müəllimi vəzifəsinə təyin  edilmişdi. İllik maaşı 800 manat olacaqdı. Çar I Aleksandr lütfkarlıq göstərib xidmət yerinə getməsi üçün ona geri qaytarmamaq şərti ilə 1000 manat yol xərci də ayırmışdı. Bir sözlə, dərbəndli gənci ömrünün dörd ilini keçirdiyi Həştərxanla həmişəlik ayrılıq gözləyirdi.

Şəhəri hansı hisslərlə tərk edirdi? Nəticəsi Olqa İlyina ailə söhbətlərinə əsasən ulu babasının düşüncələrini belə təsvir etmişdi: "Rəsmilər mənə inanmırdılar. İslam dinindən xristianlığa keçmişdim. Tez-tez şotland missionerlərinin yanında olurdum. Kim bilir, bəlkə də artıq ingilis casusu sayılırdım? Mən isə bu müddət ərzində elə alovlu rus vətənpərvərinə çevrilmişdim ki, yalnız yad ölkələrdən gələnlərdə belə dəyişiklik baş verə bilər. Yəqin ki, bu çox gülməli idi..."

Gələcək dumanlı, mübhəm görünürdü. Amma başqa çıxış yolu da yox idi...

lll

Sibir Qafqaz insanının təsəvvüründə həmişə sürgün yeri, məhrumiyyət bölgəsi olub. Rusiyanın Qafqazda möhkəmlənməsindən sonra minlərlə  Qafqaz sakini həbs, yaxud katorqa cəzasına məhkum edilərək "əbədi buzlaqlar ölkəsinə" göndərilmişdi. Məsələnin psixoloji tərəfi Mirzə Kazımbəyə də aydın idi. Xidmət yeri kimi məhz Sibirin seçilməsinin  mənasını yaxşı başa düşürdü.

E.P.Rosta məktubunda Omska göndərilməsinin arxasındakı gizli məqsədi izah edərək yazırdı: "Baş verənlər adamlarda elə təəssürat yaratmalı idi ki, həmvətənlərimə həqiqətən də Sibirə sürgün edilməyimlə bağlı təsəlli (yəni "islama arxa çevirdi, biz də onu  Sibirə göndərdik" - V.Q.) verə bilsinlər".

Çarizm idarəçilərinin Mirzə Kazımbəyin dinini dəyişməsində bir rolu olmasa da, izzəti-nəfsi təhqir edilmiş müsəlmanları bu yolla sakitləşdirmək istəyirdilər.

1940-cı ildə Bakıda çap olunmuş "Professor Mirzə Kazımbəy" kitabçasının müəllifi Yaqub Əliyev konkret mənbəyə əsaslanmadan qəhrəmanının Omsk Asiya məktəbinə müəllim təyin olunmasını sözün müstəqim mənasında sürgün kimi qələmə vermişdi. Razılaşmaq olar ki, hökumət üçün müəyyən problemlər yaratmış azərbaycanlı gəncin Həştərxandan uzaqlaşdırılması, Qafqazın inzibati mərkəzi Tiflisdə, paytaxt Peterburqda, yaxud Mərkəzi Rusiyada yaşayıb-işləməsinə icazə verilməməsi müəyyən mənada sürgün kimi mənalandırıla bilərdi.  Lakin bu, Y.Əliyevin yazdığı kimi rəsmi yox, məcazi yaxud simvolik  sürgün idi.

Omska göndərilən Mirzə Kazımbəy həmin məktəbdə işləmişdimi? Səyahətin son məntəqəsinə - Qərbi Sibirə gedib çatmışdımı? Müxtəlif araşdırmalarda bu suala fərqli cavablar verilir. Yaqub Əliyev onun yolda xəstələndiyini və nəticədə "sürgün yerinə" gedə bilmədiyini iddia edir. Akademik Heydər Hüseynov da eyni versiyaya tərəfdar çıxaraq yazır: "Yermolovun arzusu yerinə yetirildi. Mirzə Kazımbəyi Sibirə sürgün etmək qərarına gəldilər. Lakin o, yolda ağır xəstələndi və bir müddət Kazanda qalmalı oldu". Dağıstanlı tədqiqatçı Məhəmməd Abdullayev isə başqa fikirdədir: "Mirzə Kazımbəyin həm xarici, həm də rus  bioqrafları yazırlar ki, guya o, Həştərxandan Sibirə gedərkən ağır xəstələndiyi üçün Kazan şəhərində dayanmalı olmuşdu. Sənədlər isə göstərir ki, Mirzə Kazımbəy 1826-cı ildə bir neçə ay ərzində Omsk Asiya məktəbində işləyib. Onun Kazana necə, hansı səbəbdən gəlib çıxması barəsində isə heç bir məlumat yoxdur".

