Borçalıdan başlanan elm yolu
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İnsanlar var ki, ömür yolu bir kəndin sakit küçələrindən, bir elin yaddaşından, ata ocağının mənəvi havasından başlanır. Zaman keçdikcə böyük bir elmi və ictimai missiyaya çevrilir. Elə insanlar da var ki, doğulduqları torpağın adını yalnız xatirələrində yaşatmır, onu ömürlərinin mənasına, yaradıcılıqlarının əsas qayəsinə çevirirlər. Professor Asif Abbas oğlu Hacılının həyat və fəaliyyətinə nəzər salarkən belə bir mənzərənin şahidi oluruq. Onun ömür yolu Borçalıdan başlayaraq Azərbaycan elminin auditoriyalarına, beynəlxalq elmi məclislərə, türk dünyasının tarixi və mənəvi coğrafiyasına qədər uzanır. Bu yolun başlıca məramında isə elmə, sözə, milli-mənəvi dəyərlərə və tarixi yaddaşa xidmət dayanır.
Asif Hacılı ilə şəxsi tanışlığımızın da özünəməxsus bir tarixçəsi var. Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ramiz Həsənovun təşəbbüsü ilə Asif müəllimlə görüşümüz təşkil olundu. Məhz həmin görüşdə onunla yaxından tanış olmaq, zəngin elmi dünyası, milli-mənəvi dəyərlərə bağlılığı, Borçalıya və bütövlükdə türk dünyasının mədəni irsinə münasibəti ilə daha yaxından tanış olmaq imkanı qazandım. Bu tanışlıq mənim üçün sadəcə yeni bir ziyalı ilə ünsiyyət deyil, həm də elmə, sözə və milli yaddaşa xidmət edən bir şəxsiyyətin düşüncə dünyasına açılan maraqlı bir qapı oldu. Sonrakı ünsiyyətimizdə də Asif müəllimin alim təmkini, geniş dünyagörüşü və doğma torpağa bağlılığı onun şəxsiyyətinin əsas cizgiləri kimi diqqətimi çəkdi.
Asif Abbas oğlu Hacılı 1960-cı il aprelin 3-də Gürcüstanın Marneuli rayonunun Sarvan kəndində, qədim Borçalı mahalında dünyaya göz açıb. Borçalı təkcə coğrafi məkan deyil, əsrlərin sınağından keçmiş bir el yaddaşı, sazın-sözün, aşıq sənətinin, el müdrikliyinin yaşadığı mənəvi dünyadır. Bu torpağın havasında tarix, yaddaşında xalqın taleyi, sözündə isə nəsillərdən-nəsillərə ötürülən mənəvi sərvət yaşayır. Belə bir mühitdə dünyaya gələn Asif Hacılının sonralar elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini məhz Borçalı və Axısqa türklərinin folkloruna, etnik tarixinə və mədəni irsinə həsr etməsi təsadüfi sayıla bilməz. İnsan bəzən ömrü boyu öz başlanğıcına qayıdır. Asif Hacılının elmi yaradıcılığında da bu qayıdışın izlərini görmək mümkündür.
1977-ci ildə Bakı şəhərindəki 246 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan gənc Asif 1982-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurur. Ədəbiyyatın, sözün və elmi düşüncənin sehrinə düşən bu gəncin qarşısında geniş bir yaradıcılıq üfüqü açılır. Universitet illərində qazandığı biliklər onun gələcək elmi axtarışlarının təməlini qoyur. 1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri vəzifəsində çalışması isə onun həyat təcrübəsini zənginləşdirir, təşkilatçılıq və pedaqoji bacarıqlarını formalaşdırır.
