Həyatımın radiolu illəri Vilayət Quliyev yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Vilayət QULİYEV
Azərbaycan Radiosunun 100 yaşı bu payız tamam olurmuş. On illər boyu qulağımızın öyrəndiyi "Danışır Bakı" müraciət-xəbərdarlığı ölkə efirində ilk dəfə 1926-cı ilin noyabrında səslənibmiş...
Əslində isə əlamətdar tarixin bir qədər fərqli şəkildə həmin vaxtdan düz 7 il əvvəl - 1919-cu ildə başlanması da mümkün idi. Buna təşəbbüs də göstərilmişdi.
İctimai-siyasi həyatımızın əksər sahələri kimi, Azərbaycan Radiosu ilə bağlı ilkin təşəbbüsün izləri də birinci müstəqilliyə - Cümhuriyyət dövrünə gedib çıxır.
Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşov Fransanın xarici işlər naziri Stefan Pişona 26 noyabr 1919-cu ildə tarixli məktubunda hələlik daha çox praktiki baxımdan ehtiyac duyulan Azərbaycan Radiosunun yaradılması işinə Parisin dəstəyini xahiş edərək yazırdı:
"Hörmətli cənab nazir,
Xeyirxahlığınıza güvənib cənab hərbi nazirə Azərbaycan Respublikası hökumətinin aşağıdakı istəyini çatdırmaq lütfkarlığı göstərməyinizi xahiş edirəm: hökumətim inşası bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan, Bakıdan 300 verstlik məsafədə, Yelizavetpol (Gəncə - V.Q.) şəhərində yerləşən radio-teleqraf stansiyasının sınaqdan keçirilməsi işində xeyirxah yardımınıza arxalanır. Düşünüruk ki, həmin stansiya Eyfel qülləsi ilə rabitəyə girə bilər. Ona görə də Azərbaycan hökuməti cənab hərbi nazirdən bu məqsədlə müvafiq sınaqların aparılmasına imkan yaratmağı xahiş edir. Hökumətimiz göndərilmə vaxtı və dəqiq mətni Eyfel qülləsi rəhbərliyinə əvvəlcədən xəbər verilmək şərti ilə Parisdəki nümayəndə heyətinə radioteleqram yollamaq və ondan cavab almaq niyyətindədir. Hesab edirik ki, bu şəkildə əlaqə qurulması hər iki ölkənin xeyrinədir. Ona görə də, cənab nazir, ümidvaram ki, xahişimin möhtərəm hərbi nazirə çatdırılması lütfkarlığından imtina olunmayacaq. Əvvəlcədən təşəkkürümü bildirir və bir daha Sizə bəslədiyim yüksək ehtirama tam əmin olmağınızı xahiş edirəm".
Nə inşası 1919-cu ilin sonunda başa çatdırılacaq Gəncə radio-teleqraf stansiyasından, nə də Fransa Respublikasının hərbi nazirliyinə ünvanlanan məktubun aqibətindən bir xəbər var. Amma Cümhuriyyət hökumətinin həmin dövrdə ən çağdaş informasiya texnologiyası sayılan radionu mümkün qədər tezliklə Azərbaycana gətirmək niyyəti göz qabağındadır.
Tarixə bu kiçik ekskursdan sonra bizim günlərə, daha doğrusu, həyatımın keçən əsrin 60-cı illərindən başlayan və sonu şəksiz "happy end" - xoşbəxt sonluqla bitən radiolu illərinə qayıtmaq istərdim.
lll
İbtidai sinif şagirdi olduğum 1960-cı illərin əvvəlində radio Azərbaycan kəndində (yəqin ki, televiziyanın evlərə təzə-təzə ayaq açdığı şəhərdə də!) xarici dünya, ölkənin daxili həyatı, baş verən dəyişiklik və proseslər, daha geniş anlamda tarix, ədəbiyyat və mədəniyyətlə, ümumən həyatla canlı ünsiyyət baxımından yeganə vasitə idi. Dumanlı şəkildə də olsa, uşaqlıq illərimin keçdiyi Jdanov (indiki Beyləqan) rayonunun I Şahsevən kəndində camaatın Birlik adlandırdığı kənd meydanında uca bir dirəyin üzərində quraşdırılan, rusların "qromkoqovoritel" dediyi radio qurğusu yadıma gəlir. Adamların axşam çağı, işdən sonra Birliyə toplaşmasının başlıca səbəblərindən biri də radioya qulaq asıb son yeniliklərdən xəbər tutmaq, yaxud musiqi dinləmək idi...