Y.Əliyev və H.Hüseynovun fikri ilə razılaşmayan Ağababa Rzayev  qismən M.Abdullayevin mövqeyini bölüşərək yazır ki, Omsk Asiya məktəbinə müəllimi təyin edilən Mirzə Kazımbəy 1826-cı il oktyabrın 31-nə kimi burada çalışmışdı. Kazanda isə xəstəliyə görə yox, yerli universitetin şərqşünas alimləri ilə tanışlıq məqsədi ilə bir müddət ləngimişdi.

Ədalət naminə deyək ki, gizli müşavir, ordinar professor Mirzə Kazım bəyin Peterburq universitetinin arxivində saxlanan  formulyar siyahısında da onun 1825-ci ildən Omsk Asiya məktəbində çalışdığı və yalnız növbəti 1826-cı il oktyabr ayının 31-də Kazan universitetinin əməkdaşları sırasına qəbul edildiyi göstərilir.

Bu fikirlərin hansı həqiqətə daha çox uyğundur?

Vaxtı ilə Alma-Ata, Kazan və Leninqrad arxivlərindəki axtarışlarımız Mirzə Kazımbəyin bioqrafiyasının dolaşıq məqamına aydınlıq gətirməyə imkan verdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, şərqşünas alim bir gün də olsun Omsk Asiya məktəbində işləməmişdi. Ümumiyyətlə, Omska getməmişdi. Həştərxandan Sibirə yollanarkən Kazan onun səfər marşrutunda sonuncu dayanacaq olmuşdu.

Bunu Qərbi Sibir Baş idarəsi tərəfindən Omsk vilayət rəisinə göndərilmiş 15 avqust 1826-cı il tarixli məktub aydın göstərir. Sənəddə bildirilir ki, xarici işlər nazirliyinin Asiya departamentinin əməkdaşı A.Mirzə Kazımbəy Kazana çatandan sonra yerli universitetdə işə qəbul olunmaq barədə təhsil dairəsinin popeçiteli L.M.Maqnitskiyə müraciət edib. Popeçitel məsələyə aydınlıq gətirmək məqsədi ilə Qərbi Sibir general-qubernatorunu bu barədə  məlumatlandırıb. Qubernator isə Omskda Şərq dilləri mütəxəssislərinə böyük ehtiyac olduğunu əsas gətirərək ilkin qərarın dəyişdirilməsinə etirazını bildirib. Mirzə Kazımbəyin heç bir ləngiməyə yol vermədən dərhal  təyinat yerinə yola düşməsini tələb edib.

Gələcək məmurunun özbaşınalığı əmrlərinin sözsüz yerinə yetirilməsinə öyrənmiş qubernatoru haldan çıxarmışdı. O, universitet şurasına məktubunda təkidlə xatırladırdı ki, əgər həmin gənc hələ də Kazandadırsa, qoy əlahəzrət imperatorun əmrinə əsasən xidmət yerinə gəlmək üçün geri qaytarmamaq şərti ilə 1000 manat yol pulu aldığını yadına salsınlar. Üstəlik bildirsinlər ki, uğurlu gələcəyini hamının can atdığı universitet şəhəri Kazanda deyil, uzaq əyalətdə daha tez təmin edə, istedad və bacarığı ilə burada daha tez parlaya bilər. Ondan sonra  bütün yollar üzünə açılar və istəyinə daha asanlıqla qovuşmaq imkanı qazanar. 

Mirzə Kazımbəy dərhal qubernatora yazılı məlumat göndərmişdi. Rəhbərliyə ehtiram və əmrə itaət ruhunda qələmə alınmış məktubda bildirilirdi ki, gələcək rəislərinin əmrinə əməl edərək artıq yola hazırlaşır. Xəstəliyi ucbatından Kazanda keçirdiyi günlər isə "əslində ümumi işin xeyrinə olub. Çünki bu müddət ərzində bütün vaxt və enerjisini hələlik zəif  bildiyi rus dilini öyrənməyə sərf edib".