1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda elmi-pedaqoji fəaliyyətə başlayan Asif Hacılı üçün yeni bir mərhələ başlayır. O, burada müəllim kimi fəaliyyətə başlayaraq sonralar baş müəllim, dosent və professor vəzifələrinə qədər yüksəlir. Elmi maraqlarının genişliyi, mütaliə dairəsinin zənginliyi və tədqiqatçılıq həvəsi onu ədəbiyyatşünaslığın müxtəlif istiqamətlərinə yönəldir. Rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığa giriş, poetika, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyatşünaslığın tarixi və metodologiyası kimi fənləri tədris edir. Mühazirə auditoriyası onun üçün yalnız bilik ötürülən məkan deyil, həm də düşüncənin, axtarışın, elmi mübahisənin və intellektual ünsiyyətin meydanına çevrilir.
1987-ci ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edən alim elmi axtarışlarını daha geniş miqyasda davam etdirir. Onun tədqiqatlarının səciyyəvi xüsusiyyəti müxtəlif ədəbi və mədəni hadisələrə kompleks yanaşması, bədii mətnin arxasında dayanan fəlsəfi, tarixi, mifoloji və etnik qatları üzə çıxarmaq cəhdidir. Asif Hacılı üçün ədəbiyyat yalnız sözlərin və obrazların məcmusu deyil. Ədəbiyyat həm də xalqın yaddaşı, insanın mənəvi təcrübəsi, tarixin bədii ifadəsi, zamanların bir-biri ilə dialoqudur.
Alimin elmi yaradıcılığında mifopoetik təfəkkürün fəlsəfi-estetik problemləri, rus ədəbiyyatının tarixi, müasir rus nəsrinin poetikası, rus ədəbiyyatında İslam və Şərq motivləri, Azərbaycan ədəbiyyatında bayatıların struktur-semiotik təhlili, mifologizm və folklorizm məsələləri mühüm yer tutur. O, türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərini, müasir ədəbi prosesdə mifoloji düşüncənin təzahürlərini, ədəbi mətnlərin etnopoetik və fəlsəfi qatlarını araşdırır. Bu araşdırmalarda bir tərəfdən nəzəri təhlilin dəqiqliyi, digər tərəfdən milli-mədəni mənbələrə həssas münasibət diqqəti cəlb edir.
Mifologiya, onun qənaətinə görə, yalnız qədim insanların dünyanı izah etmək cəhdi kimi keçmişdə qalmış hadisə deyil. Mifoloji düşüncə müxtəlif formalarda müasir insanın təfəkküründə, ədəbiyyatında, incəsənətində və mənəvi dünyasında yaşamaqda davam edir. Ədəbi əsərdəki bir obrazın, simvolun və ya süjetin arxasında bəzən bütöv bir xalqın minillik yaddaşı dayanır. Alimin tədqiqatlarının əhəmiyyəti də həmin görünməyən mənəvi qatları üzə çıxarmaq, bədii mətnlə tarixi-mədəni yaddaş arasındakı əlaqələri göstərmək cəhdindədir.
Professor Asif Hacılının yaradıcılığında xüsusi bir yer tutan istiqamət isə Borçalı və Axısqa türklərinin folklorunun, etnik tarixinin və mənəvi irsinin öyrənilməsidir. Bu sahədə onun fəaliyyəti 1986-cı ildən başlayır. O vaxtdan etibarən Borçalı və Axısqa türklərinin folklor nümunələrinin toplanması, tədqiqi və nəşri ilə ardıcıl məşğul olur. Bu işin arxasında təkcə elmi maraq deyil, həm də milli yaddaşa, tarixi köklərə və mənəvi sərvətlərə məsuliyyətli münasibət dayanır.
Folklor xalqın özünüifadə forması, tarixin yaddaş kitabı, nəsillərin bir-birinə ötürdüyü mənəvi əmanətdir. Bir bayatıda bir elin dərdi, bir dastanda xalqın qəhrəmanlıq yaddaşı, bir rəvayətdə əsrlərin təcrübəsi, bir mərasimdə isə qədim dünyagörüşünün izləri yaşayır. Xüsusilə Borçalı və Axısqa kimi zəngin tarixi-mədəni ənənələrə malik bölgələrin folklorunun toplanması və elmi dövriyyəyə daxil edilməsi böyük zəhmət və məsuliyyət tələb edir. Çünki zamanında qeydə alınmayan, yazıya köçürülməyən, elmi şəkildə araşdırılmayan folklor nümunələri zamanın yaddaşında itib-batmaq təhlükəsi ilə üzləşə bilər.
