Maltadan nigaran sətirlər Vilayət Quliyev yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vilayət QULİYEV
(Birinci yazı)
Bu kitab haqqında çoxdan, nəşr olunandan dərhal sonra yazmaq istəyirdim. Amma cari işlər, qəfil meydana çıxan, yaddaşında, yaxud iş planında sıraladığın növbə ardıcıllığına məhəl qoymayan mövzular imkan verməmişdi.
Yaxşı kitablardan yazmaq, yaxud danışmaq heç zaman gec deyil.
Söhbət Türkiyənin Ordu universitetinin dosenti, Türkiyə Cümhuriyyəti tarixinə dair bir sıra maraqlı araşdırmaların müəllifi Ömər Erdenin hazırlayıb nəşr etdirdiyi "Malta sürgünündən gözümün nurlarına məktublar. Əhməd Ağaoğlu" kitabı haqda gedir. Türkiyə İş Bankasının Mədəniyyət Yayınları seriyasından nəşr olunan topluda hadisələrlə zəngin, keşməkeşli həyat yaşamış Əhməd bəyin 1919-1921-ci illərdə Maltadan İstanbuldakı ailə üzvlərinə - xanımına, bacısına, övladlarına göndərdiyi 150-yə yaxın məktub yer alıb. Əsərin adı onun məzmunu, müəllifin zəngin epistolyar irsinin məhz hansı hissəsi olması haqda dəqiq təsəvvür yaradır. Çünki Əhməd bəy məcburi sürgün həyatı yaşadığı iki il ərzində Osmanlı Türkiyəsinin bir sıra tanınmış ictimai xadimləri, ədəbiyyat və mədəniyyət adamları, mətbuat təmsilçiləri ilə məktublaşmışdı. Tərtibçi isə məqsədyönlü şəkildə müəllifin məhz "nuri-didəm" dediyi doğmalarına məktubları üzərində dayanıb.
Ömər Erden bəy kitab üçün material toplayarkən əsasən Türkiyə Cümhuriyyət Muzeyinin fondlarından istifadə edib. Yəqin ki, Ağaoğlu ailəsinə məxsus çoxsaylı sənəd və materialların, xüsusən də Sürəyya Ağaoğlunun şəxsi arxivinin, habelə ailənin digər üzvlərinə aid sənədlərin saxlandığı İstanbul Qadın Əsərləri Kitabxanasına üz tutsaydı, mənzərə daha fərqli olar, boşluqlara yer qalmazdı. Amma Əhməd bəyin Malta məktublarının özəl, yaxud şəxsi qismini ilk dəfə toplu şəkildə təqdim edən əsər özünün indiki halı ilə də diqqəti çəkir
lll
Yəqin ki, ilk növbədə Qafqazda, Şuşa şəhərində doğulan, 1909-cu ildən İstanbulda yaşayan Əhməd bəyin bu məktubları niyə Maltadan göndərməsi məsələsinə aydınlıq gətirmək lazımdır. Bunun üçünsə türk dünyasında ilk respublikanın -Azərbaycan Cümhuriyyətinin tarixinə baş vurmaq lazım gələcək.
1918-ci il dekabrın 28-də Parlamentin qərarı ilə Azərbaycan Cümhuriyyətini Paris sülh konfransında təmsil edəcək nümayəndə heyətinin tərkibinə seçilən, 1919-cu il yanvarının 11-də heyətin digər üzvləri ilə birlikdə Fransaya getmək üçün İstanbula yola düşən, deputat kimi toxunulmazlıq hüququna malik olan Əhməd Ağaoğlu aradan 5 ay keçəndən sonra hansı səbəblərdən, üstəlik də, məhbus sifətində ingilislərin nəzarəti altındakı Malta adasına gəlib çıxmışdı?