Sonra evlərə radio çəkildi. Səsi nadir hallarda alınan, bütün günü işləyən ağ rəngli kiçik aparat həyatımıza ayrı rəng qatdı. Biri-birindən maraqlı verilişlərə, yazıçılarımızın roman və povestlərinin səhnələşdirilmiş variantlarına, son xəbərlərə, musiqi təranələrinə yorulmadan qulaq asırdıq. Bəzən maraqlı radio verilişləri zamanı səs-küy salanda anamın işlətdiyi məşhur "İmkan verin, qulağımız Quran səsi eşitsin!" - ifadəsi heç yadımdan çıxmır. İndini deyə bilmərəm, amma o vaxtlar kənd camaatı tez yatırdı. Bəzən axşam saat 9-dan, 10-dan sonra evdəkiləri narahat etməmək üçün qulağımı səsini aldığım qəbulediciyə dayayıb "Gecəniz xeyrə qalsın!" istəyi ilə bitən sonuncu verilişə qədər radio dinlədiyim vaxtlar az olmayıb. Azərbaycan Radiosunun əfsanəvi diktoru Aydın Qaradağlı o vaxtlar sadə kənd adamları arasında günümüzün ən məşhur futbolçularından da çox tanınırdı.
Yerli radio qovşağına rəhbərlik edən, həm də rayon miqyasında nüfuzlu futbol mütəxəssisi, məşqçi və idman hakimi kimi tanınan həmkəndlimiz Sabirin hərdən Bakı verilişlərinin arasına girərək kənd, yaxud rayon miqyaslı elanlar oxuması, yaxud vacib xəbərlər çatdırması bizə möcüzə təsiri bağışlayırdı. Bir sözlə, indi inanılmaz görünsə də, o vaxtlar radio məktəbli uşaqlardan tutmuş yaşlı nənə-babalara qədər hər kəsin gündəlik həyatının ayrılmaz tərkib hissəsi, hətta deyərdim ki, müdrik və bilikli həyat müəllimi idi. Bu mənada uzun onilliklər boyu radio hər yerdə olduğu kimi, ölkəmizdə də indiki sosial şəbəkələrin işini təkbaşına görürdü. Həm də insanlıq və mədəniyyətin yüksək tələblərinə cavab verən maarifçilik yolu ilə, əxlaq və mənəviyyat prinsiplərini hər şeydən uca tutan bir şəkildə!
6-7 yaşından dinləyicisi olduğum Azərbaycan Radiosu ilə yaxın tanışlıq və əməkdaşlığım 1970-ci illərin sonuna təsadüf edir. 1978-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuşdum. 5 il tələbə kimi yaşadığım Bakıya yeni statusda - aspirant kimi və təbii ki, daha böyük iddialarla qayıtmışdım. Ədəbi aləmi fəth etmək, tənqidçi və ədəbiyyatşünas (şairlik istəyindən, böyük Nizami demişkən, "şeirdən ucalıq ummaq" xülyasından hələ universitet təhsilinin ilk ilində əl çəkmişdim!) kimi tanınmaq istəyirdim. Təbii ki, bunun üçün mətbuata, nəşriyyatlara yol tapmaq, çap olunmaq, efirdən eşidilmək, TV ekranlarında görünmək, yazıçı-şair sexinin, oxucu kütləsinin diqqəti çəkmək lazım idi. Xoşbəxtlikdən, hər yaradıcı şəxs üçün keçilməsi çətin və mürəkkəb yolda ən böyük yardımçım Azərbaycan Radiosu oldu.
Radio və Televiziya Verilişləri komitəsinin əməkdaşı Qalib Hidayətov da uzaq 1978-ci ildə mənimlə birlikdə imtahan verib qiyabi aspiranturaya qəbul olunmuşdu. Əlavə iş axtardığımı eşidib məni radioya apardı. "Xəbərlər" baş redaksiyasının müdiri, qiyabi tanıdığım məşhur idman şərhçisi Valid Sənaniyə təqdim etdi. Tezliklə radioya xəbərlər yazmağa başladım. Asan iş deyildi. Gərək daim axtaraydın, harada nə baş verdiyini öyrənəydin. Üstəlik də, gözdə-qulaqda olaydın, digər xəbər "ovçuları" qabağa düşməmiş özünü redaksiyaya çatdıraydın. Düzdür, qazanc elə də böyük deyildi. Amma canlı, maraqlı iş idi. Adam bəzən özünü az qala dövrün Martin İdeni hesab edirdi. "Xəbərlər" redaksiyasına gəlib-getdiyim vaxtlarda Hidayət Səfərov (şair İslan Səfərlinin qardaşı), Yasin Qaraməmmədli, Akif Cabbarov və b. təcrübəli jurnalistlərlə tanış olub dostlaşdım. Onlardan xoş münasibət, sadəlik, səmimilik, ziyalılıq və insanlıq gördüm. Radionun necə canlı, dinamik, hərəkətli bir orqanizm, əsl məlumat konveyeri olduğuna şəxsi təcrübəmdə inandım.