Lakin Mirzə Kazımbəy zahirən itaətkarlıq göstərsə də, Omska getməyə qətiyyən tələsmirdi. Həştərxandan sonra Kazan ona həqiqi elm və mədəniyyət mərkəzi kimi ciddi təsir bağışlamışdı. Kazan universiteti ilə tanış olandan, yerli ziyalılarla müəyyən ünsiyyət yaradandan sonra Şərq dilləri sahəsindəki biliyinin praktikada tətbiqi baxımından burada daha geniş imkanlar açıldığına inanmış,  taleyini universitetlə bağlamaq qərarına gəlmişdi.

1826-cı il aprelin 2-də o, xarici işlər nazirliyi sistemindən xalq maarifi nazirliyinin sərəncamına keçirilərək  Kazan universitetində Şərq dilləri mühazirəçisi təyin olunması barəsində maarif və dini işlər naziri knyaz Qolitsına müraciət ünvanlamışdı. Ay yarım sonra universitet şurasına təqdim etdiyi 18 may 1826-cı il tarixli ərizədə isə "xarici kollegiyanın tərcüməçisi A.Mirzə Kazımbəy" Omska getməməsinin səbəblərinə aydınlıq gətirərək yazırdı: "Universitet şurası mənə bildirib ki, Qərbi Sibir general-qubernatoru cənab Kuntseviçin əmri ilə dərhal Omska yola düşməliyəm. Xəstələndiyimi və sağalana qədər Kazanda ləngiyəcəyimi artıq qubernator cənablarına xəbər vermişəm. Bu barədə müvafiq arayış da təqdim olunub. Lakin məcburən Kazanda qaldığım vaxtı səmərəli keçirmək arzusu bəndəni universitet şurasını acizanə bir xahişlə narahat eləməyə cəsarətləndirir: təvəqqem budur ki, məni imtahan edib Şərq dilləri sahəsində biliyimi təsdiqləyən şəhadətnamə versinlər. Əgər Şərq dillərinə bələdliyi bəndəyə hər hansı  elmi dərəcə almaq imkanı yaradırsa, o zaman universitet qulluqçuları sırasına keçməyi daha üstün tutar və özümü çox xoşbəxt sayardım. Əslində niyyətim müvafiq şərait olduğu təqdirdə, məhz universitetdə işləməkdir Bu barədə artıq Kazan təhsil dairəsinin əlahəzrət popeçitelinin razılığını eşitmək şərəfinə də nail olmuşam".

Mirzə Kazımbəyin dil bilgisini yoxlamaq məqsədi ilə universitetdəki yeganə Şərq dilləri və ədəbiyyatı professoru, alman əsilli şərqşünas Frans Erdmana (1793-1862) göstəriş verildi. F.Erdman elmi şuraya 23 iyun 1826-cı il tarixli raportunda özünü pedaqoji işə həsr etmək istəyən gəncin müvafiq sahənin inkişafına fayda gətirəcəyi, Şərq dilləri məşğələlərini uğurla apara biləcəyi fikri ilə razılaşmışdı. Bu rəy öz növbəsində universitet şurasına məsələyə pozitiv yanaşaraq Mirzə Kazımbəyi Şərq dilləri mühazirəçisi vəzifəsinə təyin etməyə əsas vermişdi.

Rəhbərliyin razılığı alınandan sonra xalq maarif naziri xarici işlər nazirliyinə 26 iyul və 12 avqust 1826-cı il tarixli məktublarında təkidli şəkildə Mirzə Kazımbəyin həmin qurumda tutduğu vəzifədən azad olunub maarif nazirliyinin sərəncamına göndərilməsini xahiş etmişdi. Çarizmin bürokratik aparatına xas uzun-uzadı yazışmalardan sonra, nəhayət, nazirliklər arasında anlaşma əldə edilmiş və 1826-cı il oktyabr ayının 31-də Mirzə Kazımbəyin yerli universitetdə Şərq dilləri mühazirəçisi (lektor) kimi çalışmasına razılıq verilmişdi. O, birinci və ikinci kurslarda həftədə üç dəfə fars-ərəb dili dərslərini aparmalı idi.