Nümayəndə heyəti yanvarın 20-də, Gürcüstan və Şimali Qafqaz təmsilçiləri ilə eyni gündə uzaq səfərin başlanğıc nöqtəsinə - İstanbula çatdı. Qiyabi surətdə Parlamentin sədri və Cümhuriyyətin ilk beynəlxalq missiyasının rəhbəri seçilən Əlimərdan bəy Topçubaşov ölkəsinin fövqəladə və səlahiyyətli naziri kimi artıq 1918-ci ilin sentyabrından burada idi. Heyət üzvləri otellərə üz tutdular. On ildən bəri İstanbul sakini olan Əhməd bəy isə şəhərin Şahzadəbaşı məhəlləsindəki evinə, ailəsinin yanına getdi. Uzaq və məsul səfərlə bağlı hazırlıq işləri başlandı.
Hamı tezliklə fransız vizası alıb Parisə yola düşəcəklərini gözləyirdi.
Lakin ümidlər doğrulmadı. Əsl sürprizlər İstanbulda ortaya çıxdı.
1918-ci il oktyabrın 30-da Osmanlı hökuməti ilə Müttəfiq dövlətlər arasında bağlanan Mudros anlaşmasına görə paytaxt İstanbulu nəzarətə götürən ingilis və fransız hərbi administrasiyaları hələ viza məsələsi gündəliyə gəlməmiş Azərbaycan heyətinin ən lazımlı üzvünün - Sorbonna məzunu, fransız dilini mükəmməl bilən, Parisin ictimai fikir və mətbuat dairələrində müəyyən əlaqələrə malik olan Əhməd bəy Ağayevin sülh konfransına gedə bilməyəcəyini bəyan etdilər.
Ə.Topçubaşov İstanbuldan Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə 5 mart 1919-cu il tarixli məktubunda avropalıların gözlənilməz və xoşagəlməz münasibətindən bəhs edərək yazırdı: "Onlar (ingilislər və fransızlar - V.Q.) da fəaliyyətimizdə qüsur saydıqları bu və ya digər məqamları dərhal diqqətimizə çatdırmaq fürsətini əldən vermirlər.
Belə səhv addımlardan biri kimi, heyətimizdə Əhməd bəy Ağayevin olmasını irad tuturlar. Məsələ buradadır ki, nümayəndələrimizin gəlişinin az qala ertəsi günü yerli mətbuatın əsasən fransız dilli hissəsi, xüsusən də fransızca çıxan "Renaissance" adlı erməni qəzeti Ə.Ağayevin əleyhinə qızğın kampaniyaya başladı. Qəzet Əhməd bəyi ittihadçı liderlərdən biri, türk parlamenti və mətbuatında onların atəşin sözçüsü və fəal nümayəndəsi, Müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi Partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılır.
Artıq barəsində təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Sonda dedilər ki, Azərbaycan heyəti Əhməd bəy Ağayevi özü ilə apara bilməz: "Biz belə məsləhət görürük. O, türk jurnalisti və Türkiyə parlamentinin üzvü, əleyhimizə danışan və yazan biri kimi arzuolunmaz şəxsdir". Əhməd bəyin əslən Qarabağdan olması, Azərbaycan parlamentinə seçilməsi, nümayəndə heyəti üçün zəruri əməkdaş sayılması ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Tomsonun verdiyi zəmanət məktubunun da bir xeyri olmadı".
Əhməd bəy İstanbula gələndən bir həftə sonra xəstələnib yorğan-döşəyə düşmüşdü. Heyət üzvləri bir neçə dəfə onu evində ziyarət etmişdilər. Müttəfiq güclərin iradəsinin icraçısına çevrilmiş türk polisi zahirən mədəni davransa da, xəstə yatağındakı ikiqat deputatın (həmin vaxt Əhməd bəy Osmanlı Məclisi-məbusanı və Azərbaycan Parlamentinin üzvü idi) həbsində israrlı idi. Həyat yoldaşı Sitarə xanımın xahişləri hökmün icrasını ləngitsə də, xəstənin halı nisbətən yaxşılaşan kimi qərar yerinə yetirilmişdi. Martın 15-də Əhməd bəyi həbs edib İstanbuldakı hərbi kazarmaya - Bəkirağa bölüyünə aparmışdılar.