Necə baş verdiyini hiss etmədən tədricən başqa redaksiyalara da yol tapdım. Və günün birində gözümü açıb özümü radionun ədəbi-dram verilişləri redaksiyasının əməkdaş statuslu kənar müəllifi kimi gördüm. Baş redaktor Mailə Muradxanlı istedadlı jurnalist, tələbkar və qayğıkeş rəhbər, xoşrəftar, səmimi və üzügülər xanım idi. Redaksiyanın əməkdaşları sırasında hər birini indi də xoş hisslərlə andığım şair İbrahim Göyçaylı, bir az iddialı və özündən razı yazıçı İntiqam Mehdizadə, yaşca hamıdan böyük Rauf İsmayılov, ətrafa xoş aura saçan Şəfəq Əlixanova, radioya kinostudiyadan gələn aktyor və yazıçı Akif Məhərrəmov, humanitar fakültələrin məzunları Tofiq Xəlil, Ələddin Əsədov, soyadını unutduğum Əzizə xanım, Gülbəniz xanım və b. vardı. Kənar müəlliflər də az deyildi. Amma nədənsə kollektiv məni daha çox "özününkü" sayırdı...
1970-80-ci illərin Azərbaycan Radiosu onlarla başqa gənc həmkarım kimi, mənim üçün də əsl həyat universiteti, yaradıcılıq məktəbi oldu. Mübaliğəsiz deyə bilərəm ki, həqiqi yazı mədəniyyətinə, məsuliyyət hissinə, intizamlı və operativ iş qabiliyyətinə burada yiyələndim. Özünü tərif kimi çıxmasın, hərdən dostlar, yaxud oxucular yazı dilimin, bədii üslubumun sadəliyini, səmimiliyini, ifadəliliyini qeyd edirlər. Düşünürəm ki, bu keyfiyyətlər heç şübhəsiz, ədəbi-elmi fikrə radioda bəlli məktəb keçəndən, təcrübə qazanandan sonra gəlməyimin nəticəsidir.
Radio həm də maraq və mütaliə dairəmin xeyli genişlənməsinə səbəb oldu. Adlı-sanlı yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri ilə görüşüb ünsiyyət saxlamaq, onların şəxsiyyətinin və yaradıcılıq dünyasının sirlərinə baş vurmaq imkanı yaratdı. Bu mənada "Yazıçılarımızın iş otağından" silsiləsindən hazırladığım verilişlər böyük ədəbiyyata gəlmək istəyən yaradıcı gənc kimi xüsusi ilə əhəmiyyətli və faydalı idi. Ədəbi-dram verilişləri redaksiyasının sifarişi ilə Rəsul Rza, Rüstəm İbrahimbəyov, İlyas Əfəndiyev, Hüseyn Abbaszadə, Bayram Bayramov, Fərman Kərimzadə və b. görkəmli şair və yazıçılar haqqında yazdığım radio-oçerklər heç şübhəsiz, bir oxucu, gələcəyin tənqidçi və ədəbiyyatşünası kimi özümü də daxilən zənginləşdirmiş, inamımı artırmışdı. Görkəmli qrafika ustası Maral Rəhmanzadə, məşhur xalçaçı-rəssam Lətif Kərimov, SSRİ Xalq rəssamı Mikayıl Abdullayev, ilk qadın kino-rejissorumuz Qəmər Salamzadə və b. haqda hazırladığım verilişlər korifeyləri şəxsən tanımaq, ünsiyyət qurmaq, üstəlik də, bilik və zövqümü inkişaf etdirmək fürsəti yaratmışdı. Rus və sovet yazıçıları, dünya ədəbiyyatının klassikləri haqda hazırladığım silsilə ədəbi portretlər təkcə yaxşı qonorar almağa imkan yaratmırdı, həm də mədəni səviyyəmi, analitik təfəkkür və intellekt dairəmi genişləndirir, söhbət və davranış mədəniyyəti formalaşdırırdı.
İndi çox təəssüflənirəm ki, əksəriyyəti əllə, bir nüsxədə yazılan həmin materialları qoruyub saxlamamışam. İnanıram ki, onları yenidən, bu günün meyar və tələbləri ilə oxuya bilsəydim, yəqin ki, keçmişə görə çox da utanmalı olmazdım.