Sənədlərdən göründüyü kimi, 1826-ci ilin yanvar ayında Kazana gələn Mirzə Kazımbəy universitetdə pedaqoji fəaliyyətə başlayana   qədər şəhərdən heç yerə getməmişdi. On ay burada qalıb həyatını tam fərqli istiqamətə dəyişən məsələlərin həllinə çalışmışdı. Yəni bəzi iddialara rəğmən, heç vaxt Omskda olmamış, Asiya məktəbində işləməmişdi. Kazana isə birbaşa Həştərxandan gəlmişdi.

Bəs elə isə müxtəlif illərdə tərtib edilən formulyar siyahılarda və digər sənədlərdə onun Omskda olması ilə bağlı təkidli şəkildə təkrarlanan qeyd haradan meydana çıxmışdı? Məsələ buradadır ki, əmək haqqı almasa da, universitetdə fəaliyyətə başladığı günə kimi Mirzə Kazımbəy rəsmən, yəni kağız üzərində xarici kollegiyanın tərcüməçisi və Omsk Asiya məktəbinin müəllimi sayılmışdı. Aradan xeyli müddət keçəndən sonra, yalnız 1866-cı ildə elmi-pedaqoji fəaliyyətinin 40 illiyinin qeyd edildiyi günlərdə onun Omskda işləməli olduğu bir ildən artıq müddət (17 sentyabr 1825-31 oktyabr 1826) fasiləsiz əmək stajına daxil edilmişdi. Yəni rəsmi şəkildə alim həmin dövrdə Omskda xidməti vəzifəsini yerinə yetirmiş hesab olunmuşdu. Çox güman ki, məsələnin formal tərəfi prosesin pərdə arxasından xəbərsiz olan tədqiqatçılar arasında fikir ayrılığına gətirib çıxarmışdı.

Xəstəliyə gəldikdə isə əvvəla bu tamamilə istisna sayıla bilməz. Özünün də qeyd etdiyi kimi, hətta müvafiq arayışı da var idi. Digər tərəfdən zəruri bəhanə kimi əl atıldığını da düşünmək mümkündür. Rusiyanın Asiya hissəsində ciddi elmi mərkəzə çevrilən Kazanda qalmaq, uzaq Omska getməmək şüurlu seçim idi və bu seçimə qanuni don geyindirmək lazım gəlmişdi.

Mirzə Kazımbəyin işlərinin uğurlu alınmasında Kazanda tanış olduğu elm və maarif xadimlərinin xeyirxah münasibəti mühüm rol oynamışdı. Burada da xoşbəxt təsadüf onun köməyinə gəlmişdi. İş elə gətirmişdi ki, Həştərxandan Kazana gedərkən o, universitet cameəsini yaxşı tanıyan bir nəfərlə eyni karetaya düşmüşdü. Söhbət əsnasında səfər yoldaşının ağıllı, bilikli şəxs olduğunu görən müsahibi ona şəhərdəki bəzi tanışlarına, eləcə də yerli  universitetin rektoru K.F.Fuksa təqdim etmək üçün zəmanət məktubları vermişdi. Fukslar ailəsi ilə tanışlıq azərbaycanlı gəncin həyatını, gələcəklə bağlı planlarını kökündən dəyişdirmişdi.

XIX əsr rus universitetlərinin bir sıra digər professorları kimi Karl Fyodroviç Fuks (Karl Friedrich Fuchs, 1776-1846) da Almaniyadan dəvət edilmişdi. Fəaliyyət sahəsi kifayət qədər geniş idi. Vətənində Gettingen universitetində tibb təhsili almışdı. Amma tədricən bilik və tədqiqat dairəsini genişləndirərək botanik, tarixçi, etnoqraf, arxeoloq və numizimat kimi də şöhrət qazanmışdı. 1800-ci ildən Rusiyada yaşayırdı. Kazan universiteti təsis ediləndə (1804) təbiət tarixi və botanika professoru təyin olunmuşdu. 1820-ci ildə təbabət bölməsinin dekanı, 1823-cü ildə isə rektor seçilmiş və bu vəzifədə 1827-ci ilə qədər qalmışdı. Onun rektorluğu dövründə universitetin əsas korpusu inşa edilmişdi. Kazan yaxınlığındakı Kaban gölü sahilində indi də mövcud olan botanika bağı salınmışdı. 