Mayın 28-də isə Müttəfiq güclərin komandanlığı Osmanlı Türkiyəsinin, İttihad və Tərəqqi hökumətinin bir çox nazirləri, deputatları, yüksək rütbəli zabitləri, milli düşüncəyə istiqamət verən ziyalılar və fikir adamları ilə birlikdə Əhməd Ağaoğlunu da "Prinsessa Ena" adlı ingilis zirehli gəmisində İstanbuldan çıxarmışdı. Onları bir müddət Egey dənizinin şimal sahilində, Türkiyə sərhədləri yaxınlığındakı Limnos adasında ağır şərtlər altında saxlamış, sonra isə həmin dövrdə Böyük Britaniyanın protektoratı olan Maltaya sürgün etmişdilər.
Yəqin ki, Osmanlı cəmiyyətinin 78 nəfər seçkin nümayəndəsinin məhz mayın 28-də sürgünə göndərilməsi sırf təsadüf sayıla bilərdi. Amma tale yoldaşlarının fərqinə varmadıqları bu tarix Əhməd bəy üçün qürurverici olduğu qədər də Vətən qarşısında məcburi fəaliyyətsizliyin doğurduğu iztirablarla dopdolu idi...
Çünki məhz həmin gün - mayın 28-də qurucuları arasında yer aldığı Azərbaycan Cümhuriyyəti yaranmasının birinci ildönümünü qeyd edirdi.
Həmin gün Azərbaycan heyətinin üzvləri Parisdə tarixə sülh konfransının ideya atası kimi daxil olan ABŞ prezidenti Vudro Vilsonla görüşmüşdülər.
Əhməd Ağaoğlu isə o təntənə anlarında türk əsirlərini sürgün yerinə aparan köhnə ingilis zirehli gəmisində məchulluğa tərəf yol almışdı...
lll
Əhməd bəy niyə həbs olunmuşdu? Məktublarında da dönə-dönə səslənən bu sual iki il sürən sürgün həyatı boyu ona bir gün də olsun rahatlıq verməmişdi. Tanınmış türk diplomatı, "Malta sürgünlüləri" kitabının müəllifi Bilal Şimşirin yazdığına görə, Böyük Britaniya Forin Ofisinin arxivində "fəxri türk əsirləri" ilə bağlı ən qalın qovluq Əhməd Ağaoğluna məxsusdur. Burada onun xeyli sayda ərizə, tələb, şikayət, məktub və müraciətləri toplanıb. Hətta üzü üzlər görmüş ingilislərin də "yavuz (sərt) adam" dedikləri Əhməd bəy mərhəmət yox, ədalət axtarırdı. Düşməndən əfv diləmirdi, haqqın öz yerini tutmasını istəyirdi. Məhkəmə önünə çıxarılmaq, qanunun bütün sərtliyi ilə mühakimə olunmaq tələb edirdi. Günahı sübuta yetirilərsə, hökmə danışıqsız boyun əyəcəyinə boyun olurdu. Amma ingilis müstəmləkəçiləri Əhməd bəy deyil, digər sürgünlülər - ölkənin düşünən beyinləri, vuran əlləri ilə bağlı da heç bir məhkəmə qurmaq niyyətində deyildilər. Çünki bu, əlavə baş ağrısına çevriləcəkdi. İngilislər Türkiyədə milli oyanışın, Qurtuluş Savaşına çevrilən hərəkatının qarşısını almaq, itaətkar sultan hakimiyyətinin ömrünü uzatmaq üçün vətənpərvər insanları hicra adada girov saxlamağı üstün tuturdular.
Təbii ki, hər hansı şəxsə qarşı ittiham irəli sürməklə onu məhkəmədə sübuta yetirmək tamamilə fərqli anlayışlardır. Bu mənada Əhməd bəyin üzərində də kifayət qədər ağır ittihamlar vardı. İngilis işğal qüvvələrinin fikrincə, o, "İttihad və Tərəqqi cəmiyyətinin fəalı", "panturanizm mövqeyində dayanan qəzetçi", "Qafqazlardakı soyqırımlardan sorumlu", "Ziya Göyalpla birlikdə ərəblər, rumlar və ermənilər üzərində yapılan basqılara görə günahkar" idi. Guya "Qafqaza və Azərbaycana Ənvər Paşanın maliyyələşdirdiyi bir sıra gizli səfərlər etmişdi".