Radioya tez-tez yolu düşən və təəssüf ki, indi heç biri həyatda olmayan Yaşar Nuri, Səməndər Rzayev, Rasim Balayev, Şahmar Ələkbərov və b. tanınmış teatr və kino xadimləri ilə demək olar ki, dostluq əlaqələrim yaranmışdı. Bu məsələdə redaksiyanın özü də vaxtı ilə kinoda bir neçə rolda çəkilmiş əməkdaşı Akif Məhərrəmovun da mühüm rolu vardı. Yaşımız, düşüncə tərzimiz, sənət zövqlərimiz yaxın olduğundan söhbətimiz tuturdu. Ara-sıra bir yerdə nahar, yaxud şam edir, ədəbiyyatdan, kino və teatrdan danışır, fikirlərimizi bölüşür, bəzən mübahisə edirdik. Xüsusən Yaşar Nurinin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir dəfə o zamanın populyar restoranlarından sayılan "Qaya"da oturmuşduq. Məşhur filmdə deyildiyi kimi, masanın üstündə barmaq basmağa yer yox idi. Nədən söz düşmüşdüsə, türklər demiş, çox cana yaxın insan olan, məclislərimizə xüsusi yaraşıq verən pəhləvan cüssəli Səməndər Rzayev durduğu yerdə "sirrini" açdı. Süfrəyə nəzər salıb ciddi bir tərzdə "Ayə, bilmək istəsəniz, mən yeməkdən doymuram, yoruluram" - dedi. Tezliklə bu "kəlam" özünəməxsus parola çevrildi. Bir yerə gedəndə "Yeməyə gedirik, yoxsa doymağa" - deyə zarafatlaşırdıq.
Radio ilə əməkdaşlıq illərinin həmişə təbəssümlə, hətta keçmişin gözəl günləri üçün nostalgiya hissi ilə xatırladığım məqamları çoxdur. Deməli, bir dəfə radionun geniş dinləyici auditoriyasına malik musiqili-əyləncəli "Sabahınız xeyir" verilişinə kəndlərin birindən kollektiv şikayət məktubu gəlmişdi. Məktub müəllifləri yolların bərbadlığından, körpünün uçmasından, kənd klubunun qapısına vurulan qıfılın aylarla açılmamasından və s. şikayətlənirdilər. Mailə xanım əməkçilərinn müraciəti ilə bağlı "Sabahınız xeyir"in ruhuna uyğun yumorlu-tənqidi süjet hazırlamağı mənə tapşırdı. Çox düşünəndən sonra məktubdakı məsələləri Aşıq Təhsinlə Aşıq Möhsün adlı iki kənd yanşağının deyişməsi şəklində, şeir dili ilə qələmə aldım. Yaşar Nuri Aşıq Təhsini sadəcə səsin köməyi ilə gözlə görünə biləcək ustalıqla canlandırdı. Süjet populyarlıq qazandı. Hətta kəndin yerləşdiyi rayonun rəhbərliyi də reaksiya verdi. Ani şöhrətdən təzəcə xumarlanmağa başlamışdım ki, Mailə xanım kefimi pozdu. Məni koridorda görüb yanına gəlməyi tapşırdı. Həmişəki xoş təbəssümü ilə, amma bu dəfə bir qədər ciddi şəkildə:
- Dünən Qurban müəllim (Radio və Televiziya Verilişləri Komitəsinin o zamankı sədri Qurban Yusifzadə -V.Q) çağırmışdı, - dedi. - Universitetin professoru Təhsin Mütəllibov sənin süjetlinlə bağlı şikayətə gəlibmiş. Deyirmiş ki, bunu yazan kimdirsə, mənə sataşır. Bilərəkdən məni lağlağı hədəfinə çevirir. Deyib respublikada məndən başqa Təhsin adında adam yoxdur. Sədr tapşırdı ki, müəllif kimdirsə, çağırıb danışım, radio verilişindən qərəzli məqsədləri üçün istifadə edib hörmətli adamların əsəbləri ilə oynamağa imkan verməyim.
Təhsin müəllim universitetdə mənə dərs demişdi. Böyük hörmətim vardı. Aspiranturaya qəbul olduğumu eşidəndə təbrik eləmişdi. "Qəhrəmanlarıma" ad fikirləşəndə qətiyyən onu nəzərdə tutmamışdım. Sadəcə, ilk ağlıma gələn Möhsün adına uyğunluğuna görə seçmişdim. Eyni məntiqlə radioya ayaq açmağımda xeyirxah rolu olan Valid Sənani (böyük sənətkarımız Möhsün Sənaninin oğlu) də deyə bilərdi ki, "Niyə atamın adını çəkirsən?" Yəni kiminsə ad məsələsinə belə həssas yanaşacağını düşünməmişdim. Amma bu həm də radioya böyük diqqətin, ictimai tribuna kimi ona yüksək dəyər verilməsinin təzahürü idi...
İstəmədən keçmiş müəlliminin ürəyinə toxunduğum üçün çox pis oldum. Universitetə gedib Təhsin müəllimlə görüşdüm. Süjeti özümün hazırladığımı, heç bir pis niyyətimin olmadığını dedim, üzrxahlıq etdim. Əvvəl bir az soyuq davrandı, əsəbi şəkildə "Başına ad qəhət idi? Niyə məni dilə-dişə salırsan? Bilmirsən bu filfakda adamı hoydu-hoyduya götürməyə, şəbədə qoşmağa fürsət axtarırlar?" - dedi. Sonda yumşaldı. "Yaxşı, bir halda ki, müəllif sənsən, inanıram ki, pis niyyətin olmayıb" - deyib heç bir incikliyinin qalmadığını, Qurban müəllimə də şikayət yox, sadəcə giley-güzar etdiyini bildirdi.
