“Böyük Qayıdış” modelinin strateji uğurları
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşğaldan azad edilmiş ərazilər bərpa və yenidənqurma proseslərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması artıq yeni mərhələyə qədəm qoyub. Bu baxımdan Zəngilan şəhərində Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas həm görülən işlərin geniş miqyasını nümayiş etdirməsi, həm də qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
İclasda Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin çıxışı Azərbaycanın dövlət başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” konsepsiyasının həm institusional, həm də praktiki səviyyədə necə sistemli şəkildə icra olunduğunu bir daha təsdiqlədi. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri postmünaqişə dövründə tətbiq edilən ən uğurlu və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq aləmin də diqqətini çəkdi.
Bu məqamda qeyd edək ki, 5 il əvvəl qarşıda yalnız iki böyük sual vardı: torpaqlar bərpa üçün nə qədər zaman tələb edəcək və hansı model tətbiq olunacaq? Bu gün isə sualların yerində cavablar dayanır: Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni şəhərlər salınıb, kəndlər planlaşdırılıb, iqtisadi zonalar fəaliyyətə başlayıb, yollar, tunellər, hava limanları və enerji infrastrukturu regionun simasını dəyişib. Bu statistik göstəricilərdə də öz ifadəsini tapıb: son 5 ildə dövlətimizin başçısı azad edilmiş ərazilərdə 569 tədbirdə iştirak edib, 177 layihənin təməlini qoyub, 167 infrastruktur və sosial obyektin açılışını edib.
Bu rəqəmlər layihələrin kəmiyyətini deyil, onların regionun inkişaf trayektoriyasını köklü şəkildə dəyişən strateji xarakterini əks etdirir. Eyni zamanda, həmin layihələr həm modern şəhərsalma prinsiplərini, həm humanitar infrastrukturu, həm də iqtisadi fəallığı paralel şəkildə gücləndirən yeni Qarabağ modelinin əsasını təşkil edir.
Artıq işğaldan azad edilmiş ərazilərin ümumi planı, 8 şəhərin Baş Planı və 3 şəhərin Müfəssəl Planı təsdiqlənib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərləri üzrə də Baş planlar hazırlıq mərhələsindədir. Bu, bütün region üzrə inkişafın vahid planlaşdırma çərçivəsində idarə olunduğunu göstərir.
Beş ildə həyata keçirilən infrastruktur layihələrinin fövqəladə həcmi həmin ərazilərin gələcək iqtisadi inteqrasiyası üçün əsas baza formalaşdırıb:
– 3 beynəlxalq hava limanı istifadəyə verilib;
– 3500 kilometrdən artıq avtomobil yolu üzrə 60 layihədən 16-sı tam icra olunub;
– 28 tunel, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb;
– dəmir yolu üzrə 49 körpüdən 42-si inşa olunub.
Bu proseslərin ən strateji xəttini Zəngəzur dəhlizi və Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə körpüsü təşkil edir. Dəhliz üzrə həm avtomobil, həm də dəmir yolu xətlərinin tikintisi regionun yeni geoiqtisadi rolunun formalaşmasına şərait yaradır.
Hesabat dövründə enerji və kommunal infrastruktur sahələrində də önəmli layihələr reallaşdırılıb, dayanıqlı inkişafın təməli qoyulub. Məsələn, Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istifadəyə verilib, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik xətləri çəkilib. Bununla da bərpaolunan enerji potensialı üzərində “yaşıl enerji zonasının” strukturu qurulub. Qazlaşdırma xətti üzrə 8 şəhər, 20 kənd və 1 qəsəbə artıq mavi yanacaqla təmin olunub. Bölgədə su, enerji, qaz, rabitə baxımından müasir urbanizasiya standartlarına uyğun baza yaradılıb.
İndiyədək işğaldan azad edilmiş ərazilərdə sosial infrastruktur və təhsil sahələrinin inkişafı da diqqətdə saxlanılıb:
– 1 xəstəxana;
– 19 ümumi təhsil müəssisəsi;
– 7 məktəbəqədər təhsil ocağı;
– Qarabağ Universiteti istifadəyə verilib.
Hazırda dövlət və özəl sektorda çalışanlar, sahibkarlar, tələbələr də daxil olmaqla artıq 62 mindən çox insan bu ərazilərdə yaşayır və fəaliyyət göstərir. Bu rəqəm bərpa proseslərinin sosial-iqtisadi baxımdan da uğurlu olduğunu sübut edir.
Ağdam və Cəbrayılda yaradılan “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bölgənin iqtisadi dirçəlişinin lokomotivinə çevrilib. Burada 50 rezident, 7 qeyri-rezident müəssisə fəaliyyət göstərir. Ümumi dəyəri 454 milyon manat olan layihələr üzrə 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri açılıb. Parklarda istehsal olunan məhsulun dəyəri 949,4 milyon manatdır, bunun 39,5 milyon manatı isə ixrac edilib. Bu dinamika Qarabağın tədricən özünü maliyyələşdirən iqtisadi zonaya çevrildiyini göstərir.
Zəngilanda keçirilən iclas göstərdi ki, bölgənin münbit torpaq və əlverişli iqlimi kənd təsərrüfatının sürətli inkişafını təmin etmək gücündədir. “Dost Agro Park”, “Şirin Aqro” kimi iri aqrar layihələr, eləcə də Ağalı kəndində həyata keçirilən yeni torpaq idarəçiliyi modeli regionda müasir aqrar sistemin əsasını formalaşdırır.