Əhməd bəyin İstanbula gəlişindən iki gün sonra, 1919-cu il yanvarın 23-də hazırlanan bir sənəddə isə onun Misir ərəblərinin ingilislərə qarşı etiraz çıxışlarının təşkilində iştirakından, gizli Məkkə səfərindən, Əl-Əhzar üləması ilə iş birliyindən söz açılırdı. Azərbaycan Parlamentinin belə bir şəxsi Parisə, sülh konfransına göndərmək fikrinə düşməsi yanlış addım kimi dəyərləndirilir, qarşısının qəti şəkildə alınacağı bildirilirdi. İngilis kəşfiyyatının zabiti Ralkesin 1919-cu il aprelin 23-də tərtib etdiyi arayışda isə Əhməd bəyin almanlarla işbirliyindən, Ənvər Paşa ilə Azərbaycan arasında əsas maliyyə kanalı olmasından danışılırdı. Kifayət qədər ağır ittihamların sənəd-sübutlar, şahid ifadələri ilə təsdiqini tapmaması, ortaya heç bir dəlil-sübut qoyulmaması ingilisləri çox az maraqlandırırdı. Artıq civə kimi bir yerdə durmayan Əhməd bəy ciddi nəzarət altında idi, hərəkət sərbəstliyi əlindən alınmışdı - düşmənə lazım olan da bu idi...
Mayın 28-də İstanbuldan yol çıxarılan Əhməd bəy digər tale yoldaşları ilə birlikdə yalnız sentyabrın 21-də Malta adasına gətirilmişdi. Limnosda böyük dəmir çənlərdə daldalanmağa, vaxtı keçmiş konservlərlə qidalanmağa məcbur qalan türk əsirlər üçün burada az-çox normal şərait yaradılmışdı. Onları iki qrupa bölmüşdülər. Bir hissəsi San-Salvador qəsrində qalmış, digərləri isə əvvəllər italyanların barıt anbarları olan Poluverista adlı qəsrə gətirilib vaxtı ilə adadakı ingilis zabitlərinin yaşadıqları binalarda yerləşdirmişdilər. Əhməd bəy də onların arasında idi.
Beləliklə, həyatının ailəsi, övladları, vətəni, sevimli işi və fəaliyyətdən uzaq keçən iki illik dövrü başlanmışdı. Amma istənilən şəraitdə özü və cəmiyyət üçün faydalı olmağı bacaran Əhməd bəy bu iki ili boşuna keçirməmişdi. İngilis dilini öyrənmişdi. Mühüm tarixi-fəlsəfi əsərlərindən birini - "Üç mədəniyyət" traktatını yazıb tamamlamışdı. "Malta xatirələri" üçün qeydlər aparmışdı.
Söhbət və gəzintilər xaricində sürgünlülərin əsas məşğuliyyətlərindən biri məktub yazmaq idi. Deyilənə görə, Ziya Göyalp iki il ərzində yaxınlarına və dostlarına 500-dən çox məktub göndərmişdi. Təbii ki, Əhməd bəy də bu cəhətdən həmkarından çox geridə qalmamışdı. Epistolyar janrda Ziya Göyalp qədər məhsuldar olmasa da, ailəsinə hər həftə azı 2-3 məktub yollayırdı.