Nə isə, türklər demiş, bu "bəlanı" belə atlatdıq.
Yeri gəlmişkən deyim ki, Q.Yusifzadənin sədr olduğu dövrdə AzTV Mirzə Cəlilin məşhur "Usta Zeynal" hekayəsi əsasında mini-tamaşa hazırlamışdı. Məlum olduğu kimi, hekayədə Usta Zeynalın söyüb yamanladığı şəyirdinin adı Qurbandır. Televiziya əməkdaşları bəlkə heç sədrə də xəbər vermədən Mirzə Cəlilə "düzəliş" eləmiş, problemli Qurban adını başqa, daha neytral adla dəyişmişdilər.
İkinci problem redaksiyanın daxilində baş vermişdi. Rəhmətlik İntiqam Mehdizadənin "XX əsr. İncəsənət" verilişinə məşhur italyan aktrisası, baş rolda çəkildiyi "Roma - açıq şəhər" (1945) filmi ilə məni heyran qoyan Anna Manyani haqda süjet hazırlamışdım. Məlumatları Moskvada çap olunan illik "Mastera zarubejnoqo kino" ("Xarici kino ustaları") məcmuəsinin 1970-ci il buraxılışından götürmüşdüm. Kitabdakı oçerk sənətkarın yeni rolla bağlı təklif alması haqda məlumatla bitirdi. Mən də təqvimdə artıq 1980-ci il olduğunu, on il ərzində çox şeyin dəyişə biləcəyini nəzərə almadan (Vikipediya da yox idi ki, dərhal baxasan!) süjeti pafoslu "O, indi yeni rollar üzərində işləyir" - cümləsi ilə tamamlamışdım.
Material redaksiya müdiri Rauf müəllimin çox xoşuna gəldi. Adəti üzrə işçilərə "Mirzə" - deyə müraciət etdiyindən mənə də "Mirzə, afərin! - dedi. - Biləsən ki, söz sərrafıyam. Hər şeyi bəyənmirəm. Amma bu, əsl sənət yazısıdır".
Sonra musiqi tərtibatçısı Mehriban Bəşirzadəni çağırıb süjetə uyğun musiqi fonu seçməyi tapşırdı. Mən də kefi kök halda sağollaşıb çıxdım.
Ertəsi gün radioya gəlməli idim. Amma yaxın dostluq elədiyim Tofiq Xəlil zəng vurub: "Rauf müəllim sənin əlindən zəncir çeynəyir. Bir-iki gün buralarda gözə dəymə. Səbəbini görüşəndə danışaram", - dedi.
Məlum oldu ki, mən gedəndən sonra redaksiyada əməlli-başlı tufan qopub. Mədəniyyət yeniliklərini ardıcıl izləyən, ümumiyyətlə çox mütaliəli qadın olan musiqişünas Mehriban xanım əlində mənim yazım içəri girərək "Qde avtor? Sluşayte, kakoy yeni rol? Ona je davno umerla!" - deyib. (Sən demə, zavallı Anna xanım "indi yeni rollar üzərində çalışır" yazmağımdan 7 il əvvəl, 1973-cü ildə haqqın rəhmətinə qovuşubmuş!). Bir az əvvəl hamının yanında məni tərifləyən, özünü də mahir sənət bilicisi kimi qələmə verən Rauf müəllim əməlli-başlı pərt olub. Tələb eləyib ki, hazır süjet ümumiyyətlə verilişdən çıxarılsın. Bu dəfə Mehriban xanım etirazını bildirib. "Yaxşı materialdır, - deyib. - Oçen xoroşo napisano. Axırıncı cümləni pozarıq, qalan hər şey qaydasındadır".
Bir neçə gün sonra redaksiyaya gələndə Rauf müəllim məni görən kimi üzünü nümayişkaranə şəkildə yana çevirdi. Salamımı almadı. İşçilər hamısı bir otaqda oturduğundan diskomfort vəziyyət yaranmışdı. "XX əsr. İncəsənət" radiojurnalının növbəti buraxılışı hazırlananda Akif Məhərrəmov hansısa süjeti mənim daha yaxşı yaza biləcəyimi demişdi. Rauf müəllim etiraz qəbul etməyən tonla: "Vilayət kimdir? O ölünü diri yazan? Rədd eləyin, getsin!" - deyə cavab vermişdi.