Yerli əhali arasında "təbib Fuks" kimi tanınan Karl Fyodroviç tatarların elə etibarını qazanmışdı ki, islamın sərt qadağalarına rəğmən, xəstə qadın və qızları da onun yanına gətirirdilər. Fuks Kazanın qeyri-rus əhalisinə böyük rəğbətlə yanaşırdı. Tatar, çuvaş Mordva və b. Volqaboyu xalqların əsl müdafiəcisi kimi çıxış edirdi. Çuvaş tarixini orijinal mənbələr əsasında tədqiq etmək məqsədi ilə çuvaş dilini öyrənmişdi. Bölgə sakinlərinin tarix və mədəniyyətinə dair əsərləri onun bilik dairəsinin genişliyi ilə bir sırada yerli əhaliyə rəğbətinin də ifadəsi idi. 

K.Fuks vəfat edəndə alimi son mənzilə yola salmağa gələn minlərlə şəhər sakini arasında tək pravoslav və katolik xristianlar deyil, müsəlman tatarlar da az deyildi. "Kazanskiye qubernskiye vedomosti" qəzeti fərqli din və məzhəblərə mənsub insanların nümayiş etdirdiyi bu həmrəyliyi mərhumun işıqlı şəxsiyyətinə, səmimiyyətinə və insanpərvərliyinə ehtiram nümunəsi kimi qiymətləndirmişdi. Yad şəhərdə kimsəsiz bir gəncə sahib çıxan, onun universitet mənsubları sırasına cəlb edilməsinə bacardığı qədər yardım göstərən rektor Fuks belə insan idi...

Bu işdə rektorla yanaşı, xanımının - Kazan ədəbi-mədəni mühitinin seçkin siması kimi tanınan Aleksandra Andreyevna Fuksun (1788-1853) da xidməti vardı. A.Fuks şəhərin mədəni mərkəzlərindən sayılan məşhur salonun sahibəsi idi. Şeir yazır, yerli xalqlarının tarix və etnoqrafiyasına aid materiallar toplayırdı. "Kazanın bina edilməsi", "Knyaginya Həbibə", "Zülimə, yaxud Puqaçov Kazanda" kimi roman və povestləri tatar xalqının yaxın tarixi keçmişinə həsr olunmuşdu.

A.Fuksun şeirləri Kazana səyahət zamanı salonun qonağı olan Puşkinin diqqətini çəkmişdi. İlk kitabı haqda Belinskinin iştirakı ilə çıxan "Molva" qəzetində resenziya dərc edilmişdi. Bəzi əsərləri "Sovremennik" jurnalının səhifələrinə yol tapmışdı. Yerli poeziya həvəskarları ilə bir sırada D.P.Oznobişin, N.M.Yazıkov, Y.A.Boratınski kimi tanınmış müəlliflər kazanlı şairəyə şeirlər həsr etmişdilər. Mirzə Kazımbəy Kazana gələndə şəhərin N.S.Artsıbaşev, E.P.Pertsov, F.M.Rındinovski, Q.N.Qorodçaninov, L.M.İbrahimov, N.İ.Lobaçevski, İ.M.Simonov,  İ.A.Vtorov və b. ədəbiyyat həvəskarları salonun daimi qonaqları idilər. Fuksların evində qəbul edilən gənc Mirzə Kazımbəy tezliklə tanınmış şəxslərin sırasında yer tutmuş, ədəbi məclisə özü ilə  Şərq ab-havası, Qafqaz ruhu gətirmişdi.

Yeni yerdə münasib mühitə düşməsi intellektual və mədəni inkişafına, habelə faydalı əlaqələr yaratmasına təsirsiz qalmamışdı. Əvvəl Dərbənddə ənənəvi müsəlman təhsili alan, ardınca Həştərxanda xristian mübəlliğləri tərəfindən tam əks istiqamətə yönəldilən gənc indi həvəs və səylə dünyəvi bilikləri mənimsəyir, disput və polemikalarda, sərbəst fikir mübadilələrində iştirak edirdi. Təbii ki, çox şeyi yenidən öyrənmək lazım idi. Sonralar özü də etiraf edərək yazırdı ki, "cəmiyyətə və onun tələblərinə bələd deyildim. Yeganə təsəlli məşğələlərim idi. Amma tezliklə gənclik enerjisi köməyimə gəldi. Rus dilini öyrəndim, tanışlıq əlaqələrim genişləndi. Cəmiyyət həyatı mənə daha güclü təsir göstərməyə başladı. Bir müddət sonra özüm də hiss etmədən dəyişməyə başladım. Kazan sakinlərinin səmimi münasibəti, qeyri-adi qonaqpərvərliyi məni də eyni keyfiyyətlərə yiyələnməyə vadar etdi. Bir sözlə, bura gəldiyim vaxtdan fərqli bir adam oldum".