Gəmi Maltaya yan alandan və Polveristada yerləşəndən dərhal sonra Əhməd bəy qızları Sürəyya və Təzəxanıma (Tezer) məktub yazmışdı. Təfərrüata varmadan ərəb və türk hakimiyyəti dövründə yarışərq şəhərinə çevrilən Malta haqda ümumi məlumat verməklə kifayətlənmişdi. Görünür, ailə üzvləri Limnosdakı məşəqqətli və çətin həyat şəraitindən xəbərdar olduqları üçün onları sakitləşdirmək məqsədi ilə xanımına növbəti məktubunda konkret məqamlara toxunaraq ilk növbədə Maltada yaşam şərtlərinin daha məqbul, hətta "ağayana" olduğunu diqqətə çatdırmağı zəruri saymışdı: "Mənim hal və vəziyyətim burada çox yaxşıdır. Burada hər iki nəfərə üç otaq verdilər. Birində yatırıq, digərində əsir dostlarımız arasından gələn müsafirləri qəbul edirik. Üçüncüsü isə hamam otağıdır. Mənim otaq yoldaşım sabiq maarif naziri Şükrü bəydir" (Əhməd Şükrü Bayındır - V.Q.).
Dördüncü qatda yerləşən mənzilimizin önündə uzun bir balkon var. Əslində mənzillər hamısı bu balkona çıxır. Qarşıda isə bütün şəhər, liman və dəniz! Mənzərə çox gözəldir. Su və hava da yaxşıdır. İngilislər bizimlə pis rəftar etmirlər. Bazardan istədiyimiz şeyləri ala bilirik. Mən müəllim tutub ingiliscəmi irəlilədirəm. Səhərdən axşama qədər ya kitab oxuyur, ya balkonda var-gəl edir, ya da binanın önündəki geniş bağçada arkadaşlarla vaxt keçiririk. "Xülasə, lap yaxşıyıq".
Əhməd bəy, eləcə də digər tanınmış sürgünlülər üçün adadakı sıravi türk hərbi əsirləri arasından bir nəfər xidmətçi, yaxud denşik təyin edilmişdi. Ümumi intizam qaydalarını çıxmaq şərti ilə "tanınmışlara" müəyyən sərbəstlik verilmişdi. Bir müddət sonra hətta adada sərbəst gəzib-dolanmaq ixtiyarı əldə etmişdilər. Bəzi imkanlı şəxslər ingilislərin ayırdığı otaqları bəyənməyib şəhərdə geniş və rahat mənzillərə köçmüşdülər. Təbii ki, Əhməd bəy bu kateqoriyaya daxil deyildi.
Qızı Təzəxanımın xahişi ilə 5 noyabr 1919-cu il tarixli məktubunda gündəlik yaşamını belə təsvir etmişdi: "Səhər saat 7.15-də, hələ yataqda ikən bizim "telsizi", yəni hər otaqdan tam aşağıya qədər enən ipi dartıram. Qəhvəçi başa düşür və dərhal ingilis məhsulundan türk üsulu ilə hazırlanmış alafranga ilə alaturka arasında bərbad bir şey gətirir. Onu içib yerimdən qalxıram. Əvvəl otaqda on dəqiqə gimnastika edirəm. Sonra yuyunub çaya və purridge-yə (ing. yulaf sıyığı) hazırlanıram. İki yumurta, bir boşqab purridge və iki fincan çay. Bu da bizim səhər yeməyi, yaxud breakfast. Sonra bağçaya gedir, orada bir saat gəzir, ya da idman eləyirik. Saat 11-ə yaxın ingilis dili müəllimim gəlir. Çox ağıllı və ingiliscəni ingilis qədər bilən bir polyakdır. Onunla saat 12.15-ə qədər məşğul oluruq. Saat 1-də launch (ing. nahar) olur. Yeməkləri müharibə dalğasının Maltaya atdığı kastamonulu "alim bir aşçıbaşı" hazırlayır. Saat 4-ə qədər otaqlarımıza çəkilir, kitab oxuyur, nə isə yazır, dincəlirik. Saat 4-də ingilis üsulu biskvit və cemlə çay verilir. 7-yə qədər yenə mütaliə, gəzinti, 7-də dinner (ing. şam yeməyi) və sonra hər kəs öz otağına gedir".