Amma bu məsələ də yoluna qoyuldu. Guya mühüm elmi jurnalda məqaləmin çapı münasibəti ilə redaksiyanın bir neçə əməkdaşına keçmiş "Moskva" otelinin restoranında qonaqlıq verdim. Tofiq Xəlil ağsaqqal dostumuz kimi Rauf müəllimi də gətirdi. Başda oturdub görkəmli jurnalist, istedadlı dramaturq (1-2 kiçik pyesi vardı) deyə o ki var təriflədik, dönə-dönə şərəfinə içdik. Təbii ki, bu münasibətdən ürəyi yumşaldı. "Ölünü diri yazmağım" birdəfəlik yadından çıxdı.
Üçüncü dəfə daha ciddi təhdidlə - radio ilə birdəfəlik vidalaşmaq və "maliyyə sanksiyası" riski ilə üzləşdim. İndi bəlkə də inanılmaz görünəcək. O zaman Radio və Televiziya Verilişləri Komitəsində pul, necə deyərlər, xəzəl kimi idi. Kənar müəlliflərə heç bir məhdudiyyət qoyulmurdu. Nə qədər yazırdın, o qədər də qonorar alırdın. Şair demişkən, "elmin, hünərin, mərifətin varsa, buyur, gəl!" Redaksiya da təbii ki, yazmağı bacaran müəlliflərlə işləməyə üstünlük verirdi. 300, 400 manat mənim üçün adi qonorar idi. Hətta 500-600 manat (dövrün nazir maaşından çox!) qazandığım aylar da olurdu. Deməli, bir dəfə Komitənin radio üzrə müavini Tahir Paşazadə ştatdankənar əməkdaşların qonorar cədvəlinə imza atanda adım, bəlkə də daha çox almalı olduğum məbləğ diqqətini çəkmiş, kimliyimlə maraqlanmışdı. Mailə xanım ştatlı işçilər kimi hər gün redaksiyaya gələn "o qara, qıvrımsaç oğlan olduğumu", kollektivin "hər işinə yaradığımı", savadlı müəllif kimi tanındığımı desə də, xeyri olmamışdı. Tahir müəllim əsəbi şəkildə: "Mən neçə ildir burada sədr müaviniyəm, amma küçədən keçənin biri məndən çox pul alır" - deyə kimliyindən asılı olmayaraq kənar müəllifə bu qədər üz verməməyi tapşırmışdı.
Rəhbərliyin əsəbləri ilə oynamamaq üçün Mailə xanımın təklifi ilə bir müddət qonorarın çoxunu təxəllüslə yazdığım yazılara görə aldım. Öz adıma isə Tahir müəllimi əsəbiləşdirməyəcək dərəcədə az pul hesablanırdı. "Müvəqqəti barışıq" dövründə yenə Mailə xanımın sayəsində Tahir Paşazadə ilə münasibət də yoluna qoyuldu. Özü də humanitar sahənin adamı olan sədr müavini yaradıcılıq təşkilatının rəhbəri kimi ədəbi-bədii sahədən, yazı-pozudan kənarda qalmaq istəmirmiş. Bilmirəm, ya öz seçimi, ya da kiminsə məsləhəti ilə rus sovet yazıçısı Yefim Morozovun o zaman Vətəndaş müharibəsi qəhrəmanı kimi təriflənib göyə qaldırılan, indi isə yeni cəmiyyət quruculuğu uğrunda mübarizə aparmış inqilabçıdan çox quldur kimi ifşa olunan Qriqori Kotovski (1861-1925) və dəstəsinin "inqilabi mübarizəsindən" bəhs edən "Kotovskiçilər haqqında hekayələr" kitabını Azərbaycan dilinə çevirmiş, sonra da "baxmaq", yəni redaktə üçün Mailə xanıma vermişdi. Mailə xanım da məni sədr müavinin yanında leqallaşdırmaq üçün gedib mərdi-mərdanə demişdi ki, redaktə işini tapşırdım "o qara, qıvrımsaç oğlana". Çünki səlis dili, yaxşı redaktor qələmi var. Həm də tərcüməni sizin elədiyinizi bilmir. Demişəm ki, redaksiyanın işidir". Kitabda isə redaktə işi həqiqətən də çox idi...
Ümumiyyətlə, radio həyatımda nəcib, xeyirxah insan, əsl Azərbaycan xanımı kimi tanıdığım Mailə Muradxanovanın xüsusi yeri vardı. Yaşımız arasında fərq böyük fərq olmasa da, ondan həmişə ana, yaxud böyük bacı qayğısı, şəfqəti görmüşdüm. Qardaşı o dövrdə adı insanlarda qorxu yaradan Dövlət Təhlükəsizlik Komitəsinin yüksək rütbəli zabiti, səhv etmirəmsə, polkovnik idi.
Bir dəfə söhbət zamanı Mailə xanım həmişəki qaydası ilə gülə-gülə:
- Əlindən bir xata çıxmayıb ki? Yəni ideoloji səhvə-filan yol verməmisən ki? -deyə soruşdu.