Asif Hacılı bu mənəvi sərvətlərin qorunmasını öz elmi fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirib. Onun araşdırmalarında folklor nümunələri yalnız bədii mətn kimi deyil, mifologiya, etnik tarix və etnoqrafiya ilə bağlı mürəkkəb mədəni hadisə kimi öyrənilir. Bu yanaşma xalq yaradıcılığının daha geniş kontekstdə dərk edilməsinə imkan verir. Alim Borçalı və Axısqa türklərinin folklorunu araşdırmaqla həm də bu xalqların tarixi təcrübəsini, dünyagörüşünü, inanc sistemini və milli kimliyini yaşadan mənəvi yaddaşın elmi mənzərəsini yaratmağa çalışır.
Axısqa türklərinin tarixi isə bu baxımdan xüsusi həssaslıq tələb edən mövzulardandır. 1944-cü ilin sürgünü bu xalqın taleyində silinməz izlər buraxıb. Doğma yurdlarından qoparılan insanların ağrısı, vətən həsrəti, ayrılıq xatirələri, yeni məskunlaşma yerlərində milli kimliyi qorumaq mübarizəsi onların şifahi yaradıcılığında, ailə yaddaşında, inanclarında və folklorunda yaşamaqda davam edib. Bu yaddaşın toplanması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması yalnız elmi deyil, həm də mənəvi və tarixi əhəmiyyət daşıyır.
Asif Hacılının Axısqa türklərinin folkloruna və etnik mədəniyyətinə həsr etdiyi tədqiqatlar məhz bu zərurətdən doğan elmi axtarışların ifadəsidir. Onun bu sahədəki fəaliyyəti sürgün yaddaşının, xalqın mənəvi dünyasının və tarixi kimliyinin öyrənilməsinə xidmət edir. Axısqa türklərinin folklorunun toplanması və nəşri, onların inanc dünyasının, tarixi-mədəni xüsusiyyətlərinin araşdırılması bu xalqın mənəvi irsinin qorunmasına mühüm töhfədir. Alimin iki kitabının türk dünyasında az öyrənilmiş xristian türk xalqlarının tarixi və folkloruna həsr olunması da onun tədqiqat maraqlarının genişliyini göstərir.
Borçalıya münasibət isə Asif Hacılının elmi və ictimai fəaliyyətində ayrıca bir mənəvi xətt kimi görünür. Sarvanda dünyaya göz açmış bir alimin illər sonra Borçalı folklorunun toplanmasına, araşdırılmasına və təbliğinə xüsusi diqqət ayırması doğma yurda bağlılığın elmi fəaliyyətə çevrilməsinin nümunəsidir. Borçalı mahalının aşıq mühiti, el nəğmələri, bayatıları, rəvayətləri, adət-ənənələri və etnik yaddaşı Azərbaycan xalqının mənəvi sərvətinin ayrılmaz hissəsidir. Bu sərvətin öyrənilməsi həm bölgənin öz tarixinin, həm də ümumazərbaycan mədəniyyətinin daha dərindən dərk edilməsinə imkan yaradır.
Alimin elmi fəaliyyəti tədqiqatçılıqla məhdudlaşmır. O, uzun illər pedaqoji işlə yanaşı, ali təhsil müəssisəsinin idarəçiliyində də çalışıb. 2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib. 2014-cü ilin martından 2016-cı ilin iyununa qədər isə həmin universitetin rektoru olub. Bu illər onun həyatında elmi və təşkilati fəaliyyətin qovuşduğu mühüm mərhələ kimi yadda qalıb. Universitet rəhbərliyi məsuliyyət, geniş dünyagörüşü, təhsil prosesinin incəliklərini bil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