Amma ilk baxışdan idillik görünən bu həyat problemsiz deyildi. Çünki zahiri rahatlıq fonunda bütün sürgün həyatı boyu dustaqların çoxunu içəridən qurd kimi içəridən gəmirən böyük bir problem vardı. İngilis sayağı düzənli rejim həmişə fəal və hərəkətli həyat keçirən, Lermontovun sözləri ilə desəm, "sakitliyi fırtınada axtaran" Əhməd bəyi əsla qane etmirdi. Düşmənin "alicənablığı" onun nəzərində məşhur Azərbaycan ifadəsində deyildiyi kimi, "adamın başını yarıb ətəyinə qoz tökməyə" bənzəyirdi. "Məmləkətin aqibətindən və sizdən başqa heç bir düşüncəm yoxdur" - deyə Əhməd bəy bu təminatlı güzəranın arxasında insanı bir an da olsun rahat buraxmayan acı və çəkilməz bir dərd olduğunu da gizləməmişdi.
Düşdüyü, yaxud salındığı vəziyyətdə nəyi isə dəyişməyə özünün və ailəsinin imkanı olmadığını da yaddan çıxarmayıb yeganə çarəni səbir və dözümdə, ilahi gücə - Allaha arxalanmaqda tapmışdı: "Bir müddət də belə uzaqdan məktubla əlaqə saxlamağa səbir və təhəmmül etməliyik. Ayrı nə edə bilərik? Bu gün bizim Allahdan başqa kimsəmiz yoxdur. Çünki bizim halımızda olan kimsələri hökumətləri müdafiə edər. Halbuki bizim hökumətimizdir ki, bizi bu hala salmışdır. Bir sözlə, Allahın müavinətinə və haqqın qələbəsinə güvənərək səbir və təhəmmül etməliyik". Bu, sadəcə fatalist yanaşma deyildi. Sərt gerçəkliyin dərki idi.
Eyni zamanda acı gerçəkliyi dəyişmək fikrindən də əsla geri durmamışdı. Özü Londona, ingilis rəsmilərinə məktublar yazır, ailə üzvlərini İstanbuldakı Böyük Britaniya işğal qüvvələrinin komandanına müraciətə təşviq edirdi. Osmanlı hökuməti yanında Cümhuriyyət səfiri, xanımının yaxın qohumu Yusif Vəziri, Paris sülh konfransındakı Azərbaycan heyətinin sədri, uzun illərdən bəri birgə fəaliyyətdən tanıdığı Əlimərdan bəy Topçubaşovu məsələnin diplomatik yolla həllində daha fəal mövqe tutmağa çağırırdı. 1920-ci ilin yanvarında Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın de-fakto tanınması Əhməd bəydə vətəninin gələcəyi ilə əlaqədar haqlı qürur hissi doğurmaqla bir sırada özünün də tezliklə ingilis əsarətindən azad olacağı ilə bağlı ümidlər də yaratmışdı.
Vətəni və ailəsi qarşısında borc hissi məktublarında da dönə-dönə vurğulandığı kimi, sürgün həyatı boyu Əhməd bəyi bir an da olsun tərk etməmişdi. İngilislərə sərt dirəniş göstərməklə, şərəf və ləyaqətini daim uca tutmaqla, prinsipindən geri çəkilməməklə vətəni borcunu yerinə yetirməyə çalışmışdı. Türk qəzetçisi və tarixçi Ferudin Qandemir (1916-1978) "Malta dostları" kitabında bu cəhətə xüsusi diqqət yetirərək yazmışdı: "Ağaoğlu Əhməd bəy sözü üzə deməyi, vətəndaş cəsarəti, qorxusuzluğu ilə ingilisləri də bıqdırmışdı. Bir gecə işıqlar söndürüləndən sonra şam yandırıb xatirələrini yazarkən onu görən növbətçi əsgərin işıq qadağasına əməl etməməsi şikayəti ilə bağlı ingilis komandanın yanına gətirildiyi zaman "Siz burada əsirsiniz" - deyə sözə başlayan komandana hədsiz əsəbiləşən Əhməd bəy dəvət gözləmədən qarşısındakı kresloya oturmuş, ayağını ayağının üzərinə aşırıb ingilisə tarix, siyasət, əxlaq və davranışdan elə dərs vermişdi ki, adamı "Siz burada əsirsiniz" sözünü dilinə gətirdiyinə görə peşman etmişdi".