Əminliklə "Yox" - dedim. Sonra sualın səbəbi ilə maraqlandım. Mailə xanım:
"Dünən Mail bizdə idi, - dedi. - Sən də televiziyada çıxış edirdin. Qardaşıma dedim ki, "Bu cavan oğlan çox savadlı, biliklidir. Yaxşı qələmi var. Neçə vaxtdır bizimlə əməkdaşlıq edir. Özü də deyəsən, Dilçilik İnstitutunun aspirantıdır".
Mail də qayıtdı ki, "səhvin var. O, Ədəbiyyat İnstitutunun aspirantıdır. Elmi rəhbəri də akademik Məmməd Cəfər Cəfərovdur".
Səni xeyli vaxtdır tanıyıram, amma bu incəliklərdən xəbərim yox idi. Başa düşdüm ki, hələ çox vacib adam olmasan da, adın artıq o idarənin siyahısında var. Səninlə maraqlanırlar. Ona görə də həmişə diqqətli, ehtiyatlı ol..."
Mailə xanımın bu həssaslığı, qayğısı məni riqqətə gətirdi.
Radioda danışırdılar ki, Tahir müəllim sadə, ürəyiyumşaq adamdır. Tezliklə özüm də belə olduğuna inandım. Redaktə məsələsindən bir müddət sonra təsadüfən koridorda, kabinetinin qarşısında qarşılaşdıq. Salam verib keçmək istəyəndə məni saxladı. Axır vaxtlar niyə az yazmağımla maraqlandı. İnstitutda işlərimin çox olduğunu, dissertasiyamı tezliklə başa çatdırmaq istədiyimi bildirdim. "Yazdıqca qələm cilalanır, - dedi. - Cavan oğlansan, tənbəllik eləmə"...
Həmin gündən sirrini yalnız Mailə xanımla mənim bildiyim məxfilikdən çıxdım. Radiodakı işıqlı, xeyirxah atmosfer yenə qalib oldu...
lll
İndi isə əvvəldə bəhs etdiyim "happy end", yaxud radionun şəxsi həyatımda oynadığı xoşbəxt rol haqqında. Deyəsən, 1980-ci ildə ədəbi-dram verilişləri redaksiyasına yeni əməkdaş gəldi. Bura nüfuzlu mətbu orqandan - "Kommunist" qəzetindən dəyişilmişdi. Cahan Vəzirova adlı jurnalist xanımın imzasını tanıyırdım. İlk baxışdan çox hökmlü, zabitəli görünsə də, tezliklə xoş rəftarı, şirin dili sayəsində kollektivlə qaynayıb-qarışdı. Hamının hörmətini qazandı. Redaksiya işçilərini əlavə zəhmətə salmayan kənar müəllif kimi mənə də hörməti vardı.
Yaşım artıq 30-a yaxınlaşırdı. Son vaxtlar evlənmək, ailə qurmaq haqqında daha ciddi düşünməyə başlamışdım. Radiodakı həmyaşıd dostlar arasında yeganə subay mən idim. Bilmirəm, nədənsə Cahan xanımı yaxından tanıdıqca "Anasına bax, qızın al" - deyimini daha tez-tez xatırlayırdım. Bir dəfə radioya, anasının yanına yolu düşən gələcək həyat yoldaşım Şəhla xanımı görəndə qərarımı vermişdim. Bu haqda Tofiq Xəlillə də söhbətimiz olmuşdu. Fikrimi bəyənmişdi. Beləcə, hələlik yalnız bir üzvünü tanıdığım bu ailə ilə bağlı ciddi planlar qurmağa başlamışdım. Şəhla o zaman Tibb institutunun beşinci kursunda oxuyurdu. Çox ciddi, ağıllı, hər sözünün, hərəkətinin yerini bilən gənc, üzügülər və mehriban xanım idi. Hər təsadüfdə görünürdü ki, xarakter etibarı ilə perfeksionistdir. Hissindən daha çox ağlının hökmü ilə hərəkət edir, tələsik qərar verməyi sevmir.
Qeyri-rəsmi elçiliyi Tofiq Xəlil etmişdi. Təbii ki, Cahan xanım ilk anda bütün qız anaları kimi sevinməkdən daha çox narahat olmuşdu. Vaxt itirmədən gənclik illərində "Kommunist" qəzetində birlikdə işlədiyi akademik Bəkir Nəbiyevin yanına gedib məsləhət istəmişdi. Bəkir müəllim çox sağ olsun. Məni o ki var tərifləmişdi, "Fikrimi bilmək istəyirsənsə, xeyir-duamı verdim" - demişdi. Aspirantı olduğum İnstitutun korifey alimi, direktorumuz Əziz Mirəhmədov da buzovnalı həmyerli kimi Cahan xanıma haqqımda müsbət şeylər danışmışdı.