Həştərxanda daha çox ingilis və fransız dilləri ilə maraqlanmışdı. Ruscanın mahir bilicilərinin toplandığı Fuksların salonunda isə  bu dili intensiv şəkildə öyrənməyə başladı. Qızı Sofiyadan başqa digər övladlarını kiçik yaşda itirən salon sahibəsi özündən 14 yaş kiçik qafqazlı gəncə həqiqi ana məhəbbəti ilə yanaşırdı.

Gənc, yaraşıqlı Mirzə Kazımbəy  tezliklə yüksək cəmiyyətin diqqətini çəkə bilmişdi. Tələbəsi İ.N.Berezinin yazdığına görə,  universitetə cəlb edilməsi məhz Aleksandra Andreyevnanın nüfuzu və əlaqələri sayəsində mümkün olmuşdu. Onun təkidi ilə rektor əri Kazan təhsil dairəsi qarşısında bu barədə məsələ qaldırmışdı. Müəyyən mənada Mirzə Kazımbəyin bəxti gətirmişdi - lazımi məqamda lazımi yerdə olmağı bacarmışdı. Çünki Kazan universiteti fəaliyyətinin başlanğıcından Şərq tədqiqləri sahəsində ciddi elmi mərkəzə çevrilmək iddiasında idi.

Gənc Mirzə Kazımbəyin Kazan mühitinə necə sürətlə uyğunlaşdığını, tezliklə aparıcı simalardan birinə çevrildiyini müşahidə edən müasirlərindən biri sonralar yazmışdı: "Kazandan danışarkən onun əsas "şirlərindən" birinin adını çəkməmək düzgün çıxmazdı. Mirzə Kazımbəy elə diqqətəlayiq şəxsiyyətdir ki, çox mühüm yer tutduğu cəmiyyətin təsviri onu xatırlatmadan natamam olardı. Oxucu, fikirlərini eyni asanlıqla türk, tatar, ərəb, fars, ingilis, rus dillərində ifadə edən Mirzəni göz önündə canlandırın. Üstəlik, fransız və alman dillərində də bir az danışa bilir. Eyni zamanda Kazımbəyi uca boyu, nəcib qaməti, zərif üz cizgiləri, qalın və qara saqqalı, alov saçan qara gözləri (peterburqlu bir xanımın etirafına görə onun gözlərinə baxmaq və baxışlarının maqnetizminə düşməmək çox çətindir) fərqləndirir. Salon danışıqları və xanımlarla söhbətdə çox hazırcavab və cəlbedici idi. Ballarda ən yaxşı rəqs edənlərdən sayılırdı. Nəhayət. diqqətəlayiq şəxsiyyətinin təsirini onu xüsusi nəzərə çarpdıran nəcib və səxavətli xarakteri ilə izah etmək mümkündür".

Salona toplaşanlar Mirzə Kazımbəyin Şərq mədəniyyəti və islam dini barədə söhbətlərinə aludəçiliklə qulaq asırdılar. Kazanın "yüksək cəmiyyəti" yalnız az məlumatlı adamlara deyil, intellektualların çoxuna da hələ nağıllar diyarı, "min bir gecə ölkəsi" kimi görünən tarixi regionla maraqlanırdı. Lakin maraq hələlik diletant söhbətlərdən irəli getmirdi. Digər tərəfdən isə əslində özlərinin də Şərqdə, Şərq mədəniyyətinin daşıyıcıları arasında yaşadıqlarının fərqində deyildilər. Tatar dilinin, həyat və məişətinin, düşüncə tərzi, əxlaq və mənəviyyatının islam-türk sivilizasiyasının ayrılmaz tərkib hissəsi olduğunu ağıllarına da gətirmirdilər.