Heç şübhəsiz, Əhməd bəy bu hərəkəti ilə yalnız şəxsi izzət-nəfsini ortaya qoymamışdı, həm də mənsub olduğu türk millətinin, vətəndaşı olduğu dövlətin vüqar və ləyaqətinin müdafiəçisi kimi çıxış etmişdi. Çox maraqlıdır ki, təxminən eyni ərəfədə Qurtuluş Savaşının öndəri Mustafa Kamal Paşa Britaniyanın "Daily Mail" qəzetinin müxbirinə verdiyi müsahibədə "İstanbulun işğalına, erməniləri Türkiyə əleyhinə qaldırdığına görə İngiltərəni cəzalandıracağını" bildirmişdi.
Övladları qarşısındakı borcunu isə yaş və bilik səviyyəsindən asılı olmayaraq hər birinə ayrı-ayrılıqda məktub yazmaq, təhsil həyatları ilə maraqlanmaq, seçimlərini müəyyənləşdirməkdə yardımçı olmaq, vətən və millət sevgisi aşılamaq yolu ilə yerinə yetirməyə can atırdı. Onlarla birlikdə olacağı təqdirdə deyəcəyi sözlər, verəcəyi öyüd-nəsihətlər bu məktublarda əks olunmuşdu. Sürgündəki ata övladlarına vətənpərvərlik və vətəndaşlıq dərsləri keçməyi, oğul və qızlarını gələcəyin türk milliyyətçiləri kimi yetişdirməyi ümdə vəzifələrindən biri sayırdı.
İstanbul darülfünunun hüquq fakültəsində təhsil alan 18 yaşlı qızı Sürəyyaya məktubların birində Əhməd bəy "zalımların zülmdən usanmalarını gözləmədən" onlara qarşı mübarizəni həyatlarının başlıca hədəfinə çevirməyi sabahın türk gəncliyindən, türk analarından umurdu. Tikanlı məftillər arxasından baxan insan profilinin əks olunduğu açıqcada qızına yazdığı aşağıdakı sətirlər onun öz övladları da daxil yeni yetişən nəsilə aşılamaq istədiyi hisslərdən xəbər verirdi: "Türk qadınının gələcəkdə öz cocuqlarına söyləyəcəyi laylalar var. Sən də həmin laylalarla millətinin və atanın məruz qaldığı həqarətləri anladacaqsan. Uşaqlarına intiqam günlərinin vaxtını öyrədəcəksən. Unutma!"
Övladlarından həyatlarının ən həlledici məqamında - onların ata nəsihətinə, ata məsləhətinə ən çox ehtiyac duyduqları bir vaxtda ayrı düşməsi sürgündə Əhməd bəyi ən çox üzən məsələlərdən idi. Yaranmış boşluğun yerini məktublardakı irşad təşviq və tövsiyələri ilə doldurmağa çalışırdı. Sürəyyanın xarici dil bilgisinin səviyyəsini göstərmək üçün ingiliscə yazdığı məktublardan birinin cavabında ona həyat təcrübəsindən irəli gələn aşağıdakı fikirlərini çatdırmağı lazım bilmişdi:
"Nuri-didəm Sürəyya! İngiliscə yazdığın sonuncu məktubu aldım. Çox şad və məmnun oldum. Xahiş edirəm, əcnəbi dillərə mümkün olduqca daha artıq diqqət yetirəsən. Bu dillərdə yazılmış ədəbi və tarixi əsərləri mütaliə etməyə çalış. Mənim adımdan ingilis və fransız dili müəllimlərindən xahiş et, qoy sənə həmin dillərdə yazılmış ədəbi və tarixi əsərləri, XVIII əsr və xüsusən də XIX əsrin birinci yarısı müəlliflərinin əsərlərini daha çox oxutsunlar".