Şəxsi həyatımla bağlı qərarım radiodakı dostlarımı iki dəstəyə bölmüşdü. Səmimiyyətinə şübhə etmədiyim bir nəfər xüsusi ilə narahat olmuşdu. Sən demə, qız anasının öz hökmü, zabitəsi ilə məni əzəcəyindən, azadlığımı əlimdən alacağından ehtiyat edirmiş (?!). Yalnız sonradan öyrəndim ki, bunu hətta məsul qərar qarşısında həyatının sevincli, amma eyni dərəcədə də narahat və səksəkəli günlərini yaşayan Cahan xanımın özünə deməkdən də çəkinməyibmiş.
Aradan keçən onilliklər dostumun əndişələrində haqlı olmadığını göstərdi.
1981-ci ildə aspirantura təhsilimi başa vurdum. Növbəti il namizədlik dissertasiyası müdafiə etdim. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda işə qəbul olundum. Ailə qurdum. İşlə, evlə bağlı məsuliyyət artdı. Həftənin beş günündən dördünü radioda keçirdiyim qayğısız gənclik dövrü arxada qaldı.
Radio da həyatımdakı missiyasını böyük səxavətlə yerinə yetirmişdi. İllər boyu mənə maddi və mənəvi qida vermiş, dostlar qazandırmış, şairlər demişkən hətta ailə səadətinə qovuşurmuşdu...
Yəqin ki, yuxarıda yazılanlar bu sətirlərin müəllifinin Azərbaycan Radiosunun 100 yaşına qədəm qoymasına hamıdan çox sevinən, ona hər sınaqdan şərəflə çıxmağı, hər zaman uğur qazanmağı, 100 yaşa layiq müdriklik nümayiş etdirməyi, həmişə və hər yerdə xalqımızın səsi, sözü kimi eşidilməsini arzulayan çoxsaylı radiosevərlər sırasında olmasının "daşdan keçən" dəlil-sübutu kimi qəbul edilə bilər.
Əslində ictimai, ədəbi, şəxsi həyatımda bu qədər önəmli rol oynamış sevimli Azərbaycan Radiosuna başqa cür münasibət bəsləmək də qeyri-mümkündür...
Sarayevo, oktyabr, 2026-cı il
“525”-: Azərbaycanın elmi və ictimai-siyasi həyatında paqlaq imzası olan görkəmli şəxsiyyətlər sırasında professor Vilayət Quliyevin müstəsna yeri var. Dünən - noyabrın 5-də 74 yaşı tamam olan Vilayət müəllim zəngin elmi yaradıcılığı, xalq və dövlət qarşısındakı mühüm xidmətləri ilə xüsusi hörmət və nüfuz qazanıb.
Azərbaycan elminin son yarım əsrdə keçdiyi yola nəzər salarkən onun çoxşaxəli tədqiqatlarından, ictimai-siyasi həyatımızın təxminən qırx illik mənzərəsindən danışarkən isə bu sahədəki əməyindən yan keçmək mümkün deyil. Vilayət Quliyev ədəbiyyatımızın və milli fikir tariximizin araşdırılmasında elmi obyektivliyi fəlsəfi düşüncə dərinliyi ilə birləşdirən, sanballı əsərləri ilə bu sahələri zənginləşdirən seçkin alimlərimizdəndir. Bir çox tarixi şəxsiyyətimizin ömür yolu, yaradıcılığı və mənəvi irsi məhz onun yorulmaz axtarışları sayəsində daha dolğun öyrənilib. Keçmişimizin diqqətdən kənarda qalmış neçə-neçə əhəmiyyətli səhifəsi məhz Vilayət müəllimin iti zəkası, davamlı zəhməti və tədqiqatçı fədakarlığı ilə işıqlandırılaraq oxuculara təqdim olunub. Ömrünün əlli ilə yaxınını bu araşdırmalara sərf edən alimin bundan sonra da elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına yeni, dəyərli əsərlər bəxş edəcəyinə ürəkdən inanırıq.
Vilayət müəllimi bizə xüsusilə doğmalaşdıran ayrıca bir məqam da var: o, uzun illərdir "525-ci qəzet"in sədaqətli oxucusu olmaqla yanaşı, yazılarını hər zaman maraqla gözlədiyimiz, düşüncələrinə və qələminə ehtiyac duyduğumuz fəal müəlliflərimizdəndir. Bu davamlı bağlılıq onu həm qəzetimizin, həm də bütövlükdə milli mətbuatımızın yaxın dostu və fədakar təəssübkeşi kimi səciyyələndirir.
Əziz Vilayət müəllim! Sizi bu yeni yaşınız münasibətilə səmimi-qəlbdən təbrik edirik! Sizə möhkəm cansağlığı, mənəvi rahatlıq, elmimiz, mədəniyyətimiz və dövlətimiz üçün böyük əhəmiyyət daşıyan çoxşaxəli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