Yeri gəlmişkən, bərpa işləri yalnız tikinti və iqtisadi layihələrlə məhdudlaşmır. Minatəmizləmə əməliyyatları nəticəsində 240 min hektardan çox ərazi təhlükəsiz hala gətirilib. Bununla yanaşı, mədəni, tarixi və dini abidələrin bərpası istiqamətində işlər davam etdirilir. Bu, Böyük Qayıdışın həm fiziki, həm də mənəvi baxımdan paralel şəkildə inkişaf etdirildiyini göstərir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının əsas hədəfi təkcə ərazilərin bərpası deyil, bu, ilk növbədə, vətəndaşın qayıdışı idi. Ümumiyyətlə, indiyədək 62 mindən çox soydaşımızın öz doğma ocağına yenidən köçürülməsi təsadüfi rəqəm deyil, bu, tarixi ədalətin bərpasının canlı göstəricisidir. Köçürülən ailələr üçün evlər, sosial obyektlər, məktəblər, tibb məntəqələri, su və enerji sistemləri, yol şəbəkələri əvvəlcədən tam hazır vəziyyətə gətirildi. “Açar təslimi” modelinin tətbiqi dünyada postmünaqişə bərpası üzrə ən mükəmməl yanaşmalardan biri hesab olunur.
Onu da qeyd edək ki, Əlaqələndirmə Qərargahının fəaliyyəti sıradan icra strukturu deyil, inteqrasiya olunmuş idarəetmə sistemidir: hər layihə, hər yol xətti, hər yaşayış massivi onlarla ekspert qrupunun, qurumların, mütəxəssislərin koordinasiyası ilə reallaşır. Bu da bərpa prosesinin həm sürət, həm də keyfiyyət baxımından nümunəyə çevrilməsini gerçəkləşdirir.
Beş il ərzində azad edilmiş ərazilərin şəhər xəritəsi tamamilə yenilənib. Zəngilan, Füzuli, Laçın, Ağdam və digər rayon mərkəzləri yeni konsepsiyalar əsasında qurulur. “Ağıllı” şəhər və “yaşıl” enerji yanaşmaları yalnız deklarativ ifadə deyil, bu, artıq reallaşmış faktlardır. Zəngilan və Laçın rayonları alternativ enerji üzrə pilot zonalara çevrilib, bütün şəhər planlaşdırılması karbon neytrallığı, ətraf mühitin qorunması, “ağıllı” idarəetmə sistemləri üzərində qurulub.
Şəhərlər sadəcə binaların tikintisi deyil, bu, sosial həyatın yenidən proqramlaşdırılması, infrastrukturun bütün detallarının bir sistem halında işləməsi deməkdir. Məktəblər, bağçalar, poliklinikalar, idman və mədəniyyət mərkəzləri regionu yalnız məskunlaşma məkanı yox, inkişaf zonası kimi formalaşdırır.
Azad edilmiş kəndlərin planlaşdırılması xüsusi yanaşma tələb edirdi. Bir tərəfdən tarixi ənənələr, digər tərəfdən müasir kənd təsərrüfatı və sosial infrastruktur standartları nəzərə alınmalı idi. Bu gün Qarabağ və Şərqi Zəngəzurun kəndləri həm ekologiya, həm iqtisadi funksional model, həm də mədəni dəyərlər baxımından yeni nümunədir. Kəndlərdə əkin sahələri, suvarma sistemi, kiçik və orta təsərrüfatlar üçün müasir model tətbiq olunur. Bu isə uzunmüddətli məskunlaşmanın əsas şərtlərindən biridir.
Hesabat dövrü ərzində aparılan mina təmizləmə əməliyyatları Qarabağın dirçəlişində xüsusi yer tutur. Ərazilər təkcə yaşayış üçün deyil, təsərrüfat fəaliyyətinə, yol tikintisinə, enerji xətlərinin çəkilişinə açılmalıdır. Hazırda yüz minlərlə mina və partlamamış sursat zərərsizləşdirilib. Bu, həm insan təhlükəsizliyi, həm də iqtisadi layihələrin sürətlənməsi baxımından həlledici addımdır.
Azad edilmiş ərazilərdə aparılan işlər ölkəmizlə yanaşı, bütün region üçün mühüm önəm daşıyır. Dünyada bu qədər genişmiqyaslı postmünaqişə bərpası modeli demək olar ki, mövcud deyil. Beş ildə dövlət başçısının rəhbərliyi ilə yaradılan bu sistem Azərbaycanın gücünün, iradəsinin, strateji düşüncə tərzinin məhsuludur.
Böyük Qayıdışın beş ili – dağıdılmış torpağın yenidən bərpası, insanların qayıdışı, şəhərlərin dirçəlişi, minalardan təmizlənmiş həyat deməkdir. Zəngilanda keçirilən son iclas isə bu salnamənin yeni səhifəyə keçidini təsdiqlədi – artıq qayıdış prosesi təkcə bərpa mərhələsi deyil, inkişaf mərhələsinə qədəm qoyub.
V.BİNYATOĞLU
XQ
Baxış sayı:97
Bu xəbər 19 Noyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















