Böyük alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı Zərifə Əliyeva ŞƏRH
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: «Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib»
PREZİDENT İLHAM ƏLİYEV: «Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir»
Bəli, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən, nursuz gözlərə işıq paylayan, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytaran Zərifə xanım Əliyeva. 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Peyğəmbərimiz buyurub ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi.
Belə bir deyim var, xeyirxahlıq, nəciblik və saflıq yaranışdan insanlığın ən ali zinəti sayılaraq onun bu fani dünyada əbədiyaşarlığını, daim mənəvi ucalıqda dayanmasını təmin edir və xalqının işıqlı gələcəyinə xidmət edən xoşməramlı əməllərin müəllifinə çevrilirlər. Bəli, Zərifə xanım Əliyeva da yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Qismətinə belə xoşbəxt tale yazılan, qaranlıq gözlərə nur paylayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərif xanım Əliyeva əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biri idi. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Böyük filosoflar əsrlər boyu şəxsiyyət amilini tədqiq edərkən son nəticədə bu qənaətə gəliblər ki, onun yetişməsində başlıca amil məhz formalaşdığı mühitdir. Zərifə xanım da 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə xanım Əliyevanın uşaqlığının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Tələbəlik illərində Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırmış, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım Əliyeva qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdir. Zərifə xanım həmişə bu fikirdə olmuşdur ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir, "həkim xəstənin ən doğma adamıdır" demişdir. O, həm görkəmli alim, həm də həyat eşqi, xeyirxahlığı, nəvazişi ilə qayğıkeş ana və həyat yoldaşı, ailəsinə dayaq olan əsl insan idi. İşinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, birinci növbədə ailəsinin qayğıları ilə yaşayırdı.
Hər kəsin qismətinə yazılan tale yolu olur. Hamı Tanrının qismət kimi bəxtinə yazdığı bu yolu başa vurur. Ancaq əsas odur ki, bu yolda saldığın izlərin, əməllərin əbədi qalsın. səni yaşatsın. Həyatın səndən sonrakı nəsillər üçün örnək olsun. Əfsanəyə çevrilən ümummilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın hamıya nümunə olan həyat və tale yolları kimi. Yüksək mənəvi keyfiyyətləri ilə, elmi, dünyagörüşü bir-birini tamamlayan insanlar əsl şəxsiyyətlər kimi cəmiyyətdə layiqli mövqe qazanırlar. Akademik Zərifə xanım Əliyeva kimi. Mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, insanlığa xas bütün müsbət cəhətlər onun nəcib simasında qovuşmuşdu. Hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, ətrafındakılara hər zaman səmimiyyətlə, hörmətlə yanaşırdı. Dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev qazandığı cahanşümul nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Bu iki dahi insanın səmimi hissləri onilliklər boyu davam edən böyük məhəbbət dastanını, sədaqət timsalını tam ehtiva edir. Hər bir kəsə örnək olası bir ailə quran bu şəxsiyyətlər yüksək mənəviyyat, ali mərhəmət, misilsiz insanpərvərlik, dəyərli vətəndaşlıq xüsusiyyətləri ilə bir-birlərini tamamlamışlar. Zərifə xanımın vəfatı isə Heydər Əliyev üçün böyük itki olmuşdur. Həyatın keşməkeşli onilliklərini böyük sədaqət və sonsuz məhəbbətlə, ləyaqətlə yaşadıqlarından bu fiziki yoxluğu ümummilli liderimiz həyatın ölçüyəgəlməz sarsıntısı kimi qarşıladı. Belə ki, ulu öndərimiz Heydər Əliyev vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanı səmimi sevgi, böyük nisgil və sonsuz ehtiramla anaraq qeyd edirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm".
Bəli, sədaqətli həyat yoldaşı, qayğıkeş ana Zərifə xanım Əliyeva dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insanın həyat yoldaşı kimi də əsl mənada yol yoldaşı olmuşdu....Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevə xatirə kitabında ürək sözlərini yazmasını xahiş etdilər: «Mənim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir.” Bəli, bu sözlər müdrik , böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.
Zərifə xanım həm də cəfakeş, tələbkar, məsuliyyətli ana idi. Və bu gün Əliyevlər ocağının yetirmələri də öz sələflərinin hər mənada şərəfli davamçılarıdırlar. Bu gün dünya liderləri arasında tanınan, hər yerdə sözü imzası qədər dəyərli və qətiyyətli olan Azərbaycan Prezident İlham Əliyevin adı hörmətlə çəkilirsə, bu yüksəlişdə analıq vəzifəsinin müqəddəsliyini diqqət və qayğısı ilə yerinə yetirən Zərifə xanımın əməyi olmuşdur. Zərifə xanım İlham Əliyevi əziz oğlu kimi sevməklə yanaşı, onun məsuliyyətli, insanpərvər, Azərbaycana qanıyla-ruhuyla bağlı bir insan kimi formalaşmasına xüsusi önəm verirdi. Xatirələrdən də aydın görünür ki, Heydər və Zərifə Əliyevlərin ailəsində övlada böyük sevgi və məhəbbət bəslənilməklə bahəm, eyni zamanda müstəqil düşünmək və sərbəst qərar qəbul etmək, yeniyetmə yaşlarından məsuliyyətə yiyələnmək, ata və ananın cəmiyyətdəki yüksək nüfuzuna deyil, məhz öz qabiliyyətinə güvənmək kimi hisslər aşılanmışdır. Bu tərbiyənin nəticəsi idi ki, bu ocağın yetirməsi Prezident İlham Əliyev indi prinsipiallığı, qətiyyəti sayəsində məmləkətini ən çətin geosiyasi labirintlərdən üzüağ çıxarır, fövqəldövlətlərin təzyiqləri qarşısında ölkəsinin maraqlarından bir addım belə geri çəkilmir və Azərbaycanı dünyanın ən dinamik inkişafda olan dövlətinə çevirir.
Zərifə xanım daim mərhəmət və nəciblik kimi ali keyfiyyətlərə sadiq insan olaraq tanınmışdır. Bu gün qürur doğuran məqam odur ki, bu ocağın dəyərli üzvü - Zərifə xanımın çox sevdiyi gəlini Mehriban xanım Əliyeva da cəmiyyətdə xeyirxahlığın ali ünvanı kimi qəbul olunur. Və Mehriban xanım Əliyeva da eyni əzm və fədakarlıqla Prezident İlham Əliyevin çətin və şərəfli fəaliyyətinə nəcib və xeyirxah əməlləri ilə dəstək olur, daha qüdrətli Azərbaycan quruculuğunda ömür-gün yoldaşının ən yaxın məsləkdaşına çevrilir. Müstəqil Azərbaycanın qurulmasını və ölkəmizin sürətli inkişafını görmək Zərifə xanıma nəsib olmasa da, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətləri ilə bütün sahələrdə olduğu kimi, bu gün səhiyyəmizin, tibb elminin tərəqqisi və oftalmologiya sahəsində də əldə edilən uğurlar görkəmli alimin ruhunu hər zaman şad edəcəkdir. Çünki, Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Yaşadı və bundan sonra da yaşayacaq.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri


