BMT nin mənzil qərargahının ABŞ ərazisindən çıxarılaraq neytral bir ölkəyə köçürülməsinin vaxtı çatıb
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Bu xəbər hazırda bütün lentlərdə ön xətdə, diqqət mərkəzindədir və “Sülh Şurası” çox gözəl səslənən bir ifadədir, bir söz birləşməsidir. Amma əslində biz görürük ki, Donald Tramp demək olar ki, Birləşmiş Millətlər Təşkilatının funksiyalarını da öz üzərinə götürməyə çalışır və özünü dünya birliyinin vahid lideri kimi təsdiqləmək istəyir. Təbii ki, bu, xoşagəlməz bir haldır. Elə dünən, səhv etmirəmsə, BMT-nin baş katibi Antonio Quterreş bildirdi ki, biz sona qədər mübarizə aparacağıq ki, bu institut, yəni BMT öz fəaliyyətini dayandırmasın. Halbuki buna maneçilik törədənlər var. Ad çəkmir, amma bəllidir ki, kimlərsə BMT-nin funksiyalarını və səlahiyyətlərini ələ almağa çalışır, ya da onun normal işləməsinə imkan vermir".
Bu fikirləri Redaktor.az-a politoloq Tofiq Abbasov ABŞ Prezidenti Donald Trampın Qəzzanı idarə etmək üçün “Sülh Şurası”nın yaradıldığını elan etməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, Tramp özünü çox qəribə bir tərzdə ifadə edir:
"Mən daim deyirəm ki, Donald Trampın müəyyən müsbət yanaşmaları var, o cümlədən bizim regionla bağlı. Yəni Azərbaycana böyük ümidlər bəsləyir, Prezident İlham Əliyevi yüksək səviyyədə qiymətləndirir və bu, haqlı bir yanaşmadır. Digər tərəfdən də bildirir ki, İlham Əliyevin ölkəsinə və regiona verdiyi töhfələr yüksək səviyyəli və dəyəri böyük yanaşmalardır. Amma eyni zamanda Donald Tramp özünü bir növ sülh carçısı kimi apararaq elə hərəkətlərə yol verir ki, onları anlamaq çətindir. Burada fəlsəfədə belə bir termin var - bipolyar yanaşma. Yəni bir əli ilə qurmaq, digər əli ilə dağıtmaq. Bu bipolyarlıq isə anlaşılan görünmür. Təbii ki, BMT-nin funksiyalarını bir nəfər və ya bir ölkə öz üzərinə götürə bilməz. Birincisi, nə qədər ki, BMT rəsmi şəkildə fəaliyyətini dayandırmayıb və onun səlahiyyətlərinə xitam verilməyib, heç kimin onu özünə tabe etdirməyə haqqı yoxdur. Donald Trampın yanaşması düzgün deyil. Bu, həm də BMT-yə üzv olan digər ölkələrin mövqeyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.
Mən belə başa düşürəm ki, bu “Sülh Şurası”na daxil edilən ölkələrə baxdıqda əsasən klassik Qərb dövlətlərini görürük. Bunlar Birinci və İkinci Dünya müharibələrinə qədər və ondan sonra uzun müddət dünyanın taleyini müəyyən edən ölkələr olub. Yenə də biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur ifadəsinə qayıdırıq: “Dünya beşdən ibarət deyil”. Bu, vaxtında və yerində deyilmiş bir fikirdir və indiki qarşıdurmalar fonunda bir daha göstərir ki, təkcə 5-6 Qərb ölkəsi yox, digər dövlətlər də var. Bu ölkələr artıq oyanış mərhələsindən keçib, öz suverenliklərini təsdiqləyiblər və dünyaya verdikləri töhfələr kifayət qədər əhəmiyyətlidir. Onların da səsi eşidilməlidir".
Siyasi şərhçi əlavə etdi ki, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya NATO üzvü olan və uzun müddət ABŞ-nin siyasi xəttini izləyən ölkələrdir:
"Amma Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyəyə ikinci dərəcəli yanaşma düzgün deyil. Türkiyənin də, Misirin də, Səudiyyə Ərəbistanının da, Qətərin də öz milli ənənələri var və onlar bu gün dünya birliyində əvəzolunmaz rol oynayırlar. Onlar yeni dünya nizamının formalaşmasında mühüm aktorlardır. “Yeni nizam” anlayışı bir qədər mücərrəd səslənir. Tramp bu prosesləri öz nəzarətinə götürməyə çalışır, şüarçılıq edir, pafosla danışır. Amma məsələnin mahiyyətinə baxdıqda görürük ki, köhnə nizam rəsmi şəkildə ləğv edilməyibsə, hansı yeni nizamdan söhbət gedə bilər? ABŞ-nin Venesuelanın daxili işlərinə müdaxiləsi, ölkə rəhbərliyinə qarşı davranışları yeni nizam sayıla bilməz. Bu, əslində, yolverilməz və təhlükəli presedentlər yaradan geosiyasi addımlardır. Digər tərəfdən, ABŞ-nin Yaxın Şərqi təhdidlər fonunda gərginlik içində saxlaması heç kimə lazım deyil. Mən Azərbaycan vətəndaşı olaraq istəmirəm ki, qonşuluğumuzda İranla bağlı münaqişə və müharibə başlasın. Əgər Donald Tramp Azərbaycanın stabilləşdirici rolunu düzgün qiymətləndirirsə, o zaman bu ölkəni risklərlə üz-üzə qoymamalıdır".
Müsahibimiz vurğuladı ki, bu “Sülh Şurası” bəlkə də müvəqqəti bir mexanizm kimi özünü doğrulda bilər.
"Amma Fələstin xalqının orada iştirakı mütləq olmalıdır. Fələstinlilər artıq parçalanıb, Qərb sahilində təcrid olunub, Qəzzada isə illərdir blokada şəraitində yaşayırlar. Aclıq, yoxsulluq, tibbi xidmətlərin çatışmazlığı, azad hərəkət imkanlarının olmaması yolverilməzdir. Əgər bu şura Fələstin xalqının hüquqlarına ədalətli yanaşmayacaqsa, onun hansı real nəticə verəcəyini demək çətindir. Üstəlik, Donald Trampın yəhudi lobbisi və İsrail rəhbərliyi ilə yaxın münasibətləri həm müsəlman dünyasında, həm də beynəlxalq aləmdə narahatlıq yaradır. ABŞ daxilində belə Trampa qarşı etimadsızlıq artıq hiss olunur. Donald Tramp istedadlı idarəçi ola bilər, amma bu imkanlardan sui-istifadə edilməməlidir. BMT mövcud olduğu müddətdə məhz bu cür qlobal məsələlərin əsas platforması olmalıdır. Mən hesab edirəm ki, BMT-nin mənzil qərargahının ABŞ ərazisindən çıxarılaraq neytral bir ölkəyə köçürülməsinin vaxtı çatıb. ABŞ bütün dünya demək deyil və dünya təkcə ABŞ-dən ibarət deyil. Bu proseslərin başlanması artıq zərurətə çevrilib", - deyə Tofiq Abbasov vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