Azərbaycanlı gəncin Kazana ayaq basdığı 1825-ci ildə Kazan universiteti 20 illik yubileyini yenicə qeyd etmişdi. Universitet çar I Aleksandrın fərmanı ilə 1804-cü il noyabrın 5(17)-də təsis olunmuşdu. Nizamnaməyə əsasən dörd şöbədə (siyasi və əxlaqi elmlər, fizika və riyaziyyat, həkimlik işi və təbabət, Şərq dilləri kafedrası da daxil olmaqla ədəbiyyat) 28 professor, 12 adyunkt (təxminən baş müəllim vəzifəsinə uyğun ştat vahidi), 3 mühazirəçi və "gözəl sənətləri tədris edən" 3 müəllimin çalışması nəzərdə tutulmuşdu.

 Maraqlıdır ki, ilkin mərhələdə Kazan gimnaziyası universitet yanında deyil, əksinə, universitet gimnaziya yanında fəaliyyət göstərirdi. Nəticədə, nə qədər qəribə olsa da, 1804-1815-ci illərdə ali tədris müəssisəsi yerli gimnaziyanın bir şöbəsinə çevrilmişdi. Direktor İ.F.Yakovkin on il ərzində  nizamnamənin nəzərdə tutduğu müddəaların çoxunun tətbiqinə  imkan verməmişdi. 1819-cu ildə çarın əmri ilə universiteti təftiş etməyə göndərilən Simbirsk qubernatoru L.M Maqnitski (1778-1844) burada heç kimin gözləmədiyi vəziyyətlə qarşılamışdı. Dini fənlərin tədrisi bərbad vəziyyətdə idi. Digər tərəfdən, 1812-ci il Vətən müharibəsindən sonra cəmiyyətdə  güclənən sərbəstlik əhval-ruhiyyəsi Kazandan da yan keçməmişdi. Düşüncə azadlığı tələbə mühitinə sirayət etmişdi. Siyasi baxışları etibarı ilə qaragüruhçu kimi tanınan Maqnitski gördüklərindən elə heyrətlənmişdi ki, I Aleksandra hesabatında ali məktəbi "zəif fəlsəfi örtüyünü ataraq əzəmətlə yüksələn xəncərə" bənzətmişdi. "Azadlıqsevərlər yuvasını" dağıtmaq üçün universiteti bağlamağı, binasını isə xalqın iştirakı ilə "bünövrəsinə qədər uçurmağı" təklif etmişdi. Çar hesabatın üzərində "Uçurmaq nə üçün, islah etmək olar" yazmış və bu iş üçün Maqnitskini Kazan təhsil dairəsinin popeçiteli təyin etmişdi./

Onun popeçitel olduğu 1819-1826-cı illər Kazan universitetinin tarixində ən ağır dövr idi. L.M.Maqnitski butün fənlərin tədrisi ilə bağlı müfəssəl təlimat hazırlatdırmışdı. Təlimata görə istər təbiət, istərsə də ictimai elmləri öyrədən professorlar xristian  ehkamlarına əsaslanmalı, İncilin müddəalarından çıxış etməli idilər. Təhsil hamisinin təşəbbüsü ilə universitet binasının mərkəzi fasadı üzərində nəhəng xaç ucaldılmış,  kilsənin fəaliyyəti gücləndirilmişdi.

Həmin dövrdə Kazanda təhsil alan tələbələrdən biri yazırdı ki, "Maqnitskinin vaxtında canlı nə varsa, hamısı məzara gömülmüşdü. Həqiqi elmin isə yalnız cahillik və ikiüzlülüklə səciyyələnən kölgəsi qalmışdı". Puşkinin epiqramlarından birində "maarif düşməni" adlandırdığı xalq maarifi naziri knyaz A.Qolitsınla əl-ələ verən popeçitel artıq elmi simasını formalaşdırmaqda olan universiteti bir dini mərkəzə, monastıra çevirmək istəyirdi. Belə şəraitdə 1823-cü ildə professor K.F.Fuksun rektor təyin edilməsi ciddi dəyişikliyə gətirib çıxarmadı və çıxara bilməzdi.