Digər qızı Tezerə məktub isə tamamilə fərqli, zərif və incə hisslər üzərində köklənmişdi. Qızının uşaq məsumluğu və səmimiliyi ilə ifadə etdiyi fikirləri həssas şəkildə təhlil edib qiymətləndirən Əhməd bəy yazırdı: "Məni Mərrix (Mars - V.Q.) ulduzunda axtarırmışsan. Ah, qızım, mən də o parlaq ulduzu həbsxananın ən yüksək balkonundan hər gecə seyr edir, sizi gözlərim önünə gətirməyə çalışıram. Kim bilir, neçə dəfə o ulduz bizim baxışlarımızı və baxışlarımızla birlikdə qəlblərimizi, hisslərimizi, arzularımızı birləşdirmişdir. Və kim bilir, bizim kimi zülm və ədavətin neçə min qurbanı o ulduzdan ümid və təsəlli ummuşdur".
XX əsr görkəmli türk yazıçısı və dövlət xadimi kimi tanınan kiçik oğlu Səməd Ağaoğlu (1909-1982) "Həyat bir macəra!" adlı uşaqlıq və gənclik xatirələrində atasının Malta məktublarından söz açarkən məhz qeyd etdiyim məqamlar üzərində dayanmağı xüsusilə vacib saymışdı: "Babamın Malta məktublarının çeşidli özəllikləri vardı. Hər məktub aramızda kimə yazılmış olursa olsun, "Nuri-didəm" (Gözümün nuru) deyə başlayırdı. Sonra həmişə anamla Humay xalama (Humay Əhməd bəyin ata bir, ana ayrı kiçik bacısı idi. Hər iki valideynini itirdiyi üçün vətəndə tək, başsız qalmasın deyə Türkiyəyə köçəndə onu da özü ilə gətirmişdi. Təhsili ilə məşğul olmuş, ailə həyatı qurması üçün Malta sürgünündən xeyir-dua vermişdi. Əslində övladlarının bibisi sayılırdı. Osmanlı türkcəsində isə həm atanın, həm də ananın bacısına müraciət forması "xala" -V.Q.) birlikdə, bizlərə isə çox vaxt ayrı-ayrılıqda yazırdı. Anama və xalama məktublarında hisslər, istəklər, görülməli işlər haqqında işarətlər, bizim məktublarda isə öyüt-nəsihətlər, gələcəyə dair fikirlər, könlümüzü oxşayacaq sözlər yer alırdı. Sürəyya və Əbdürrəhmana məktublarında ilk övlad və birinci oğul iyerarxiyası baxımından daha ağır, daha ciddi bir üslubdan istifadə edirdi. Tezere yazdıqlarının ədəbiyyatına diqqət edir, mənə də sadəcə bir uşaq kimi baxırdı. Bu da məni üzürdü".
Təbii ki, kiçik Səmədin (atası Malta sürgününə göndəriləndə 10 yaşı vardı - V.Q.) uşaq qısqanclığını başa düşmək mümkündür. Əhməd bəy övladlarının hər biri ilə onun öz dilində danışmağa çalışırdı. Onların təkcə dərslərini yaxşı oxumaqla kifayətlənməməsini, fəal həyat mövqeyi tutmalarını, daim haqqın və doğrunun yanında olmalarını istəyirdi. Bu cəhətdən 29 noyabr 1919-cu il tarixli məktubunda qızı Təzəxanıma yazdığı aşağıdakı sətirlər çox səciyyəvi idi: "Təzə xanım qızımın həssas qəlbi İstanbul füqərası üçün qış münasibəti ilə sızıldayır. Bu, çox insani bir hissdir. Fəqət bu hissin qarşıya qoyduğu vəzifə də vardır - yardım! Məktəblərinizdə yardım cəmiyyəti təsis edin! Yalnız bir fəqirə yardım etsəniz, yenə də bir işdir".
(Davamı növbəti sayımızda)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Sentyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