Mirzə Kazımbəy universitetdə fəaliyyətə başlayanda vəziyyət belə idi. Lakin bu uzun müddət davam etmədi. 1827-ci ildə "islahatçı" Maqnitski təhsil dairəsində dözülməz vəziyyət yaratdığına, habelə külli miqdarda yeyintilərə yol verdiyinə görə vəzifədən azad olundu. Bütün əmlakı müsadirə edildi, özü isə sürgünə göndərildi/ Yerini qusar polkovniki N.M.Musin-Puşkin (1795-1862) tutdu.

Təhsil dairəsinə yeni popeçitel təyinatı universitet həyatına təsirsiz qalmadı. Tarixçi N.P.Zaqoskinin "Kazan universitetinin qurucusu" adlandırdığı görkəmli rus riyaziyyatçısı N.İ.Lobaçevski (1792-1856) 1827-ci ilin mayında rektor seçildi. İyirmi ilə yaxın (1827-1846) müddət ərzində Rusiyanın Moskva universitetindən  sonra ikinci ali məktəbinə rəhbərlik edən Lobaçevski I Nikolay irticası şəraitində universiteti həqiqi elm və bilik məbədinə çevirməyi bacardı.

Tədrisin elmi-metodiki prinsiplərlə aparılması, maarifçilik və vətənpərvərlik ənənələrinin dirçəldilməsi, kadr potensialının  qüvvətləndirilməsi də Lobaçevskinin adı və fəaliyyəti ilə bağlı idi. 1828-ci il iyulun 5-də universitetin təntənəli yığınçağında söylədiyi nitqdə rektor bildirmişdi ki, "bu binaya ayaq basan gənclik  hər hansı fikirdən məhrum bir cümlə də eşitməyəcək, müəyyən məna yükü və əhəmiyyəti olmayan bir söz də dinləməyəcək. Burada bekarçılıq nəticəsində uydurulan nağıllar deyil, həqiqi mənada mövcud fənlər öyrəniləcək. Dillərin, tarixi biliklərin köməyi ilə dəqiq elmlər və təbiət elmləri tədris olunaçaq..."

Şübhəsiz, universitet mənsubları ilə birlikdə gənc Şərq dilləri mühazirəçisi Mirzə Kazımbəy də rektorun nitqinə qulaq asmışdı və fikirlərə tərəfdar çıxmışdı. Bir müddət sonra isə Şərq dilləri tədrisinin yenidən qurulmasında Lobaçevskinin yaxın məsləhətçisinə çevrilmişdi. Tədricən aralarında maraq yaxınlığı zəminimdə dostluq yaranmışdı. Rektor qeyri-Evklid həndəsəsinin banisi kimi tanınsa  da ədəbiyyata, humanitar elmlərə yad deyildi. Hətta universitetə rəhbərliyi dövründə ara-sıra şeirləri də çap olunurdu..Rusiya mühiti üçün yeniliyi və orijinallığı baxımından Şərqin elmi şəkildə öyrənilməsi də onu az maraqlandırmırdı.

Şərq klassiklərinin əsərləri ilə daha yaxından tanış olmaq istəyirdi. Mirzə Kazımbəy onunla yalnız iş yoldaşı, həmkar və həmfikir deyil, həm də səmimi ailəvi dost idi. Rektorun mənzilində tez-tez görünən qonaqlardan biri də azərbaycanlı şərqşünas idi. "Görkəmli adamların həyatı" seriyasından "Lobaçevski" kitabının müəllifi M.Kolesnikov təsdiq edir ki, "türk-tatar dili kafedrasının professoru Mirzə Kazımbəy Nikolay İvanoviçin ən yaxın dostlarından biri idi".

Digər sovet tədqiqatçısı-arxivşünas L.B.Modzalevski də Mirzə Kazımbəyi və ailəsini Lobaçevskinnn Kazandakı azsaylı dostlarından adlandırır. Şübhəsiz, sonralar dünya şöhrəti qazanan Kazan şərqşünaslıq məktəbinin yaradılmasında Mirzə Kazımbəy və digər həmkarları ilə bir sırada bu humanitar elm sahəsindən uzaq olmasına baxmayaraq, həqiqi alim və elm təşkilatçısı kimi N.İ.Lobaçevskinin də müəyyən  rolu və xidmətləri yox deyildi.

Sarayevo         

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see281

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see271

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see242

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see239

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see228

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see162

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see156

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see148

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see146

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see145

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see134

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see133

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see131

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see131

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see129

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see125

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see124

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see121

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see121

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri